Müsahibələr

“İctimai düzən çökür, Ukrayna xalqı qurban seçilib”

02 Mart 2022 747
“Hesab olunur ki, mövcud paradiqma və ondan doğan ictimai düzənin çöküşü baş verir. Ukrayna xalqının da bu prosesin qurbanına çevrildiyini düşünənlər var. Məsələn, deyirlər ki, bu müharibə geosiyasətdən daha çox Rusiyanın sivilizasiya seçimi və liberal düzəndən birdəfəlik imtinası ilə bağlıdır”.

Bu fikirləri ilahiyyatçı, din xadimi Hacı Şahin Həsənli Bakupost.az -a verdiyi açıqlamada səsləndirib.
 
  
O, bugünkü böhranların yanlış hesablamalarının nəticəsi olduğunu bildirib.

 
“Dünyada gedən proses yeni bir hadisə deyil. Çoxdan başlayan qlobal düzənin çökmə prosesinin nəticələridir. Həm də proses artıq böyük sürət yığıb. Siyasi mütəfəkkirlərin bildirdiyinə görə, İkinci Dünya müharibəsindən sonra yaranmış “Yalta sistemi” hələ ötən əsrin sonlarında öz işləksizliyini ortaya qoydu. BMT başda olmaqla bütün beynəlxalq təsisatlar özünü heç bir münaqişədə doğrulda bilmədi və beynəlxalq sistemdə vakuum yarandı. Qərb bu vakuumu özünün birtərəfli hökmranlığı ilə doldurmağa çalışdı, birqütblü dünya yaratdı.
 
 
Amma bu birqütblülük yalnız siyasi və hərbi hegemoniya ilə deyil, eyni zamanda məcburi vesternizasiya ilə müşayiət olunurdu. Hesab olunurdu ki, liberal dəyərlər dünyaya hakim olsa, bütün xalqlar inkişaf edəcək. Olmadı. Suverenlik, sərhəd toxunulmazlığı, münaqişələrin sülh yolu ilə həlli prinsipləri tapdalandı. Liberal demokratiyanın mücəssiməsi olan ölkələr daxildəki rifahı başqa ölkələrin sümükləri üzərində qurdular. Sonra bəlli olmağa başladı ki, həmin rifah da möhkəm dayaqlara malik deyil. Ard-arda başlayan iqtisadi böhranlar, sosial partlayışlar Amerika və Avropanı öz cənginə aldı. Fikir və ifadə azadlığının qarantı sayılan ölkələr öz daxilindəki etirazları amansızca boğmağa başladı”, - deyə Hacı Şahin fikirlərinə əlavə edib.
 
 
 
 
İlahiyyatçı qeyd edib ki, bu dəfə beynəlxalq sistem deyil, liberal ideya gücsüzlüyünü ortaya qoyub:
 
 
“KİV vasitəsilə fikirlərin manipulyasiyası da effektiv olmadı. Söz azadlığı, insan haqları, demokratiya, beynəlxalq əməkdaşlıq və s. ümumbəşəri dəyərlər liberal müstəvidə mövcud ola bilmir artıq. Anlaşılan budur ki, dünyanı bürüyən böhran daha dərindir, siyasi və iqtisadi krizis isə onun təzahürüdür. Bu, insan kimliyi böhranıdır. Hobbsdan bu yana nə deyirlər? İnsan insanın canavarıdır. Adam Smit tamahkarlığı iqtisadiyyatın aparıcı gücü elan etdi, Bentam maddi ləzzəti xoşbəxtliyin meyarı. Nəticədə insan tamahkar, şəhvətpərəst bir canavar elan olundu. Bu səbəbdən deyilir ki, liberal demokratiya həmin canavarı instiktlərinin ümidinə buraxan və yalnız başqasına təcavüz etməməsi üçün cəzalandıran bir düzən olaraq düşünüldü.
 
 
Bu gün insan artıq özünü canavar kimi görmək istəmir. Şərəf və ləyaqəti maddi meyarlarla ölçmək istəmir. Azad seçim adı ilə təbiətini inkar etmək istəmir. Özünə müxtəlif kimliklər seçmək yox, özü olmaq istəyir. Ona görə dünyada gedən prosesləri məhz bu prizmadan izah etmək olar: saysız-hesabsız süni kimliklər altında unudulmuş həqiqi insan kimliyi üzə çıxmaq üçün özünə cığır açır. Çətindir, ağrılıdır, amma qaçılmazdır. Bir çox mütəfəkkirlər də yeni insan kimliyinin yeni paradiqma, yeni düzən doğuracağını söyləyirlər. Hesab olunur ki, mövcud paradiqma və ondan doğan ictimai düzənin çöküşü baş verir. Ukrayna xalqının da bu prosesin qurbanına çevirildiyini düşünənlər var. Məsələn, deyirlər ki, bu müharibə geosiyasətdən daha çox Rusiyanın sivilizasiya seçimi və liberal düzəndən birdəfəlik imtinası ilə bağlıdır. Bu nə qədər düz iddiadır, zaman göstərəcək”.
 
 
 
 
Hacı Şahin din xadimlərinin sülh üçün vasitəçi rolunu oynamalı olduqlarını vurğulayıb:

 
“Əmin ola biləcəyimiz bir şey var ki, hər şey çalxalanır deyə sular bulanır. Təəssüf ki, bütün bunlar insanların həyatı bahasına baş verir. Dünyanın hər yerində günahsız insan həyatının itirilməsi faciədir, uşaqların göz yaşları qəlbləri dağlayır. Bu şəraitdə hər birimiz insani simamızı qorumalıyıq. Vəziyyəti gərginləşdirmək, onsuz da nifrətin püskürdüyü bir dövrdə təfriqə yaratmaq yolverilməzdir. Mənəvi dəyərlərdən möhkəm yapışmalıyıq. Düşünürəm, din xadimləri barışdırıcı mövqedən çıxış edə, müxtəlif düşüncələr arasında körpü sala bilərlər. Bu gün ən çox ehtiyac inama, ümidə duyulur. İnsanlar bütün çətinliklərə rəğmən hər şeyin yaxşı olacağını, xeyirin mütləq qələbə çalacağını bilməlidirlər. Xoş gözləntidə olmalıdırlar ki, qorxu və ümidsizlik üzündən böhran dərinləşməsin”.
 
 
Fəridə
Baku Post