Müsahibələr

Erməni kilsəsi təcavüzkarlığa dəstək verir

27 İyul 2022 542

QMİ nümayəndəsi Hacı Şahin: “Şeyxülislam  İkinci Qarabağ müharibəsi və ondan sonrakı dönəmdə Azərbaycandakı dini konfessiya liderləri ilə birlikdə erməni vəhşiliyinə etiraz bəyanatları verib”


Məlum olduğu kimi, erməni din xadimləri zaman-zaman gəncləri silahlanmağa və türkləri öldürməyə çağırır.  Bugünlərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan Patriarxı II İlya ilə görüşüb. Görüş zamanı erməni din xadimlərinin məlum çağırışı da müzakirə olunub. A. Paşazadə qeyd edib ki, erməni kilsəsi və rəhbərliyinin revanşizmə çağırışlar etməsinə təəssüflənir: “Azərbaycan və Gürcüstanın ali dini liderləri hər zaman sülhün tərəfdarı olublar. Hər iki ölkənin ali dini liderləri bunu dəfələrlə bəyan ediblər. Lakin təəssüflər olsun ki, digər qonşumuz Ermənistanın din xadimləri bunun əksini edirlər. Erməni kilsəsi və rəhbərliyi, din xadimləri çox təəssüf ki, revanşizmə çağırışlar edirlər. Daim pozuculuq fəaliyyəti ilə məşğul olan erməni din xadimləri gəncləri silahlanmağa, müharibəyə və öldürməyə çağırırlar. Bu isə çox böyük təhlükələrə səbəb ola bilər. Onlar tarixdən dərs götürməlidirlər”.


Erməni keşişin müharibə çağırışına Şeyxülislam Allahşükür Paşazadənin, sadəcə, “təəssüflənirəm” fikrini səsləndirməsi ekspertlər tərəfindən yetərli hesab edilmir. Onların fikrincə, məlum çağırışla bağlı daha kəskin addımlar atıla bilərdi. Bildirilir ki, şeyxülislam məlum məsələ ilə bağlı Roma papasına, bütün dünya dini liderlərinə çağırış edərdi ki, erməni keşiş qan, müharibə istəyir. Erməni keşişlərin qan tökmək çağırışı ilə bağlı bəyanat verilməli idi. Bu məsələ beynəlxalq aləmdə ictimailəşdirilməli idi.

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Hansı dinə mənsub olmasından asılı olmayaraq, din xadiminin dağıdıcılığa, pozuculuğa və sülh əleyhinə çağırış etməsi qınanmalıdır. Xüsusilə yaşadığımız dövrdə bəşəriyyətin üzləşdiyi çətinliklər və sonsuz savaşlar fonunda din xadimlərinin dialoq yaratması, insanları ayıq-sayıqlığa dəvət etməsi olduqca mühümdür. Özünü ilahi dəyərlərə bağlı bilən şəxs başqa necə davrana bilər? Mənasız qurbanların verilməsinə, xalqının daha da acınacaqlı duruma düşməsinə necə razı ola bilər? Bu inanc adına bir faciədir, insanların inamı ilə manipulyasiyadır. İnformasiyanın sürətlə yayıldığı bir dönəmdə erməni keşiş özünün əsl simasını göstərərək dünyaya özünü rüsvay etdi, dünyanın önündə ümumbəşəri dəyərləri tapdaq altına atdı.

 

Şeyxülislam Hacı Allahşükür Paşazadə  İkinci Qarabağ müharibəsi və ondan sonrakı dönəmdə mütəmadi olaraq Azərbaycandakı dini konfessiya liderləri ilə birlikdə erməni vəhşiliyi və vandalizminə etiraz bəyanatları verib, müxtəlif ölkələrin dini liderləri və beynəlxalq dini qurumların Azərbaycana dəstək verməsi üçün çalışıb. Şeyxin müharibənin bitməsindən dərhal sonra dünya liderlərinə müraciətini xatırlatmaq olar. Bu müraciətdə müharibənin Ermənistan tərəfindən başladılması, Azərbaycan xalqına qarşı cinayətlərin törədilməsi barədə faktlara əsaslanan ətraflı məlumat verilib.  Bundan əlavə, o, Azərbaycandakı dini konfessiya liderləri ilə birlikdə Qarabağa səfər etmiş və həmin dini liderlər Ermənistanın bütün dinlərə qarşı hörmətsizlik edib riyakarcasına özünü məzlum göstərməsindən hiddətləndiyini bəyan etmişdilər.  Bu dəfə isə Allahşükür Paşazadə üçüncü ölkədə, başqa xalqın dini lideri ilə görüş zamanı bu xəbərə münasibət bildirib. Şəraitə uyğun olaraq, onun münasibəti həm təmkinli, həm diplomatik tələblərə, həm də dini əxlaqa uyğun olaraq mümkün qədər kəskin idi. Mən də hesab edirəm ki, erməni din xadimlərinin xristianlığın mahiyyətinə uyğun olmayan, öz xalqını fəlakətə sürükləyən bəyanatlarına adekvat münasibət bildirilməli və erməni kilsəsinin təcavüzkarlığa dəstək verən dağıdıcı fəaliyyəti dünyanın nüfuzlu din xadimləri, xüsusilə xristian din xadimləri tərəfindən kəskin şəkildə qınanmalıdır. Bu, həm xristian dininin simasının qorunmasına, həm də dinin əsas prinsiplərindən biri olan ədalətə xidmət hesab oluna bilər".


musavat.com