Müsahibələr

Ailə: qloballaşma və milli adət-ənənələr

26 Dekabr 2021 809

“İnsanlar milli, irqi, cinsi, sosial mənsubiyyətinə görə özlərini başqalarından üstün tutmamalıdır. Təəssüf ki, müasir mədəniyyət bu müsbət meyilləri yanlış və təhlükəli səmtə yönəldir”.

 
Bu sözləri Bakupost.az -a açıqlamasında ilahiyyatçı, QMİ nümayəndəsi Hacı Şahin Həsənli mənəvi dəyərlərə hörmət, müasir mədəniyyət meyilləri və milli adət-ənənələrimizdən danışarkən deyib:
 
"Qloballaşmanı bəşəriyyətin birgə yaşayışı, yardımlaşması, bir-birinə dəstəyi olaraq başa düşsək, o zaman qloballaşma olduqca müsbət bir haldır. Bütün insanlar vahid ilahi fitrət üzərində yaranıb və bu fitrət üzərində birləşmək dünyada sülh və əmin-amanlığın bərqərar olması üçün əhəmiyyətlidir. İnsanlar milli, irqi, cinsi, sosial mənsubiyyətinə görə özlərini başqalarından üstün tutmamalıdır. Təəssüf ki, müasir mədəniyyət bu müsbət meyilləri yanlış və təhlükəli səmtə yönəldir. Qloballaşma Qərbin siyasi, iqtisadi və mədəni hegemonluğu altında baş verir. Bu da onunla nəticələnir ki, bəşəriyyət mədəni rəngarəngliyini itirir, xalqlar azadlıqlarını əldən verir. Ona görə də bu tendensiya müqabilində mühafizəkarlıq və adət-ənənələrə aşırı bağlılıq peyda olur. Sanki, nəyin bahasına olursa olsun keçmişə bağlanmaqla bir çox xalqlar öz simasını qorumağa çalışır”.
 
Hacı Şahin qeyd edib ki, adət-ənənələr hansısa mənəvi dəyərlərə çatmağın yolu kimi qəbul edilməlidir:
 
"Adət-ənənə hansısa mənəvi dəyəri tərənnüm etməlidir. Çünki zamanın sosial və iqtisadi tələbləri o adətlərin görkəmini dəyişə də bilər. Məsələn, ənənəvi cəmiyyətlərdə qız uşaqları cinsi yetkinliyə çatan kimi ərə verilir, kişilər isə bir qədər yetkin yaşlarında, ev və peşə sahibi olduqdan sonra evlənirdi. Şəxsi inkişaf vasitələri təkmilləşdikcə, yeni imkanlar meydana gəldikcə, bu adət dəyişdi. Ailə dəyərlərinin qorunması naminə bu adəti yaşatmaq və ya ona tərəf dönmək zəruri deyil. Əksinə, ailə dəyəri yeni formalar almalıdır. Bu zaman ikinci problem ortaya çıxır: yeni forma adı altında qərbin diktə etdiyi ailə modelləri və ya nikahsız birgəyaşayış təqdim olunur. Qərbin təqdim etdiyi modellər də insan kimliyinə deyil, iqtisadi tələblərə dayanır. Maddi baxımdan dolanmaq üçün bütün günü işləməli olan qadın və kişi ülvi hisslərə vaxt ayırıb bir-biri üçün kompromisə getməyə lüzum görmür. Ona görə ötəri münasibətlərə üstünlük verilir”.
 
 
 
İlahiyyatçının sözlərinə görə, bu gün müasirlik kimi təqdim olunan yeni adətlər, yeni modellər mahiyyətcə keçmişdəkilərdən çox da fərqlənmir:
 
"Düşüncə, dünyagörüşü yeni, mənəvi fəzaya daxil olmayınca, bu problemlər həllini tapmayacaq. Özlərini xaricilərə bənzətmək istəyən həmvətənlilərimiz bir məqamı nəzərdən qaçırmamalıdırlar. Həmin xarici qüdrətlər başqa xalqları qloballaşma adı ilə özünə ram etmək üçün ilk öncə onlarda natamamlıq kompleksi yaratmağa çalışırlar. Xarici media, ədəbiyyat və kinoindustriya onların həyatının nə qədər gözəl olduğunu göstərir, yerli media qurumlarının bir qismi isə qərəzli şəkildə bizim nə qədər geridəqalmış olduğumuzu şüurumuza təlqin edir. Biz də özümüzə inamı itirib, xaricə can atır, yaxud xaricilər kimi davranırıq, öz kimliyimizi bəyənmirik. Nəticədə, nə onlar kimi ola bilirik, nə özümüz kimi qala. Özümüzü bu kimlik böhranı ilə də yaşamağa məhkum edirik. Təbliğata uyub xəyallar qururuq, o xəyallara can atırıq, sonra da görürük ki, təbliğ olunanla reallıq arasında heç bir əlaqə yoxdur. Nəticədə, mənəvi iztirab bir yana, depressiya və digər nevroloji problemlər qazanırıq.
 
Azərbaycanda vəziyyət faciəli deyil. Hətta mənfi görünən tendensiyaların tez bir zamanda müsbət məcraya yönələcəyinə inanıram. Əsas odur ki, mənəvi dəyərləri əldən verməyək, mənəvi varlıq olduğumuzu unutmayaq. Milli kimliyimizin ayrılmaz hissəsi olan dinimiz də buna kifayət qədər imkan yaradır. Məsələn, inanırıq ki, insanlıq bir ata və anadan yaranıb, yəni insanlıq bir ailədir. İnanırıq ki, ənənəvi dinlərimizin banisi Həzrət İbrahim və onun ailəsidir. Bu ailəyə ehtiram müsəlman, xristian və yəhudilərin ortaq cəhətidir. Müsəlman inancımızın mərkəzində bir ailə-peyğəmbər ailəsi durur. Peyğəmbər və onun ailəsi mənəvi dəyərlərin təcəssümüdür, yaradılışın modelidir. Bizim üçün qadın və kişinin ittifaqı həyatın davamlılığının qarantıdır. Ailənin qorunması və ya uşaq tərbiyəsi dövlətin öhdəliyində olmamalıdır, bu hər kəsin mənəvi, insani borcu olmalıdır. Bu bir misal idi. Başqa sahələrdə də bu keçərlidir".
 
Hacı Şahin vurğulayıb ki, əlimizdə olan qiymətli irsi dəyərləndirməyi bacarmalı və xarici propaqandaya qarşı immunitet formalaşdırmalıyıq:
 
"Biz buna efirlərdən nə qədər vaxt ayırırıq? Bu haqda nə qədər yazılır və ya film çəkilir? Təəssüf ki, bizim incəsənət əsasən insan şəxsiyyətini alçaltmağın nə qədər pis olduğunu göstərir, amma şəxsiyyət tərbiyə etməyə, vətəndaşa insani qürur aşılamağa önəm vermir. Problemin həlli onda deyil ki, neqativ halları göstərək və özümüzü gülüş və ya nifrət obyektinə çevirək. Biz həmin neqativ hallar olmasa həyatın necə şirin olacağını göstərməyə çalışmalıyıq".



Baku Post