“Kərbəla hadisəsi, ümumiyyətlə, məlum olduğu kimi islam tarixində ən əzəmətli və böyük hadisələrdən biridir”, - bu sözləri kerbela.info saytına videomüsahibəsində ilahiyyatçı hacı Şahin Həsənli deyib. Müsahibənin stenoqrammını oxucularımıza təqdim edirik:
Bu hadisəni ən müxtəlif yönlərdən təhlil etməyə çalışırlar və bəzən günümüzdə də yalnış təhlillər meydana çıxır. Bəzi hallarda bunu iki ərəbin, iki qəbilənin, hətta iki əmioğlunun davası kimi təqdim edirlər. Təbii ki, bu təhlillər həqiqətdən uzaqdır, tarixi həqiqətlər bizə bu barədə başqa məlumatlar verir.
Kərbəla hadisəsi islahat hərəkatı adlandırıla bilər. Bu, həzrət Peyğəmbərimizin (s) gətirdiyi dinin ardıcıllarının yoldan azması nəticəsində meydana gəlmiş bir hərəkatdır. İmam Hüseynin (ə) öz dili ilə desək, “Cəddim peyğəmbərin ümmətini islah etmək üçün bu mübarizəyə başladım”, yəni bu hərəkat bir islahat uğrunda aparılan mübarizədir.
Məlum olduğu kimi, ilk dəfə idi ki, İslam tarixində monarxiya üsuli-idarəsinin əsası qoyulurdu. Hakimiyyətin qeyri-qanuni yolla Müaviyədən Yezidə ötürülməsi bir Əməvi səltənətinin başlanğıcı idi. Bu isə İslam dininin mahiyyətinə zidd idi. Müaviyəyə qədər bütün xəlifələr Peyğəmbərin (s) davamçısı hesab olunurdu. Yəni onlar, bir növ, dinin sahibi sayılırdılar. Xəlifələrin davranışı bir president hesab olunurdu. İnsanlar xəlifələrin əməlini Peyğəmbər (s) sünnəsi kimi qəbul edirdilər. Xəlifələr istədikləri şəkildə dini öz istəklərinə uyğun dəyişmək səlahiyyətlərinə malik idilər və bu proses Yezidin xilafəti dönəminə qədər davam etdi. İmam Hüseyn (ə) əslində bu mübarizəni başlamaqla siyasi hakimiyyəti dindən ayırdı, belə demək olarsa, dini siyasətə alət olmaqdan uzaqlaşdırdı. Din xilafətin siyasi aləti olmasından çıxdı, xəlifə yalnız siyasi hakimiyyəti təmsil etməyə başladı və onun din adından danışmaq səlahiyyəti ləğv olundu. Bu məhz Kərbəla hadisəsinin nəticəsi idi. (Kərbəladan öncə - red.) Peyğəmbəri (s) təmsil edən Yezid açıq-aşkar dini hökmləri pozur, dini qadağalara məhəl qoymur və imam Hüseyndən (ə) beyət tələb edirdi.
Bəzən deyirlər İmam Hüseyn (ə) hakimiyyət uğrunda mübarizə aparırdı, yaxud imam Hüseynin (ə) bu mübarizəsi qanuni hakimiyətə qarşı qiyam idi. Bu cür iddialar tamamilə yanlışdır, çünki Müaviyə ilə imam Həsən (ə) arasında bağlanmış sülh müqaviləsinə əsasən hakimiyyət Müaviyədən sonra oğluna ötürülməməli idi. Amma buna riayət olunmadı və imam Hüseyndən (ə) beyət tələb edildi. İmam Hüseyn (ə) isə beyətdən qətiyyətlə imtina etdi və Mədinədən Məkkəyə, oradan isə Kufəyə yola düşdü. Yol boyunca İmam Hüseyn (ə) öz mübarizəsinin hədəflərini bəyan edirdi və qeyd edirdi ki, məqsədi fəsad törətmək, ixtilaf yaratmaq deyil, məqsədi yolunu azmış Peyğəmbər (s) ümmətini öz yoluna qaytarmaqdır.
Yəni bu hadisə təkcə öz zamanı ilə məhdudlaşan bir hadisə deyil. Mən düşünürəm ki, Kərbəla hadisəsi zaman və məkanın fövqündə dayanan bir hadisədir. Kərbəla sözün əsl mənasında dəyər savaşıdır, iki dünya görüşünün, dəyərlər sisteminin toqquşmasıdır. Qurani-kərimdə də qeyd olunduğu kimi dünya yaranandan bəri haqq ilə nahaq savaşı həmişə olub və dünyanın sonuna qədər də davam edəcək. Haqq cəbhəsini təmsil edən peyğəmbərlər və ilahi övliyalar olub. Onların qarşısında isə ən müxtəlif cərəyanlar dayanıb və bu cərəyanların savaşı kulminasiya nöqtəsinə məhz Kərbəlada çatdı.
İmam Hüseyn (ə) haqqın və onun ardıcıllarının gözəlliyini və nahaq cəbhəsinin eybəcərliyini qabarıq şəkildə ortaya qoyur.
Əgər imam Hüseyn (ə) sırf hakimiyyət uğrunda mübarizəyə qalxmışdısa, o zaman öz qız uşaqlarını, qadınlarını özü ilə aparmazdı. İmam Hüseyn (ə) dəyər davasına qalxmışdı, onun bütün mübarizəsi bu məqsədə xidmət edirdi. O, əməli ilə də bunu sübut etdi. Ən qanlı məqamlarda, döyüşün qızğın vaxtında belə namazı vaxtından keçirtmədi, Kərbəla səhrasında camaat ilə namaz qıldı və namazın uğrunda savaşdığını bəyan etdi, dəyərlər uğrunda savaşdığını sübut etdi. Kiçik bir dəstə ilə böyük bir orduya qarşı vuruşan bir şəxs hakimiyyət uğrunda savaşa bilməz. Çünki, hakimiyyət uğrunda dava edirdisə, artıq hakimiyyətə yiyələnməsi mümkünsüz olduğu zaman təslim olmalı idi. Çünki yüz neçə nəfərdən ibarət bir dəstə on minlərlə ordu ilə savaşa bilməzdi. Amma imam Hüseyn (ə) özü dedi ki, məni iki yol ayrıcında qoyurlar - ya zəlilliyi qəbul etməli, ya da ki, izzət yolunu seçməliyəm, ya qılınc, ya da zillət. Bundan sonra o məşhur şüarını səsləndirdi ki, “həqiqətən zillət bizdən uzaqdır” və bütün dünyada yaşayan insanlara, Qiyamətə qədər yaşayacaq insanlara həqiqi azadlığın nədən ibarət olduğunu anlatdı.
Yəni bu insan azadlığını itirməmək bahasına canından, yaxınlarından keçməyə hazır oldu. Yəni azadlığını itirməmək üçün bütün varlığını qurban verməyə, başının nizələrdə getməsinə razı oldu. Bu, imam Hüseynin (ə) həyat amalı idi.
Əvvəldən axıra qədər İmam Hüseynin (ə) mübarizəsində bir qətiyyət görürük. O, bir an belə naümid olmur, məqsədə çatdığını anlayır, başa düşür ki, onun mübarizəsi təkcə öz zamanına aid deyil, gələcək nəsillər də bu mübarizədən ilhamlanacaq və nəhayət dünyada on ikinci imamın timsalında bir ilahi düzən formalaşacaq.
Bu savaşın hakimiyyət savaşı olmamasını sübut edən amillərdən biri də məhz bu əzadarlığın yaşamasıdır. Bilirsiniz, tarixdə onlarla, yüzlərlə hakimiyyət uğrunda mübarizələr olub, hamısı unudulub. Yalnız tarix səhifələrində yaşayırlar, bu hadisə isə qəlblərdə yaşayır. Min illər keçdikcə milyonlarla insan imam Hüseynə (ə) yanır, yaxılır və əzadarlıq mərasimləri keçirir. Qəlbə hökm etmək olmur, bunu kimsə insanlara təlqin edə bilməz, bu, qəlbin çağırışıdır. Bütün bunlar onu sübut edir ki, imam Hüseyn (ə) və onun ardıcıllarının bu mübarizədə hədəfi yalnız və yalnız Allah rızası idi.
Əgər orada başqa bir məqsəd olsaydı, o zaman bu hadisə yaşamazdı. Kərbəla hadisəsindəki dünyəvi məqsəd dinin islah olunması, daha doğrusu dini dünyagörüşünün islah olunması, insanların həqiqəti anlaması idi. İmam Hüseynin (ə) qanı vasitəsi ilə islam ümməti qəflət yuxusundan ayıldı və kimin kim olduğunu dərk elədi. İmam Hüseyn (ə), sanki, qiyamətə qədər haqq və nahaqqın xüsusiyyətlərini öz mübarizəsi ilə bəyan elədi. Bunu nəzəri cəhətdən çatdırmadı, əməli-praktiki cəhətdən göstərdi və Kərbəla hadisəsi, belə demək mümkündürsə, insan haqqında nəzəriyyəni ortaya qoydu. Qurani-Kərimdə zahirən insan haqqında ziddiyyətli baxışlar var. Quran insan haqqında danışarkən bəzi yerlərdə onu Allahın xəlifəsi, ali bir varlıq olaraq təqdim edir, başqa yerlərdə isə insanın, hətta heyvandan aşağı olduğunu vurğulayır. Bu iki insan növünü İmam Hüseyn (ə) Kərbəlada bizə tanıtdırdı. Bioloji baxımdan hər ikisi insan idi, amma biri təkamülün zirvəsinə ucalmış kiçik bir dəstə, digəri isə dünyaya və nəfsə əsir olmuş sayı otuz min civarında olan böyük bir ordu. Bu kiçik bir dəstə əzmi, iradəsi, qətiyyəti və Allaha sarsılmaz inamı nəticəsində o böyük orduya qələbə çaldı. Ona görə də Aşura gününü qanın qılınca qalib gəldiyi gündür.
hacishahin.az