Müsahibələr

“Bir qrup məhəllə uşağının yaratdığı kiçik ibadət evi böyük bir təşkilata çevirildi”

22 Yanvar 2021 837

İlahiyyatçı Hacı Şahin Həsənlinin  aztv.az saytına müsahibəsini oxucularımıza təqdim edirik:

 

- Şahin müəllim, sizi hər zaman dini məsələlərlə bağlı açıqlama, müsahibə verərkən görmüşük. Özünüz barədə çox danışmamısınız. İstərdik ki, bir az uşaqlıq və gənclik illərinizdən bəhs edəsiniz.

 

- 1974-cü ildə Bakıda dünyaya gəlmişəm. Atam iqtisadçı, anam müəllim idi. Əkiz qardaşımla evin kiçik uşaqlarıyıq. 70-ci illər sovet hakimiyyətinin ən güclü dövrü hesab olunur, uşaqlığım da həmin illərə təsadüf edir. Yasamalda məhşur “müəllimlər binası”nda qalırdıq, qonşularımız ziyalılar idi, amma bu rayonun özünəməxsus kontingentindən də tanışlar var idi. Yayda Göyçayda qalan bibimgilə gedirdim. Ana tərəfindən qohumlarım Balaxanıda qalırdılar. Təhsilimi də mərkəzdəki 189 saylı orta məktəbdə almışam.

 

Beləliklə, çox kontrastlı mühitdə böyümüşəm. Buna çox sevinirəm, çünki fərqli mühitlərdə formalaşır, həyatın fərqli üzlərini görürdüm, uşaqlıq və gəncliyimi də dolğun yaşayırdım. Demək olar, hər zümrədən, hər mühitdən çoxsaylı və əziz dostlarım var idi. Atamı 12 yaşında itirdim, ailəmizin maddi çətinlikləri yarandı, bununla belə uşaqlıq illərinin şirinliyi bütün problemlərə qalib gəlirdi. Məktəbi qurtarar-qurtarmaz elektrik avadanlıqları dükanında işə başladım. Dükan Hüsü Hacıyev (indiki Azərbaycan prospekti - red.) küçəsində yerləşirdi. Bu da həyatda mənim üçün mühüm təcrübə oldu. Həmişə maraqlı insanlarla qarşılaşırdım.

 

Məktəbimizi, müəllimlərimizi və sinfimizi həmişə xüsusi sevgi ilə yada salıram. Müəllimlərimiz bizim üçün çox əziyyət çəkirdilər, nəinki bilik verir, həm də həyat dərsi keçirdilər. Müxtəlif dərnəklər və fəaliyyətlərə cəlb olunurduq. Ən mühümü isə odur ki, hər yerdə mehribanlıq var idi. Qonşularımızla da, dostlarımızla da doğma kimi idik. Mən Bəhram Bağırzadənin bacısı ilə bir sinifdə oxuyurdum, yadıma gəlir, bütün sinif uşaqları ilə onlara qonaq gedirdik, rəhmətlik anaları bizi çox mehriban qarşılayırdı. Bütün dostlarımızın ailələri belə idi.

 

Sonradan xalq hərəkatı başladı. Coğrafiya müəllimimiz bizə Xalq Cümhuriyyəti haqda danışırdı. O zaman bütün bunlar bizim üçün möcüzə idi, tariximizi sanki yenidən öyrənirdik. Sovet hakimiyyətinə qarşı xalq hərəkatına qoşulurduq, mitinqlərə qatılırdıq. Bütün günü qəzet oxuyur, sinifdə müzakirələr aparırdıq. O zaman artıq yuxarı siniflərdə idik, özümüzü mühüm tarixi prosesin içində hiss edirdik, kənarda qalmaq istəmirdik. Müstəqilliyimizə qovuşanda sevincimizin həddi-hüdudu yox idi. Ona görə əminliklə deyə bilərəm ki, uşaqlıq və gənclik dövrüm çox dolğun olub, xoş xatirələrlə zəngindir.

 

 

- Bildiyimiz qədərilə, başqa ixtisas üzrə ali təhsil almısınız.

 

- Bəli, ilk ali təhsilim texniki sahə üzrə olub, o zamankı Politexnik İnstitutu, indiki Azərbaycan Texniki Universitetinə daxil oldum. Hərbi xidmətə yollandım, cəbhə bölgəsində xidmət etdim. 90-cı illərin əvvəllərində qonşuluqda yaşayan bir çox gənc, həmçinin mən namaz qılmağa başladıq. Bizim üçün bu, bir adət idi, nənələrimiz namaz qılırdı, Aşur” günü məscidə gedirdik. Xalq hərəkatı fonunda isə, milli özünəqayıdış oldu. Yadımdadır, ilk dəfə Şeyxülislam həzrətləri “şəhid” sözünü işlətməyə başlayanda bizə maraqlı gəlirdi ki, şəhid kimdir? Yəni dini biliklərimiz yox idi. Amma içimdə Allahla rabitə yaratmaq istəyi var idi. Namaza başladım, dostlarımla birlikdə həyətimizdə ibadət evi açdıq. Camaat namazına imamlıq etmək və xütbə oxumaq üçün məni seçdilər.

 

Nə kitab var idi, nə internet. Şəhərdəki məscidlərin birinə gedib orada mütaliə edirdim. Hətta maddi durumumuz o qədər aşağı idi ki, Yasamaldan şəhərin mərkəzinə ayaqla gedib gəlirdik. Bir tərəfdən çətin, digər tərəfdən qürurlu vaxtlar idi. Tədricən dini mütaliəm çoxaldı, ərəb və fars dillərini öyrəndim, fərdi qaydada dini dərslər aldım, ev kitabxanamı zənginləşdirdim. Daim öz üzərimdə işləməli idim, çünki yavaş-yavaş məhəlləmizdəki ibadət evi genişlənirdi, gələnlərin sayı çoxalırdı. Fərqli adamlar gəlirdi, onların içində savadlısı da, savadsızı da, dəbə uyğunlaşanı da, səmimi olanı da var idi. İctimai birlik yaratdıq, tədbirlərimizi artıq regionlarda da keçirməyə başladıq. Teatr, qadınlar dərnəyi, idman klubu, kitabxana, şən və hazırcavablar komandası yaratdıq. Xeyriyyəçiliyə böyük əhəmiyyət verirdik. Beləcə, bir dəstə məhəllə uşağının qurduğu kiçik ibadət evi böyük bir təşkilata çevirildi. Hətta o zaman daxili işlər naziri uğurlu fəaliyyətimizə görə yeni şəxsiyyət vəsiqəsini şəxsən özü mənə təqdim etmişdi. Ölkə ictimaiyyəti, dövlət qurumları, QHT-lərlə, yaradıcı insanlarla ünsiyyətimiz genişlənirdi, birgə tədbirlər hazırlayırdıq. Çalışırdıq dinimizi, milli-mənəvi dəyərlərimizi gənclərə onların dilində çatdıraq, müasir formada təqdim edək.

 

Uşaqlıqda tarixi çox sevirdim. Buna görə də hərbi xidmətdən qayıdıb birinci ali təhsilimi bitirdikdən sonra Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil oldum. O zaman artıq dini sahə üzrə fəaliyyət göstərirdim. Ona görə də texniki və humanitar ali təhsil mənə ictimai və dini fəaliyyət üçün əlavə dividendlər qazandırırdı. Allaha şükür edirəm ki, belə mühitdə formalaşdım və bu cür baza üzərində dini fəaliyyətə başladım.

 

 

- Ölkəmizdə tolerant, multikultural cəmiyyət quruculuğu istiqamətindəki işləri Siz də yaxından izləyirsiniz. Bu barədə fikirləriniz.

 

-Azərbaycan nadir ölkələrdəndir ki, burada dini və etnik zəmində münaqişə olmayıb. Xalqımız tarixən birliyə, yaradıcılığa, quruculuğa meyilli olub. Düzdür, bir müddət radikal cərəyanlar destruktiv fəaliyyətə meyillənmişdilər, lakin bunun da qarşısı alındı. Xalq onlara meyillənmədi, ciddi sosial baza toplaya bilmədilər.

 

Müxtəlif dini, milli bayramlar və əlamətdar günlərdə dinindən və milliyyətindən asılı olmayaraq hamı bir olur, ehsan paylayır, bir-birinə yardım edir. Azərbaycan xalqı inanclıdır, dininə və mənəvi dəyərlərinə bağlıdır, məhz ənənəvi dinə bağlı olduğu üçün də digər din və etnik qruplara qarşı heç zaman mənfi münasibət bəsləməyib. Əksinə, burada hamı qardaş olub, bir ailə kimi yaşayıb. Hətta bədnam qonşularımız Dağlıq Qarabağ münaqişəsini etnik və ya dini qarşıdurma kimi qələmə vermək istəsələr də, alınmadı. Çünki bunun heç bir əsası yox idi.

 

Dövlət qurumları da bu dəyərlərə söykənərək bu sahədə geniş işlər gördü. Bir neçə il əvvəl dini icmalar arasında futbol yarışları keçirilirdi. Fərqli din və məzhəb nümayəndələri birlikdə futbol oynayırdı. İkinci Qarabağ müharibəsində də fərqli dini və milli mənsubiyyəti olan şəxslərin çiyin-çiyinə vuruşduğunu, torpaqlarımız uğrunda şəhid olduğunu gördük.

 

Bütün bunlar olduqca mühümdür, bu işdə də xalq və dövlət birdir. Bu irsi qorumalı və gələcək nəsillərə ötürməliyik, dünyaya təqdim etməliyik. Biz dünyaya örnəyik. “Bakı prosesi” bu istiqamətdə olduqca mühüm addım idi. Ölkəmizdə dini rəhbərlərin sammiti, humanitar forumlar, mədəniyyətlərarası dialoq təşkil olunurdu. Ölkələr ən yüksək səviyyədə təmsil olunurdu. Bütün bunlar bizə etimadın göstəricisidir, bu sahədə təsdiqləndiyimizi göstərir.

 

Şəxsən özüm fərqli konfessiyaların nümayəndələri ilə görüşəndə onların Azərbaycandakı bu mühitə təəccüblərinin şahidi olmuşam. Vatikandan bir qrup ruhani Azərbaycana gəlmişdi. Deyirdilər ki, bir müsəlman ölkəsində belə yüksək tolerantlığın olduğunu düşünə bilməzdik, çünki ekrandan bizə tamam başqa mənzərə nümayiş olunurdu.

 

Bu gün də Prezident İlham Əliyevin təşəbbüsü ilə məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar təmir edilir, onun iştirakı ilə keçirilən tədbirlərdə müxtəlif konfessiayaları təmsil edən din xadimləri iştirak edir.

 

 

- Deyirlər ki, müasir dövrdə cəmiyyəti Kütləvi İnformasiya Vasitələri (KİV) formalaşdırır. Əsasən də televiziya kanalları. Maraqlıdır, yerli telekanallara baxırsınız ?

 

-Əlbəttə, baxıram. Vaxtımın az olmasına baxmayaraq, çalışıram ki, xəbərləri izləyim, ara-sıra teleməkanda nə kimi dəyişiklik olduğunu öyrənmək üçün verilişlərə də baxıram. Onu da deyim ki, xüsusən, son illərdə bəzi kanallarımız, o cümlədən Azərbaycan Televiziyası daha  yüksək keyfiyyətli verilişlər hazırlayır və bu da təqdir olunmalıdır. AzTV-yə tez-tez dəvət olunuram və əməkdaşlarınızın peşəkarlığını, müzakirə olunan mövzuların faydalı olmasını həmişə təqdir etmişəm.

 

 

- İnformasiyanı əsasən haradan əldə edirsiniz?

 

- TV-də xəbərləri izləyirəm, həm yerli, həm xarici mətbuatı internet üzərindən oxuyuram. Sosial şəbəkələrə də önəm verirəm. Təbii ki, bunlar cari hadisələrlə bağlı informasiyaya aiddir. Elmi biliklər əldə etmək üçün üstünlüyü kitablara verirəm. Özü də elektron formatda oxuya bilmirəm, kitabı hiss etmək istəyirəm. Böyük kitabxanam var, kitablara qarşı da olduqca həssasam. Ola bilsin ki, radio, televiziya və saytlar arasında rəqabət olsun, onların gələcəyi barədə mülahizələr irəli sürülsün. Amma kitab haqqında deyə bilərəm ki, bu bilik mənbəyi həmişə qalacaq, heç zaman köhnəlməyəcək.

 

 

 

- 44 günlük Vətən müharibəsində Azərbaycan mənən də qalib gəldi. Qəhraman ordumuz təkcə torpağı yox, həm də mənəvi dünyamızı işğaldan qurtardı.

 

- Düzgün vurğuladınız. Vətən fiziki deyil, mənəvi məfhumdur. Mənəvi qatı yığışdırsaq, torpaq vətən olmur, sadəcə ölkə ərazisi olur. Mənəvi bağlılıq insanı Vətən uğrunda can verməyə, onu qorumağa sövq edir. Bizi qalib edən həm də yüksək mənəviyyatımız oldu. Şəhid ailələri ilə əlaqə saxlayıram, onlarla söhbətlər edirəm və hər dəfə əmin oluram ki, etiqadından asılı olmayaraq, şəhidlərimiz yüksək mənəviyyat sahibləri olub. Elə şəhid məfhumu özü mənəvi kateqoriyaya aiddir. Onların ölməzliyi, ehtiramı “Quran”dan əxz olunmuş bir mədəniyyətdir. Hətta düşmən bizə təəccüb edirdi ki, müharibənin ən qızğın vaxtında bizim əsgərlər şəhidlərin mübarək cəsədlərini xilas edirlər, onlara ehtiram göstərirlər. Ordumuz mənəviyyat nümunəsi yaratdı. Bunu istənilən hərbçi təsdiqləyə bilər. Xalqımız da görünməmiş bir fədəkarlıq nümayiş etdirdi. Son qəpiklərindən də keçirdilər ki, əsgərlərə dəstək ola bilsinlər. Xalqımız səfərbər oldu, birləşdi, bir yumruq oldu. Əsgərlərdən biri görüşdə dedi ki, vuruşan tək biz olmadıq, arxa cəbhənin dəstəyini daim hiss edirdik. Bu, əsgərin mənəviyyatıdır ki, canını təhlükəyə atsa da, başqalarının əziyyətini dəyərləndirir. Həm də xalqın mənəviyyatıdır ki, qıradan sakit baxmaq istəmədi, əlindən gələni etdi.

 

Torpaqlarımızın işğalı hər zaman bizə mənəvi zərbə vururdu. Bütün uğurlara baxmayaraq, sanki həmişə bir nisgil var idi qəlbimizdə. Qəhrəman ordumuz xalqla birlikdə qürurumuzu bərpa etdi, bizi birləşdirdi, başımızı ucaltdı. Ali Baş Komandanın qətiyyəti, ordumuzun rəşadəti, xalqımızın birliyi və dövlət başçısına hərtərəfli dəstəyi bu qələbəni bizə qazandırdı. Bu qələbə tariximizə qızıl hərflərlə yazıldı.

 

- Azərbaycan qüdrətini bütün dünyaya göstərdi. Bəs Vətən müharibəsinin işıqlandırılmasında televiziyalarımızın gördüyü işləri necə qiymətləndirirsiniz?

 

- Demək olar ki, əsas məlumatı televiziya kanallarından alırdıq. Bəlkə də, heç zaman onları bu qədər izləməmişdik. Hər an xoş xəbər ümidi ilə xəbərləri izləyirdik, Ali Baş Komandanın çıxışını gözləyirdik. Jurnalistlərimiz də az fədakarlıq göstərməyib. Atəş altında, ağır şəraitdə xalqı məlumatlandırmaq üçün anbaan müharibə barədə reportajlar hazırlayırdılar, döyüş bölgəsindən məlumatlar və görüntülər təqdim edirdilər. Düşünürəm ki, müharibə çox yüksək səviyyədə işıqlandırılırdı, buna görə də jurnalistlərimizə təşəkkür edirəm.

 

 

- Bayağı şou-proqramlar ilk növbədə yeniyetmələri əsir edir, onların mənəvi dünyasını korlayır. Xüsusilə  gənclərin əxlaqlı və tərbiyəli böyüməsi üçün hansı addımlar atılmalıdır? Sizcə, bu sahədə televiziyalarda hansı verilişlər olmalıdır?

 

- Bu barədə danışanda irad tuturlar. Deyirlər ki, kapitalizmin qaydasıdır, izləyicinin istədiyini ona göstərib maksimum qazanc əldə edə bilərik. Guya bayağı olmayan proqramlara baxan yoxdur, reytinq aşağıdır, reklam cəlb etmək olmur və s. Bununla razılaşmıram. Teleməkanda neçə-neçə yüksək səviyyəli proqramlar çıxıb ki, reytinqdə heç birindən geri qalmır.

 

Televiziya zövq formalaşdırmalı, cəmiyyətin estetik qavramı, maariflənməsi istiqamətində lokomotiv rolunu oynamalıdır. Bəli, əyləncəli verilişlər də olmalıdır, şou-proqramlar da. Heç kim demir ki, teleməkanı xəbərlər və intellektual verilişlərlə dolduraq. Əsla. Sadəcə, mənəvi dəyərlərə söykənən və estetik baxımdan yüksək səviyyəli proqramlar olmalıdır. İnsanların hisslərini istismar etmək, başqalarının psixi problemləri üzərində reytinq toplamaq yolverilməzdir. Efirdə dava-dalaş göstərmək, elementar mədəniyyətə və davranış etikasına sahib olmayan şəxsləri nümunə olaraq təqdim etmək, onları ekspert adlandırmaq - bütün bunlarla nə əldə edə bilərik? Sanki bəzi televiziyalarda yaradıcı düşüncə sönüb, eyni tipli proqramlar hazırlanır. Çox vaxt da eyni simalar bir kanaldan o biri kanala gedir, eyni fikirlər səsləndirilir.

 

Yumor, musiqi, əyləncə də olmalıdır, amma teleməkanda bunlar etalon rolunu oynamalıdır. Amma çoxu xarici telelayihələri o qədər kobud şəkildə təqlid edir ki, süni görünür.

 

İlk növbədə, yaradıcı düşüncə və insani dəyərlərə bağlılıq lazımdır.

 

Televiziya cəmiyyətin formalaşmasında mühüm rol oynayır. Onu da belə korlamaq qətiyyən yolverilməzdir. İntellektual veriliş hazırlayırıqsa, gənclərə “savad yalnız maddi gəlir gətirir, həyatın mənası maddiyyatdadır” fikrini aşılamamlıyıq. Dolayısı ilə sanki “nəyin bahasına olursa-olsun, rəqibini əzməlisən” düşüncəsi təbliğ olunur. Əksinə, bilik və ali  savadın bizi şəxsiyyət kimi formalaşdırdığını təbliğ etməliyik. “İstedadını qabartsan, şan-şöhrət əldə edəcəksən” yox,  “istedadınla insanlığa xidmət edə bilərsən, həyatı gözəlləşdirə bilərsən” düşüncəsini çatdırmalıyıq. “Hər kim olsursan-ol, hər sahədə söz sahibi ola bilərsən” fikrini gənclərimizə təbliğ etməyək.  Onlara çatdıraq ki, özünüzə uyğun sahə seçsəniz və bu sahədə söz sahibi olsanız, xalqa fayda verə bilərsiniz. Təkrarı, təqlidi, pafosu deyil, azad düşüncə və yaradıcılığı təbliğ edək. İnanın ki, o zaman reytinq də olacaq, maddi gəlir də.

 

 

hacishahin.az

 

 

FOTO



22a195ba-a332-49de-92f6-69caf8002f39

 

shahin1

 

shahin2