"Qiyamət əlamətləri haqqında danışmaq bir qədər çətindir. Bu gün dünyada baş verənləri tam şəkildə qiyamətlə əlaqələndirmək olmaz. Dinimizdə axirəzzaman anlayışı var. Bu, dünyada müəyyən böhranların yaşandığı bir dövrdür".
Bu sözləri Ölkə.Az-a açıqlamasında Məşədi Dadaş Məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli deyib. Dünyanın "qan gölü"nə çevrilməsi, tüğyan edən xəstəliklərin və s. qiyamət əlaməti olub-olmaması ilə bağlı danışan ilahiyyatçı deyib ki, bütün dinlərin vəd etdiyinə görə, insanlığı qızıl dövr gözləyir:
"Bu proses ağrılı keçir. Bu gün çox tez-tez yeni dünya düzəni haqqında danışılır. Böyük dünya qüdrətləri bu yeni düzəndə yer qazanmaq uğrunda mübarizə aparır və bu mübarizə amansız hal alır. Dinc insanlar qətlə yetirilir. Bütün bunlar mənfi hallar olsa da, bəşəriyyət kamillik yolu keçir və həm də öz acı təcrübələrindən nəticələr çıxarır. Eyni zamanda mənəviyyata da yönəlmə var. Yəni indiyə qədər insanlara xoşbəxtlik vəd edən düşüncələrdən usanma var. Bəşəriyyət sanki qurtuluş axtarışındadır və bu axtarış heç şübhəsiz ki, bəzi ağrılı hallarla, dünya miqyasında olan fəsadlarla müşahidə olunur. Bəşəriyyətin qurtuluşu məhz mənəviyyat əsasında insanların birləşməsindədir. Hazırda eqosentrik insanların yalnız öz mənfəəti üçün yaşaması, hətta bir çox böyük dövlətlərin siyasətinin bu prisnsip üzərində qurulması faciələrə yol açıb. Ümid edirik ki, insanlıq bu acı təcrübələrdən sonra özünə qayıdacaq".
Hacı Şahin bu gün insanlar arasında mövcud olan ümidsizlik hallarından da bəhs edib:
"Bu, kökündən yanlış fikirdir. Hər şey daha yaxşı olacaq. Bu, əsassız bir ümid deyil. İnsanlar bütün neqativlərin içərisində pozitiv məqamları da görməyi bacarmalı, Allaha sığınmalıdır. Vəziyyət o qədər də çıxılmaz deyil. Bu gün dünyada təmiz vicdanlı inanların sayı kifayət qədərdir. Xəstəliklər, bəlalar artdıqca bəşəriyyətin təcrübəsi də artır. Biz artıq demək olar ki, pandemiyanı yavaş-yavaş geridə qoyuruq. Yəni dünya sınaq meydanıdır. İnsanlar bu sınaqlardan üzüağ çıxmağı bacarmalıdırlar. Bu çətinliklərin, sıxıntıların arxasında dayanan mesajları anlamalıdırlar. Mesajlar insanlara bəzən təbii hadisələr vasitəsilə çatdırılır. İnsanlar həyat prioritetlərini dəyişməlidir. Bu gün dünya mütəfəkkirləri də bunun haqqında düşünür ki, artıq mövcud düzən özünün funksionallığını itirir. Belə bir məqamda din xadimləri, bütövlükdə ziyalılar insanlara doğru yolu göstərməlidirlər. Yəni vəziyyət ümidsiz deyil. Bəşəriyyətin başına gələn hadisələrdən dərs çıxarması lazımdır və bundan sonra düzgün istiqaməti seçmək üçün fürsətlər çoxdur".
İlahiyyatçı bu gün dünyada baş verən münaqişələrin, xəstəliklərin və s. insanlar arasında etibarsızlıq mühitin olması, böyük günahların işlənməsi nəticəsində yaradının verdiyi cəza kimi qiymətləndirilməsinin doğru olmadığını deyib:
"Şübhəsiz ki, hər bir hadisənin təbii səbəbləri var. Mütəxəssislər bu səbəbləri bildirir. Amma eyni zamanda bütün hadisələrin təbii səbəblərinin olmasına baxmayaraq həm də mənəvi mesajları var. Bəli, Allah tərəfindən insanlara xəbərdarlıq edilir. Bunu bəşəriyyət üçün özünü təftiş fürsəti kimi dəyərləndirmək olar. Məsələn, insanlar yeni-yeni günahlar etdikcə indiyə qədər görmədikləri xəstəliklər yayırlar.
Ümumiyyətlə, biz səbəb-nəticə qanunlarının hökm sürdüyü bir aləmdə yaşayırıq. İnsanların bu gün buraxdığı səhvlər onların gələcək taleyinə təsir göstərir. Yəni biz keçmişimizdən asılıyıq. Düşünürəm ki, bu, insanlıq üçün bir fürsətdir ki, keçmişini təftiş etsin. Bu təzahürlər müasir dünyada hiss olunur. Bu gün böhrandan danışırlarsa, eyni zamanda çıxış yolları da axtarılır. Böhranın müsbət tərəfi bundan ibarətdir ki, istər iqtisadi, istər dəyərlər, istərsə də sistemlərin böhranı olsun, bunlar baş verikdə həm də çıxış yolu axtarmağa vadar edir.
Bəzən ilahi cəza deyəndə belə başa düşülür ki, sanki Allah birdən-birə insanlara qəzəblənib və bəla yağdırmağa başlayıb. Xeyr, bu, bəla deyil. Bütün bəlalar buraxılan səhvlərin məntiqi nəticəsidir".
olke.az