Yaxın Şərq regionunda baş verən, dini don geyindirilməsinə cəhd edilən dövlətlər daxili savaşlardan 6 il keçir. Bütün bu məsələlərdə islam dünyasının rol və mövqeiyni dəyərləndirmək üçün "Məşədi Dadaş" məscidi axundu hacı Şahin Həsənli contact.az saytına müsahibə verib.
-Hacı, artıq 6 ildir ki, Yaxın Şərqdə qanlı cavaşlar gedir, müəyyən mənada islam dinini də bu savaşlara alət etməyə səy göstərirlər, islam ümmətinin buna etiraz səsi hələ ki, yetərincə eşidilmir. Siz bu durumu necə dəyərləndirirsiniz?
-Bunu bu başdan qeyd edim ki, bəhs edilən regionda baş verən hadisələrin dinlə birbaşa əlaqəsi yoxdur, bu toqquşan siyasi maraqlardan qaynaqlanan olaylardır.
Amma burada narahatedici xüsusat dinin bu proseslərə alət edilməsinə göstərilən səylərdir. Zahirən də olsa bu hadisələrə dini libas geyindirmək, bu savaşları dini ixtilaflardan doğan savaşlar kimi göstərmək istədilər.
Həm də hesab edirəm ki, bu müsəlmanları parçalamaq üçün növbəti cəhdlərdən biri idi, bu və ya digər səbəb üzündən isə müsəlmanlar buna yetərli cavab verə bilmədilər. Ayrı-ayrı etirazlar olsa da, nəticə verəcək addımlar görünmədi, bəlkə bu da zamana ehtiyacı olan bir məsələdir.
Nəticə etibarilə isə, qazanılan kütləvi ölümlər, qaçqın düşən insanlar, sularda batan mühacirlər, körpələr oldu. Əslində bütünlükdə müsəlmanlar küll olaraq böyük fəlakət yaşadı, bu fəlakət islam dünyasını daxilən zəiflətdi də deyə bilərik.
Üstəlik,müsəlmanlar daxili savaşa cəlb edildi, bu qardaş qırğınına "cihad", Allah adına savaş adı qoymaq istədilər. Qısaca, müsəlman dünyası XXI əsrdə belə bir mənasız bəla və fəlakətin içindən keçməli oldu.
-Bu məsələdə islam aləmi üzərinə düşən məsuliyyətin öhdəsindən nə dərəcədə gəldi, bu olaylara cavab verməyi bacardımı?
-Təəssüf ki, istər islam dövlətləri səlahiyyətliləri, bu əlbəttə daha çox region dövlətlərinə hədəflənir, istərsə də bütünlükdə islam böyükləri hadisələrə adekvat cavab verə bimədilər. Kimi öz hakimiyyətini qorumağı xalqın taleyindən üstün tutdu, kimi də məzhəb təəssübünü din təəssübündən yuxarı qaldırdı.
Elə bu səhv baxış üzündən də hətta bir hissə din xadimləri bu qurulan oyuna getdilər, müsəlmanlar daxilində parçalayıcı rol oynadılar, kənar oyun nəticəsində ixtilfları daha da dərinləşdirdilər.
Bir qrup din xadimi paçalanmanın, təfriqə və ixtilaflaırn yanında yer aldı və indinin özündə də yer almaqda davam edirlər. Əslinə qalarsa, onların bu mövqeyi ümmət daxilində qardaş qırğınına verilən hökmə bərabər idi.
İslam aləmini geri atan, onun birliyini parçalayan bu qırğınlara "müqəddəs savaş" adı da qoydular, ancaq məlum deyildi ki, "müqəddəs savaş"ı aparan kimlər idi, ya aparmayan kimlər? Həm də bu savaşların kənarda olan rejissorları bunu elə "müqəddəs müharibə" kimi təqdim etməkdə də maraqlı idilər.
Ən ağrılı-acılısı bu oldu ki, islam dünyası, bütün bu baş verənlərə yetərli dərəcədə adekvat reaksiya göstərmədi. Heyf ki, xurafat, cahillik islamın cövhəri olan insana mərhəməti üstələdi.
-Necə hesab edirsiniz, müsəlmanlar bundan nəticə çıxarmağı bacardımı?
-Bütün baş verən hadisələrin islam dünyasına bir dərsi də oldu və dərs də bundan ibarətdir ki, müsəlman din xadimləri baxışlarını təftiş etməyə, baş verən hadisələrin səbəblərini axtarıb, araşdırmağa başladılar.
Bu məsələdə bütün müsəlmanların məsuliyyəti var. Necə olub ki, aşırı baxış sahibləri, radikal dediklərimiz islam aləminin içində bu qədər özünə yer edə biliblər, səbəb nə olub ki, bu radikal düşüncələr ümmət içində intişar edə bilib. Bu qəbildən bütün islam dünyasının cavablandırmalı olduğu çoxsaylı suallar var.
Bəli, kənardan təsirlər olub, bəli, bu şər qüvvələrə saysız-hesabsız vəsaitlər verilib, bunlar hamısı var, amma bu adamların əksəriyyəti müsəlmanların içindən çıxıb, deməli, buna görə bütün müsəlmanların da məsuliyyəti var. Əgər daxilimizdə din təəssübü varsa bu məsuliyyəti bölüşməliyik və bu etirazı da ifadə etmıliyik ki, niyə dinimizi bu hala salırsınız.
Daha bir həssas nöqtə tarixdən dərs almamağımızdır. Bu da təbiidir ki, tarixdən dərs ala bilmədikdə, bəlalardan dərs almalı oluruq, indiki kimi.
Buna görə də İmam Zeynalabidin(ə.s) hər zaman dua edərdi ki, "İlahi, məni bəlalarımla ədəbləndirmə".
-Sizcə, bu proseslərin bu qədər uzun davam etməsinin səbəbi nədir?
-Bunun səbəbləri çoxdur, amma indiki halda yalnız islam dünyasının rolu kimi baxış bucağından yanaşma sərgiləmək istəyirəm.
Bu proseslərin bu qədər uzun davam etməsinin səbəblərindən biri də müsəlmanların bunun qarşısını almağa kifayət qədər hazırlıqlı olmamalarıdır. Elə bu hazırlıqsız olmağın nəticəsidir ki, ixtilaflar dinimizi əhatə etdi və haqqın yer üzünə endirdiyi kitabındakı vəhdət, bir ipdən yapışmaq, bir daha ayrılmamaq kimi hökmlər gözardı olundu.
Təəssüf ki, dinə yanaşmada ixtlilaflar hələ də ortatadır və buna görə də hər məzhəb, hər təriqiət ancaq özünü haqq sayır. Qəbul etmək istəmirlər ki, din bir-birini inkarın yox, müxtəlifliklərin bir ortamda yaşaya bilməsi müstəvisidir.
Fərqli düşüncəyə görə, insan öldürmək, məscidlərdə partlayışlar törədərək Allaha ibadət edən insanları qətlə yetirmək Allahın yanında savab əməl sayılmaz.
Fərqli düşüncəyə dözümlü yanaşa bilmək fəlsəfəsi özünə əsaslı yer tutmadığı üçün də müsəlmanlar zorakılıqların qarşısını almağa hazır görünmədilər.
Bu da var ki, islam alimləri hələ bu hadisələrdən də çox əvvəl ümmətə vəhdət çağırışı edirdilər, amma səsləri eşidimirdi, hazırda artıq bəla ümməti çaynağına keçirib, artıq durum daha da mürəkkəbləşib deyə, vəhdət çağırışları intensivləşib.
Artıq savaş kimin hansı əqidədə olması müstəvisindən çıxıb, terrorun can aldığı ölkələrdə sadəcə heç kəsin, nə əqidəlinin, nə əqidəsizin, nə varlının, nə kasıbın, nə evlinin, nə subayın canı, malı, ailə-uşağı amanda deyil, bu artıq həmin ölkələrdə insanlığın yaşaya bilmək məsələsinə dönüb.
-Bu savaşlar siyasi maraqlardan da yaransa, müsəlmanlar daxilində bu qanlı çəkişmələrin aradan qaldırılması üçün hansı yollar var?
-Aydındır ki, xalqlar, insanlar bir-birinə nifrət üzərində köklənmirlər, bunun üçün xüsusi mərkəzlər fəaliyyət göstərir, bu mərkəzlər zəhər saçan ideologiyaların ideoloqlarını formalaşdırır, ideoloqlar da icraçıları olan qüvvələri formalaşdırıaraq ətraflarında birləşdirirlər. Amma istənilən halda bu məsələnin mahiyyətində fərqli düşünməyə qarşı savaş durur.
Bayaq dediyim məsələ kimi, islam heç zaman ifratı qəbul etməyib və Mühəmməd peyğəmbər (s)-in hədisi də bunu təsdiq edir: "Mən sizə övsət din gətirdim", yəni orta olan yol gətirdim. Bu orta yol olan dində, məhz dinə, şəriətə baxışlar müzakirələrdən keçir.
İndki halda isə bu din məsələsi deyil, siyasi məsələdir, məlum regionun siyasi taleyinin necə həll ediləcəyi məsələsidir. Burada dövriyyəyə ideologiya, təşkilatlar, maddi vəsaitlər girib,burada yaşayan müsəlman xalqları da buna alət etmək səyləri var, amma çoxluq olaraq insanlar bundan kənardadır. Amma nə edəsən ki, bu maraqların təmin edilməsinə, hadisələrin daha mürəkkəb şəkil almasına müsəlmanları da cəlb etmək kimi bir məkr davam edir və təəssüf ki, bu məkr hər tərəfdə az-çox öz işini görə bilir.
Odur ki, bu qrup, təşkilat dediklərimiz müsəlmnaların iradəsi əleyhinə dayanaraq din, şəriət adına öz istədiklərini diktə edirlər və hələ ki, buna yetərli qarşılıq verilmir.
Qısaca fikrimizi ifadə etsək, meydan hələ ki, cahillərin, dünya və mənfəətpərəstlərin əlindədir, onlar da fəallıq göstərirlər. Amma artıq müqavimət də var və bu müqavimət daha da güclənməlidir.
Amma burada bunu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, ifrat ümmətçilik də islam üçün yanlışdır, odur ki, dini fərqlilikləri bir ortaq məcraya gətirməyin yolu tapılmalıdır çünki, din fərqliliklərin, müxtəlifliliklərin vəhdətidir.
Dediyim kimi isə, baş verənlər siyasi mahiyyətlidir, sadəcə buna dini don geyindiriblər, müsəlmanların bir hissəsi də buna alət edilib və bu alət olanlar da elə islam aləminin içindən çıxanlardır.
Haqqında bəhs etdiyimiz ifratçılıq, dözməzlik də bu savaşlara, Həqqin günahsız tökülən hər damla qana görə haqq-hesab istəycəyi əməllərə əsas olub.
-Sizcə islam dünyasının və müsəlmanların bundan çıxış yolu varmı?
-Mənə elə gəlir ki, durum indi-indi müsbətə doğru dəyişir, hər iki məzhəbin alimləri ümmətə çağırışlar etdilər, tədbirlər keçirildi, gec də olsa buna səy göstərdilər, radikal cərəyanlara qarşı müqavimət məsələsi gündəliyə gətirildi və bir çox ölkələrdə bunun şahidi olmuşam.
Müsəlmanlar isə bütün bu baş verənlərdən yorulub, odur ki, ifratçılığa müqavimət prosesi daha da güclənməlidir. Müharibə gedən ölkələrdə müsəlman müsəlmanı qətl edir, savaşdan kənar qalan müsəlman ölkələrinin insanları buna görə sarsılıblar, dilləri duadadır ki, Həqq-Təala bu insanları bu bəlalardan tezliklə xilas etsin.
İndi insanlar çarəsiz qalıb, savaş gedən ərazilərdə müsəllmanların və təkcə müsəlmanların da deyil, sabahı taleyin ixtiyarına buraxılıb, insanların can güvənliyi yoxdur. Buna görə, müqavimət prosesi güclənməli, bu savaşlar bitməli, ümmət toparlanmalı, bir daha bu hadisələrin təkrarlanmaması üçün mexanizmlər qurulmalıdır.
Biz tarixlə ədəblənmədikdə o zaman bəlalarımızla ədəbləndirilirik. Odur ki, bu və ya digər günahımız üzündən bəlamız "ağllanmağımız"a əsas edildi.
İndi isə vəhdət məsələsinə konseptual yanaşma olmalı, bunun konsepsiyası hazırlanmalıdır, ən əsası müsəlmanlar dində radikallıq niyə baş verir sualına cavab verməli və onun müsəlman aləminə bir daha sıza bilməsinin qarşısını almalı, bunun üçün konkret yanaşma metod və mexanizmləri ortaya qoymalıdır.
Əlbəttə, ortada islam dövlətlərinin də məsuliyyət məsələsi var, islam dövlətləri bu ifratçılığa qarşı mübarizədə səyləri birləşdirməlidirlər ki,bütünlükdə müsəlman ümməti indiki kimi çarəsiz durumda qalmasın.
hacishahin.az