Müsahibələr

"Azərbaycan müxtəlif mədəniyyətlərin əritmə qazanı deyil”

04 Mart 2022 636

“Özlərini millət, ya da İslam fədaisi kimi göstərməyə çalışırlar, amma...”



Dini tolerantlıq, ölkəmizdə yaşayan müxtəlif millətlərə münasibətlər baxımından Azərbaycanın dünyaya örnək olduğunu əminliklə söyləyə bilərik. Amma zaman-zaman bu siyasətə kölgə salmaq, ona qarşı çıxmaq cəhdlərini də görürük. Bu cür cəhdlər nələrə səbəb ola bilər, qarşısı necə alınmalıdır?


Mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bunları deyib: “Azərbaycan xalqı uzun əsrlərdir dövlətçilik ənənəsinə və böyük mədəniyyətə sahibdir. Bu xalqın milli-mənəvi dəyərləri əsrlərin sınağından keçib, müxtəlif etnik və dini qrupların töhfəsi ilə formalaşıb. Bununla belə, Azərbaycan, məsələn, elə ABŞ-da olduğu kimi, müxtəlif mədəniyyətlərin əritmə qazanı deyil. Xalq olaraq azərbaycanlıların öz dini və milli kimliyi var və məhz bu kimlik sayəsində digər qruplar da özəlliklərini qoruyaraq əl-ələ verib ümumi Vətən qurublar. Ölkənin ənənəvi inancları var, bu inancların davamçıları, habelə müxtəlif etnik qruplar arasında qardaşlıq və qarşılıqlı etimad ab-havası hökm sürür. Bu, istənilən xalq üçün yalnız başıucalığı deyil, həm də dövlətçiliyin dayağıdır. Ona görə bu gün qlobal güclərin təsirinə düşmək istəməyən ölkələr ən birinci milli və dini zəmində münaqişə ilə hədələnirlər. Bizim cəmiyyətdə də etnik millətçilik, dini şovinizm və təriqətçilik mövqeyindən çıxış edən kifayət qədər adam var. Bəzən onlar özlərini millət və ya İslam fədaisi kimi göstərməyə çalışırlar amma mahiyyətcə milli birliyə yönəlik destruktiv fəaliyyətdədirlər. Bu hədələrin doğrulacağına hazırda bir əsas yoxdur, amma düşmən bu gün üçün deyil, gələcək üçün çalışır. Yaxın Şərqi misal çəkmək olar. Suriya kimi tolerant və dünyəvi bir ölkədə demokratiya vədləri ilə məzhəb qarşıdurmasını alovlandırdılar, ölkəni tamamilə viran etdilər. Həssas və mühüm coğrafi məkanda yerləşən Azərbaycan üçün də belə planın işə düşəcəyi istisna olunmurdu.



Ölkəmizdə baş verənləri dərin qlobal proseslərdən müstəqil təhlil edə bilmərik. Bəşəriyyət keçid dövrünü yaşadığı üçün ciddi transformasiyalara məruz qalır. Universallıq iddiasında olan köhnə düzənin yerində necə bir dünyanın qurulacağı hələ bəlli deyil. Bir tərəfdən, köhnə düzənin tərəfdarları radikal şəkildə öz qüdrətini qorumağa, digər tərəfdən onun çöküşünü arzulayanlar radikal hücuma keçirlər. Buna frustrasiya nöqtəsi deyirlər. Yəni çöküş elə bir həddədir ki, gələcəklə bağlı istənilən ssenari doğrula bilər, çünki bütün oriyentirlər itib. Bu isə cəmiyyətdə qorxu və aqressiya yaradır. Ona görə də bir çox ölkələr bu gün məzhəbi, dini və ya etnik qarşıdurmalar bataqlığında boğulmağa məhkum olunublar. Keçmişə ikrah, gələcəyə isə ümidsizlik hökm sürür bu ölkələrdə. Bu fonda ölkəmizdə xalqın ənənəvi inancını xurafat, siyasi şüurunu qüsurlu, mədəniyyətini gerilik kimi qələmə verənlərin hansı məqsəd güddükləri bəlli olur”.


Hacı Şahin qeyd edir ki, milli və dini zəmində potensial təhlükə yaradan, təfriqə salan “haqq carçıları” ilə siyasi meydanda diversiya hazırlayanlar eyni mərkəzdən idarə olunur: "Onlar hamısı eyni üslubla - xalqımızı aşağılamaqla və dəyərlərimizi tapdalamaqla hərəkət edirlər. Bir sözlə, keçid mərhələsində söykənəcək heç bir dayağın qalmasını istəmirlər. Başqa dövrlərdən daha çox məhz bugünkü şəraitdə milli özünəinam və mənəvi dəyərlərə sədaqətin əhəmiyyəti daha çox hiss olunur. Dünyanın yüksək tribunalarından səsləndirilən, müxtəlif beynəlxalq sənədlərdə öz əksini tapan tolerantlıq bir çox inkişaf etmiş ölkələr üçün ya şüar olaraq qalır, ya da qanundan qorxu gücünə yaşayır. Bizdə isə bu dəyərlər həyat tərzidir. Azərbaycan bu məsələdə həqiqətən də bir çox ölkələrə örnəkdir. Amma əlacsızlıqdan “əzələli liberalizm” konsepsiyasına üz tutan Qərb itirməkdə olduğu hegemonluğuna hər şeydə təhlükə görür. Fərqli yaşam tərzi və insanlararası münasibətlər kimi heç bir şeyi öz təhlükəsizliyinə təhdid kimi görmürlər. Hərbi qüdrət, iqtisadi inkişaf və sosial rifaha qeyri-liberal dəyərlər əsasında çatmaq cəhdlərini elə beşiyindəcə boğmağa çalışırlar. Azərbaycan da istisna deyil. Bu gün ifadə və etiqad azadlığı adı altında dağıdıcı qüvvələrin təfriqə və nifrət yayması, fərqli düşünənlərin damğalanması və xalqın özgüvənini sındırması yeni bir icad deyil. Üslub köhnə üslubdur, yenilənən adlardır. İnkarçılıq və radikallıq üzərində davamlı inkişafın mümkünlüyünə isə tarix heç zaman şahid olmayıb".



QMİ rəsmisi onu da əlavə edib ki, Azərbaycanda hazırda belə dağıdıcı fəaliyyətin genişlənməsi üçün münbit şərait olmasa da, bu istiqamətdə cəhdlərin olması bizi diqqətli olmağa vadar etməlidir: “Dövlət qurumları bu günə kimi həm önləyici tədbirlər görüb, həm də uğurlu əməliyyatlar keçiriblər. İndiyə qədər dini dözümlülük və multikulturalizmlə bağlı Azərbaycanda onlarla beynəlxalq tədbir keçirilib. Bu tədbirlərdə iştirak edən xarici qonaqların, müxtəlif dini konfessiya təmsilçilərinin ölkəmizdəki dinlərarası münasibətlərin səviyyəsi ilə bağlı heyrət ifadə etdiklərinin şəxsən şahidi olmuşam. Bu mövzuda din xadimlərinin öhdəsinə düşən vəzifə mövcud dini və milli birliyi qorumaqdır. Düşünürəm, Qarabağ müharibəsi zamanı müxtəlif konfessiyalardan olan din xadimləri həm Azərbaycanın haqlı mövqeyini  dünyaya çatdırdılar, həm də düşməndən fərqli olaraq bu savaşın etnik və dini xarakter daşımadığını ortaya qoydular”.



Hazırladı: Afaq MİRAYIQ
“Yeni Müsavat”