Müsahibələr

"O məscidin 30 illik əsirliyini hiss edirdik”

04 May 2021 663

“Qədr gecəsində biz öz gələcəyimizi keçmişimizin girovundan azad edirik. Keçmişimizin günah yükündən azad olmaq  fürsəti əldə edirik”

 

Mübarək Ramazan ayının son ongünlüyünü, Qədr gecələrini yaşadığımız ərəfədə inanclı insanlarımızı düşündürən, narahat edən bir çox sualları ilahiyyatçı, Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli “Yeni Müsavat”a müsahibəsində cavablandırıb.


- Hacı, mübarək Ramazan ayının, min aydan fəzilətli olan Qədr gecələrini yaşayırıq. Pandemiya şəraitində Ramazan ayı, dini ayinlər, Qədr gecələri necə keçir? 

- Bu il də Ramazan ayı pandemiya dövrünə təsadüf etdiyindən bütün mərasimlər canlı yayım vasitəsilə icra olunur. Artıq 20 gündür ki, günortalar canlı şəkildə çıxış edirəm. Qədr gecəsində də bu gecənin dini ayinləri canlı yayımda icra olunur. Xütbə oxunur,  bu gecənin duaları oxunur, insanlar evlərindən bu dualara qoşulurlar.   Canlı məclisi izləyənlər həm də bu ayinləri təkrar edirlər. Bu əslində böyük bir məclisdir, insanlar bir yerdə toplaşmasa da, evləri birləşdirən bir məclis kimi biz bunu qəbul edirik. Qədr gecəsini hər insan öz evində keçirsə də, din xadimlərinin canlı yayımlarına qoşulub onlarla birgə icra edirlər. 


- Qədr gecəsi insan oyaq qalmaqla hansı mənəvi nemətlər əldə edə bilər və onu həyatında necə dönüş nöqtəsinə çevirə bilər? 

- Qədr gecəsi əhya saxlamaq müstəhəbdir, “əhya” isə ərəbcədən “dirilmək” sözündən yaranmış bir ifadədir. Əhya saxlamaq bioloji baxımdan oyaq qalmaq, insanın gözünün yuxuya getməməsi demək deyil. Bu insanın mənəvi baxımdan oyanışını nəzərdə tutur. Qədr gecəsində insan özünə bir sıra suallar verir, özünü təftiş edir,  yaradılışın fəlsəfəsi haqqında düşünür, Quranın nazil olma səbəbi haqqında düşünür. Qədr gecəsi Allahın rəhmət süfrəsidir. Həmin gecə insanlar özünü hesaba çəkir, etdiyi günahlardan peşmançılığını dilə gətirir. İnsan peşman olub etiraf etməyi bacarırsa inkişaf edə bilər. Qədr gecəsi həm də etiraf gecəsidir və keçmişin yükündən azad olmaq üçün bir fürsətdir. Çünki bizim gələcəyimiz keçmişimizdən asılıdır, keçmişdə etdiyimiz əməllər taleyimizə təsir göstərir. Biz öz taleyimizin müəllifiyik və gələcəyimiz əməllərimizin yönündədir. Qədr gecəsində biz öz gələcəyimizi keçmişimizin girovundan azad edirik. Keçmişimizin günah yükündən azad olmaq  fürsəti əldə edirik. Qədr gecəsi həm də bağışlanma gecəsidir, insanın günahlardan uzaqlaşıb yaxşı əməllərə yönəlmə gecəsidir. Duaların qəbul olunduğu gecədir deyə insanlar bu gecəni səhərə qədər ibadət edib, könülləri istədiyi tərzdə zikrlər edirlər, Quran oxuyurlar, öz dillərində dualar edir, Allahla münacat edirlər. Qədr gecəsində bunlar bəyənilən əməllərdir və təfəkkürlə, düşüncə ilə edirlərsə, çox böyük dəyəri olar. Qurani-Kərimdə qeyd olunur ki, Qədr gecəsi min aydan üstündür, min ay 80 il deməkdir və ortalama bir insan ömrüdür. Yəni, Qədr gecəsi bir insan ömrü qədər xeyirlidir. 


- Qurani-Kərim Qədr gecəsində nazil olub və biz Quranı qəbul edir, o gecə başımızın üzərinə qoyuruq,  onu özümüzə rəhbər tuturuq. Bəs il ərzində həqiqətən Quranı rəhbər tuta bilirikmi? 

- Quranın baş üzərinə qaldırılması simvolik bir mahiyyət daşıyır, yəni, Quranın yeri bizim başımızdadır. Çox yaxşı bir ənənədir, dinimizdən qaynaqlanan ayindir. Bir xalq kitabı, elmi başının üzərinə qaldırırsa, bu onun inkişafına səbəb olmalıdır. İl ərzində də Quranın göstərişləri onun həyatında rəhbər olmalıdır, bu qaydalara uyğun şəkildə həyatımızı sürməliyik, ictimai münasibətlərimizi buna uyğun tənzimləməliyik. Bu gün Qurana əməl  etməyə çalışan, ona sayğı ilə yanaşan müasir inanclı insanlar, gənclər formalaşıb. Həqiqətən səmimi inanc vasitəsilə, İslama olan sevgisi ilə daxili zənginliyə çatmış insanlarla rastlaşıram. Bu cür insanlar var, xüsusilə gənclər arasında daha çoxdur. Mən yüksək intellektual səviyyəsi olan gənclərimizin dini dəyərlərimizə bağlanmasının tərəfdarıyam, çünki elm mənəviyyatla tamamlananda gözəl bir insan nümunəsi ortaya çıxır. Bu gün belə nümunələr var. Onlarla yanaşı ancaq əməllərin zahiri ilə kifayətlənən, zamanı gəlincə bu ayinləri icra edib, sonrakı günlərdə tamamilə unudan isnanlarla da rastlaşırıq. Quranın göstərişlərinə gündəlik həyatlarında yer verməyən, ancaq ayinlərdə  bu kimi əməlləri icra edən insanlar var. Qədr gecəsi həm də dinə qayıdış, özünə qayıdış gecəsidir. Biz bu gecədən sonra həyatımızda dəyişiklik edək, daha yüksək keyfiyyətlə həyatımızı yenidən başlayaq. 


- Hacı, ötən Qədr gecələrində hər birimizin, elə sizin də ən böyük duamız Qarabağın işğaldan azad olunması idi. Şükürlər olsun ki, bu Qədr gecəsində Qarabağ azaddır. Dini icmalar olaraq Qarabağa səfərlər planlaşdırırsınızmı, oradakı məscidlərimizdə namazlar qılınacaqmı?

- Biz hər zaman, hər Qədr gecəsində torpaqlarımızın azadlığını Allahdan diləyirdik. Şükürlər olsun ki, bu gerçəkləşdi. Dövlətimiz  Qarabağı azad etdi, bu bütün xalqımızın qələbəsidir. Hazırda da dua edirik ki, Allah bu nemətləri qorumağı bizə nəsib etsin. Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa arzulayırıq, bu qələbəni onlara borcluyuq. Eyni zamanda o torpaqlara qədəm qoymaq, müqəddəs məkanları ziyarət etmək hər bir azərbaycanlının arzusudur. İllərdir hər namazında bunu dua edən inanclı insanlar kimi, biz də bunu arzulayırıq. Bizim Ağdama bir səfərimiz olmuşdu, QMİ-nin təşəbbüsü ilə bu səfər gerçəkləşdi. Qafqaz Müsəlmanlar İdarəsinin sədri , Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə səfərdə biz də iştirak etdik. Ağdamda müqəddəs məkanları, Cümə məscidini ziyarət etdik, orada namaz qıldıq. İndiyə qədər də orada keçirdiyim hissləri izah etməkdə çətinlik çəkirəm. Mən bir çox müqəddəs məkanların ziyarətində olmuşam, həmin müqəddəs məkanlarda keçirdiyim hisslərə, o hala oxşar bir mahiyyətdə olan  hal idi. Ağdam məscidində namaz qılarkən də sanki o məscidin 30 illik qəribliyini, əsirliyini hiss edirdik, sanki o divarların bizim gəlişimizə sevindiyinə şahidlik edirdik. O məscidin əsl sahibləri, o torpağa aid olan inanclı insanlar gəlmişdi. Qəribə bir ab-hava yaranmışdı. Biz orada yanğın izləri gördük, məscidin necə tövləyə çevrildiyini gördük, hələ də izləri qalıb. Ağdam şəhərinin necə xarabalığa çevrildiyini gördük. Sevinc hissi ilə təəssüf hissi bir-birinə qarışmışdı. Ancaq  Azərbaycan əsgərini, zabitini Ağdamda görəndə keçirdiyimiz qürur hissi keçirməmək olmurdu. Çox yadda qalan anlar yaşadıq. Ramazan ayından sonra Qarabağın azad olan digər bölgələrinə də səfəri çox istərdik.  Din xadimləri o məscidlərdə birgə ibadət etsinlər. Pandemiya dövrü  olsa da, müəyyən qaydalara uyğun şəkildə bu səfərləri təşkil etmək mümkündür. 


- Cəmiyyətin əsas qayğılarından biri də pandemiyaya görə toyların 1 ildən çoxdur təxirə salınmasıdır. İslam dini bizim təkcə mənəviyyatımızı yox, həm də bizim məişətimizi tənzimləyir və toy, nikah dində çox dəyərləndirilir. Bir din xadimi kimi bu mövzuda tövsiyəniz nədir? 

- Müəyyən qaydalar çərçivəsində tədbirlər keçirmək mümkün olarsa, ilk addımda bir neçə məsələyə icazə verilməsi yaxşı olardı, o cümlədən də toy məsələsinə. Əlbəttə, daha dəqiq fikri mütəxəssislər söyləyə bilər. Bu məsələdə də fikir ayrılığı var, bəziləri qaydaların yumşaldılmasını təklif edir, digər bir qism isə hesab edir ki, hələ tezdir, yumşaldılmasın. Hər bir halda biz çox cütlüklərlə qarşılaşırıq ki, nişanlıdırlar, toy etməyi gözləyirlər. Kəbin oxuduğumuz üçün bu cür gənclər çox müraciət edir, necə edək deyə sual verirlər, sanki bizdən də kömək umurlar.  Amma bizim ixtiyarımız olan bir məsələ deyil. Hansısa açılımlar olarsa, ilk növbədə bəlli qaydalar çərçivəsində toy məsələsinə icazə verilsə  yaxşı olar. Bu mənim bir vətəndaş, din xadimi olaraq fikrimdir. Ancaq əlbəttə mütəxəssislərin rəyindən asılıdır. Yaxşı olar ki, hər kəs qaydalara əməl etsin , yoluxmalar azalsın və bu prosesə də başlansın. Çünki ölkədə vaksinasiya da gedir, insanlar peyvəndlənir. O cümlədən Ramazan ayında yoluxma hallarında da azalma müşahidə olunur. Bu məsuliyyətli yanaşma nəticəsində ümid edirəm ki, yoluxma bir qədər də azalar və ilk fürsətdə toy məsələsinə baxılar. 


-  İslamda toyun mahiyyəti nikahın elan olunmasıdır. Bu mənada, sizcə əvvəlki dəbdəbəyə qayıtmağa ehtiyac varmı? 

-Dəbdəbəli toy, israfçı davranışlar, o cür təmtəraqlı süfrələr dinimizə ziddir, yolverilməzdir. Artıq dünyanın heç bir yerində bu qədər dəbdəbəli toylar keçirmirlər. İstər Avropa ölkələrində, istər İslam ölkələrində bunlar keçmişdə qalıb. Dinimiz toy mərasimlərinin səs-küylə edilməsinin tərəfdarıdır. Yəni, hamı bilsin ki, bu iki nəfər evləndi. Kəbin əqdi oxunmaqla yanaşı, bir şənlik edib bunu hər kəsə duyurmaq da İslamda bəyənilir. Çünki həqiqi qanuni nikah aşkar olmalıdır, onun zinadan fərqi də budur. Zina gizlində edilər, nikah isə hamıya elan olunar. Bu şəkildə də dəyərlər qorunub saxlanılır, insanlar bilir ki, filankəsin oğlu filankəsin qızı ilə evləndi. Ancaq bu heç də yersiz təmtərağa, israfçılığa əsas vermir. İsrafçılıqdan qurtulmağın vaxtı da gəlib çatıb, ancaq bu şadlığı inkar etmək  anlamında deyil. Hər bir insanın toy günü şənlənməyə haqqı var, biz də bunu dəstəkləyirik. Dinimizin bəyəndiyi əməllərdən biri də toy günü şadlıq keçirilməsidir. Ancaq özümüz üçün bir  mənəvi qaydalar müəyyənləşdirməliyik, bu adətlərimizdə dəyişikliklər etməliyik. 


- Hacı, yas  mərasimləri ilə bağlı qadağa da yaxınlarını itirən insanlarımıza çox pis təsir edir. Onlar itirdikləri doğmaları, valideynləri üçün nələrsə etmək istəyirlər, savabını onların ruhuna bağışlamaq istəyirlər. Bu mənada hansı savab işlər görə bilərlər?

- Biz arzu edərdik ki, həyatımız normal qaydasına düşsün, yas mərasimləri də keçirilsin. İnsanlarımız əziyyət çəkir, kimsə dünyadan köçür, yaxınları, qohumları iştirak edə bilmir. Bəzən insanlarımız başqa şəhərdə  yaşadıqları üçün ən doğma adamlarının yasında iştirak edə bilmirlər. Bu xoşagələn bir hal deyil, ancaq  pandemiya şəraitinin diqtə etdiyi vəziyyətdir. Arzu edərdik ki, bu vəziyyət dəyişsin. Karantin səbəbindən kütləvi ehsan süfrələri təşkil etmək mümkün olmadığından həmin vəsaitlə bir çox xeyir işlər görüb savabını rəhmətə gedən şəxsin ruhuna bağışlamaq olar. Ehtiyaclı insanlara ərzaq yardımı etmək olar, hansısa tələbənin təhsil haqqına yönəltmək olar, bir ailənin təminatına xərcləmək olar. Əvvəllər yol çəkib, körpü  salırdılar. İndi bu iş böyük vəsait tələb edir. İnsanlara fayda verən hər hansı iş görmək olar və savabını dünyadan köçən insanın ruhuna bağışlamaq olar. 



Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”