Bu ilki Ramazan bayramı həm də 30 ildən sonra Şuşanın məşhur Yuxarı Gövhər Ağa məscidində bayram namazının qılınması ilə əlamətdar oldu. Hansı ki, bunu 30 ildir arzulayırdıq, Qarabağda dini və milli bayramlarımızın qeyd olunmasını həsrətlə gözləyirdik. Dövlət başçısının rəhbərliyi altında bir qrup ictimaiyyət nümayəndəsinin Şuşaya səfəri və “Xarıbülbül” festivalının keçirilməsi ilə paralel olaraq Şuşada bayram namazı da qılındı və bu namaza ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli rəhbərlik etdi. Bütün ölkənin diqqət mərkəzində olan bu bayram namazı, o cümlədən Şuşa səfəri ilə bağlı ilahiyyatçının təəssüratlarını öyrənməyə çalışdıq. Hacı Şahin Həsənli “Yeni Müsavat”a müsahibəsində bu tarixi hadisə ilə bağlı düşüncələrini paylaşdı.
- Hacı, Şuşaya səfər oradakı hər kəsin qəlbində xüsusi iz buraxıb. Siz isə Ramazan bayramı günü Şuşada, Yuxarı Gövhər ağa məscidində bayram namazı qıldınız, 30 ildən sonra ilk dəfə Qarabağda bayram namazı qılındı. Ölkənin bütün inanclı insanlarının gözü, ürəyi orada idi. Təəssüratlarınız necə oldu?
- İlk dəfə idi ki, Şuşa şəhərində olurdum. Hər bir azərbaycanlının arzusudur Şuşanı ziyarət etmək. Çox qəribə hisslər bürüyür insanı. Ziyarət etdiyim digər müqəddəs ziyarətgahlarda keçirdiyim hisslərə bənzər idi. Uzun illərin həsrətinə son qoyulmuşdu. İndiyə qədər ancaq adını eşitdiyimiz, həsrətində olduğumuz Şuşanın Yuxarı Gövhər ağa məscidində namaz qılarkən çox ziddiyyətli hisslər keçirirdim. Həm sevinc var idi, həm kədər. Orada şəhidlərimizin əziz xatirəsini yad edirdik, qürur hissi keçirirdik. Heç zaman unutmayacağım və həyatımda dərin iz salan günlər idi Şuşada keçirdim günlər... Şuşa səfəri ilə bağlı mənə dəvət gəldi və təklif olundu ki, bayram namazını qılım. Mən də böyük məmnuniyyətlə bu təklifi qəbul etdim. Bu mənim üçün əlçatmaz idi. Biz Şuşada namaz qılınmasını yuxularımızda görürdük, arzulayırdıq. Yuxarı Gövhər Ağa məscidində və Ağdam məscidində namaz qılmaq mənə qismət oldu. Özümü xoşbəxt sayıram, orada bayram namazına rəhbərlik etmək mənim üçün böyük şərəf idi. İndiyə qədər başqa məscidlərdə çox bayram namazları qılmışıq, çox xütbələr söyləmişəm. Bu isə mənim üçün çox fərqli bir namaz idi. Həddindən artıq həyəcanlı idim, bilirdim ki, bütün Azərbaycanın diqqəti məhz həmin bayram namazındadır. İnsanlar evlərindən o namaza qoşulmuşdular. İlk dəfə idi ki, bayram namazı belə təntənəli, əzəmətli şəkildə qılınırdı. Hər bir evdən insanlarımızın nəzərini öz üzərimdə hiss edirdim. Biz o bayram namazını hər bir Azərbaycan vətəndaşının adından qılırdıq. Uzun illərin həsrətindən sonra bu xoşbəxtlik bizə qismət olmuşdu.
- Azərbaycanda din dövlətdən ayrı olsa da, son dövrlər, xüsusilə də müharibə və ondan sonrakı dövrdə dövlət siyasətində dinə xüsusi diqqət ayrılmasının, yer verilməsinin şahidi oluruq. Şuşa festivalı da Ramazan bayramı vaxtına təsadüf etdi, bayram namazı məhz Şuşada qılındı...
- Ramazan bayramı günü Şuşada iki tədbir keçirilirdi, biri “Xarıbülbül” festivalı idi, biri də məsciddə bayram namazının qılınması idi. Bu, həm milli, həm də dini dəyərlərimizin vəhdəti mənasını daşıyırdı. Prezident İlham Əliyev də çıxışında qeyd etdi ki, Azərbaycan xalqı milli və dini dəyərlərinə bu qədər bağlı olmasaydı, müharibədə qələbə çala bilməzdi. Həqiqətən də biz öz yüksək mənəviyyatımızla, dəyərlərimizə bağlılığımızla, ruh yüksəkliyimizlə müharibədə qələbə qazana bildik. Bu qələbə təkcə hərbçilərimizin yüksək döyüş hazırlığı sayəsində yox, eyni zamanda mənəvi ruh yüksəkliyi sayəsində əldə olundu. Bizim milli və dini dəyərlərimizin yaşadılması bu gün çox önəmlidir. Qələbənin qazanılmasında bu iki amil mühüm rol oynadı. Xalqın döyüş ruhu onun mənəviyyatından qaynaqlanmalıdır. Azərbaycan xalqında döyüş ruhu onun mənəviyyatından qaynaqlanırdı. Cəmiyyətin səfərbər olması üçün onun ortaq dəyərlərinin olmasına ehtiyac var. Dinimiz də bizi birləşdirən ortaq dəyərdir. Ölkəmizdəki digər din nümayəndələri də ortaq mənəvi dəyərlərimiz əsasında birləşmişdi. Əlbəttə, bu, dini müharibə deyildi. Ermənilər hərb vəchlə bunu xristian-müsəlman qarşıdurması kimi göstərmək istəsələr də bütün dünya gördü ki, bu doğru deyil. Çünki Azərbaycanda heç zaman dini zəmində münaqişə olmayıb. Bu, din savaşı deyildi, bu bir dövlətin öz torpaqlarını azad etməsi üçün savaşması idi. Bu beynəlxalq hüquq normaları tərəfindən bizə tanınmış hüquq idi, bizim haqqımız idi. İstər beynəlxalq hüquq nöqteyi-nəzərindən, istər ilahi ədalət baxımından o torpaqlar Azərbaycana məxsus idi. Ancaq hər bir halda döyüşdə mənəviyyat xüsusi rol oynayır və biz həm də mənəviyyatımız hesabına bu qələbəni əldə etdik.
- Bizim üçün bayram olan günlər minlərlə ailə üçün qara bayram kimi keçdi. Bunlar bizim Qarabağdakı varlığımızı təmin edən şəhidlərimizin ailələri, valideynləri idi. Onların üzərimizdəki haqqı, cəmiyyətdəki məqamı nədir?
- Şuşaya qədəm qoyandan hər an şəhidləri yad edirdik. Çünki Şuşanın hər qarışı uğrunda qan axıdılıb, fədakar oğullarımızın qanı bahasına Şuşanı azad edə bildik. Ona görə də deyirəm ki, Şuşa müqəddəs şəhərdir, hər qarışına şəhid qanı axıb. Bu müqəddəslik hər zaman qalacaq. Təkcə Şuşa yox, digər işğaldan azad olunan torpaqlarımız da belədir. Şuşa alınmaz qaladır, onu hərbçilərimiz öz qanları bahasına alıb bizə qaytardılar. Bütün tədbirlərdə şəhidlərimizin müqəddəs ruhu yad edildi. Mən çoxsaylı şəhid ailələri ilə də görüşmüşəm, onlara da bildirdim ki, şəhidlik Allahın hər kəsə nəsib etmədiyi bir nemətdir. Şəhid ailələri övladlarını şəhid verməklə Allah qatında mükafat alırlar, bu mükafat onların övladlarının Vətən uğrunda qurban getməsidir. Şəhid ailələri hər zaman başlarını dik tuturlar, başı uca gəzirlər. Onlar Vətən, torpaq uğrunda qurban veriblər. Peyğəmbərimiz də buyurub ki, hər məqamdan daha üstün bir məqam və bu, şəhidliyə qədər davam edir. Şəhidlik ən üstün məqamdır. Dinimizdə bir insanın ucalığını müqayisə etmək üçün onu şəhidlə müqayisə edirlər. Şəhid xalqına onun varlığını bəxş etmiş şəxsdir. Ona görə də xalq və cəmiyyət olaraq şəhidlərimizə borcluyuq, onlar Allah qatında bizə şahidlik edirlər. Şuşada keçirilən tədbirlər zamanı da hiss edirdik ki, şəhidlərimizin ruhu şaddır, çünki onların qisası düşməndən alınıb. Bu böyük qələbənin qazanılmasında ən başlıca rol oynayan əsasən şəhidlərimizdir.
- Hacı, hazırda cəmiyyətdə müzakirə olunan əsas məsələlərdən biri də din qardaşlığı, İslam dövlətlərinin münaqişələr zamanı bir-birinə dəstək verməsidir. Bu mənada ötən 30 ildə və 44 günlük müharibə zamanı İslam dövlətlərindən gözlənilən dəstəyin verilməməsi vətəndaşları narazı salıb. Fələstin-İsrail arasındakı münaqişə ilə bağlı da bu məsələ yenidən gündəmə gəlib.
- Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də İslam həmrəyliyidir. Azərbaycan da digər İslam dövlətləri kimi İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu təşkilat müxtəlif zamanlarda erməni işğalını pisləyən bəyanatlar verib. Azərbaycanın ərazi bütövlüyünü bu günə qədər dəstəkləyib. Biz bu günə qədər təşkilatın dəstəyini hiss etmişik. Ancaq əlbəttə ki, bizim gözləntilərimiz daha çoxdur. Peyğəmbərimiz buyurub ki, müsəlmanların misalı bir bədən misalıdır, onun bir üzvü ağrıyanda bütün bədən narahat olmalıdır. Ağrılara reaksiya vermək diri bədənin əlamətidir. İslam ümmətində bu gün biz belə bir həmrəyliyi hiss etmirik. Bizim gözləntilərimiz daha çoxdur. Ancaq zaman keçdikcə İslam dünyasında da bizə dəstək verən dövlətlərin sayı artır. Bu İslam ümmətinin yeganə çıxış yoludur. Əlbəttə, bu dini mənsubiyyətinə görə verilən dəstəkdən getmir. Müsəlman haqq işinə dəstək verməlidir.
Harada olursa-olsun, bir insana zülm edilirsə, məzlumun qanı axıdılırsa, bir xalqın torpağı işğal edilirsə, müsəlmanlar inancından asılı olmayaraq ona dəstək olmalıdırlar. Dünyanın Şərqində kiməsə zülm olunursa, Qərbində bir müsəlman ona susursa, zalımlarla eyni taleyi bölüşür. Hədislərdə belə buyurulur. Zülmə biganə qalmaq onu dəstəkləmək mənasına gəlir. Ona görə də gözləntilərimiz çoxdur. İşğaldan azad olunmuş ərazilərdə məscidlərin vəziyyətinə baxaq. Mən özüm Ağdamda bunu gözümlə gördüm, məscidlərimizin tövləyə çevrilməsinin şahidi olduq, yanıq əlamətləri hələ də məscidin divarlarında qalıb. Bu vəhşiliyə müsəlman dünyası adekvat münasibət bildirməlidir. İslam dünyasında gedən proseslər bütün müsəlmanları maraqlandırmalıdır, bir-birimizə dəstək olmalıyıq. Bu bizim dinimizin tələbidir və öhdəliyimizdir. Azərbaycanda dini ayrı-seçkilik yoxdur, İslam kimliyinə bağlı olduğumz qədər də çoxmədəniyyətli bir dövlətik. Şuşa məscidinin ziyarətindən sonra Prezident İlham Əliyevin Qəbələdə kilsəni ziyarət etməsi də onu göstərdi ki, Azərbaycan multikultural dəyərlərə malik bir dövlətdir. İlahi dəyərlər də bizim milli kimliyimizin tərkib hissəsidir. Digər tərəfdən, beynəlxalq ictimaiyyətdən, İslam dövlətlərindən gözləntilərimiz çoxdur və bu gözləntilərimizdə haqlıyıq. Ara-sıra müsəlman dövlətləri bir sıra məsələlərdə bizə dəstəyini ifadə edir, ancaq gələcəkdə müsəlman dövlətləri qarşılıqlı dəstək arasında da artarsa, bu, İslam dünyası üçün daha faydalı olar.
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”