Müsahibələr

Hacı Şahin “Çay dəsgahı”nda- Səmimi müsahibə

20 May 2012 7572

«Ronaldo daha çox diqqətimi çəkir» - simsar.az-a müsahibə:


Bu dəfə “Çay dəsgahı”nda söhbətləşmək üçün“Dafne by Dalida”ya ilahiyyatçı Hacı Şahin Həsənlini dəvət etmişdik. Qonağımızla görüşüb yerimizi rahatladıq və söhbətə başladıq.


Çayı mürəbbə ilə içməyi sevən və heç vaxt limon salmayan Hacı Şahinlə söhbətimizi “Çay dəsgahı”nın “qanunları”na uyğun qurduq: “Hacı Şahin ailədə necə biridir?”; “O, heç əsəbiləşirmi?”; “Ən sevimli məşğuliyyəti nədir?”; “Futbola baxırmı?”; “Bayramları necə qeyd edir?”; “Övladları ilə necə davranır?” – tipli suallarla qonağımızı oxuculara fərqli rakursdan təqdim etməyə çalışdıq. “Dindən danışmayacağıq” desək də söhbətimiz hərlənib fırlanıb dinə gəlib çıxırdı.
Söhbətdə iştirak etdilər: İradə Nurəddinqızı, Aqşin İbrahimi, Hüseyn İbadlı, Ülviyyə Cövdətqızı, Nigar Məhərrəm və mən, Vüsal Məmmədzadə.

 

“ƏN ÇOX DİNCƏLDİYİM VAXT, ÜNSİYYƏT ZAMANIDIR”



“Hacı, ictimai fəaliyyəniz var. Tez-tez televiziya proqramlarında olursunuz, bir sözlə, simanız çox adama tanışdır, cəmiyyətdə kifayət qədər tanınırsız. İctimai yerlərdə sıxılmırsınız?”

 

“İnsanların məni tanıması məsuliyyət yaradan amildir. İctimai yerlərdə sıxılmıram, əksinə, sərbəst oluram”.

 

“Eşitdiyimizə görə, çayla aranız yaxşıdır. Yəqin ki, dost-tanışla da tez-tez bir yerdə çay içirsiniz. Çayı daha çox nə ilə içməyi sevirsiniz”?

 

“Düzdür, çay içməyi sevirəm, özü də mürəbbə ilə. Amma, bəzən, bu, bəhanə olur. Çox vaxt bu bəhanə ilə dost-tanışla yığışıb nələrisə müzakirə edirik. İnsan sevdiyi insanlarla söhbət edərkən zövq alır. Ən çox dincəldiyim vaxt da ünsiyyət zamanıdır. Buna görə, söhbət, həm də istirahətdir”.

 

“Adətən, hansı məsələləri müzakirə etmək üçün çay süfrələri təşkil edirsiniz?”


“Müxtəlif mövzularda müzakirələrimiz olur. Əvvəlcədən mövzu haqda düşünmürük. Söhbətlərimiz geniş sahələri əhatə edir”.


 “ALMANİYA MİLLİSİNƏ AZARKEŞLİK ETMİŞƏM”


“Orta məktəb dövrlərində müəllimlərimiz haqda bəzi suallar bizi maraqlandırırdı: Məsələn, fikirləşirdik, görəsən, müəllim yemək yeyir? Sizi də ilahiyyatçı kimi tanımışıq deyə indi sizin haqqınızda da danışanda ağlımızı bu qəbildən suallar gəlir. Görəsən, Hacı Şahin futbola baxır?”


“Bəzən, insanların ictimai şəxsləri ideallaşdırmaq cəhdləri olur. Qəbul etmək lazımdır ki, çox vaxt həmin insanların da həyat tərzi adi insanlarınkından fərqlənmir. Mən də idman yarışlarını izləməyi xoşlayıram. Dünya çempionatına da baxmışam. Almaniya millisinə azarkeşlik etmişəm. Yəni, hansısa bir insandan ciddi fərqim yoxdur. Sadəcə, inancımızla bağlı həyatımıza müəyyən məhdudiyyətlər qoymağa məcburuq. Əslində, azadlığın da yolu məhdudiyyətdən keçir”.

 

“Futboldan söhbət düşəndə qonaqlarımıza ənənəvi sualımız olur: Ronaldo, yoxsa Messi?”

 

“Konkret deyə bilmərəm. Çünki heç birisinə pərəstiş etmirəm. Əslində, bu məqamda da cəmiyyətdə mənfi tendensiya hökm sürür. Gənclərimiz, bəzən, tanınmış insanları öz kumirlərinə çevirəndə ifrata varırlar. Yəni, onların yaxşı futbolçu olması o demək deyil ki, onlar, idealdır. Sizin sualınıza cavab olaraq isə deyim ki, Ronaldo daha çox diqqətimi çəkir. Bu yaxınlarda verdiyi müsahibələrin birində İslamla bağlı da müsbət fikiləri oldu və səsləndirdiyi fikirləri bəyəndim”.

 

“DÜNYANI GƏZMƏK İSTƏYİRƏM”


“Mənə maraqlıdır, siz necə istirahət edirsiniz? Yəni, vaxt tapa bilirsinizmi?”


“Faktiki olaraq, istirahət edə bilmirəm. Bu da səhhətimlə bağlı müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Əsasən, yay aylarında 5-10 gün ailə ilə birlikdə dincəlməyə vaxt ayırıram. O da bir neçə ildən bir olur”.

 

“Bir ilahiyyatçının istirahəti bizə maraqlıdır. Çünki, müasir dövrün yay istirahəti barədə düşündükdə ağlımızda, Antalya və çimərlik canlanır”.

 

“Burada da məhdudiyyətləri nəzərə alıb digər insanlar kimi istirahət etmək mümkündür. Düzdür, çimərliklərdə qadın və kişilərin biryerdə olması dini baxımdan düzgün deyil, amma Türkiyədə bu, nəzərə alınıb. Qadınlar və kişilər üçün ayrı istirahət mərkəzləri var ki, ailəm belə istirahət mərkəzlərində dincəlib. Mənim istirahətə vaxt ayıra bilməməyim inanclı insan olmağımla yox, daha çox ictimai fəaliyyətimlə bağlıdır”.

 

“Dünyanı gəzmək özü də bir istirahətdir. Mən İtaliyanı gəzsəm, əməlli dincəlmiş olaram. Sizdə belə bir istək yaranmır?”


“İstəklər çoxdur. Təbii ki, mən də dünyanı gəzmək istəyirəm. Müxtəlif ölkələrin həyat tərzi, tarixi, mədəniyyəti mənə çox maraqlıdır. Sadəcə, dediyim kimi, vaxt məhdudiyyəti buna imkan vermir. Bəzən, dost-tanış deyir, istəsən, vaxt ayıra bilərsən. Amma üzərimdə gərginlik hiss edirəm. Elə bilirəm, işləri qoyub getsəm, nəsə qaydasında olmayacaq. Misiri, Hindistanı görmək istəyərdim”.

 

“DANIŞMAQDAN BAŞQA ƏLİMDƏN HEÇ NƏ GƏLMİR”


“Şeirləriniz son vaxtlar yaman məşhurlaşıb. Şairliyiniz də var?”


“Mən ona şairlik deməzdim. İnsan, bəzən, özünü tənha hiss edir və fikirlərini kağıza köçürmək istəyir. Amma mən bunları şeir hesab etmirəm, bunlar, sadəcə, yazılardır”.

 

“Yazmağa necə başlamısınız?”


“İlk şeirlərimi gənc yaşlarımda yazmışam, amma utandığımdan gizlətmişəm. Son yazdığım şeiri isə dostlarımla bölüşdüm. Sosial şəbəkələrdə yayılmasını istəməzdim. Məndən asılı olmayan səbəblərdən ictimailəşdi”.

 

“İlk şeirlərinizin də mövzusu, indiki kimi, dindən olub?”


“Bizim gənclik illərimiz milli azadlıq hərəkatı dövrünə təsadüf edib. Buna görə, daha çox vətənlə bağlı şeirlər yazmışam. Sevgi mövzusunda yazmamışam” (gülür).

 

“Sevgi ilə bağlı yazanda nə olar ki?”


“Əlbəttə, sevgi mövzusunda da yazmaq olar. Amma bu mövzu müqəddəsdir. Ona görə, ya gərək yaxşı yazasan, ya da yazmayasan. Təəssüf ki, sevgi mövzusu da artıq bayağılaşıb”.

 

“Başqa hansı istedadınız var?”


“İstedadım yoxdur. Həmişə zarafatla deyirəm, danışmaqdan başqa əlimdən heç nə gəlmir”.

 

“Sevdiyiniz yemək hansıdır?”


“Plovu xoşlayıram. Ola bilər, bunu məclislərdə iştirakımla əlaqələndirsinlər. Ancaq indiyədək məclis idarə etməmişəm və məclislərdə çox olmamışam. Sadəcə plov sevdiyim yeməkdir” (gülür).

 

“Özünüz nəsə bişirə bilirsiniz?”


“Xeyr, heç nə bişirə bilmirəm”.

 


“DAHA ÇOX RUS TELEKANALLARINI İZLƏYİRƏM”


“Yerli telekanallara baxırsınız?”


“Arada baxıram. Çox proqramlar bir-birini təkrarlayır. Filmlərimizin də səviyyəsi aşağı düşüb. Proqramlar tamaşaçıya çox az şey verir. Müasir dövrdə cəmiyyəti Kütləvi İnformasiya Vasitələri formalaşdırır. Buna görə, kütlənin səviyyəsinə enmək əvəzinə, səviyyəni qaldırmaq lazımdır. Bir çox insan kimi, mən də daha çox rus telekanallarını izləyirəm”.

 


“Verilişlərə dəvət alarkən seçim edirsiniz, kiməsə zərrə qədər də olsa fayda vermək barədə düşünürsünüz?”


“Əsas mövzudur. Çox hallarda mövzu təkrarlanır. Mənasız mövzulara çox müraciət olunur. Mənim üçün mövzunun aktuallığı vacibdir, maraqlıdırsa, faydalıdırsa, gedirəm. Əks halda, imtina etməyə çalışıram”.

 

“KİTABLARIMDAN KİMƏSƏ HƏDİYYƏ ETMƏYİ SEVMİRƏM”


“Geyimlərinizi haradan alırsınız?”


“Geyimlərimi aldığım konkret bir yer yoxdur. Geyimdə vacib olan, rahat olması və insana yaraşmasıdır. Bunu şan-şöhrət vasitəsinə çevirmək olmaz. Doğrudur, keyfiyyətli mal üçün bir az artıq pul verməlisən, amma, bəzi hallarda insanlar brend geyinmək xətrinə pul xərcləyirlər”.

 

“Fikir vermişəm, din xadimlərinin, müsəlman ölkələrinin rəhbərlərinin, məsələn, İranın eks-prezidenti Əhmədi Nejatın geyimləri solğun rənglərdə olur. Sizin də geyindiyiniz pencəyin rəngi solğundur...”

 


“Onların nəyə görə elə geyindiklərini deyə bilmərəm. Bu pencək isə mənə hədiyyədir” (gülür).

 


“Hacı saatınız da brend deyil? Adətən çox insan aksesuarları brend almağı xoşlayır”.



“Brend olub olmadığını bilmirəm. Çünki o da hədiyyədir”(gülür)


“Hədiyyə almağı xoşlayırsınız, deyəsən”.


“Hədiyyə diqqət əlamətidir. Hədiyyə verdiyin insanın sənin üçün dəyərli olduğunu göstərirsən. Ona görə, hədiyyə qəbul etməyi sevirəm. Sənə hədiyyə verirlərsə, deməli, kimsə üçün dəyərlisən”.

 

“Ən xoşladığınız hədiyyə nədir?”


“Hamı kitab deyəcək, mən də deyirəm (gülür). Doğurdan da kitaba çox bağlılığım var. Öz kitablarımdan kiməsə hədiyyə etməyi sevmirəm. Hansısa bir kitabı yerində görməyəndə narahat oluram”.

 

“Hansı janrda oxumağı sevirsiniz?”


Daha çox, fəlsəfə ilə maraqlanıram. Şopenhauer, Korbin, Nitsşeni, Kyerkeqor, Şpenqler, Rene Genon və s. oxuyuram. Bundan əlavə, klassik ədəbiyyata, şeirə, qəzələ marağım var. Yalnız dini istiqamətdə oxumağı sevmirəm və hesab edirəm ki, din xadimlərinin dünya görüşü çox olmalıdır; dünyəvi təhsil almalıdırlar”.

 


“YENİ İLİ QEYD ETMİRƏM, EDƏNLƏRİ DƏ QINAMIRAM”


“Bayramları necə qeyd edirsiniz?”


“Bayramlarda evdə oluram. Bəzən də, ailəmlə birgə Azərbaycanın rayonlarına səfər edirik”.

 

“Ruhunuza yaxın bayram hansıdır?”


“Novruz bayramı mənə daha yaxındır. Ramazan bayramını da, həqiqətən, çox sevirəm. İnsan əsl bayram əhvali-ruhiyyəsində olur. Qurban bayramını da sevirəm. Sadəcə, həmin vaxtlarda Həcc ziyarətində oluram deyə, orada, bayramı yaşaya bilmirəm. Həmin gün həcc ziyarətinin ən gərgin günü olur”.

 

“Yeni ili qeyd edirsiniz?”


“Yeni ili qeyd etmirəm, amma edənləri də qınamıram. Bu yaxınlarda bu məsələ geniş müzakirə olundu. Məsələyə aqressiv yanaşanları başa düşmürəm. Yəni, bu günü qeyd etməkdə pis heç nə yoxdur. Buna, sadəcə, təqvimin dəyişməsi kimi baxmalıyıq. Amma çalışmaq lazımdır ki, ifrata varmayaq”.

 

“JURNALİSTİKA İLƏ DƏ MƏNƏVİYYATLI İNSANLAR MƏŞĞUL OLMALIDIRLAR”


“Görürük ki, telefonunuza gələn zənglərin sayı-hesabı yoxdur. Bütün zənglərə özünüz cavab verirsiniz, ya bunun üçün başqa birisindən kömək istəyirsiniz?”


“Zənglərə özüm cavab verirəm. Düz qeyd etdiniz, zənglər həddən artıq çox olur və bəzən, telefonu kənara qoymalı oluram. Çünki səhhətimə mənfi təsir göstərir...”

 

“Mən nə vaxt zəng vurmuşam, götürməmisiniz”.


“Tanımamışam, deyə cavab verməmişəm. Tanıdığım nömrələr zəng vuranda bu gün olmasa belə, sabah mütləq özüm zəng edirəm”.

 

“Whatsapp”ınız var?”


“Bəli. Çalışıram, “Whatsapp”da ancaq tanıdığım insanlarla ünsiyyətdə olum. Bəzən, “Whatsapp” vasitəsilə də suallar ünvanlayırlar və mən onlara cavab yaza bilmirəm. Ümumiyyətlə, dini sualları mesajla cavablandırmağı başa düşmürəm. Çox vaxt da bunu qarşı tərəfə başa salmaq olmur...”

 

“Jurnalistlərlə aranız necədir?”


“Jurnalistlərlə elə bir problemim yoxdur. Amma, bəzən, olur ki, fikirlərimizi təhrif edirlər. Buna görə, güman edirəm ki, jurnalistika ilə də mənəviyyatlı insanlar məşğul olmalıdırlar. Çünki nəyəsə görə informasiyanı təhrif etməyi düzgün hesab etmirəm”.

 

“UŞAQLARA QADAĞA QOYMAĞI DÜZGÜN HESAB ETMİRƏM”

 

“İnsanlar üçün Hacı Şahin ailə başçısı kimi də maraqlıdır. İctimai fəaliyyətlə məşğul olan insanlarda ailəyə vaxt ayırmaq bir az çətin olur. Siz bunu necə tənzimləyirsiniz?”


“Uşaqlarım məktəbdə oxuyurlar. Onlara kifayət qədər vaxt ayıra bilməsəm də, çalışıram, dərsləri ilə daim maraqlanım. Övladlarıma qayğı ilə yanaşmağı sevirəm. Bəzən, mənə deyirlər, çox ifrata varırsan. Hesab edirəm, uşaq ailədə məhəbbət görməsə, o məhəbbəti başqa yerdə axtaracaq. Bu da müəyyən problemlərin yaranmasına səbəb olacaq. Ümumiyyətlə, uşaqla şəxsiyyət kimi davranmaq lazımdır. Uşağı təhqir etmək olmaz”.

 

“Müasir dövrün problemləri ilə necə mübarizə aparırsınız? Məsələn, uşaqlar indi kompüter oyunlarına aludədirlər”.


“Çalışıram, onları başqa şeylərlə məşğul edim. Qadağa qoymağı düzgün hesab etmirəm”.

 


“Bəzən də bir ailədə uşaqlar tamam fərqli xarakterə sahib olurlar. Halbuki, eyni valideyndən tərbiyə alıblar”.


“Doğrudur, məsələn, mənim əkiz qardaşım var. Uşaqlıqda onu küçədən evə yığa bilmirdilər, məni də az qala evdən qovurdular ki, çıx bir az hava al” (gülür).

 

“BƏZİ İNSANLAR HAQDA YANILMIŞAM...”


“Layihənin qonağı bəlli olanda görüşdən əvvəl işdə həmişə müzakirələrimiz olur. Növbəti qonağın sizin olacağınızı biləndə də belə bir söhbətimiz oldu. Əməkdaşlarımızdan birinin, “Hacı Şahinin səsi məni yorur” deməsi isə məni, həqiqətən, təəccübləndirdi. Söhbət əsnasında məlum oldu ki, onu yoran, sizin səsiniz yox, bəzi səsyazmalarda fonda gələn musiqi və hansısa mərsiyyə yaxud ilahi mahnı ilə edilən sintezdir”.

 

“Fikirlər müxtəlif ola bilər. Bəlkə də, mənim səsim, həqiqətən, kimisə yorur. Amma mən indiyə kimi bu barədə heç nə eşitməmişəm. İlk dəfədir, siz deyirsiz. Bizim məsciddəki çıxışlarımızda musiqi olmur. Yəni, fondakı səslər sonradan kimlərsə tərəfindən əlavə edilir. Bilmirəm, musiqini kimlər və nə üçün əlavə edirlər. Bəlkə də, düşünürlər ki, belə daha gözəl olur...”

 

“Sizi nə təəccübləndirə bilər?”


“Həmişə hər şeyi real qəbul etməyə çalışmışam. Bəzi insanlar haqda yanılmışam. Onda təəccüblənmişəm”.

 

“Bəs sizi nə özünüzdən çıxara bilər?”


“Çox təmkinli insanam. Amma bəzən narahat oluram. Xüsusilə, insanlara zülm edildikdə... Son dövrlərdə dini şüarlarla insanların öldürülməsi halları daha çox artıb. Bunlar məni narahat edir”.

 

“Sizin özünüzə qarşı haqsızlıqlar olduğu vaxt həmin dəqiqə reaksiya verirsiniz?”

“Fəaliyyətimlə bağlı haqlı və haqsız iradlarla çox qarşılaşıram. Edilən tənqidlərdən nəticə çıxarmağa çalışıram. Bəzən də, insafsızlıqlarla üzləşirəm. Həqiqətə uyğun olmayan fikirlər yayırlar. Demək olar ki, heç birisinə reaksiya verməmişəm. Hər sözün arxasınca düşüb cavab verəsi olsaydım, enerjim tükənərdi. Amma, bəzən də, məcbur olub cavab verirəm. Çünki çox vaxt elə fikirlər səsləndirirlər ki, bunlar ictimaiyyəti çaşdıra bilər”.

 

 

hacishahin.az