İlahiyyatçı Hacı Şahin Həsənli Azərbaycan Diplomatik Akademiyasında tələbələrə görüşüb. Sual-cavab şəklində keçirilən görüşün mövzusu "İslam və ətraf mühit" olub. Görüşün stenoqramını oxucularımıza təqdim edirik:
- Azərbaycan cəmiyyəti nə qədər dindar yaxud dinə bağlı bir cəmiyyətdir və bu xüsusiyyət mədəniyyətimizə necə təsir edir?
İslam şəriəti nöqteyi-nəzərindən Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti dindardır. Bu dindarlığın səviyyəsini müəyyən etmək olduqca çətindir, çünki iman individual bir amildir. Kiminsə qəlbində dinə bağlılığı sırf zahiri meyarlarla, o cümlədən ibadətlə müəyyən etmək yanlışdır. Çünki, biri dindar libası arxasında mənəvi rəzilliyini gizlədə bildiyi kimi, digəri güclü imanını büruzə verməkdən yayına da bilər. Bir sözlə xarici görüntü aldadıcı ola bilər. Lakin, elə zahiri meyarları əsas götürsək, cəmiyyətimizi dinə çox bağlı cəmiyyət kimi xarakterizə edə bilərik. Bunun da mədəniyyətimizə təsirini hər yerdə müşahidə etmək olar. Dini bayramların, o cümlədən Fitr və Qurban bayramlarının geniş qeyd olunması, Məhərrəm ayında toy və el şənliklırindən imtina, Aşura günü İmam Hüseyn (ə) təziyyəsinə qatılma, kəbinsiz evlənməmə, dəfn mərasimlərində dini ayinlərə müraciət etmək, klassik ədəbiyyat və incəsənətimizin İslam mistikası ilə zəngin olması, milli mətbəxizmizdə haram ətlərdən istifadə olunmaması, şəhidlik ideallarının cəmiyyətdə yaşadılması və milli qəhrəmanların şəhid adlandırılması, əhalinin ziyarətgahlara olan axını, dövlət simvolikamızda yaşıl rəngin təmsil olunması kimi gözəçarpacaq məqamlardan gündəlik məişətimizə qədər təsirdən danışmaq olar. Lakin, bununla belə Azərbaycan cəmiyyətinin yad mədəniyytələrin təsiri altına düşməsi və bir sıra dini dəyərlərdən uzaqlaşması da aşkar müşahidə olunur. Bu dəyərlərdən bir cəmiyyət üçün fədakarlıqdır ki, individualizmlə əvəz olunmaqdadır. Yaxud əyləncə kultunun insanların təfəkkürünə ciddi təsir etməsini, ictimai məsuliyyətsizliyə yol açmasını da misal çəkə bilərik.
- Quranın bir ayələrində açıq şəkildə təbiət və ətraf mühiin, dağların, çayların, bütün naz-nemətlərin insan həyatı üçün yaradıldığı qeyd edilir. Sizcə, bu o deməkdir mi ki, təbiət tamamən insanın əsasrəti altındadır və insanlar ondan maksimum faydalana bilər?
Bəli, Quran və hədislər valıq aləminin insan üçün yaradıldığını bəyan edir. Dünya, yəni təbiəti də ehtiva edən maddi aləm, insanın öz mənəvi potensialını maksimum reallaşdırması üçün bir vasitədir. Insan öz maddi təbiətini ram edib mənəvi həqiqətinə qovuşa bilərsə, bütün təbiəti də özünə ram etmək qüdrətinə malik ola bilər. Yüksək mənəviyyatlı insanların kəramət və möcüzələri də bu məsələni bizə aşılayır. Yox əgər, insan öz maddi təbiətinin girovuna çevirilib mənəvi mahiyyətini unudarsa, təbiətin əsarətinə düşər, təbiət insanı vəhşi heyvan halına salar. Necəki, Qurani-Kərim, belə insanları “dördayaqlı və onlardan da daha aşağı” adlandırır. Quran burada təqhirə yol vermir, sadəcə insanın maddi təbiətin əsarətinə düşmə təhlükəsini izah edir. Sonda, qeyd olunduğu kimi dünya Allaha qovuşmaq kimi ali bir hədəf üçün vasitədir. Demək, bu vasitənin qeydinə qalmaq, onun məsuliyyətini dərk etmək insanın mənəvi borcudur.
- Müsəlman cəmiyyəti qlobal istiləşmə, iqlim dəyişikliyi kimi hadisələri təbiət və insan həyatına qarşı problem görürmü?
Müsəlman cəmiyyətləri fərqlidir və öz mentalığına uyğun olaraq günün aktual mövzularına fərqli baxış bucaqlarından baxa bilərlər. Maldiv adaları kimi ada dövləti istiləşmə sayəsində yaxın gələcəkdə suyun altında qalmaq təhlükəsi ilə üzləşib. Səudiyyə Ərəbistanı kimi səhra ölkədə qlobal istiləşmə bir o qədər hiss olunmaya bilər. Ona görə iki müsəlman cəmiyyətinin məsələyə baxışı kritik həyəcandan laqeydliyə kimi dəyişə bilər. Burada da əsas problem üzə çıxır – müsəlmanlar qlobal düşünməyə hələ təzə başlayırlar. Bu səbəbdən bu günün müsəlmanı, əfsuslar olsun ki, öz cəmiyyəti və öz zamanı çərçivəsində düşünür. Ətraf mühit problemləri indi və burada bizim maraqlarımıəza toxunursa, diqqətimizi cəlb edəcək. Yox əgər toxunmursa, onun gələcəkdəki təsirləri bizi maraqlandırmır. Lakin, müsəlman ölkələri arasında başlamış inteqrasiya prosesləri mütləq bu məsələni gündəmə gətirəcək və birgə çıxış yolları axtarmağa vadar edəcək. Artıq bu gün Xəzər dənizində nərəkimililərin tutulmasına kvota tətbiq olunursa, bu Xəzər ətrafındakı müsəlman dövlətlərinin təbiətə olan diqqətindən irəli gəlir. Yaxud müsəlman ölkələrində alternativ enerji mənbələrin az da olsa istifadəsi bşlayıbsa, bu hansısa irəliləyişdən xəbər verir.
- Dindar insanlar (daşqın, qasırğa, şirin su qaynaqları olan buzların əriməsi) bu kimi təbiət hadisələrini necə qavrayır və bunun səbəbini nədə görürlər?
Öncəki cavabda deyildiyi kimi, bu məsələyə yanaşma dindarın yaşadığı mühitdən asılıdır. Lakin, ümumi olaraq, bütün müsəlmanlar təbii fəlakətləri ilahi bəla kimi qavramadadırlar. Hətta şəriətdə bu hadisələr baş verərkən xüsusi namazın qılınması nəzərdə tutulub. Təbii ki, ilahi bəla da hikmətsiz olmur və dindar onun səbəbi barədə düşünür. Mümkündür səhv qənayətə gəlsin, lakin mühüm budur ki, təbii fəlakətlər düşüncələrə təsirsiz ötüşmür və dindarı səhvlərin axtarışına vadar edir. Quran məntiqi ilə, təbii fəlakət mənəviyyatsızlığın cəzası ilə yanaşı nöqsanların ardan aparılması üçün bir imtahan da ola bilər. Mənəviyyatlı insan təbiətin qayğısına qalmaya bilməz, çünki təbiət onu ali hədəflərə aparan bir vasitədir. İnsan ali hədəflərini unutduqda, vasitəni də dəyərləndirə bilmir. Islam terminologiyasında israf adlı bir günah var. Müsəlmanın hər nədənsə, istər şəxsiyyətindən, istər malından, istər heysiyyatından, istərsə də ətraf mühitdən yersiz sərfiyyata, xərcləməyə yol verirsə, israf günahını etmiş olur. Bu böyük günahdır. Təbii ki, insan istehlakçı təfəkkürə malik olarsa, tükənməz olmayan təbiət nemətlərini öz nəfsani iştahının qurbanına çevirərsə, israf günahına düşər. Bu cəhətdən, bu cür təbii hadisələrin mənəviyyatla birbaşa əlaqəsi var.
- İslam ölkəsi olaraq (tam dindarlıq mənasında deyil) insanlar sizcə dinin kəlmələrini bəhanə edib təbiətə və ətraf mühitə qarşı biganədirlər? Misal... (təbiətə zərərli maddələr ifraz edən bahalı maşınlar əvəzinə ucuz hibrid maşınlar sürmək olar).
Əvvəla, sualın qoyuluşu düz deyil. Zəhərli maddələr ifraz edən bahalı maşınları müsəlmanlar istehsal etmir. Onların dünyada reklamı, habelə brendomaniya xəstəliyini dünyaya müsəlmanlar təbliğ etmir. İstehlakçı təfəkkür də yalnız müsəlmanlara xas deyil. Bu problem müasir dünyanın fundamental nöqsanlarından qaynaqlanır, müsəlman təfəkküründən yox. Müsəlmanlar digər insanlar kimi qlobal təbliğat maşınının qurbanlarıdırlar. Bizə nəyi edib-etməməyimiz nə din, nə vicdan, nə fəlsəfə, nə əqidə öyrədir, bizə hər şeyi dəb diktə edir. Sırf şəriət baxımından, insanın lovğalanması üçün istənilən bir şeydən istifadəsi haramdır. Əgər bahalı telefon, geyim, zinət əşyası, maşın və digər əşyalar şöhrətpərəstlik üçündürsə, İslam bunu birmənalı şəkildə qadağan edir. Bu qadğaya da, əfsuslar olsun, əməl etmək getdikcə çətinləşir. Çünki qlobal düzən mənfəətpərsətlik və şöhrətpərstliyi ali dəyər səviyyəsinə ucaldıb ki, bu da bəşəriyyətin öz əleyhinə işləyir. Bundan əlavə bu gün Azərbaycanda tam ekoloji təmiz nəqliyyata keçid üçün infrastruktur mövcud deyil. Müsəlmalar məhz dini dəyərlərini unutmaqda ittiham oluna bilərlər. Bu gün əksər müsəlmanlar dinin bir sıra zahiri göstərişinə əməl edir, lakin İslamın ruhunu yaşamırlar. Əksər hallarda İslam formal xarakter daşımaqdadır və rituallar çərçivəsindən çıxa bilmir. Təbii ki, belə “dindarın” təbiətin qayğısına qalmasını gözləmək gülüncdür. Qərbin özündə son illərdə başlayan təbiətə sevgi dəbi Azərbaycana gəldikdə, o zaman biz də təbiətin qayğısına qala bilərik. Lakin, bu məsələni kökündən çözməyəcək, çünki yenə də bizi idarə edən mənəvi məsuliyyət deyil, dəb olacaq. Sabah o dəb bizi hara sürükləyəcəyi isə müəmmalıdır.
hacishahin.az