Katolikos I Aram “artsax”ı və ordunu gücləndirməyə çağırır; Hacı Şahin: “Erməni cəmiyyəti kilsənin onu faciəyə dəvət etməsinin fərqində olmalıdır”
Böyük Kilikiya Evinin katolikosu I Aramın Yeni illə bağlı erməni xalqına müraciətində din xadiminə xas olmayan mürtəce çağırışlar öz əksini tapıb: “Bu gün Türkiyə, Azərbaycan Ermənistan və bütün regionla bağlı panturan strategiyası həyata keçirirlər. Odur ki, ayıq və uzaqgörən olaq. Həqiqətən də Azərbaycanla ”artsax”ın Azərbaycanın ərazi bütövlüyünə daxil olduğu hər hansı müqavilənin imzalanması əslində Müstəqillik Bəyannaməsi və Ermənistanın konstitusion prinsiplərinin pozulması olardı. Diaspor belə təhlükəli addımlara biganə qala bilməz. Nədənsə biz döyüşdə məğlub olduq, amma müharibədə yox. Ermənistanın və “artsax”ın müstəqilliyini möhkəmləndirmək və milli hüquqlarımızı bərpa etmək üçün ümumerməni mübarizəsi davam edir. Ermənistan ordusunu yenidən təşkil etmək və müasir silahlarla təmin etmək lazımdır".
Göründüyü kimi, Ermənistanda sülhə qarşı ciddi müqavimət var və bunun əsas aparıcı fiqurları kilsə mənsublarıdır. Halbuki din xadimləri qan-qadaya yox, sülhə, sabitliyə çağırmalıdırlar. Katalikos Qaregin şəxsən bu işdən “uzaq görünməyə” çalışır, amma onun da Xankəndiyə gəlib ermənilərə “mübarizə davam edir” deməsi yaddan çıxmamalıdır. Şübhə yoxdur ki, erməni lobbisinin kisəsindən asılı olan Eçmiədzin bu müqavimətin əsas təşkilatçılarındandır. Bəs kilsənin bu mövqeyi Ermənistan ictimai rəyinə necə təsir edə bilər? Müqaviməti din adı altında təşkil etməyin fəsadları nə ola bilər?
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli “Yeni Müsavat”a bildirdi ki, dinin əsas missiyası insanları sülhə dəvət etməkdir: “İstər İslam, istər xristianlıq olsun, dinin mahiyyətində təcavüzkarlığa dəstək və dəvət yoxdur. Əfsuslar olsun ki, tarix boyu erməni kilsəsi belə mövqedən çıxış edib, qızışdırıcı cinahda dayanıb. Hətta Vətən müharibəsi getdiyi günlərdə bəzi erməni din xadimləri insanlara ”cənnət qəbzləri" paylayırdı, hərbi geyimdə çıxış edərək erməniləri müharibəyə təşviq edirdilər. Ancaq alınmadı və işğala son qoyduq. Bununla belə, erməni din xadimləri bu acı məğlubiyyətdən dərs çıxarmır və insanların ölümünə səbəb olacaq müharibə çağırışları edirlər". QMİ nümayəndəsi bildirdi ki, din yalnız təcavüzə qarşı mübarizəyə səsləyir: “Dinimiz deyir ki, sizə qarşı vuruşanla vuruşun. Amma dinin zorakılığa çağırışı yoxdur. Təəssüf ki, erməni kilsəsi öz köhnə ampluasındadır. Lakin erməni cəmiyyəti kilsənin onu faciəyə dəvət etməsinin fərqində olmalıdır. Qafqaz Müsəlmanları İdarəsi və din xadimləri həmişə sülhə çağırıb. Eyni zamanda erməni kilsəsi rəhbəri ilə görüşlərdə bu məqam qeyd olunub. Amma biz görürük ki, ermənilərin kilsə adamları müharibəyə çağırış edirlər”.
Hacı Şahin qeyd etdi ki, ermənilər bu illər ərzində baş verənləri dini müharibə, xristian-müsəlman davası kimi qələmə verməyə çalışıblar: “Amma Azərbaycanda heç vaxt dini müstəvidə müharibə olmayıb, bu ölkədə dini tolerantlıq var, müxtəlif dini icmalar fəaliyyət göstərir, eləcə də müharibə zamanı bütün dini konfessiyalar vətənimizin ərazi bütövlüyünü dəstəkləyən bəyanatlarla çıxış etdilər. Ona görə erməni kilsəsinin siyasəti iflasa uğrayıb, sadəcə, yenə təcavüzə dəstək niyyətindədirlər, amma faydası olmayacaq”.
hacishahin.az