Müsahibələr

İslam dini ərəblər üçün gəlib?

02 İyul 2014 3156

Son zamanlar İslam dünyasında baş verən hadisələr, İslamda imamların yeri və İslamın ərəblər üçünmü gəldiyi, cihad haqqında suallara şiələrin baxışı ilə, həm özümüzə, həm də oxucularımıza maraqlı olacaq cavablar aldıq.

 

Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənlinin Etatist.com-a verdiyi müsahibənin üçüncü hissəsi (ikinci hissə ilə burada tanış ola bilərsiz)

 

- İslamı sırf ərəblər üçün gələn bir din hesab etmək olar?


- İslamın ümumbəşəri bir dindir.

 

- Amma Nahl surəsi 36-cı ayədə deyir ki, "biz hər qövmə öz dilində müraciət edən peyğəmbər göndərdik”. Yusif surəsinin 2-ci ayəsində isə "Mən bu kitabı ərəb dilində siz anlayasınız deyə nazil etdim”- deyir.

 


- Bu məzmunda ayələr var. Amma ayə də var ki, bu din bütün dinlərə hakim olacaq...

 

- Çox gözəl bir nöqtəyə gəldiniz. İslamın özünün mahiyyətini din hesab etmək olar?


- Bəli, İslam dindir. Din sözü Quranda da qeyd olunur: "Allah yanında din İslamdır". İslam dedikdə İslam peyğəmbəri hz. Məhəmmədin (s) təlimləri nəzərdə tutulur.

 

- Bəqərə surəsi 131-ci ayəsində Allah Hz. İbrahimə nəzərən deyir ki, "Ey İbrahim, müsəlman ol”. Burda İslam dininin mahiyyəti dindən ziyadə təslim olmaq mənasındadır.


- Bəli, bütün peyğəmbərlərin, o cümlədən hz. İbrahimin (ə) də dilindən "məni müsəlman et" deyə ayələr var. Quran-i Kərimin ərəbcə nazil olması dilin özəlliyi ilə bağlıdır. "Anlayasınız deyə", yəni, ilahi kəlam məhz bu dildə tam şəkildə ifadə oluna bilər. Doğurdan da, ilahi kəlamın nazil olması üçün ən uyğun dil idi.

 

Dinin ümumbəşəriliyi ilə bağlı isə, əsasən fikir ayrılığı yoxdur. Təbii ki, hər bir qövmə peyğəmbər gəlib. Hətta bəzi peyğəmbərlər bir kəndin içində peyğəmbər seçilib. Hədislərdə qeyd olunur ki, öz ailəsi üçün peyğəmbərlik edənlər olub. Yəni, düşüncə səviyyəsi aşağı idi, insalara nəyisə izah etmək üçün vəhyə ehtiyac var idi. Lakin, bütün peyğəmbərlərin missiyası qövmləri ilə məhdudlaşmırdı. Hz.İsanın (ə) dini məsələn... Özünün yəhudi olmasına baxmayaraq, dinini ümumbəşəri hesab olunur.

 

- Bəqərə:131-lə indiki vəziyyəti müqayisə edəndə təslim olmaq sözü ilə, bizim İslamı şəkilləndirdiyimiz ortaya çıxmır nəticə etibarı ilə? Bizə elə gəlmir ki, biz indi müsəlman olmağın şəkillərini yerinə yetirməyə din deyirik. Ancaq bu, yaşantıdır, həyat tərzidir. Ənam surəsi 72-dən 78-ə qədər İbrahimin axtarışları təsvir edilir. Bir yerdə peyğəmbərlərin, imamların insanların axtarışlarına müdaxilə etdiklərinə görməmişəm. "Tuhaf-ul-ugul" deyə bir kitab var, çox gözəl kitabdır. Orda bir yerdə görmədim ki, insanların seçimlərinə, iradə azadlığına müdaxilə olunsun.


- Hesab edirəm ki, əqidə məsələsinə önəm verilməlidir. Təbii ki, fiqhi mən inkar edə bilmərəm. Fiqh şəriət hökmləridir. Dinin həm forması, həm də məzmunu var. Bəzən biz formaya daha çox üstünlük veririk. Fiqhi qayda-qanunlara riayət etmək lazımdır. Amma insan üçün ən önəmli olan əqidəsidir. Bu məsələdə isə insanlar sərbəst buraxılır. İnsanlar ağıl və məntiq əsasında axtarış aparırlar. Əqidə məsələrində təqlidçilik yolverilməzdir.

 

- Əli Şəriətinin kitabını vərəqləyirdim. Çox maraqlı bir şeyə rast gəldim. O, Əli şiəsi ilə, Səfəvi şiəsini ayırır. Sinə döyməyin Səfəvi şiəliyinə xas olduğunu Əli şiəliyində belə bir şeyin olmadığını deyir. Siz bu barədə nə deyə bilərsiniz?


- Əli Şəriəti bir sosioloq olaraq dəyərli fikirlərin sahibidir. Eyni zamanda onun bəzi mübahisəli fikirləri indi də müzakirə obyektidir. Dini mühitdə ciddi müzakirələr gedir. Düşünmürəm ki, əzadarlıq mütərəqqi bir ənənədir. Xurafat sonradan bu məsələyə siraət edib. Əzadarlığın mahiyyəti təhrif edilib. Əzadarlıq insanın özünü unutması və kimin üçünsə yanması mənasını ifadə edir. Bu, o deməkdir ki, insan eqodan azad olur. Əzadarlıq edən insan sanki öz eşqini ifadə etmiş olur. Mən bir dəfə Bəxtiyar Vahabzadənin son müsahibəsinə baxırdım. Dedi, etiraf edək ki, bütün dahilərin əsərləri qəmli məqamlarda yaranıb. Yəni, qəm insanı özündən çıxardır. Başqalarının dərdi ilə şərik olmaq insanı yandırır. Bununla da insanın ruhunda müsbət dəyişikliklər yaranır. Həm də əzadarlıq zülmə olan etirazın nümunəsidir. Deyirlər ki, bir insan cənnətə gedib, biz niyə ona görə əzadarlıq etməliyik. Cənnətə gedənə matəm və yas saxlamaq məsləsi deyil bu. Bu haqq ilə nahaqqın üz-üzə gəlməsi mövzusudur. İmam Hüseyndən (ə) bir yazıq obrazı yaradan əzadarlığın əleyhinəyəm. Sırf İmam Hüseyni (ə) kiminsə qurbanı etmək və onu yazıq simasında görməyə qarşıyam. Halbu ki, İmam Hüseynin (ə) baxışlarını və çıxışlarını təhlil edəndə görərsiniz ki, bu gün üçün də çox aktualdır...

 

- Azərbaycanda məscidə gedəndə Qurandan çox rəvayətlər və hədislər müzakirə olunur. Mən bunu faciə hesab edirəm. Çünki, Quran birinci mənbədir və ayələrdə də deyilir ki, "Mən bu kitabı sizə ağıl edəsiniz deyə, mükəmməl şəkildə verdim”. Amma insanlara hadisələri danışmaq daha xoşdur. Bu hadisələr isə bizi Quranın mahiyytindən uzaqlaşdırır. Quran tərcümələrində elə sözlər var ki, Quranın özündə onlar yoxdur. Ya da əksinə. Məsələn bayaq dediyim Yusif surəsində "ərəb” sözü çıxarılıb. "Siz anlayasınız deyə” yazılıb. Bu, guya, tərcüməçinin İslama jestidir. Amma İslamın jestə ehtiyacı varmı? İkincisi, Quranda "səlah” sözü var, amma biz onu namaz kim qəbul edirik və indi qıldığımız namaz Qurandakı səlahla eyni deyil. Oruc deyirik, amma Quranda oruc sözü yoxdur. Bunlar fars sözləridir. Namaz sözünün kökü çox qədimlərdə atəşpərəstlikdə mövcud olan ibadət növü ilə bağlıdır. Necə olub ki, bu söz bizim dilimizə gəlib və heç bir fiqhi tərəfi olmayan səlah bu qədər müzakirələrə səbəb olub. Bu niyə bu qədər böuyüdü?

 


- Mən razıyam ki, istənilən fikri əsaslandırmaq üçün Qurana istinad olunmalıdır. Amma hədislərin inkarının əleyhinəyəm. Peyğəmbərimizin (s) özündən nəql olunan hədisdə deyilir ki, mənim sözlərimi Quranla uzlaşdırın. Quranın özündə də buyurulur ki, peyğəmbər (s) nə dedisə onu da edin. Bu hədisə müraciət etmək üçün Quran mənbəsidir. Hər xırda əməllə bağlı Quranda ayə olsaydı Quran neçə cild olmalı idi? Quran ümumi ana yasa kimidir. Necə ki, müasir dövrdə konstitusiya var. Quran-i Kərim ümumi istiqaməti bəyan edirsə, hədislər o təfərruatları bizə izah etməlidir. Yenə deyirəm, mən burda orta yolun tutulmasının tərəfdarıyam. Məsələnin mahiyyəti ibadətin necə adlandırılması deyil. Qurana daha çox istinad edib mötəbər hədislərlə Quranın vəhdətindən çıxış etməyin tərəfdarıyam. Təəssüflər olsun ki, bu gün zəif, etibarsız hədislərə istinad olunur. Mənim əsas iradım budur. Çıxış edən insanlar çox zaman hədisin sənədini yoxlamadan, mötəbər olub olmadığını ayırd etmədən istənilən sözü Peyğəmbərə (s), Əhli-Beytə (ə) və səhabələrə nisbət verirlər. Bunun nəticəsində də din təhrif olunur. Biz dini düşüncəmizi təftiş etməliyik, yenidən baxmalıyıq. Bizim zehnimizdə olan din toxunulmaz deyil. Biz nəyisə yalnış düşündüyümüzü etiraf etməyi bacarmalıyıq. Dində ictihad adlı anlayış var. İctihad zamana uyğunlaşmadır. Əgər din zamana uyğunlaşmırsa, din deyil. Din hər zamana uyğun olmalıdır. Ona görə də biz hər şeyə yenidən baxmalıyıq. Bizim fikirlərimizdə təhriflər olubsa bu təhriflərdən imtina etməyi bacarmalıyıq. "Ata-baba” məntiqi ilə dinə əməl edə bilmərik. Həmin məntiqi Məkkədə müşriklər də Peyğəmbərin (s) müqabilində irəli sürdü ki, "bizim ata-babamız bütə ibadət edib”. Bu gün belə müsəlmanlar var və mən bu tip yanaşmanın əleyhinəyəm. Bunun məsuliyətini din xadimləri daşıyırlar. İnsanlara dini çatdıranlar Qurana, mötəbər hədislərə və ağıla müraciət etməlidirlər. Mən razıyam ki, çox vaxt fikirlərimiz Quranla əsaslandırılmır, qondarma rəvayələrlə əsaslandırılır. Bu rəvayətlərdən istifadə etmək Qurana ziddir. Bu məsələlərdən imtina etmək vaxtıdır.

 

- İslamın yəhudilərə münasibəti necədir? Onlar həiqətən lənətləniblər, yoxsa sonradan dəyişdirilmələr olub? Mən bildiyim qədəri ilə peyğəmbərin həyat yoldaşı yəhudi olub.


- İslam, yəhudiliyi və xristianlığı kitab əhli, səmavi din olaraq qəbul edir. Kitab əhlinin müəyyən hüquqları var. Peyğəmbərlə (s) yəhudilər arasında imzalanan Mədinə müqaviləsində dini azlıq olaraq yəhudilərin hüquqları təsbit edilib. O dövr üçün bu sənəd olduqca mütərəqqi bir sənəddir. Quranda da ayə var ki, "ey kitab əhli, gəlin sizinlə bizim aramızda ortaq bir kəlməyə gələk”. Yəni ki, dinlər arasında fikir ayrılıqları ola bilər, amma bunu düşmənçiliyə çevirmək heç bir ağıla, məntiqə sığmır. İslam dinində yəhudilərin milli mənsubiyyətinə görə lənətlənməsi haqqında göstəriş yoxdur. Bir cinayət işləyən şəxs millətindən və dinindən asılı olmadan cinayətkar sayıla bilər, amma onu bir millətə mənsub olduğuna görə lənətləmək yalnışdır.

 

- Sizcə insanları biri birilərinə düşmən edən təbliğata qarşı necə mübarizə aparmaq olar?


- Mən düşünürəm ki, bu çox ciddi məsələdir. Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanların öz inancını yaşaması bizim tarix naliyyətimizdir. Bu gün bunu zədələmək istəyən müəyyən qruplar var. Düzü, Azərbaycanda dinlər arasında bu gün də bir problem görmürəm, amma gələcəkdə ola biləcəklərə qarşı sığortalanmaq lazımdır. Bu çağırışların dinlə heç bir əlaqəsi yoxdur, ümumiyyətlə, din heç vaxt düşmənçiliyə çağırmır. Din insanları ayırmaq üçün yox, birləşdirmək üçün gəlib. Yəhudilərlə bağlı Peyğəmbərin (s) yanaşmasına diqqət edək. İnsanları fərqli dində olduqlarına görə bir-birlərinə düşmən olaraq göstərə bilmərik. Bu olduqca təhlükəlidir və Azərbaycanda da bunun qarşısı bütün vasitələrlə alınmalıdır. Məsələn, bu yaxınlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən yəhudi haqqında təhqiramiz ifadələr səsləndi. Kimsə süni şəkildə belə bir görüntü yaratmaq istəyir ki, Azərbaycanda da belə ixtilaflar dərinləşir. Bununla bağlı din xadimləri birgə fəaliyyət göstərməlidirlər. Həm müxtəlif məzhəblərdə olan insanların birgə fəaliyyəti ilə bağlı, həm də dini konfessiyalara aid olan insanların birgə fəaliyyəti ilə bağlı işlər görülməlidir. Biz bu məsələdə çox ayıq olmalıyıq. Azərbaycanda milli və dini zəmində qarşıdurma olması Azərbaycanın dövlət kimi varlığını sual altında qoya bilər.

 

- Bütün səhabələr bir-biri ilə qohumdur. Amma məzhəblər bu barədə danışanda ortaya fərqli fikir qoyurlar. Buna sizin münasibətiniz necədir?


- Burda da iki ifrat yanaşmanın şahidi oluruq. Bəzi insanlar tarixi yalnız kimlərdəsə səhv axtarmaq üçün araşdırır. Digər insanlar isə səhabələrin hamısına toxunulmazlıq statusu verirlər. Mən bunun əleyhinəyəm. Tarix araşdırılmalıdır. Hər bir insana obyektiv qiymət verilə bilər. Bir insan Peyğəmbəri (s) bir dəfə görüb deyə onun səhvlərinə bəraət qazandırmamalıyıq. Amma səhabələr haqqında təhqiramiz ifadələr işlətmək də yalnış və yolverilməzdir. Məsələn, mən kiməsə digərindən daha az hörmət edə bilərəm, amma bu mənə haqq vermir ki, mən kiminsə müqəddəs saydığı şəxsi təhqir edim və ya lənətləyim. Tarixi araşdırıb kimin düz, kimin səhv olduğunu deyə bilərik, burda bir qəbahət görmürəm. Bu məsələni qızışdırmaq lazım deyil, ortaq dəyərlər daha çoxdur. Peyğəmbər (s) ortaq dəyərdir. Səhabələrlə bağlı fikir ayrılıqları varsa, ortaq məsələlər daha çoxdur, onlara istinad etməliyik. Ümumiyyətlə ortaq nöqtələr daha çox qabardılmalıdır, amma sanki kimsə ayrı nöqtələri bilərəkdən qabardır. Bunu sosial şəbəkələrdən də görürük. Mən sırf başqa məzhəblərə mənsub olduqlarına görə bir-birilərini təhqir edən insanları görəndə çox xəcalət çəkirəm. Bir-birilərinin müqədəs saydığı şəxsləri təhqir edirlər, bu yolverilməz haldır. Quran məntiqinə və sağlam məntiqə sığmayan əməllərdir.


- Sizin haqqınızda fətva verilmişdi. İndi sizin həyatınıza qarşı bir təhlükə varmı, təhdidlər alırsınızmı?


- Hər şey yaxşıdır. Bu sosial şəbəkələrdə yayılmışdı, sonra mətbuata çıxdı. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən araşdırma aparıldı və o insanlar həbs olundu. Hal-hazırda işləri məhkəməyə verilib, istintaq prosesi başa çatıb. Zərərçəkən qismində ora dəvət olunmuşam. O insanları tanımırdım, heç vaxt ünsiyyətdə olmamışdım. Sosial şəbəkədə verilən bir fətva idi, mən buna dırnaq arası fətva deyirəm. İnsan öldürmək haqda belə bir fətva verilə bilməz. Əslində bu fətva da həmin dediyimiz məsələ ilə bağlıdır. Azərbaycanda məzhəb qarşıdurması görüntüsünü yaratmaq məqsədi ilə atılmış adım idi. Azərbaycanda heç zaman bir din xadimi haqqında ölüm fətvası verilməmişdi. Mən bu insanları dindar hesab edə bilmərəm. Onlar hər hansısa bir inanc sahibi deyil.

 

- Əli tərəfdarı necə olmalıdır? Necə əxlaqa sahib olmalıdır, necə yaşamalıdır?


- Mən Əli tərəfdarı sözünü bütün müsəlmanlara aid edirəm. İnsan Əli (ə) yolu ilə gedərsə Peyğəmbərin (s) yolu ilə gedər. Mən əhli-sünnət alimlərindən də eşitmişəm ki, "əgər Əlinin tərəfdarı olmaqdırsa məsələ biz də elə Əlinin tərəfdarıyıq”. Əlinin (ə) tərəfdarı olmaq xüsusi məzhəbə aid edilməməlidir. Hədislərdə deyilir ki, insanları diliniz ilə deyil, əməllərinizlə haqqa dəvət edin. Peyğəmbər (s) həm də bir əxlaq nümunəsi idi. Müqəddəs hesab etdiyimiz, yolunu getdiyimiz şəxslər kimi yaşamağa çalışmalıyıq. Bölücülüyə can atmamalıyıq. Biz bu inanclara əməllərimizlə oxşamalıyıq və insanları buna dəvət etməliyik. Çox vaxt dəyərlər haqqında danışırıq, amma əməllərimizdə o dəyərlərdən əsər-əlamət yoxdur. İk öncə Quran məntiqi ilə həyat tərzinə sahib olmalıyıq. Bu elə övliyaların əxlaqına yaxın olmaqdır. Bu gün müsəlman deyəndə gözümüzdə mütərəqqi bir insan canlanmalıdır. Öz zamanını tanıyan, zamanına uyğun yaşayan bir insan, yəni köhnəpərəst, mühafizəkar yox, mütərəqqi bir insan düşünülməlidir. İntellektə və mənəviyyata sahib olan bir insan olmalıdır dinə mənsub olan insanlar.

 

 

hacishahin.az