Müsahibələr

Novruz və dinimiz: İslamla bağlılıq varmı? - İki rəy

20 Mart 2021 871

Bu gün saat 13:37-də bahar Azərbaycana gələcək; Hacı Şahin: “Novruz dini nöqteyi-nəzərdən də bəyənilən bayramdır”


Bu gün xalqımız qədim adət-ənənələrlə zəngin olan Novruz bayramını qeyd edir. Bəs bu bayramın tarixi haqqında nə bilirik? Novruzun islami dəyərlərlə bağlılığı varmı?


Öncə onu qeyd edək ki, Novruz bayramının nə zaman yarandığı haqda dəqiq məlumat yoxdur. Ehtimallara görə, Zərdüşt salnaməsi ilə səslənən bu bayramın tarixi 4 min il bundan əvvəl yaranıb. Roma mənbələrinə görə, Zərdüşt eradan əvvəl altıncı minillikdə yaşayıb. Zərdüşt əkinçilik mədəniyyətinin yüksəldilməsinə, insanların güzəranının yaxşılaşmasına çalışıb. Bu amillərin Novruz bayramının keçirilməsinə əsaslı təsir göstərdiyi deyilir. Lakin iddialar var ki, Novruz bayramı zərdüştliyin geniş yayıldığı Azərbaycan, İran, Orta Asiya, Əfqanıstan, Pakistan və bir sıra başqa ölkələrdə hələ çox qədimdən keçirilib.

 

Beləliklə, mütəxəssislər bildirir ki, Novruz Şərq xalqlarının İslamdan çox-çox əvvəlki əkinçilik, məhsul bolluğu etiqadları ilə bağlı keçirilən bayramdır. XI əsr ərəb tarixçisi Əbu Reyhan əl-Biruni Novruzu təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanğıcı kimi götürülən dünyəvi bayram adlandırırdı.


XI əsr tarixçisi Nizam-ül-Mülk özünün “Siyasətnamə”sində isə Novruzu yazın gəlişi ilə bağlı kütləvi xalq bayramı kimi təqdim edir. Daha qədimlərdə təbiətin oyanmasına xoşbəxtlik və səadət rəmzi kimi baxan insanlar yazın gəlişi, havaların istiləşməsi, yeni əkinçilik mövsümünün başlanması, təbiətin yenidən canlanması, yaşıllaşması ilə bağlı müxtəlif nəğmələr, oyunlar, mərasimlər yaratmışlar. Bütün bu ilkin, ibtidai sənət nümunələri isə sonralar Novruz ətrafında cəmləşib.

 

Lakin bəzən bu bayramı İslam dini ilə əlaqələndirməyə çalışırlar, yaxud əksinə, zərdüştlüklə əlaqələndirib, dinimizə aid olmadığını qeyd edənlər var. Bu xüsusilə sovet dövründə özünü qabarıq şəkildə göstəribr. Sovet hakimiyyəti xalqımızın bu qədim bayramını yaddaşlardan silmək üçün ona dini don geyindirib, keçirilməsi ilə bağlı təzyiqlər göstərmişdi. Lakin xalqımız öz əziz bayramını qoruyub, saxlamağı bacarıb. Müstəqillik dövründə Novruz bayramı yenidən dövlət səviyyəsində, təntənəli şəkildə qeyd olunmağa başlayıb.

 

Keçəllə Kosa Novruz əhvalını pozurmu? - FOTOLAR,VİDEO

Atəş Əhmədli 


Azərbaycan Milli Elmlər Akademiyasının  Folklor İnstitunun Mərasim Folkloru  şöbəsinin  böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:  “İslam dininin radikal, mühafizəkar tərəfdarları od ilə bağlı mübahisələr yaradırlar. Bunu guya atəşpərəstliyin amili kimi dəyərləndirirlər. Bu məsələ haqqında dəfələrlə fikirlərimizi bildirmişik. Bu gün saat 13:37 dəqiqədə ölkəmizdə gecə ilə gündüz bərabərləşəcək və bununla da bahar fəslini qarşılayacağıq. Bu, təbiət hadisəsidir və kainatın yerdəyişməsi, gedişatı, hərəkəti ilə bağlıdır. Günəşin istliyinin artması şüarlarının Yerin üzərinə daha çox düşməsi ilə  məhsuldarlıq, məhsul bolluğu artıq, ağaclar bar verməyə başlayır, insanların yaşayış güzəranı yaxşılaşır.

 

Yəni burada nə pis bir şey var? Görürük ki, bir çox hallarda Günəşlə və odla bağlı məsələləri bütpərəstliyə bağlayırlar. Bunlar tamamilə yanlış mülahizələrdir. Əlbəttə ki, bütün kainatın yaradıcısı, qurucusu var. Kainatı idarə edən qüvvənin bəxş etdiyi nemətlər, fəsil dəyişmələri, nemətlər də insanlar, bəşəriyyət üçündür. Od da istilikdir, istiliyin artması bolluqdur, insanların rahatlıq tapmasıdır və sairə.

 

NOVRUZ BAYRAMI” İSLAM ŞƏRİƏTİNƏ ZİDDİR |

 

Əlbəttə ki, Yaponiyada, Çində od bayramını Budda bayramı kimi də qeyd edirlər. Amma bizdə bu bayram tamamilə fərqlidir. Biz bu bayramı büdpərəstlik kimi deyil, həyatın, yaşayışın rəhni kimi əziz tutur, qəbul edirik. Od ayrıca bir ünsür kimi atəşpərəstlik dövründə olub, keçib. Azərbaycan xalqının dünya görüşündə, təsəvvürlərində, fəlsəfəsində bu qalmadı, möhkəmlənmədi. Çünki atəşpərəstlikdən əvvəlki ənənə xalqımızın içərisində var idi. Həmçinin Şumer mədəniyyətindən gələn adət-ənənələrimiz var idi. Xalqımız tərəfindən yaradılan çox gözəl adət-ənənələrimiz bu günə qədər qorunub, saxlanılıb. Su, od, torpaq, yel dünyanın yaranmasını təmin edən ünsürlər, maddi varlıqlar, elementlərdir. Bu baxımdan hesab edirəm ki, bayram haqqında bir çox təsəvvürlər hətta İslam qaydalarına uyğundur. Çünki bu bayram yaz bərabərliyi nöqtəsindən götürülür. Kosmosdakı bu bərabərlik insan cəmiyyətinə tətbiqi anlayışı var. Bu da xalqımızın yaratdığı bir fəlsəfə idi. Bu səbəbdən Novruzu qeyd edən digər xalqlarda bu adət-ənənələri görmürük. Məsələn, xalqımız daha çox yardımlaşır, paylaşır, əl tutur. Belə bir misal var: “Əl tutmaq Əlidən qalıb”. Göründüyü kimi, Novruzda Həzrət Əli ilə bağlı da məsələlər var. Bəzən bu bayramı Həzrət Əlinin taxta çıxması günü kimi də qeyd edirlər. Bəzən də Yunus peyğəmbərin balığın qarnından çıxması günü kimi qeyd edənlər də olub. Ümumiyyətlə, Novruz bayramı ilə bağlı müxtəlif rəvayətlər var. Demək olar ki, onların hamısının kökündə dünyanın dəyişməsi, yenilənməsi faktı dayanır və heç bir dinə zəmin yoxdur.

 

İslam aləmində iki müqəddəs bayram var - Ramazan və Qurban bayramı. Hər iki bayramda insanlar yardımlaşır, paylaşırlar. Diqqət edəndə görürük ki, Novruz bayramının bu bayramlarla çox oxşar tərəfləri var. Yəni, hamısının mahiyyətləri uyğun gəlir - böyükləri ziyarət etmək, insanlara əl tutmaq, qonşuya kömək etmək, kasıb insanların bayram keçirməsi üçün onlara maddi yardım etmək və sairə. Dövlətin də bu məsələdə münasibəti birmənalıdır. Bayramda dövlət başçıları, rəsmilər xalq ilə bir araya gəlir, bayramı birlikdə qeyd edir, bayramlaşır. Yəni, bərabərlik, birlik hökm sürür".

 

Hacı Şahin Həsənli: Səfalət və müharibələrin səbəbkarı birbaşa Qərb  ölkələridir

Hacı Şahin Həsənli


Məşədi Dadaş Məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli də qeyd edib ki, Novruz bayramı İslamla əlaqəli bayram deyil: “Novruzun tarixi İslam dinindən daha qədim bir dövrə gedib çıxır. Lakin burada bir məsələni xüsusi vurğulamaq istərdim ki, dinimiz yayılan ərazilərdə yerli mədəniyyətləri sıradan çıxarmaq yolunu tutmayıb. Dinimiz bütün xalqların mədəniyyətini təsdiq edirdi. Sadəcə, bəzi ilahi dəyərlərə zidd olan ayinləri inkar edirdi. Yəni xurafat xarakterli, millətləri, xalqları tərəqqidən, inkişafdan saxlayan adətlərdən imtinaya dəvət edirdi. Amma mütərəqqi adətləri təsdiq edirdi və onun yaşamasına imkan yaradırdı.

 

Novruz da belə bir adətlərdən biridir. Azərbaycan xalqı İslam dinini qəbul etdikdən sonra da əsrlər boyu Novruz bayramını qeyd edir. Bu bayram baharın gəlişini, ilahi ədaləti tərənnüm edir. Yəni Novruz bayramı gecə-ilə gündüzün bərabərləşdiyi gün daxil olur. Bununla da ilahi ədaləti tərənnüm edən bayram olduğunu tam əminliklə deyə bilirik. Həmçinin bu bayramda təbiət oyanır, dirilir. Ona görə də dini nöqteyi-nəzərdən də bu bayram bəyəniləndir.

 

Bəzi radikal cərəyanlar var ki, onlar milli olan hər bir şeyi inkar edirlər, o cümlədən də Novruz bayramını bidət adlandırırlar. Bidət dini terminologiyada dinə yenilik gətirmək anlamını verir. Amma Novruz bidət adlandırıla bilməz, çünki dini ayin, dinə əlavə deyil. Əksinə, çox müsbət bayramdır. Belə ki, Novruzun ayinləri də din tərəfindən bəyənilən ayinlərdir. Məsələn, bayramda küsənlərin barışması kimi bir adət var ki, din də insanları mehribanlığa dəvət edir. Həmçinin dünyadan köçmüş insanların məzarlarının ziyarət olunması da din tərəfindən bəyənilir. Bayram süfrəsinə insanların bir yerə toplanması və sairə, bütün bunların hamısı dini nöqteyi nəzərindən bəyənilən əməllərdir. Beləliklə, Novruz bizim adət-ənənələrimizin, tarixi köklərimizin göstəricisidir, ona görə də bu bayram qorunub, saxlanılır və dinimiz də bunun tərəfdarıdır, çünki dinlə heç bir ziddiyyəti yoxdur.

 

Ola bilər ki, hansısa ayinlər sağlam məntiqlə uzlaşmasın, biz onlardan imtina edə bilərik. Amma hesab edirəm ki, bu qədər qədim tarixə malik, yüksək mədəni dəyərləri özündə ehtiva edən bayram ilahi dəyərlərlə uyğundur və bəzi peyğəmbərlərimizin təlimlərində bu bayramın qeyd olunması öz əksini tapıb. Ona görə də Novruz bayramı çox mübarək bir bayram, gözəl gündür və mən bütün xalqımı, hər kəsi bu bayram münasibəti ilə təbrik edirəm!"


Xatırladaq ki, bu il Azərbaycanda Novruz bayramı martın 20, 21, 22, 23, 24-ü günlərinə təsadüf edir. Bütün dünyada, eləcə də ölkəmizdə cərəyan edən koronavirus pandemiyası ucbatından bu il bayram təntənəli keçirilməyək. Operativ Qərargah ayrı-ayrı qurumları bayram günlərində hər hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini dəyişdirməyə çağırıb. Həmçinin adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınması, yas mərasimlərinin isə kütləvi keçirilməməsi tövsiyə edilir.

 

Operativ Qərargah bir daha vətəndaşları adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə (qoruyucu tibbi maska, xüsusi qoruyucu eynək, dezinfeksiyaedici vasitələrdən istifadə və s.) çağırıb.

 

Bayramınız mübarək!..



Xalidə GƏRAY,
“Yeni Müsavat”