“Məşədi Dadaş” məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Hacı, fitrə zəkatı ilə bağlı paylaşımınız sosial şəbəkədə müzakirələrə səbəb oldu. Fitrəni insanlar tanıdıqları ehtiyaclı ailələr və ya xəstə şəxslərə verməlidir, yoxsa zəkat kart hesabına köçürülə bilər?
- Fitrə zəkatı yoxsul insanlara verilir. 3 kq arpa, buğda, kişmiş, düyü və sairə ərzaq növlərinin məbləği qədər ailə üzvlərinin hər birinin adından ayrılır. Fitrə nağd da ödənə bilər, hazırkı vəziyyətə görə hesaba da köçürülə bilər. Dinimiz buna məhdudiyyət qoymur. Həm də indiki vəziyyətə görə kimsə onu məscidə gəlib verə bilmir, yaxud da xaricdə yaşayır. Məsələn, biz yardım aksiyaları keçirdikdə xaricdə yaşayan soydaşlarımızın nağd ödəmək imkanları olmadığı üçün məbləği onlayn şəkildə bizə göndəriblər.
Əsas odur ki, insanlar etibar etdikləri şəxslərə yardım etsinlər. Hər zaman demişəm, insanların ehtiyaclı şəxslərə fitrə zəkatını əlbəəl vermələri yaxşıdır. İnsan öz qohumlarına, yaxınlarına, ətrafında olan ehtiyaclı şəxslərə fitrə yardımı etməlidir.
Amma bəzi insanlar var ki, deyirlər belə birini tanımıram və bizə etimad edirlər. İndiki şəraitdə hesaba pul köçürmək olduqca təbii bir şeydir. Sosial şəbəkələrdə gördüm ki, bunu müzakirə mövzusuna keçiriblər. Burada narahatlıq doğuracaq bir şey yoxdur. Nə fərqi var o pul nağd verildi, ya hesaba köçürüldü. Əsas məsələ odur ki, vəsait lazım olan istiqamətdə xərclənsin.
- Qafqaz Müsəlmanları İdarəsi fitrə zəkatının 10-15 manat arasında dəyişdiyini açıqlamışdı. Bəzi insanlar isə sual edirdi ki, niyə zəkat buğdanın qiyməti ilə deyil, xurmanın bir kiloqramı ilə hesablanır?
- Fitrə zəkatının çıxarılması zamanı məbləği insanlar özləri bazar qiymətlərinə uyğun şəkildə tənzimləməlidir. Arpanın, buğdanın bazardakı qiymətlərinə baxıb, ona uyğun fitrə zəkatı ödəməlidirlər. Sadəcə olaraq bəzi insanlar QMİ-yə müraciət edərək fitrə məbləğini soruşduqları üçün ortalama olaraq 10-15 manat fitrə məbləği tövsiyə olunur. Bu məbləğ qayda deyil.
Ümumiyyətlə, fitrə zəkatını imkanı olan insanlar nə qədər çox çıxarsalar, bir o qədər yaxşıdır. Çünki imkanlı şəxslər ehtiyaclıların bayram süfrəsinə yardım etdikləri üçün nə qədər yüksək məbləğdə çıxarsa, o qədər yaxşıdır. Amma bəzi insanların o məbləğə imkanı çatmır. Buğdanın qiyməti 3 manat edirsə, fitrəni o məbləğdə çıxara bilər, buna tam haqqı var. Ortalama rəqəm soruşulduğu üçün 10-15 manat tövsiyə olunub.
Yüksək rəqəm ona görə deyilib ki, imkanlı şəxslər daha çox fitrə çıxararaq ehtiyaclı şəxslərin ehtiyaclarını təmin edə bilsinlər. Ümumiyyətlə, belə bir qayda var, insan öz maddi vəziyyətinə uyğun fitrə zəkatı çıxarsa, daha yaxşı olar. Özü hansı səviyyəyə yaşayırsa, ona uyğun fitrə zəkatı çıxarsın. Hətta imkanlı şəxs də istəyərsə, buğdanın qiymətini bazarda maraqlanıb ona uyğun fitrə çıxara bilər.
- Fitrənin məscidlərə ianə edilməsini vurğuladınız. Bu fitrə ehtiyaclı insanlar arasında necə bölüşdürülür? "Məşədi-Dadaş" məscidində buna şəxsən nəzarət edirsiniz?
- Vəsaitlərin qəpiyinə qədər xərclənməsinə şəxsən nəzarət edirəm. Bu, ciddi bir məsuliyyətdir. Axirətdə sorğulanır, insanların etibarıdır. Ona heç bir ikinci şəxs müdaxilə etmir və şəxsən mənim nəzarətimlə həyata keçirilir. Pandemiya dövründə, Ramazan ayı boyunca yüzlərlə ailəyə yardım göstərmişik. Bəzən heç fitrə zəkatı buna bəs eləmir, hər həftə yardım aksiyaları keçirilir. Təbii ki, bu, bizim vəsait deyil. İnsanlar yardımı göndərir. Üzlərini görmədiyim, tanımadığım, xaricdə, Avropada yaşayan insanlar mənimlə əlaqəyə keçərək yardım edirlər. Ona görə də bu məsuliyyəti anlayaraq şəxsən nəzarət edirəm. İnsanlar bilsin ki, mən bunu ünvanına çatdırıram.
- Yardımlar üçün ehtiyaclı ailələr özləri müraciət edir?
- Bəli. Telefon nömrələri qoyuruq və insanlar özləri zəng edir. Ümumiyyətlə, biz il ərzində yardımlar həyata keçiririk. Xüsusi günlərdə, Ramazan ayında bu yardımlar daha tez-tez həyata keçirilir.
Ehtiyaclı ailələrin siyahıları, telefon nömrələri var. Bəzən olur ki, hamısına çatdıra bilmirik. Ehtiyaclı ailələr bizimlə əlaqə yaradır, ünvan göstərilir və yardımları həmin ünvana göndərilir. Yardım aksiyalarından əvvəl telefon nömrələri həm sosial şəbəkələrdə deyilir, həm də xütbələrdə səsləndirilir.
- Fitrə zəkatı nə zaman verilməlidir?
- Fitrə zəkatı bayram namazına qədər verilməlidir. Əgər çatdıra bilməsələr, günorta azanına qədər, günün sonuna qədər çıxarılmalıdır. Ümumiyyətlə, bu, vacib buyrulduğu üçün başqa vaxt belə olsa mütləq ödənilməlidir.
Çalışın ki, fitrə zəkatını özünüz edin. Amma bəziləri deyir ki, bunu edə bilmirik və bizə etibar edirlər. Bu, bizim üçün də yük olur. Məsələn, bu gün bütün vaxtımı bu işə sərf etmişəm. Vaxtında çatması üçün fitrə zəkatı məscidlərə yox, yoxsullara verilsə daha yaxşıdır. Tanıdıqları ehtiyaclı ailə yoxdursa, bizə ödənilir və biz də lazımı ünvanlara çatdırırıq.
- Paylaşımınızda seyid fitrəsi haqqında qeyd etmisiniz, seyid fitrəsi nədir?
- Peyğəmbər soyundan olan insanlara seyid deyilir. Şəriətimizdə belə bir qayda var ki, yoxsul seyid olan şəxslərə seyid fitrəsi çatdırılır. Bu səbəblə sosial şəbəkədəki paylaşımda belə qeyd etmişik.