Feminizm hərəkatı qadınların azadlıq uğrunda hərəkatının əsasında duran cinslərin bərabərliyi nəzəriyyəsidir. Lakin onu daha çox geniş şəkildə-cinslərin hüquq bərabərliyi təsəvvürlərinə əsaslanan qadın hüquqlarının müdafiəsi üzrə müxtəlif hərəkatlar kimi izah edilir.
Bu gün femnizmə müxtəlif donlar geyindirilərək cəmiyyətə cürbəcür adlarda sırımaq istəyirlər.
Hər il ənənəvi hala salınan “feminist yığıncağı” adı altında Bakıda icazəsiz aksiya keçirilərək, “qadına azadlıq” tələb edilir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmisi Hacı Şahin Həsənli Bizim.Media-ya açıqlamasında bildirib ki, zorakılığın istənilən təzahürü, xüsusilə də qadına qarşı istismar şiddətlə pislənməlidir.
“Lakin feminizm adı altında manipulyasiya edirlər. Bu məsələlərdə istənilən dövlətlərdə, təhlillərdə, hesabatlarda müxtəlif qərəzlərə yol verilir. Bəzən qadın azdlığı, hüquqları siyasi maraqlara vasitə olur.
Təəssüflə qeyd edim ki, feminzmdə insanlar əsasən seçim qarasında qoyulur. Bəzən ailə dəyərləri azadlıq anlayışı ilə səhv salınır, bununla da qadın azadlığı adı altında dəyərlər hədəfə çevrilir. Mən hər zaman deyirəm ki, mentalitet toxunulmaz deyil, onu da təftiş edə bilərik. Bəzi zərərli adətlərdən də imtina edə bilərik”.
Din xadimi bəzən xüsusi qüvvələr tərəfindən Azərbaycanda olan vəziyyət reallıqda olduğundan daha faciəvi şəkildə təqdim olunur.
“Azərbaycanda qadına qarşı böyük dəyər var. Kimlərsə tərs görüntü yaratmaq istəyirlər. Onlar özlərini “bədbəxt Azərbaycan qadını”nın azad olunması missiyasını öz üzərlərinə götürdükləri kimi qələmə verirlər. Ancaq məsələnin əsli bu deyil.
Mən sosial şəbəkələrdə müzakirələrə nəzər saldıqda qadınların əksəriyyətinin bu cür yanaşmaları təqdir etmədiyinin şahidi oluram. Həm də bu cür problemlər meydanlarda deyil, sivil yollarla keçirilən maarifləndirici tədbirlərlə həll olunur. Bəzən kənardan bu cür insanların davranışları qeyri-səmimi görünür”.
Hacı Şahin islam dinində qadına verilən böyük dəyərlərdən də söz açıb. O, bildirib ki, dinimizdə də qadının hüquqları kişi ilə eynidir.
“Qadınla kişi yalnız fiziki cəhətdən eyni yaradılmayıblar. Lakin hüquq qarşısında onlar eynidirlər. Məhəmməd peyğəmbər zamanında insanlara “Qadınlar sizə Allahın əmanətidirlər, O, sizdən mütləq bunun hesabını soruşacaq” buyururdu. İslam dininə görə, qadın mərkəzdə dayanan bir varlıqdır.
Qadın ailənin təməli hesab olunur. Eyni zamanda qadın ictimai, elmi fəaliyyətlə məşğul olmalıdır. Dinimiz nəinki bunu qadağan etmir, əksinə buna təşviq edir.
Sadəcə olaraq, yaradılışda olunan müəyyən fərqlər nəzərə alınır və qadınların hüquqları buna uyğun təsdiq edilir”,- deyə, o, fikrini tamamlayıb.
hacishahin.az