Müsahibələr

Qurban bayramı haqda

08 İyul 2022 571

Qurban kəsmək yalnız həcc zamanı Məkkədə olan zəvvarlara vacibdir. Başqaları üçün isə bu, bəyənilən əməldir, lakin vacib deyil. Ona görə bir neçə nəfər birlikdə ümumi qurban kəsə, qurbanı istədikləri kəslərə verə, istədikləri sayda paya bölə bilərlər”.



Bu fikirləri Bakupost.az -a açıqlamasında ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli deyib.


İlahiyyatçı Qurban bayramının tarixindən danışıb:



“Dinimizdə ayinlərin, o cümlədən bayramların bir neçə qatı var: şəriət, irfan, əxlaq, ictimai münasibətlər, tarix və s. Eydəl-kəbir, yəni böyük bayram sayılan Qurban günü də istisna deyil. Bu bayram haqda danışarkən bütün bu qatları nəzərə almaq gərəkdir.

Bu bayrama müxtəlif dillərdə həm Əzha, həm Qurban bayramı deyirlər. Hər iki söz ərəb mənşəlidir. Dilimizdəki “qurban” sözünün mənası “Allaha yaxınlıq” mənasını verir. Yəni insanı Allaha yaxınlaşdıran ən böyük vasitə qurbandır.



Qurbanlıq heyvan rəmzdir. Bildiyiniz kimi, bu bayram Həzrət İbrahimin (ə) adı ilə bağlıdır. Quran buyurur ki, Həzrət İbrahimə oğlunun əvəzinə qoçu qurban gətirmək əmr olunur. Təbii ki, Allah öz peyğəmbərindən insan qurbanı tələb edə bilməzdi. Bu, bir rəmzdir. İnsan bütün bəşəriyyəti və varlıq aləmini yalnız Allahı sevməklə sevə bilər. Allahdan başqa heç nəyə bağlanmadıqda Allah kimi hər kəsi təmənnasız sevməyə başlayırsan. İbrahimin də son bağı oğul sevgisi idi. Bu sadəcə atanın oğula sevgisi deyildi. İbrahim üçün oğlu İsmayıl həm də gələcək nəsilləri Allaha tərəf dəvət edən peyğəmbərlər soyunun banisi idi. Onun oğula sevgisi həm də gələcək nəsillərə olan sevgisi idi. Amma bundan da qopub daha böyük eşq atəşində yanmalı idi Allah elçisi. Ona görə də qəlbini bütün bağlardan kəsməli idi. “İsmayıl qurbanı” da elə budur. Ona görə də bu ayin müsəlmanlar arasında yaşayır. Hər il heyvanı qurban gətirən insan, əslində, qəlbini araşdırmalı, qəlbini növbəti asılılıqlardan təmizləməlidir. Bizimlə Allah arasında ən böyük maneə nədirsə, onu tərəddüd etmədən kəsib atmalıyıq. Özümüzü azad etməliyik. Qurban azadlıq bayramıdır. İnsanın nəfsindən azad olma bayramı...”



Verdiyimiz qurbanın ilahi lütf müqabilində dəyərsiz olduğunu bildirən ilahiyyatçı uğur əldə etmək üçün nədənsə keçməkdən qorxmaq lazım olmadığını deyib:



“Qurbanımızı böyütməyək, kiməsə minnət qoymayaq. Həzrət İbrahim (ə) görəndə ki, Allah ona qoç kəsməyi əmr edir, narahat olur. Nədən? İnsan dünya ilə olan bağlarını öz gözündə şişirdir. Elə bilir ki, nədənsə keçmək çox ağırdır, iztirablıdır. Bir sözlə, itirməkdən qorxur insan. Amma sevdiyini qurban gətirdikdə qazandığını, daha böyük nəaliyyətə çatdığını anlayır və qurbanı gözündə kiçilir. Bizə elə gəlir ki, Allaha xatir paylaşanda, bölüşəndə, imtina edəndə itiririk. Amma həmin “itki” müqabilində əldə etdiyi qazancı görəndə səhv düşündüyünü anlayır. Uğur əldə etmək üçün məhrumiyyətləri təbii qəbul etmək lazımdır. Bu dünyagörüşü bizim klassik ədəbiyyatımızın məhvərini təşkil edir. İrfan şairlərimiz bu halı vəsf edir: nə qədər çalışırlar Allah üçün nəsə etsinlər, görürlər ki, Allahın lütfü müqabilində çəkdikləri əziyyət heçdir”.



Hacı Şahin qurbanın qoyun, dəvə və iribuynuzlu heyvandan olmasını və keyfiyyətli ətin paylanmalı olduğunu qeyd edib. Dediklərinə görə, yardım etmək istəyənlər başqalarına dəyərli bir şey verməlidir.



İlahiyyatçı yardımlaşmanın güclənməsinin inkişafa aparacağını bildirib. O bu yardımlaşmanın bariz nümunəsi olaraq Vətən müharibəsini misal çəkib:



“Hər kəs ümumi işə bacardığı töhfəni verməlidir. Biz 44 günlük Vətən müharibəsi zamanı bunun səmərəsini gördük. Hər kəs bacardığı kimi, təmənnasız Vətənə xidmət etdi, orduya yardım göstərdi. Evində yemək bişirən kim, yollarda su paylayan kim, əsgərlərin paltarını yuyan kim... Kim nə bacarırdısa, onunla faydalı olmağa çalışdı. Nəticədə də qalib olduq.



İşin dəyəri də zahiri görünüşlə deyil, işin arxasında gizlənən insanlıq sevgisi ilə müəyyən olunur. Bir nəfərin böyük sevgi ilə gördüyü xırda iş cəmiyyət üçün daha faydalıdır, nəinki eqoizm üzündən görülən böyük iş. Həzrət İbrahim müharibələr aparmadı, fəthlər etmədi, imperiya qurmadı, kəşflər etmədi. O, insanlığa olan sonsuz sevgisi ilə kiçik bir qurban gətirdi. Nəticədə tarixin gedişatını dəyişdi – geniş yayılmış bütpərəstlik aradan getməyə, tövhid inancı güclənməyə başladı. Bu gün dünyada bütün proqressiv təmayyüllər, ümumiyyətlə proqresə inancın özü İbrahimin (ə) kiçik işinin səmərəsidir”.




bakupost.az