Müsahibələr

"Abidələrin dağıdılması mənəviyyata qarşı cinayətdir"

07 Oktyabr 2022 614

“Ermənilərin dağıtdığı abidələr həm də dünya mədəniyyətinin inciləridir”


Uzun illərdir ermənilər işğal altında olan Azərbaycan torpaqlarındakı məscidləri, dini, tarixi, mədəni abidələri dağıdıblar. Dağlıq Qarabağ və ətraf rayonlarda rəsmi fəaliyyət göstərən 67 məscidin 63-ü tamamilə, 4 məscid isə qismən dağıdılaraq yararsız hala salınıb. Əlbəttə, bu cür vandalizm onların dini, mədəni və tarixi dəyərlərə olan nifrətlərinin bariz nümunəsidir.

O da faktdır ki, işğal altında olan ərazilərimizdəki məscidlərdən ermənilər tövlə kimi istifadə ediblər. Bu da onu deməyə əsas verir ki, Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmadığı kimi, işğal etdiyi ərazilərin abidələrini də dağıdıb. Ermənilərin məscidləri bu hala salması necə qiymətləndirilməlidir? Ümumiyyətlə, məscidlərlə bağlı nə kimi tədbirlər görülür? 

 

İlahiyyatçı Şahin Həsənli mövzu ilə bağlı “Yeni Müsavat”a  deyib ki, müharibədə kimin haqlı olub-olmamasının göstəricilərindən biri də məhz insani prinsiplərə riayət etməkdir: “Dinc əhaliyə qarşı amansızlıq, qeyri-hərbi obyektlərin dağıdılması, təbiətə ziyanın vurulması - bütün bunlara əl atmaqla düşmən öz kimliyini ortaya qoydu. Onu maraqlandıran haqq-ədalətdirsə, o zaman nə üçün məqsədli şəkildə humanitar və ekoloji fəlakət yaratmağa çalışır? Dini abidələrin dağıdılması isə ümumiyyətlə mənəviyyata qarşı cinayətdir. Öz inancına hörmət edən şəxs başqasının inancına həqarət etməz. Eyni zamanda Azərbaycan müsəlman mədəniyyətinin izlərini buradan silməklə, öz qədimliklərinə dünyanı inandırmağa çalışırlar. Özü də buna çağırış edən din xadimidirsə, görün cəmiyyətin mənəvi durumu nə qədər zədəlidir. Bütün bunların müqabilində bizim ordumuz yüksək mənəviyyat və mədəniyyət nümayiş etdirdi. Biz bu gün beynəlxalq qurumlardan açıq-aydın mövqe tələb etməliyik. Çünki dağıdılan abidələr həm də dünya mədəniyyətinin inciləridir. Hər kəs əlindən gələn qədər bu istiqamətdə çalışmalıdır”.

 

İlahiyyatçı deyib ki, hazırda Qarabağda dağıdılmış məscidlərin təmir-bərpası aparılır: “Heydər Əliyev Fondu və dövlət qurumlarının nəzarəti altında tam dağıdılmış məscidlər tarixi görkəmi ilə yenidən tikilir, Ağdam və Zəngilanda olduğu kimi, digər məscidlər tarixi görkəminə uyğun təmir olunur. Şuşa səfəri zamanı bu sahədə intensiv işlərin aparıldığının şahidi oldum. Bütün bunlarla yanaşı, Şuşada yeni məscid inşa olunur. Olduqca mühümdür ki, təmir-bərpa işləri həm milli özəllikləri, həm dini tələbləri, həm də müasir standartları ehtiva edir. Təmir və bərpası mümkün olmayan məscidlər də çox güman ki, yenidən inşa ediləcək. Önəmli olan budur ki, Azərbaycan öz mədəni-mənəvi irsinə sahib çıxır və müxtəlif dinlərə aid olan abidələri bərpa edir. Bu, xalqımızın yüksək mədəniyyətinin və mənəvi dəyərlərə bağlılığının göstəricisidir”.

 

İşğaldan azad olunmuş ərazilərə Mədəniyyət Nazirliyinin nümayəndələri tərəfindən tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə  abidələrin və mədəniyyət müəssisələrinin monitorinqini də aparıb. Məlum olub ki, müəssisələrin hamısı demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir. Burada Füzuli rayonunda "Hacı Ələkbər" məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Horadiz kəndindəki iki məscid, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri xüsusilə qeyd olunmalıdır. Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla,  XIX əsrə aid 4 türbə tamamilə məhv edilib. Ağdam şəhərində yerləşən Pənahəli xanın (XIX əsr) və Mehdiqulu xanın türbələrinin dağıntılara məruz qoyulduğu, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan vurulduğu müəyyən olunub. İbrahimxəlil xanın türbəsi (XIX əsr) isə tamamilə dağıdılıb. Eyni zamanda Kəlbəcər rayonunda yerləşən Xudavəng və Gəncəsər monastırları da daxil olmaqla, Qafqaz Albaniyasına aid bir çox məbədlər mənimsənilərək vandalizmə məruz qalıb. Xudavəng monastırına aid Arzu xatun kilsəsinin şərq divarındakı, Xudavəng monastırının incisi hesab olunan freska xüsusi üsullarla kəsilərək götürülüb. Gəncəsər monastırında aparılmış qanunsuz təmir işləri nəticəsində onun əzəli görkəminə zərər dəyib.

 

hacishahin.az