“Məşədi Dadaş” məscidinin imam-cüməsi, ilahiyyatçı Hacı Şahin Həsənlinin islam.az-a müsahibəsini oxucuların diqqətinə təqdim edirik:
- Bu gün minlərlə insan həyatını Sizin xütbələriniz əsasında tənzimləyir. Yadınıza gəlmir, nə vaxt ilk dəfə hiss etdiniz ki, insanlar Sizin sözlərinizə və məsləhətlərinizə dəyər verir və əməl edir?
- Düzünü desəm, bu məsələ barədə düşünməmişəm. Xütbələri hazırlayarkən, çalışıram həyati mövzulara, insanı xoşbəxt edə biləcək məqamlara toxunum. Həmişə fikirləşmişəm ki, din insana həyat eşqi verməlidir, həyatı nizama salmalıdır. İnsanlar dini yalnız axirətdə yox, həm də dünyada öz xoşbəxtliyi üçün bir yol kimi görərsə, o zaman dindən sui-istifadələr də, təfriqələr də, fanatizm də azalar. Çünki, Axirət vədləri ilə manipulyasiya etmək nə qədər asandırsa, dünyada praktiki nümunələr göstərmək bir o qədər çətindir. Əgər dinlər Axirətlə yanaşı, dünyada ikən insanın xoşbəxt olması üçün rəqabətə girsəydilər, bir birindən gözəl həyat tərzləri sərgiləsəydilər, dünyanın mənzərəsi tam başqa cür olardı. Bizim cəmiyyətdə bu mövzuya həmişə maraq olub deyə, nə zamandan xütbələrimizə marağın yarandığını demək çətindir.
- Moizələrinizdə tez-tez vəhdət mövzusuna toxunursunuz. Şiə ilə radikal vəhhabinin nə zamansa vəhdətə gələ biləcəyinə həqiqətən inam bəsləmək olarmı?
- Vəhdət zahiri amillər üzərində qurula bilməz, bu içdən gələn bir hadisədir. İnsanlar ruhən yaxın olduqları ilə birləşirlər. Müasir dünyada bunu tam aydın sezmək olur. Bu gün məzhəbindən və siyasi baxışından asılı olmayaraq, radikal düşüncəli, eqoist və inkarçı insanlar eyni mövqedən çıxış edirlər. Hətta eyni ritorikaya əl atırlar. Digər yandan, insanpərvər, həyatsevər insanlar da zahiri fərqlərə baxmayaraq eyni mövqe sərgiləyirlər. Bu daha dərin və daha möhkəm vəhdətdir. Ona görə radikalla qeyri-radikal, təkfirçi ilə təqribçi, eqoistlə insanpərvər arasında vəhdət mümkünsüz görsənir.
Amma, ümumiyyətlə, müsəlmanlar müasir dövrün çağırışlarına cavab vermək istəyirlərsə, bunun yeganə yolu vəhdət və həmrəylikdir. Müsəlmanlar üçün həmrəylik məsələsi həyati əhəmiyyət kəsb edir, bu bir sivilizasiya olaraq mövcud olmağımızın zəruri şərtidir. Münaqişə, ixtilaf, etimadsızlıq və qarşılıqlı ittihamlar hökm sürən bir yerdə heç zaman inkişaf və tərəqqi ola bilməz. Bizim bütün potensialımız cəmiyyətlərimizin inkişafına yönəlməli, bu işdə bir birimizə dəstək olmalıyıq. Əks təqdirdə hamımız itirəcəyik.
- Bəzən mütə məsələsi ciddi polemikaya səbəb olur. Sizcə müasir Azərbaycan cəmiyyəti və mütə bir-birinə nə dərəcədə uyğun gəlir? Ümumiyyətlə, ayda bir dəfə mütə partnyorunu dəyişən kişilərə nə tövsiyə edərdiniz?
- Bilirsiz, biz reallığı görməzdən gələ bilmərik. Dünya qloballaşır, inteqrasiya sürətlənir, mədəniyyətlər mübadiləsi güclənir. Bizim cəmiyyət dünyadan təcrid şəkildə yaşamır və yaşaya da bilməz. Yeni nəsil artıq tam başqa, bizim qəbul edə bilmədiyimiz əxlaqi dəyərlərə yiyələnir. İstəməsək də, bu belədir. Çıxış yolu nədədir? Ya interneti, kinoteatrları, kitabları və digər informasiya vasitələrini qadağa etməliyik və bir sekta şəklində yaşamalıyıq. Yaxud da konservativ ritorikanı kənara qoyub, sağlam düşüncə ilə mövcud vəziyyəti müsbət müstəviyə dəyişməyə çalışmalıyıq. Bu baxımdan, cinsi həyatın bir kulta çevirildiyi dövrdə mütə çıxış yolu ola bilər. Mütə zərurətdən doğan, fəsadı önləyən bir qaydadır, ailənin alternativi və ya əxlaqsızlığın bəraəti deyil. Ona görə də ailə həyatı qurmaq imkanı olanlar yaxud evli kişilər gərək bu işdən çəkinsinlər. Əslində, cəmiyyət nə qədər konservativ olsa, bir o qədər qadın-kişi münasibətləri kişinin qadını əzməsinə köklənəcək, mütədən sui-istifadələr olacaq. Cəmiyyət nə qədər açıq düşüncəli olsa, insanlar eqoizmdən nə qədər uzaq dursalar, bir o qədər qadın-kişi münasibətləri səmimiləşər, məhəbbət və qarşılıqlı ehtiram güclənər.
- Şiə müsəlmanların 2 elm mərkəzi mövcuddur – Nəcəf və Qum. Hər ikisində də kifayət qədər həmyerlimiz təhsil alıb və almaqda da davam edir. Bəziləri hətta həyatlarının 20 və daha çox ilini dini təhsilə həsr ediblər. Amma Azərbaycanda bir dənə də müctəhid yoxdur. Fiqhi sualların cavabını yenə xarici ölkələrdə arayır, xümsu da elə ora göndəririk. Səbəb nədir? Bizim Azərbaycandan gedən tələbələrimiz dərs prosesində uğursuzdular, ya beyinləri kifayət qədər işlək vəziyyətdə deyil, ya nəsə başqa səbəb var?
- Bu çoxtərəfli bir problemdir. Bir yöndən yanaşıb konkret cavab vermək düzgün olmazdı. Dünya, o cümlədən şiə aləmi də dəyişir. Ənənəvi institutların bu dəyişiklikləri həzm etməsi, uyğunlaşması ağrılı və çəkici bir prosesdir. Zaman var idi hövzələrdə oxumaq üçün şərait yox idi, dini elmlər anlaşılmaz dildə tədris olunurdu, hansısa elmləri oxumaq qadağan idi və s. Artıq bunlar hamısı keçmişdədir. İrəliləyişlər yoxdur demək yanlış olardı, amma təəssüf ki, bir qədər gecikir.
Azərbaycana gəlincə isə, qeyd etməliyik ki, bizim bu sahədə dərin ənənəmiz var və problemin həlli elə də ciddi səylər tələb etmir. Badkubeyi, İrəvani, Qarabaği, Naxçıvani nəsəbli müctəhidlər fiqh, fəlsəfə, hətta ərəb dilçiliyində böyük iz buraxıblar. Bu nəsillər bugünə qədər Qum və Nəcəf hövzəsində məşhurdular. Bizim alimlərin içində novatorlar da az olmayıb. Bir çox müctehidlərimiz XIX əsrin sonları - XX əsrin əvvəllərində milli ziyalılarımzın yetişməsində, milli maarifin formalaşmasında böyük rol oynayıblar. Elə Seyid Əzim Şirvani ilə Axund Pişnamazzadəni qeyd eləmək kifayətdir. Azərbaycanda İslam maarifinin dərin ənənələri olub və bu gün bu sahənin dirçəlməsinə ciddi ehtiyac var. Düşünürük ki, dini cameədəki müasir tələbatları ödəyə biləcək, xeyriyyəçi insanlarımızı, istedadlı gənclərimizi, ümumiyyətlə dindarların potensialını ölkəmizin inkişafı üçün səfərbər edə biləcək elmi-dini mərkəzlər yaratmaq zəruri məsələlərdəndir.
- Azərbaycanda çox sayda ardıcıllarınız var. Onların hansı keyfiyyətlərini bəyənirsiniz? Hansıları bəyənmirsiniz? Və hansı keyfiyyətləri onlarda görmək istərdiniz?
- İnsanlar şəxsən mənim yox, təmsil etdiyim dinin, təbliğ etdiyim dəyərlərin ardıcıı olmalıdır. Çox istərdim ki, dindarlar ən mehriban, ən istiqanlı, ən intellektual, ən zəhmətkeş və ölçüb-biçməyi bacaran olsunlar. Dindar heç bir vəchlə inkarçı, sadə etiketdən xəbərsiz, ixtilafa meyilli, qaragüruhçu, hayküyə gedən olmamalıdır. Şükür Allaha ki, insanlarla ünsiyyətdə olduqca onları öyrəməyə, şəxsi inkişafa, ictimai faydalılığa meyilli görürük. Lakin, hələ də stereotip düşüncənin tam aradan getmədiyini, hadisələrə məhdud baxışların olmasını müşahidə edirik.
- Azərbaycanda fəaliyyət göstərən din xadimlərindən kiminsə xütbələrini dinləyirsiniz? Yoxsa belə şey olmur?
- Əksinə, bir çox ruhanini dinləyirəm. Hər kəsin moizəyə ehtiyacı var, mən də ruhani dostların xütbələrini dinləməyə çalışıram. Həm də bir din xadimi olaraq, dini cameədə nələrin baş verdiyini, hansı mövzuarın aktual olduğunu bilmək, hansı fərqli yanaşmaların olduğunu görmək üçün də, digər ruhanilərin moizələrini dinləmək gərəklidir.
hacishahin.az