Müsahibələr

BSU-da tələbələrlə görüş və müsahibə

13 Dekabr 2011 1441

Hər ayın 13-ü Bakı Slavyan Universitetində “1 günlük xəlifə” layihəsi həyata keçirilir. Layihəyə görə, bir gün ərzində bütün inzibati vəzifələrdə çalışanları əvəz edən tələbələr universiteti idarə edir. Onların qəbul etdikləri qərarlar belə sonralar da icra olunmalı olur. “1 günlük xəlifə” layihəsi çərçivəsində, tələbələrin sorğusu əsasında universitetə bu və ya digər diplomat, ictimai xadim, politoloq, məmur dəvət edilir, onların tələbələrlə görüşləri təşkil olunur. Gənclər də senzura tətbiq olunmadan istədikləri sualları vermək hüququna malikdirlər. Buna görə də, bəzən qonaqlar bu tədbirləri qəzəbli halda tərk edib müəyyən instansiyalara şikayət də ediblər. Bu dəfə, 200 tələbənin iştirak etdiyi sorğu nəticəsində 197 nəfər “Mənəvi Dünya” İctimai Birliyinin sədri, “Məşhədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənlini sorğu-suala tutmaq istədiklərini bildiriblər. Beləliklə də, dekabrın 13-ü Hacı Şahin Həsənli BSU tələbələrinin suallarını cavablandırıb. Tədbirin təqdimat hissəsini buraxaraq bir başa sual-cavab hissəsini oxucuların diqqətinə çatdırırq.

 

- Mən hicablı olduğuma görə neçə ildir ki, konfranslarda iştirak edə bilmirəm. Dindar olduğuma görə məndən sanki utanırlar və dəvət olunan qonaqların gözünə dəyməyimi istəmirlər. Dördüncü kursda oxuyuram, dini baxışlarımı qəbul etmirlərsə də, heç olmasa geyim seçimimi qəbul etsinlər.

 

- İlk öncə, qeyd edim ki, mən buradakı tələbələrin inanclı və inancsız kateqoriyalarına bölmürəm. Azərbaycan xalqının mütləq əksəriyyəti inanclıdır. İbadət etməsələr də, qəlblərində imanları var, bu da dindar olmağa kifayət edər. Sadəcə inancın mərhələləri var, bəziləri ibadət mərhələsindədir, bəziləri bu mərhələyə çatmayıblar. Hicab inancın göstəricisidir, lakin hicabsız inancsız anlamına gəlmir.

 

Xatırladım ki, hicablı xanımların təhsil ocaqlarına buraxılması ilə bağlı bütün ölkədə problemlər var, lakin hicab qadağasının dövlət siyasəti kimi təqdim olunmasının əleyhinəyəm. Heç bir dövlət qanunu hicabla dərsə getməyi qadağa etmir. Qanunun olmadığı halda belə qadağa varsa, deməli bu məmur özbaşınalığıdır.

 

Bəziləri bu hərəkətlərinə dünyavilik prinsipi ilə bəraət qazandırmaq istəyir, bəziləri forma ilə. Lakin bu cür iddialar heç bir tənqidə sığmır. XXI əsrdə “hamı belə geyinməlidir” demək gülüncdür. Həmçinin dünyavi sistemdə kimsə geyimi ilə öz fikrini ifadə edirsə, bu onun fundamental azadlıqlarından sayılır və buna hörmətlə yanaşılmalıdır.

 

Düşünürəm ki, bu mərhələ bütün ölkələrdə olub. Hazırkı proseslər ötəridir, yaxın gələcəkdə sona çatacaq. Indi isə dindarların dövlətə qarşı qoymaqla düşmənə xidmət etmiş olarıq. Əlimizdə olan hüquqi resurslar çərçivəsində problemin həllinə nail olmağa çalışmalıyıq.

 

- Seyidlər kimlərdir, onlara ehtiram göstərmək düzdürmü?

 

- Seyyid ərəbcədən tərcümədə “ağa” deməkdir. Peyğəmbərimizn (s) nəslindən olan şəxslərə hörmət olaraq “seyyid” deyilir. Peyğəmbərdən (s) nəql olunan hədisə əsasən, seyyidlərin yaxşısına Allaha görə, pislərinə isə Peyğəmbərə (s) görə hörmət göstərilməsi tövsiyə olunur. Onlara şərəfli bir nəsildən, Peyğəmbər (s) yadigarı  olduqlarına görə hörmət edilir. Bu həm də Peyğəmbər (s) qarşısında bir təvazokarlıq və ədəbdir.

 

Bəzi seyyidlərdə kəramət də müşahidə olunub. Xüsusən sovet dönəmində ki, din qadağa edilmişdi seyyidlərin göstərdiyi kəramətləri daha çox görmək olardı. Bu da onunla əlaqəlidir ki, əqli müstəvidə din təbliğinin qarşsı alınarsa, Allah dinin qorunması üçün insanları övliya kəraməti ilə dinə cəlb edir.  Seyyidlərə ehtiramla, onların qəbirlərinin ziyarəti ilə sovet dönəmində xalqımız inanca bağlılığını ifadə edirdi. Düzdür, bəzən ifrat halları müşahidə edirik. Məsələn, ağaca parşa bağlayırılar və s. Lakin bütövlükdə seyyidlərə ehtiram inancın ifadəsidir.

 

- Bəziləri Məhəmməd peyğəmbərin (s) möcüzələrini inkar edirlər. Deyirlər ki, onun heç bir möcüzəsi olmayıb.

 

- Din hikmətə, məntiqə əsaslanmalıdır. Allahın dini sağlam düşüncə əsasında təbliğ edilməlidir, xurafat və mövhumatla yox. Quranda buna işarə edərək “Rəbbinin sözünü hikmət və gözəl nəsihətlə çatdır” deyə müraciət edir. Peyğəmbərimizn (s) gətirdiyi bütün hökmlərə əqli dəlillər gətirmək olar. İnsanların “niyə bu beədir?” sualını verməyə haqqı var, dinimizdə bu haqqı tanıyır. Çünki haqqı tapmaq üçün insan düşünməlidir, düçünmək bunun üçün kifayətdir. Hətta Qurana baxsaz, görərsiz ki, Allah birini pisləyəndə “düşüncəsiz” adlandırır. İmam Əli (ə) buyurardı ki, “belimi iki dəstə sındırdı: elmsiz abid və ibadətsiz alim”. Yəni islam baxımından insanın səadəti imanla elmin vəhdətindədir. İman və elm bir-birini tamamlayır. Son əsrlərdə isə dinə qarşı ən böyük xəyanət, imanın elmə qarşı qoyulması oldu.

 

Möcüzəyə gəldikcə, möcüzə - maddi qanunlarla izah olunmayan hadisəyə deyilir. Məsələn, Həzrət Musanın (ə) əsası əjdahaya çevirildi, Həzrət Məhmməd (s) isə ayı parçaladı. Burada bir incəlik var. Din heç zaman elmin inkar etdiyi təsdiq edə bilməz. Bir şeyi elm qəti surətdə inkar edirsə, demək İslam da onu inkar edir. Lakin, möcüzə o şeylərdir ki, elm onu nə təsdiq, nə inkar edə bilir. Çünki, elmin fəaliyyət dairəsi maddiyyatla məhdudlaşır. Möcüzə də bu cürdür, elm onu inkar etmir, lakin izah verib təsdiq də edə bilmir. Mpcüzə göstərmək peyğəmbərliyin şərtlərindən biridir. Bununla həqiqi peyğəmbərlər özlərini yalançı peyğəmbərlərdən fərqləndirirlər ki, insanlar onların doğruluğunda əmin olsunlar. Bizim peyğəmbərin (s) bir çox möcüzəsi olsa da, onun ən böyük möcüzəsi Qurandır. Hər bir peyğəmbər öz dövrü, insanların şüur səviyyəsi və şəraitinə uyğun möcüzə göstərir. Sonuncu peyğəmbərin (s) zamanı ağıl əsri olduğuna görə, onun da ən böyük möcüzəsi Qurandır. Elementar olaraq, Qurandakı embriologiya ilə bağlı ayələr və yaxud ədəbi üsul, bəlağət özü bunu deməyə əsas verir.

 

- Rafiq Tağının qətli ilə bağlı nə deyə bilərsiz. Dindarlar bu işdə təqsirli ola bilərlərmi?

 

- Mətbuatı izləyirsizsə, bizim bu barədə mövqeyimizi oxuya bilərsiz. Rafiq Tağının Peyğəmbərimizi (s) təhqir etməsini əlbəttə ki, mənfi qiymətləndiririk. Tənqidlə təhqirin fərqi var. Hər kimsə Peyğəmbəri (s) qəbul etmirsə, onun təlimləri ilə razılaçmırsa tənqidlə çıxış edə bilər. Lakin, təhqirə yol verilməməlidir. Azərbaycan xalqının əksəriyyəti inanclı olduğu halda, əslində, həmin yazı xalqın heysiyyatını təhqir edirdi. Lakin, tənqidi fikir söyləmək başqa. Peyğəmbər və imamlarımızın zamanında dini qəbul etməyən şəxslər olub, onlarla mübahisə də aparılıb, lakin heç kəs heç kimi dini qəbul etmədiyinə görə öldürməyib. Quran özü buyurur: “Dində məcburiyyət yoxdur”.  Şəriətdə müqəddəsatın təhqir olunmasına qarşı edam hökmü var, lakin bu məhkəmə qaydasında həll olunmalıdır. Cinayət məhkəmədə sübuta yetirilməli, cəza məhkəmə tərəfindən təyin edilməli, və dövlət strukturları tərəfindən icra olunmalıdır. Küçədə kimisə qətlə yetirməklə dinin hökmü icra olunmur, belə iş özü cinayətdir. Küçə qətlini din dəstəkləyə bilməz, bu cür hərəkətlər dinə ləkədir, dini cılızlaşdırır, dini zəif göstərir.

 

Hər halda, Rafiq Tağının nə İslam, nə Qərb barədə məlumatlı olmadığı gözə çarpır. Onu dindar qətlə yetiribsə, gərək bu işi çoxdan görərdi. Lakin hadisədən bu qədər vaxt ötdükdən sonra, hər şey unudulduqdan sonra qətlin törədilməsi dindar faktorunu istisna edir. Əlbəttə, istintaq sona çatmayınca qəti söz demək mümkün deyil. Lakin düşünürəm ki, buruda üçüncü qüvvə maraqlıdır. Hər il məhərrəm ayı öncəsi dindarları cəmiyyətə qarşı qoymaq cəhdi göstərilir, dindarlar barədə mənfi ictimai rəy formalaşdırılır.

 

- Universitetdə namaz qılmağa şərait yoxdur, hətta orda-burda namaz qılanda məzəmmət olunuruq. Otaq ayırılmır, bəzən vaxt o qədər az olur ki, çatdırmırıq. Oğlanlar qəzet sərib namazlarını qılsalar da, qızlar da problem yaranır. Belə olduqda namazı qəzaya vermək olarmı?

 

- Yox. Namazı qəzaya verməkm olmaz. Namaz beş-on dəqiqə vaxt alır, odur ki, bir təhər vaxt edib qılmaq olar. Təəssüflənirəm ki, belə bir vəziyyət yaranıb. Problemi universitet səviyyəsində həll edə bilərsizsə əlinizdən gələni edin. Buradakı vəziyyətədən xəbərdar deyiləm deyə, konkret fikir söyləyə bilmərəm.

 

Tələbə Gənclər Təşkilatının nümayəndəsi müdaxilə edir – Biz dəfələrlə sorğu keçiririk ki, tələbələr hansı problemlərlə üzləşirlər, lakin elə cavablar alırıq ki, sanki BSU-da hər şey idealdır. Tələbələr özləri fəal deyillər, heç fakultələrindəki TGT nümayəndələrini tanımırlar. Siz bu sorğularda istədiklərinizi deyin, biz də həll edək. Rektora müraciət edərik, həll olunmazsa, Təhsil Nazirliyinə, ombudsmana belə məsələni çatdırarıq. Gənclər və İdman Nazirliyində, yaxud Prezident Aparatında keçirilən yığıncaqlarda problemi qaldırarıq. Lakin tələbələr özləri heç bir təşəbbüs göstərmirlər, hər şey əladır kimi davranırlar.

 

- İnsan yazı əsasında yaşayır, ya özü həyatını yazır?

 

- İslam alın yazısını inkar edir. İslam insana dəyərə verir, onu azad sayır və azadlığına hörmət qoyur. Quranda da bununla bağlı kifayət qədər ayələr var. Məsələn, “Biz insanlara yol göstərdik, istəyir şükr etsin, istəyir inkar etsin”.  Peyğəmbərlərin (s) də missiyası haqqı, düz yolu tanıtdırmaq olub, seçim isə insanın üzündən asılıdır. Əks təqdirdə, Qiyamətdə ədalət məhkəməsi mənasız olardı. İnsanın ibadətinin dəyəri də, onun azad seçim nəticəsində Allaha bəndə olmasındadır.

 

- İslam çoxarvadlılığa icazə verirmi? Mən şəxsən bunun əleyhinəyəm.

 

- İslam poliqamiyaya icazə verir, lakin icazə təşfiq anlamına gəlmir. Müxtəlif şərait ola bilər, kişilərin qadınlardan sayca az olmasını, əsas maddi yükün kişinin boynuna düşməsini, müharibələrdə əsasən kişilərin həlak olmasını nəzərə alaraq dinimiz bu işə icazə verir. Bəzi cəmiyyətlərdə poliqamiyaya normal baxırlar, bəzilərində yox. Əgər ədalət qorunmazsa, ailə dağılarsa bu iş məzəmmət olunur.

 

-  Adəm və Həvva qadağa edilmiş meyvəni yediklərinə görə bütün bəşəriyyət dünyada əzab-əziyyət içində yaşamağa məhkum oldu. Belə olduqda, Allahın ədaləti haradadır?

 

- Əvvəla, bəşəriyyət Adəmlə Həvvanın günahına görə əziyyət çəkməsi İslam etiqadına ziddir. Ümumiyyətlə, Quran bir çox məsələləri sadə insanların başa düşəcəyi dildə çatdırır. Adəm yarandıqdan sonra dünya həyatı üçün hazırlanmalı idi, təlim keçməli idi. Adəm özünə tanıtdırıldıqdan, dünyada yaşamağa hazır olduqdan sonra cənnətdən çıxarılır və imtahan aləminə gəlir. Dünya həyatı cəza deyil, insan təkamülündə zəruri mərhələdir. Quranın bəhs etdiyi qadağan edilmiş bir meyvə də o anlama gəlir ki, əslində təbiətdəki bütün nemətlərin halalları ilə haramlarını müqayisə etsək, haramlar azlıq təşkil edir, bütün haramlar bir qaynaqdandır – nəfsə itaətdən.

 

-Məsumlardan hacət istəmək düzgündürmü?

 

- Məsumlardan hacət istəyərkən onları Allahdan müstəqil bilsək bu iş şirkdir, haramdır. Lakin, müsəlmanlar məsumları Allahdan müstəqil bilmir, onun məxluqu sayır. Bir insan başqasından dua etməyi xahiş edirsə bu yaxşı işdir. Təvəssül etmək təvəzokarlığın göstəricisidir. İnsan özünü Allah müqabilində kiçildərək, Onun qapısına daha ləyaqətli bəndələrin vasitəsi ilə gedir. Bəzən deyirlər ki, axı ölü insana necə təvəssül etmək olar? Məsumlar cismən bu dünyanı tərk etsələr də, mənəvi cəhətdən dünya ilə rabitələrini saxlayırlar. Şəhidlər də bu cürdür, necə ki, Quran buyurur ”Allah yolunda şəhid olanlara ölü deməyin”.

 

-Coca-cola içmək olar?

 

- Bunun haram olması ilə bağlı dəlilim yoxdur.

 

-Niyə namaz yalnız İslam şəriətində var, başqa dinlərdə yoxdur?

 

- Quran ayələrinə diqqət yetirəndə, görərik ki, öncəki peyğəmbərlərin də şəriətində namaz var idi. Sadəcə digər peyğəmbərlərin şəriətləri təhrif olunduğundan, yəni insanlar müqəddəs kitabları öz istəklərinə uyğun dəyişdirdiyinə görə, onların dinlərinin bəzi ehkamları aradan gedib. Namaz da bu ehkamlardan biridir.

 

-Valideyin haramdan qazanırsa övlad nə etməlidir?

 

- Valideyinə öyüd-nəsihət versin, lakin hörmətini qorumaq şərti ilə. Valdeyin övladı harama təşfiq etsə belə, övlad onun üzünə ağ olmamalıdır. Hörmətini saxlayaraq Allahın əmrinə itaət edib valideyinin istəyinə qarşı getməlidir. Hər halda, yəqin ki, valideyinin bütün qazancı haramdan deyilsə, halaldan da qazanırsa, elə övlad da həmin halal qazancdan faydalansın. 

 

-İmam Sahibəzzaman barədə Quranda nə deyilir?

 

- Həzrət Mehdinin (ə) şəxsiyyəti barədə Quranda bir ayə yoxdur. Buna ehtiyac da yoxdur. Quran bizə əsas mətləbləri, ümumi məsələləri çatdırır, hədis isə daha xırda və konkret mövzuları əhatə edir. Quran bizə bildirir ki, yer üzü saleh bəndələrə miras qalacaq. Yəni tarix saleh bəndələrin yer üzündəki hakimiyyəti ilə bitəcək. Hədislər isə bunun necə olacağını dəqiqliklə bizə çatdırır. Peyğəmbərdən (s) nəql olunan hədislərə əsasən, bu missiya Həzrət Fatimənin (s) nəslindən olan İmam Mehdinin (ə) öhdəsinə düşür. Bununla bağlı İslam məzhəbləri arasında fikir ayrılığı mövcud deyil. İxtilaf yalnız Məhdinin (ə) qeybdə olması və yaxud hələ də anadan olmamasındadır.

 

-Özüm müsəlmanam, valideyinlərim xristiandır. Müsəlman xristian məbədlərinə gedə bilərlərmi?

 

- Digər dinlərin məbədlərinə getməyin eybi yoxdur, sadəcə oradakı ibadətlərə qoşulmaq olmaz.

 

-Sünnü ilə şiənin fərqi nədir?

 

- Fərqlər çoxdur, lakin onların əsas qayəsi müsəlmanların rəhbərliyi ilə bağlıdır. Sünnülərə görə, Peyğəmbərdən (s) sonra ümmət rəhbərləri şura, yəni səsvermə yolu ilə təyin olunmalıdır. Lakin tarixdə hansısa xəlifənin ümumi səsvermə yolu ilə hakimiyyətə gəlməsi olmayıb. Şiələrə görə, Peyğəmbəri (s) əvəzləyəcək şəxslər onun kimi məsum olmalı və Allah tərəfindən seçilməlidir. Bütün deyilənlərə rəğmən, sünnü ilə şiəni fərqləndirən cəhətdən, daha çox birləşdirən cəhət var. Bu gün müsəlmanların birliyə ehtiyacı var, onlar arasında ixtilaf salmaq yolverilməzdir. Hər kəs öz məzhəbinə etiqad bəsləyə bilər, lakin bu düşmənçiliyə, ayrıseçkiliyə səbəb olmamalıdır. Bir ümmət olaraq bizim başlıca vəzifəmiz birliyimizi qorumaqdır.

 

-Niyə Aşura günü 1400 il əvvəlki hadisəyə ağlayırlar? Camaat heç ata-babasına yas tutmur, amma Aşurada baş yarıb zəncir vururlar.

 

- Aşura gününün qeyd olunması, özüdə əza şəkilində Peyğəmbər (s) və imamlarımızın bizə tapşırığıdır. Bunun da öz səbəbləri var. Məsələyə fərdi cəhətdən yanaşsaq, bəli İmam Hüseyn (ə) şəhid olub cənnət qazanıbdır. Buna sevinmək olar. Lakin ictimai baxımdan İmam Hüseynin (ə) şəhid olması cəmiyyətdə haqq tərəfdarlarının, azadlığın, ədalətin məhv edilməsi anlamına gəlir. Belə durumda haqqı sevən insanlar necə sevinə bilərlər? İkincisi, insan bir şeyi təbəssmlə qarşılayırsa bu razılıq əlamətidir. Göz yaşı isə, əksinə, etiraz əlamətidir. İmam Hüseyn (ə) ilə Yezid qoşunu arasında savaş haqqla batil arasında savaşdır, tarix boyu haqq tərəfdarları ilə zülm tərəfdarlarının apardığı savaşın rəmzidir. Cəmiyyətdə həmişə hüseynlərlə yezidlər var. Əza məclisləri kimin kim tərəfində olduğunu göstərir.

 

Məhərrəm əzadarlığının xalqımız üçün xüsusi əhəmiyyəti var. İldi iki dəfə biz azərbaycanlı olduğumuzu yadımıza salırıq və ortaq dəyərlər ətrafında birləşməyi bacarırıq - Novruz bayramında və Aşurada. Bizim bütün klassiklərimizin, istər fizulinin, istər Natəvanın, istər Sabirin və s. İmam Hüseynlə (ə) bağlı mərsiyyələri var. Aşura mədəniyyətimizin, milli kimliyimizn ayrılmaz hissəsinə çevirilib. Bu gün bir xalq olaraq biz bir ailənin – Əhli-Beytin (ə) müsibətini öz dərdimiz kimi qəbul edə bilirksə, bu bizim böyüklüyümüzün göstəricisidir. Hansı xalq belə dəyərə malikdir?

 

O ki, qaldı əza məclislərində ifrata varmağa, qəmə vurmağa və s. – şəriətimiz bunu qəbul etmir. Xalqımızın əzəldən yas ənənəsi olub – mərsiyə deyib sinə vurmaq. Biz də bu ənənyə uyğun İmam Hüseynə (ə) əza saxlamalıyıq.

 

-Öülmdən sonrakı həyata inanırsız? Mən inanmıram.

 

- Bəli inanıram (gülür). Müsəlman olmağın şərtlərindən biri Məada, yəni ölümdən sonrakı həyata inamdır. Bununla bağlı kifayət qədər ədəbiyyat var. İslama görə ölüm son deyil, keçiddir. İnsan əbədi varlıq olaraq müəyyən mərhələlərdən keçir. Ana bətnində inkişaf edib dünya həyatına, dünya həyatında inkişaf edib Axirət aləminə hazırlaşırıq. Lakin ana bətnində inkişafımız sırf təbii, qeyri-ixtiyari bir prosesdirsə, dünyada mənəvi inkişafımız öz iradəmizə bağlıdır. Elm ölümdən sonrakı həyatla bağlı qəti söz deyə bilməz, çünki elmin araşdırma dairəsi maddi aləmlə məhduddur. Ölümdən sonrakı həyat maddiyatın föfqündə olduğuna görə, biz bu məsələni fəlsəfi aspektdən sübut edə bilərik.

 

-Cəhənnəm odu nədir?

 

- Belə bir misal var filan şey məni yaman yandırdı. Bu maddi odun yandırması deyil, mənəvi iztirabdır. Cəhənnəm odu da buna bənzəyir. Cənnət nemətləri və ya cəhənnəm əzabı hansısa alma-armud və ya od, qır qazanı demək deyil. Həmin nemətlərin və ya əzabların necə olduğunu anlamağımız çətindir, çünki biz o aləmi görməmişik. Ona görə də, Quran Axirətdən danışarkən bizim anlayacağımız ifadələrə müraciət edir. İnsan ölümdən sonra bu dünyada əldə etdiklərinin mənəvi surətini görəcək. əldə etdikləri mənəviyyata ziyan idisə, bu onu yandıracaq. Yox əgər mənəviyyatına xidmət edirdisə, ondan ləzzət alacaq.

 

-Vətən yolunda ölən Allah yolunda ölən kimi şəhiddirmi?

 

- Allah haqqdır, haqqın özüdür. Hər kim haqq, həqiqət yolunda canından keçirsə şəhid sayılar. Ona görə də, vətənini işğaldan qoruyan şəxs həlak olarsa, şəhid sayılır.

 

-Dünyanın sonu barədə çox danışırlar. Sizcə dünya nə vaxt dağılacaq?

 

Sizi əmin edirəm ki, bütün bunlar yalandır (gülür). Deyirlər 2012-ci ildə dünya dağılacaq. Hələ bir neçə il bundan əvvəl də dünyanın sonunu gözləyənlər var idi. Qiyamətin nə zaman olacağını heç Peyğəmbər (s) də bilmirdi. Hətta bildirirdi ki, hər kim Qiyamətin vaxtını desə yalan danışır. Odur ki, belə cəfəngiyatlara fikir verməyin. 

 

-Vəhabilər barədə nə fikirləşirsiz?

 

- Vəhhabilik bir cərəyandır, din deyil. Onlar barəsində özünüz də kifayət qədər oxumusuz. Nisbətən yeni yaradılmış və konkret məqsədlərə hesablanmış bir təriqətdir. İslamı xoxana bənzətmək üçün kənar qüvvələr onları meydana atır, müsəlmanların baş kəsən, uşqa qatili obrazını yaradırlar.

 

Onların fikirləri çox ziyanlıdır. Məsələn, qəbrin ziyarətini şirk adlandıraraq müsəlmanların tarixi irsini aradan aparırlar. Həcc zamanı Bəqi qəbirstanlığında sünnü məzhəbindən bir türklə görüşmüşdük, o imamların qəbirlərinin dağıdılmasını təəssüflə qarşılayırdı. Bəqi imamlarının qəbri üzərində rəsmən sünnü olan Osmanlı dövləti tərəfindən məqbərələr inşa edilmişdi. Bu cür məqbərələr səhabələrin də qəbirləri üzərində tikilmişdi. Tarixi yerlər bərpa edilib qorunurdu. Lakin vəhhabilər hər şeyi məhv edir. Belə misalları çox çəkmək olar. Müsəlmanların bu cür zərərli fikirləri qəbul etməsi üçün kənardan deyil, onların öz aralarından olanlara ehtiyac var idi. Əgər başqa dindən kimsə müsəlmanları terrora çağırsa idi, heç kəs bu çağırışa əhəmiyyət verməzdi. Lakin namaz qılan, oruc tutan kimlərsə müsəlmanları bu cür işlərə dəvət edəndə insanlar qulaq asmağa başlayırlar, bəzən də belə dəvətlərə uyurlar. Düçünürəm ki, bu təriqətin də vaxtı keçir, artıq bu üsulla İslama qarşı savaşmaq mümkünsüzləşir.

 

hacishahin.az