“Ümumiyyətlə, dinimiz ictimai münasibətlərə böyük önəm verir. Qurani-Kərimdə bir çox yerlərdə namazdan danışılarkən mütləq yanında zəkat sözü də işlənir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında azərbaycanlı ilahiyyatçı, din xadimi, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Şahin Həsənli deyib.
O, qeyd edib ki, dinimiz bununla vurğulamaq istəyir ki, fərdi din deyil. Fərdi ibadətin yanında mütləq ictimai məsuliyyəti də insanlara xatırlanır. “Namaz fərdi ibadətdirsə, zəkat, digər insanlara yardım etməkdir, yəni cəmiyyətə biganə olmamaq, cəmiyyətin taleyini düşünmək, bu, dinimizin əsas prinsiplərindən biridir. Ona görə də dinimiz zəngin insanlara tövsiyə edir ki, digərlərinə yardım etməklə öz ruzinizi artırın.
Təzadlı görünsə də, əslində, nemətlər sərf olunmaqla artır. Bu, təxminən ağacın budanmasına bənzəyir, ağacı budadıqda daha çox inkişaf edir və biz sərvətimizi başqaları ilə paylaşırıqsa, bu, onun artmasına gətirib çıxarır. İnsanlar bəzən pul xərcləməyə ona görə çəkinir ki, düşünürlər, pulu xərcləməklə, yoxsul insanlara yardım göstərməklə yoxsullaşarlar. Bu yoxsullaşmadan qorxub xeyirxah işlərdən imtina edirlər. Halbuki insan, başqalarına yardım göstərdikcə onun ruzisinə bərəkət gəlir və həmin insan iqtisadi baxımdan da inkişaf edir. Bunu insanlara aşılamaq lazımdır ki, hər bir zəngin insan, digər insanları unutmamalıdır.
Ümumiyyətlə, cəmiyyətdə daim xeyriyyəçilik əhval-ruhiyyəsi olmalıdır. Bu, ilk növbədə, pulu xərcləyənlərin özünə faydalıdır, xeyriyyəçilik həm mənəvi rahatlıqdır, həm də maddi inkişafdır və cəmiyyətdə də kəskin təbəqələşmənin qarşısını alan əsas məsələlərdəndir. Ona görə də dinimizdə sədəqə, xüms və zəkatla yanaşı infaq adlı bir paylaşım növü də var. İnfaq bunların heç birinə aid deyil. Bu, insanlara təmənnasız yardım göstərmək, ən sevdiyin bir şeyi paylaşmaqdır.
Sədəqə haqqında buyrulur, kim bir yoxsul insana sədəqə verərsə 70 bəladan qorunar, yəni Allah da həmin insanı qoruyar. Çünki o başqalarını düşündüyü üçün Allah da onu bəlalardan uzaq edər. Bütün bunlar dinimizin bölüşməyə, paylaşmağa verdiyi önəmin göstəricisidir. Yaxşı olar ki, məsələ cəmiyyətdə də təbliğ olunsun, insanlar bir-birini düşünsələr, özlərini böyük cəmiyyətin bir parçası kimi hiss etsələr, bu, cəmiyyətin mənəvi və maddi inkişafına səbəb ola bilər”.
hacishahin.az