Son bir ayda intiharların intensivləşməsi kontekstində psixoloq, din xadimləri və sosioloqlar arasında ciddi müzakirələr başlayıb. Artıq müzakirələr mübahisə müstəvisinə keçib.
İlahiyyatçı hacı Şahin Həsənli sözügedən situasiyanı Xəbər365.com-a şərh edib. Hacı Şahin Həsənli intiharların sosial problemlərlə bağlı olmadığını bildirib və insanları bir-birinə qarşı biganə olmamağa səsləyib. Həmçinin, intihara meyilli insanları özünə qəsddən çəkindirməyin yollarından söz açıb. İlahiyyatçı yazıçı Çingiz Hüseynovun Quranın quruluşu və mətni haqqında səsləndirdiyi mübahisəli fikirləri də şərh edib.
– Şahin bəy, medianın açıqladığı rəqəmlərə görə, yeni ilin ilk ayında 50-ə yaxın intihar faktı qeydə alınıb. Bəzi psixoloqlar bunu sosial problemlərlə, bir çoxları isə ailədaxili münasibətlərlə əlaqələndirirlər. İlahiyyatçı kimi psixoloq Dəyanət Rzayevin özünəqəsd etməsi fonunda intiharların artmasını necə izah edərdiniz?
– Dəyanət Rzayevi şəxsən tanıyırdım deyə bu xəbərə çox təəssüfləndim. Onun intihar etməsini heç kəs gözləmirdi. İntiharların artmasına gəlincə, məncə, bunun səbəbi sosial problemlərlə bağlı deyil. Sosial problemlər hansısa daxili zəifliyin üzə çıxmasında sadəcə vasitə ola bilər. İntihar halları xüsusilə gənclər arasında baş verir, mən düşünürəm ki, intiharların başlıca səbəbi onların həyat haqqında dolğun təsəvvürlərə malik olmağından irəli gəlir. Bəzən insanların həyatdan gözləntiləri həddən artıq çox olur, reallıqları dərk etmirlər, həyata müəyyən qədər romantik yanaşma sərgiləyirlər. Nəticədə, bəzən ümidlərini real həyat doğrultmadıqda daxillərində depressiya yaranır və sarsıntıya məruz qalırlar. Uşaqları tərbiyə edəndə, ilk növbədə, onlarda həyat haqqına düzgün təsəvvür yaratmaq lazımdır. Quranın bir ayəsində qeyd edilir ki, biz insanı çətinlikdə yaratdıq, yəni insanlara həyatın çətinliklərinin fəlsəfəsini izah etmək lazımdır. Əslində, çətinliklər insanların daxilində olan istedadların üzə çıxması, təkmilləşməsi üçündür. Həyatı bütün problemləri ilə sevməyi bacarmaq lazımdır. Sadəcə, sözdə deyil, müəyyən şəkildə tərbiyə prosesində bunu insanlara başa salmaq lazımdır.
– İntihar faktları ətrafında müzakirə kontekstinə sosioloq-psixoloqlarla din xadimləri arasında mübahisə yaranıb. Problemin dini deyil, elmi nöqteyi nəzərdən şərh olunmasının vacibliyi vurğulanır. Sizin məsələyə yanaşmanız necədir?
– Ən ciddi səhvlərdən biri dini yanaşma ilə elmi yanaşmanı toqquşdurmaq, onları qarşı-qarşıya qoymaq cəhdidir. Bütün hallarda qeyd-şərtsiz dini yanaşma elmi yanaşma ilə üst-üstə düşür. Din heç zaman elmi yanaşmanı inkar etmir. Hansısa konkret elmi dəlillərlə əsaslandırılmış istənilən nəzəriyyəni din də təsdiq edir. Ona görə düşünürəm ki, belə məsələlərə qiymət verəndə psixoloqlarla ilahiyyatçılar bir-birinə qarşı olmamalı, məsələləri birgə müzakirə etməlidirlər. Din də həyata real yanaşmanın tərəfdarıdır. Eyni zamanda, heç kəs dana bilməz ki, qüdrətli yaradanın varlığına inanan insan hər zaman ona sığınır və həyatının ən çətin anlarında belə ümisizliyə qapılmır. Həmin insan həyatın hər bir çətinliyini imtahan kimi qəbul edir və o anlayır ki, hədəfsiz, boş-boşuna yaradılmış varlıq deyil, onun var olmaqda başlıca məqsədi təkamül, mənəvi baxımdan yetkinləşməkdir. Həyatın istənilən sınağını yetkinləşmək üçün təsirli vasitə kimi qəbul edir. Təbii ki, dini dünyagörüş bu tip məsələlərdə insanların köməyinə gəlib çatır. Eyni zamanda müxtəlif sahələrin mütəxəssisləri bu məsələlərlə bağlı rəy bildirə bilər. Din elmi şəkildə əsaslandırılmış istənilən fikri qəbul edir. Din heç zaman elmə zidd olmayıb, hər zaman elmi nailiyyəti dəstəkləyib. Ola bilər ki, hansısa din xadimlərinin fərqli yanaşması olsun, amma biz Quranın özünə, hədislərə müraciət etsək, görərik ki, din nəinki elmə qarşı olub, əksinə elmi stimullaşdırıb, onun inkişafına dəstək verib.
– Dediniz Dəyanət Rzayevlə şəxsi tanışlığınız olub, dostları deyir onda son vaxtlar intihara meyillilik hiss ediblərmiş. Belə fikirlər var ki, intihara meyilli insanlarla ünsiyyət və qayğı onları bu yoldan çəkindirə bilər. Təcrübənizdə dini söhbətlə kimisə özünəqəsddən çəkindiyiniz hal olubmu?
– Ümumiyyətlə, insanlar, tanışlar, dostlar bir-birinə istənilən məsələdə dəstək olmalıdır. Bu, həm dinimizin tələbi, həm də cəmiyyətin normal inkişafını şərtləndirən əsas səbəblərdən biridir. Cəmiyyətdə biganəlik artırsa, hərə öz qayğıları ilə yaşayırsa, bu, mənfi haldır. İnsanların bir-biri ilə təmasda olması, dərdlərini rahat şəkildə bölüşməsi, bir-birinə təsəlli verməsi olduqca vacib məsələdir. Bir ilahiyyatçı olaraq bunu qeyd etmək istəyirəm ki, intihar həddinə gəlib çatmış bir neçə insanla rastlaşmışam. Şəxsən o insanlarla söhbət etdikdən sonra tamamilə fikirləri dəyişib. Çıxışlarımızı dinləyəndən sonra bizə müraciət edib deyirlər ki, həyat haqda təsəvvürlərimiz dəyişdi. Yaxınlarını itirmiş insanlar söyləyirlər ki, depresiyadan çıxışlarınız vasitəsilə çıxdım. Bu, mənim məharətim deyil. Sadəcə onu qeyd etmək istəyirəm ki, dini, mənəvi yanaşmanın insanlara yardımı olur. Ona görə də bütövlükdə cəmiyyət səfərbər olmalı, yaxınlarımızda ruh düşkünlüyü müşahidə edəndə onlara biganə yanaşmamalıyıq. Dinimiz də bunu deyir ki, insanlar bədən kimidir, bir üzv ağrıyarsa, bütün bədən narahat olar. Cəmiyyət canlı orqanizm kimidir. Ona görə də biganəlik insanları məyusluğa sürükləyir. Bəzən insanın məsləhətləşməyə ehtiyacı olur. İnsanlar bir-birinə yol göstərməyə çalışmalıdır. Hədisdə də qeyd olunur ki, insanların Allaha ən yaxın olanı başqalarına daha çox fayda verənlərdir. İnanclı insanlar bütün cəmiyyətə dəstək olmalıdır. Düzdür, cəmiyyəti qruplara bölməyin tərəfdarı deyiləm, inancın mənası yalnız ibadətlə, namazla, orucla məhdudlaşmır, inanclı insan ətrafdakılara qarşı mərhəmətlə rəftar edən bir insandır. Cəmiyyətdə bir-birinin dərdinə yanmaq hisslərini aşılamaq lazımdır. Həm tərbiyədə, həm də tədris prosesində, məktəblərdə bu düşüncə təlqin olunmalıdır ki,insanlar bir bədənin üzvləri kimidir və bir-birinə qarşı biganə olmamalıdırlar.
– Düşmənə əsir düşməmək və ağrılı xəstəlikdən xilas olmaq üçün intihar halı bir çoxları tərəfindən məqbul sayılır. Hansısa formada intiharı məqbul hesab etmək olar?
– Məsələyə dini nöqteyi-nəzərdən yanaşsaq, intihar heç bir halda məqbul hesab oluna bilməz. Ən kritik dönəmdə də, çıxılmaz vəziyyətlə də üzləşdikdə insan qüdrətli olan Allaha sığınmalı, qarşılaşdığı problemlə mübarizə aparıb onu həll etməyə çalışmalıdır. İnsanın intihar etməsi yolverilməzdir, burada istisna yoxdur. Quranda bəzi ibrətli hekayələr və onların rəmzi mənaları var. Məsələn, Həzrəti İbrahimin oda atılması ilə bağlı hekayə var. Yəni Qurani-Kərim bu hadisəni nəql edir ki, Həzrəti İbrahim oda atılan zaman Allaha sığınaraq inamlı şəkildə oda qədəm qoydu və Allah odu onun üçün gülüstana çevirdi. Burada insanlara simvolik mesaj var. Yəni hətta oda atılan zaman da insan Allaha arxalanarsa, Allah onu o vəziyyətdən çıxara bilər, onun qüdrəti buna yetərlidir. İstənilən şəxs həyat hadisələrini imtahan kimi dəyərləndirsə, o zaman məsələlərə fərqli yanaşarıq və məyus olmarıq. Dinimiz bizə intiharı qadağan edir və heç bir halda intihara əl atmağa bəraət qazandırmır.
– Dindarlar intiharın artmasının səbəbini insanların dindən uzaq düşməsində görürlər. Son illərə ibadət edənlərin sayı artan, yoxsa azalan templə davam edir?
– İnsanların inamında olan zəifliklər, təbii ki, intihara səbəb ola bilər. Kamil imanı olan insanlar bu addıma əl atmazlar. Kimisə qınamaq istəmirəm. Çünki qınamaq düzgün deyil, insanın düşdüyü şəraiti tam şəkildə bilmirik. Din intiharı günah hesab edir, eyni zamanda, intihar edən insanın həmin anda psixi durumu nəzərə alınır, insan elə həddə çata bilər ki, sağlam mühakiməsini itirər, bu halda Allah hüzurunda bu əmələ güzəşt edilə bilər. Bu mənada kimisə qətiyyətlə ittiham etmək istəməzdim. Hər halda inamın zəifliyinin bu məsələdə rolu var. Cəmiyyətimizdə, hesab etmirəm ki, iman zəifləyib. Əksinə yaxından müşahidə edirik ki, imana, dinə yönələn insanların, xüsusilə gənclərin sayı artır. Əgər kiminsə inancından sui-istifadə edilməsə, təbii ki, bu, müsbət haldır. Bəzən inanc adı ilə insanlara fərqli düşüncələr təbliğ edilir. Din mənəviyyatımızın ayrılmaz hissəsidir, insanlarımızın Allahın nazil etdiyi İslam dininə yönəlməsini müsbət qiymətləndirirəm. İnsanların son vaxtlar dindən uzaqlaşması deyil, yaxınlaşması halları müşahidə olunur. İntiharların artmasını insanların dindən uzaqlaşması ilə əlaqələndirmək olmaz. İnsanın iman səviyyəsinin bu məsələlərdə rolu da danılmazdır.
– Şahin bəy, yazıçı Çingiz Hüseynov iddia edir ki, insan İlahinin kitabına müdaxilə edib, Quranın quruluşu pozulub. Bu fikirlə nə dərəcədə razılaşmaq olar?
– Heç bir halda Quranın təhrif olunmasını qəbul etmirəm. Quran təhrif olunmamış yeganə səmavi kitabdır. Quranın özündə də bu barədə ayə var ki, Quranı nazil etdik və onu qoruyacağıq. Peyğəmbərdən sonra məsum imamların dövründə olan Quran nüsxələrini müqayisə etsək, hər hansı dəyişiklik baş verməyib. Peyğəmbərdən sonra neçə yüzillər boyu müsəlmanlar arasında olan Qurani-Kərim nüsxələri məsum imamlar tərəfindən də təsdiq edilib, eyni zamanda, Qurani-Kərimin mətni ilə tanış olanda da bunun məhz ilahi kəlam olduğu üzə çıxır. Düzdür, bəzən Qurana səthi yanaşdığımız zaman hansısa ziddiyyət kimi görünən məsələlər var, amma Quranın düzgün təsfiri bu çətinlikləri və müəmmaları həll edir. Quranın ayələrinə dərin və dolğun yanaşma olarsa, biz görərik ki, ayələrdə ziddiyyət yoxdur. Zahiri ziddiyyət kimi görünən ayələr bəzən bir-birini tamamlamaq üçündür. Həm müsəlmanların etiqadına əsasən, həm də tarixi gedişat bunu sübut edir ki, Quran-Kərimin mətnində hər hansı təhrifə yol verilməyib.
hacishahin.az