Müsahibələr

"Şadyanalıq etməmək könül məsələsidir"

18 Avqust 2021 772

Məhərrəm ayında şadyanalıqla bağlı məsələyə ilahiyyatçı Hacı Şahin Həsənli publika.az saytına müsahibə verib. 

 

QMİ nümayəndəsi Hacı Şahin Həsənli sayta açıqlamasında deyib ki, Məhərrəm ayında toy etmək qadağalar kateqoriyasına daxil deyil:

 

“Olar-olmaz məsələsi də deyil, şəriətimiz buna icazə verir, halal-haram mövzusu deyil, bu könül, qəlb məsələsidir. Kərbəla faciəsi uzun müddətdir ki, geniş şəkildə qeyd olunur. Çünki faktiki olaraq Peyğəmbər ailəsinə qarşı soyqırımı həyata keçirilib. Yəni burada söhbət Peyğəmbərimizin övladlarından gedir. Özlərini müsəlman adlandıran şəxslərin Peyğəmbərin övladları – südəmər körpədən 90 yaşlı kişiyə qədər qılıncdan keçirilib – amansızlıqla qətlə yetirilib. Burada məqsəd peyğəmbər soyunu yer üzündən silmək olub. Ona görə də bu, tarixdə özünəməxsus yer tutan bir hadisədir. Əsrlər keçdikcə insanlar könüllü olaraq şadlıq mərasimlərindən imtina ediblər. Ona görə də məhərrəmlikdə toy etməmək könül məsələsidir”.

 

Hacı Şahin Həsənlinin fikrincə, bu, o qədər böyük bir faciədir ki, bunu anmaq məqsədilə həmin hadisəyə ehtiram əlaməti olaraq insanlar bu ayları ağır ay kimi qəbul ediblər:

 

“Ona görə də toy etməyi məqəsədəuyğun saymayıblar. Toydan, şadyanalıqdan imtina ediblər. Təsəvvür edin, bizim yaxın, əziz bir insanımız dünyadan köçdükdə demirlər ki, toy etmək olmaz. Sadəcə olaraq bu, bizim ürəyimizdən gəlir. Ona görə də Kərbəla faciəsinin mahiyyətinə uyğun olaraq Məhərrəm və Səfər aylarında toy etməyiblər. Səfər ayında da bizim Peyğəmbərimiz (s.ə.v) vəfat günüdür. İnsanlar da bu günlərdə şadlıq etməkdən çəkiniblər. Bunun üçün hökmə ehtiyac yoxdur ki, dinimiz, Qurani-Kərim bunu haram buyurub. Məhərrəmlikdə toy və şadyanalıq etmək həmin kateqoriyaya aid olan məsələ deyil. Heç kəsi buna məcbur etməyiblər. Məhərrəmlikdə toy etməmək haqqında kimsə nəsə deməyib və yaxud toy edənlər cəzalanacaq – ifadəsini kimsə işlətməyib. Sadəcə olaraq bu insanların könüllü seçimidir. Mən də hesab edirəm ki, Peyğəmbər ailəsinə, dinimizə sayğı əlaməti olaraq bu ənənə elə davam etsə, daha yaxşı olar”.

 

"Məhərrəm ayında toy edənlərin uşaqları xəstə doğulur?" - sualına ilhaiyyatçı əlbəttə, mən bu barədə - Məhərrəm ayında toy edənlərin uşaqlarının aqibətinin necə olacağı ilə bağlı qəti bir şey deyə bilmərəm, - deyə cavab verib:

 

“Heç kimə bəla arzu etmirik. Hər halda bu barədə biz dəqiq nəsə deyə bilmərik ki, belə olacaq, elə olacaq. Burada söhbət mənəvi öhdəlikdən gedir. Vacib deyil ki, insanlar hansısa cəza ilə qarşılaşsın, sonra bu əməli tərk eləsin. Bu, bir qəlb, könül məsələsidir. Mən adıçəkilən məsələyə daha çox bu yöndən yanaşmağın tərəfdarıyam. Hesab edirəm ki, xalqımızın Məhərrəm və Səfər aylarında toy etməməsi millətimizin müdrikliyindən qaynaqlanan bir məsələdir. Hədislərdə də var ki, hər kimin Aşura günü qəm günü olarsa, qiyamət günü onun üçün bayram günü olar. Bu, fərqli bir qəmdir. Acizliyin, zəlilliyin qəmi deyil. Əksinə, insana insani duyğular, mərhəmət hissi aşılayır. İnsanlar burada qəhrəmanlara yanır, aciz insanlara yox, fədakar insanlara yanır, acı duyur. İstər-istəməz qəlb riqqətə gəlir, gözdən yaş axırsa, qəmlənirsə, bunu pozitiv bir qəm adlandıra bilərik. Yəni, bu xalq Peyğəmbər ailəsinin qəmini öz şəxsi matəminə çevirirsə, düşünürəm ki, bu, böyük xalqdır. Bu, müsbət bir xüsusiyyətdir. Daha yaxşı olar ki, bu mövzuya fəlsəfi, irfani konteksdən yanaşaq. Amma Məhərrəm ayında toy edənləri nə gözləyir məsələsi ilə bağlı bir söz deyə bilmərəm”

 

 

hacishahin.az