Müsahibələr

Novruz - milli və dini dəyərlərin birliyidir

16 Mart 2022 711
“Bu gün Novruz bayramını bizə yad olan bayram çərçivələrinə salmaq istəyənlər var. Novruz dini bir bayram olmasa da, İslamın aşıladığı dəyərlərə söykənir. Həyatın əbədiliyini, insanlığa inamı, gələcəyə ümidi, başqaları ilə paylaşmağı və birliyi aşılayır. Ona görə də nə müasirlik adı ilə bu bayramı başqa bayramların qəlibinə salmaq, nə də din adı ilə onu kökündən inkar etmək yolverilməzdir. Onun gözəlliyi ondadır ki, hamı birləşsin, bir yerdə sevinsin, birlikdə şirniyyat bişirsin, bir-birinə papaq atsın və pay versin”.


Bu fikirləri ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli Bakupost.az -a verdiyi açıqlamada səsləndirib.
 
 
O bildirib ki, tarixin ən çətin və ən ağır dönəmlərində belə Novruz təxirə salınmayıb, camaat yasda olsa belə, bayram qeyd edib:


“Novruz yeni gün, yenilənmə və aydınlanmanı tərənnüm edən bir bayramdır. Bir xalq yenilik və aydınlıq kimi dəyərləri yaşadırsa, deməli özü və gələcəyi barədə nikbindir. Nikbinlik isə insanın qarşısında yeni üfüqlər açılması üçün başlıca şərtdir. İmanın fəlsəfəsi də elə budur. İmanlı olmaq daim yüksəlmək, təfəkkürü genişləndirmək, kəşf etmək və aydın baxışa yiyələnmək deməkdir. Belə bir elmi baxış var ki, insan təbiəti özünə ram etdikcə mədəniləşir. Yəni mədəniyyət təbiətin əksi, sünilik kimi başa düşülür. Bu konsepsiyaya əsaslanan mədəniyyətin yaratdığı ekoloji fəlakətlər dünyanı bürüdükdən sonra ətraf mühitin qorunması barədə danışmağa başladılar. Biz isə tarix boyu dayanmadan təbiətə və təbiiliyə bayram tuturduq. Eyni zamanda, Novruz bu eqosentrik mədəniyyətin təlqin etdiyindən fərqli olaraq bizə başqalarına qarşı cavabdeh olduğumuzu, talelərimizin bir-birinə bağlı olduğunu anladır. Tarixin ən çətin və ən ağır dönəmlərində belə Novruz təxirə salınmırdı, camaat yasda olsa belə, bayramı qeyd edirdi. Bu, zahirən qış çağını yaşayan bir xalqın zalımlara, işğalçılara meydan oxuması, baharın gəlişinin qaçılmazlığına inamın nümayişi idi”.
 
 
 
 
Hacı Şahin son zamanlar Novruz adət-ənənələrinin getikcə azaldığını diqqətə çatdırıb:
 
 
“Ailələrin bir yerə toplaşıb şirniyyat bişirməsi, evlərdə səməni cücərdilməsi, uşaqlara qorğa hazırlanmasına getdikcə az rast gəlinir. Hər şeyi dükandan hazır alırıq. Bir çox adətlər isə yalnız folklor kitablarında yaşayır. Xonça qonşulara bayram payı aparmaq üçün bağlanardı, yolka kimi bayram bəzəyi kimi yox. Hətta ət yeməyi verilməzdi ki, Novruzda qan tökülməsin. Axı bu, insanlığın birlik bayramıdır...”.
 
 
İlahiyyatçı qeyd edib ki, müəyyən qüvvələr bu bayramın İslama zidd olduğunu sübut etməyə çalışırlar:
 
 
“Digər tərəfdən milli və dini dəyərləri qarşı-qarşıya qoymaq istəyən radikal cərəyanlar, bu bayramın İslama zidd olduğunu sübut etməyə çalışırlar. Milli və dini dəyərləri toqquşdurmaq onların fəaliyyətinin əsasını təşkil edir, sanki İslam bu torpaqlara yenicə gəlib. Bidət - dində olmayan bir şeyi din adına bağlamaqdır. Heç kim heç zaman Novruz bayramının dini bir ayin olduğunu iddia etməyib. İslamı ilk qəbul edən xalqlardan biri olaraq azərbaycanlılar Novruz bayramını həmişə qeyd edib, İslam isə bu bayrama daha da mənəvi bir rəng qatıb. Novruz axşamı ilin xeyirli olması, maddi və mənəvi nemətlərlə zənginləşməsi üçün dualar oxunardı. Bayram süfrəsinə Quran qoyulardı, çünki işıqlı və aydın gələcəyə Qurana bağlanmaqla çıxmaq mümkün idi. Hətta sovet dövründə Novruzda süfrəyə nə haram yemək qoyulardı, nə də yad mətbəxin xörəkləri”.
 
 
 
Hacı Şahin Novruz bayramının əhəmiyyəti barədə də danışıb:
 
 
“Müxtəlif xalqlar təqvimi fərqli hadisələrdən başlayır. Amma ən qədim dövrlərdə demək olar ki, bütün xalqlar yeni ili baharın gəlişindən hesablayırdılar. Çünki soyuq və qaranlıq qış baharda hərarətli və işıqlı yayla əvəz olunmağa başlayır. Ölümün sonu və həyatın dirçəlişi baharın gəlişi ilə baş verir. Ona görə də, Novruz ölümün yeni bir həyata keçid olduğunu, həyatın əbədiliyini tərənnüm edir. Bu bayramda ev yiyəsi və qonaq olmur, hamı bir-biri ilə doğmalaşır, təbiətin oyanmasını müşahidə edir. Əslində, bu, elə insanın oyanışıdır. İnsan qapandıqca mənasız yerə küsməyə, problemlərini şişirtməyə, qəmlənməyə və tənhalaşmağa başlayır. Amma qapalı dünyasından çıxdıqca böyüyür, hamını bağışlayır, çətinliklərə yuxarıdan baxır, şadlanır və başqaları üçün faydalı olmağa çalışır. Öz həyatına deyil, həyatın özünə dəyər verməyə başlayır. Novruzda insan təbiətə, təbiiliyə qovuşmasını bayram edir. İnsan süniliyin, süni kimliklərin düşdüyü məngənədən qurtulub azadlığa çıxır, özü olur. Məgər Quran da insanları öz fitrətinə qayıtmağa, insani kimliyini qorumağa dəvət etmirmi? Bu baxımdan Novruz dini bir bayram olmasa da, İslamın aşıladığı dəyərlərə söykənir. Həyatın əbədiliyini, insanlığa inamı, gələcəyə ümidi, başqaları ilə paylaşmağı və birliyi aşılayır. Ona görə də nə müasirlik adı ilə bu bayramı başqa bayramların qəlibinə salmaq, nə də din adı ilə onu kökündən inkar etmək yolverilməzdir. Bu bayram xalqımızın milli və dini dəyərləri necə bir araya gətirdiyini nümayiş etdirir, xalqımızın mənəvi dəyərlər əsasında birliyini və inkişafını təmin edir”.
 
 
 
Baku Post