Müsahibələr

Bir qədər futbol haqda

25 Yanvar 2018 2514

Hurriyyet.org saytının “Hərdən futboldan danış!” rubrikasının budəfəki qonağı tanınmış ilahiyyatçı Hacı Şahindi. Hacıyla birgə futbol və din mövzusunu müzakirə etdik, bəzi mübahisə doğuran məsələlərə aydınlıq gətirdik.

 

“Almaniya yığmasına azarkeşlik edirəm”

 

- Futbola marağınız nə səviyyədədi?

 

- Futbola marağım orta səviyyədədi. Gənclik dönəmimdə daha çox baxmışam. İndi işlərimin çoxluğundan baxa bilmirəm. Amma arada dünya çempionatına, mühüm oyunlara və ya “Qarabağ”ımızın oyunlarına baxıram.

 

- Elə DÇ ilə bağlı sual verəcəkdim. Qarşıdan mundial gəlir. Hansı yığmaya azarkeşlik edəcəksiz?

 

- Əvvəllər Almaniya yığmasına azarkeşlik etmişəm. İstər-istəməz indi də onlar beynimdə qalıb və şüuraltı olaraq Almaniya yığmasına azarkeşlik edirəm.

 

- Bəs müsəlman ölkələrindən İran, Səudiyyə Ərəbistanı və ya Mərakeş? Qarışdakı DÇ-yə vəsiqə qazananları deyirəm...

 

- Adətən, onlar yarımfinal və finala gedib çıxmırlar deyə azarkeşlik etməyə dəymir. Təbii ki, müsəlman ölkələrinin komandalarının qalib gəlməsini arzulayırıq. Amma son mərhələlərdən danışırıqsa, Almaniya yığmasına üstünlük verirəm.

 

- Bəs müsəlman ölkələrinin Avropa və Cənubi Amerika ölkələrinin komandalarından geridə qalmasını nə ilə izah edərdiz? Niyə müsəlman ölkələri yaxşı futbol oynaya bilmir?

 

- Bu oyunların ənənələrinin həmin ölkələrdə olmaması öz sözünü deyir. Futbolun vətəni Avropadı. Futbol Avropa ölkələrində inkişaf edib, müsəlman ölkələrində isə bu oyunun ənənələri olmayıb. Bu səbəblərdən biri ola bilər. Ola bilsin, futbol kollektiv idman növü olduğundan bu baxımdan axsama var. Dəqiq səbəb deyə bilmərəm, amma əsasən futbol ənənələrinin olmamasını qeyd etmək olar. Müsəlman ölkələrdə güləş və bu tip yarış növləri inkişaf edib. Yəni fərdi idman növləri.

 

- Ümimiyyətlə, İslam dininin futbola və idmana münasibətini bilmək istərdik...

 

- İslamın idmana münasibəti çox müsbətdi. Hətta bir qrup ibadətlər haqda danışılarkən onun sağlamlığa əhəmiyyəti haqda danışılır. Məsələn, “oruc tutun, sağlam olun”. İnsanların sağlamlığını qoruması, sağlam həyat keçirməsi onların Allah qarşısında bir vəzifəsidi. Din təkcə ibadətlərlə məhdudlaşmır, o, həyatın bütün sahələrini əhatə edir. O cümlədən sağlamlığa müsbət təsir göstərdiyinə görə idman bəyənilən bir əməldi. Dinimiz də zorakılıq olmayan idman növüylə məşğul olmağı təşviq edir. Peyğəmbərimizin zamanında da güləş idman növü yayılmışdı. Bəzən Peyğəmbərimiz nəvələri İmam Həsənlə İmam Hüseyni bir-biri ilə güləşdirirdi. O vaxt həm də at yarışları keçirilirdi. Bu gün də İslamın idmana münasibəti müsbətdi. Konkret futboldan danışmalı olsaq, bu oyunun bir çox müsbət xüsusiyyətləri var. Ümumiyyətlə, futbol kollektiv bir oyundu, insanların həm də mənəvi baxımdan təkmilləşməsinə gətirib çıxarır. Məsələn, qələbə naminə birləşmək, öz mənafeyini güdməmək - bunlar hamısı mənəvi keyfiyyətlərdi. Oyun zamanı insanın həm də mənəvi zəiflikləri üzə çıxır. Məsələn, futbolçu həmkarı qol vurduqda insanın keçirdiyi hisslər çox önəmlidi. Həmin məqamda insan yalnız özünümü düşünür, yoxsa gözəl oyun nümayiş etdirmək istəyir?! Bütün bunlar mənəvi baxımdan insanın yetişməsinə səbəb olan amillərdi. Ona görə futbolu müsbət oyun kimi şəxsən bəyənirəm. İnanclı insanlar üçün bu idman növüylə məşğul olmaq faydalı olar.

 

- Hardasa 3-4 il öncə Hacı Qamətdən də futbola bağlı müsahibə götürmüşdüm. O mənə demişdi ki, Messi və ya Ronaldo İslam dininin adını eşidib onunla maraqlanmayıbsa və nəticədə bu dini qəbul etməyibsə, cəhənnəmlikdi. Buna münasibətinizi bilmək istərdim...

 

- Biz birmənalı olaraq kiminsə cənnətlik və ya cəhənnəmlik olduğunu söyləyə bilmərik. Bilirsiz, insanlara yaşadığı mühitə və formalaşdığı şəraitə uyğun qiymət vermək düzgün olar. Düzdü, haqq olaraq Allah İslam dinini göndərib və bütün bəşəriyyəti buna dəvət edib, amma biz bu gün bu meyarla insanlara yanaşa bilmərik. Çünki insanlar fərqli mühitlərdə formalaşıb, hər bir xalqın özünəməxsus dini ənənələri olub. İnsanları bu meyarla dəyərləndirmək olduqca çətin məsələdi. Əslində insanlar öz dinlərini tanıtdırmaq haqda düşünməlidilər ki, din müsbət yöndən dünyaya təqdim edilərsə, insanlar İslam dininə rəğbətlə yanaşarlar. Nəzərə alaq ki, bugünkü şəraitdə İslam əleyhinə təbliğatlar gedir, islamofobiya var, amma yenə də görürsən ki, xristian ölkələrində bir çox mütəfəkkirlər və alimlər İslam dininə yönəlir. Ona görə də fikrimcə, bu meyarla hansısa insana yanamaq olmaz. Məsələn, mən eşitmişəm ki, Ronaldo ehtiyaclı müsəlmanlara yardım edir. Bunların hamısını müsbət addımlar kimi dəyərləndirmək lazımdı.

 

“Təbii ki, bunun nəticəsində də müsəlmanların Ronaldoya simpatiyası yaranır”

 

- Elə buna uyğun sual da verəcəkdim ki, müsəlman dünyasında Ronaldoya rəğbət çoxdu. Məsələn, Fələstinə və ya ehtiyaclı müsəlman ölkələrinə yardım etməsi....

 

- Bəli, onun bu baxımdan ədalətli mövqe nümayiş etdirməsi, ehtiyaclı insanlara yardım göstərməsi müsbət qiymətləndirilməlidi. Eşitdiyimə görə, Ronaldo bir neçə müsahibəsində İslam dini haqda müsbət fikirlər səsləndirib, dinimizə rəğbəti olduğunu bildirib. Təbii ki, bunun nəticəsində də müsəlmanların ona simpatiyası yaranır.

 

- Hacı, bu aspektdən yanaşmalı olsaq, müsəlman olmayan xristian futbolçu və ya hansısa bir dinin daşıyıcısı xeyriyyə aksiyalarında iştirak edirsə, onun savab dəftərinə nəsə yazılır?

 

- Quranda qeyd olunur ki, Allah yalnız təqvalılardan, pəhrizkarlardan əməl qəbul edər. Amma bir daha deyirəm, biz insanların hamısına İslam meyarı ilə qiymət verə bilmərik. Bu insanlar İslamın mahiyyətindən xəbərsizdi. Amma insanlar doğrudan da xeyirxah niyyətlə başqaları ilə həmdərd olmaq üçün yardım göstərirsə, onda bu onu göstərir ki, həmin adamlarda insani keyfiyyətlər var. Təbii ki, Allah qatında da heç bir şey əvəzsiz olmur. O insanlar ki, bu gün öz dininə sadiqdilər və İslamla o qədər də yaxından tanış deyillər, Allah onlarla dinləri və vicdanları əsasında hökm edəcək.

 

- Özünüz də yaxşı bilirsiz ki, bu gün futbolda böyük pullar dövr edir. Futbolçular astronomik məbləğlərə transfer olunur. Üstəlik oyunçuların özləri də başdöndürən məvaciblər alır. Sizcə, futbola xərclənən bu qədər pul İslam baxımından israfçılıq deyilmi?

 

- Hər şey həddində olanda yaxşıdı. Düzdü, mən bu məsələnin xırdalıqlarına o qədər də bələd deyiləm. Amma ümumiyyətlə, eşidirik və ya bilirik ki, böyük məbləğdə vəsait ayrılır və bəzən də nəticələr manipulyasiya edilir. Bəli, idman həm əyləncə, həm də sağlamlıq vasitəsidi. Amma ona həddən artıq çox vəsaitin ayrılması da düz deyil. Bütün dəyərlər öz yerində olsa, yaxşı olar. Bəzi hallarda bunu israfçılıq saymaq olar. Bu məsələdə dəqiqliklə danışmaq bir az çətindi, amma ilk baxışdan baxanda çox böyük vəsaitin xərclənməsi bəzən düzgün hesab olunmaya da bilər.

 

- Hacı, belə ölkələrdən biri də Qətərdi. Məsələn, PSG-nin və ya MS-nin sahibi Qətər şeyxləridi. Yəni bəzi müsəlman ölkələrində səfalət hökm sürdüyü vaxt hansısa varli bir müsəlman ölkəsi onlara yardım etmək əvəzinə pullarını Avropa futboluna xərcləyir. Bu nə dərəcədə düzgündü?

 

- Ölkələr idman vasitəsiylə özlərini təqdim edə bilirlər. Buna normal yanaşmaq olar. Amma bu o zaman normal ola bilər ki, zəngin müsəlman dövlətləri hər şeydən öncə ehtiyaclı müsəlmanlara yardım göstərsinlər. Ümumiyyətlə, İslam ümməti arasında bir həmdərdlilik olsun. Bunlar dinimizin hökmləridi. Bunlara riayət etmədən başqa sahələrə milyonların xərclənməsini düzgün saymıram. Təbii ki, bəzi ölkələrin öz dövlət maraqlarını idman vasitəsiylə təbliğ etməsini normal hesab edirəm. Çünki biz istədik- istəmədik, idman həm də bir siyasətdi. Bu siyasətdən idmandan istifadə olunmasını müsbət mənada təqdir edirik. Amma müsəlman ölkələrinin inkişafa yox, belə vasitələrə sərmayə ayırmasını düzgün hesab etmirəm. Daha yaxşı olar ki, köklü inkişaf fonunda bunlar baş versin. Təbii ki, söhbət ərəb ölkələrindən gedir. Başqa müsəlman ölkələrinə yardım etsinlər, bununla paralel idmana da pul ayırsınlar.

 

“Futzal və çimərlik futbolunda qüvvəsini sınayan qapıçı Emin Kürdovun adını çəkə bilərəm”

 

- Futbolda azarkeş mədəniyyəti anlayışı var. Amma bəzən bu mədəniyyət mədəniyyətsizliyə yol açır. Tribunalarda qışqırıb-bağır salmaq və ya xuliqanlıq etmək İslam nöqteyi-nəzərindən nə dərəcədə pis əməl sayılır?

 

- Azarkeşlər komandalarını dəstəkləməli və hansısa bir vasitələrlə bu dəstəyi ifadə etməlidi. Sükut halında idmanı seyr etmək düzgün deyil. Özünüz də qeyd etdiz ki, bəzən ifratçılığa varırlar, stadionları yandırırlar, kütləvi davalar baş verir. İdman həyatımızda önəmli amildi, amma onun da artıq rolunu şişirtmək, fanatca bir komandaya azarkeşlik etmək düz deyil. Hətta bəzi məğlubiyyətlərə görə insanlar xəstəliyə tutulur. Mən belə insanları tanıyıram da. Hətta dünyasını dəyişən insanlar da olur. Bunlar artıq ifratdı. Belədə idman artıq məcrasından çıxır, faciəyə çevrilir. Din bunu dəstəkləyə bilməz.

 

- Müsəlman ölkələrində qadınların stadiona buraxılmamasıyla bağlı problem də var. Məsələn, Səudiyyə Ərəbistanında bu qadağa götürüldü, amma mən bilən İranda bu qadağa hələ də var. Sizcə, necə olmalıdı?

 

- Qadınlara qadağa tətbiq edilməsiylə bağlı dəqiq məlumatım yoxdu. Əslində bəzi hallarda bu məhdudiyyətlər qadına olan hörmətdən doğur. Çünki azarkeşlər tribunalarda mədəni qaydalara riayət etmir. Qadının məqamı uca olduğuna görə ora buraxılmır. Amma qadınların bütün idman növlərini seyr edə bilməməsiylə bağlı dinimiz qadağa qoymayıb. Sadəcə, əxlaqi çərçivələrə riayət olunmur deyə, bir sıra ölkələrdə buna məhdudiyyətlər qoyulur. Amma sağlam azarkeşlik edilərsə, qadınların iştirakında problem olmaz.

 

- Dindar tanışlarınız arasında azərbaycanlı futbolçular varmı?


- Hə, futzal və çimərlik futbolunda qüvvəsini sınayan qapıçı Emin Kürdovun adını çəkə bilərəm. Bir də Turxan varsəhv etmirəmsə, Məmmədovdur. Bir neçə nəfər də var, adlarını unutmuşam. Məsçidə gəlib-gedənlər arasında idmançılar var.

 

- Rəşad Sadıqov və ya millimizin çalışdırıcısı Qurban Qurbanov ilə tanışlığınız yoxdu…

 

- Onlarla yaxın tanışlığım yoxdu.

 

- Ümumiyyətlə, bizdə futbolçular arasında dinə meyillillik yüksək səviyyədədi. Bunu nə ilə əlaqələndirirsiz?

 

- Buna konkret səbəb göstərmək çətindi. Belə bir deyim var ki, sağlam bədəndə sağlam ruh olar. Yəni insanlar öz cisimlərinin qayğısına qalırsa, idman yolunda müəyyən məhrumiyyətlərə dözürsə, bu onların həm də güclü şəxsiyyət olduğunu göstərir. Çünki insan idmanda uğur qazanırsa, deməli, nəfsinə hakim insandı. Dinimizdə də nəfslə mübarizə aparmaq adlı anlayış var. Onlar istədiyi vaxt yatmır, istədiyi vaxt durmur. Bunlar həm də mənəvi təkamülə xidmət edir. Ola bilər ki, idmançıların dinə meyilliyi bununla bağlıdı.

 

- Hər nə qədər İslamın vəhdətindən danışmalı olsaq da, məzhəblərə bölünmək qaçılmazdı. Biri şiə olur, biri sələfi. Bizim futbolçular arasında sələfiliyə həvəs çoxdu. Belə bölücülük fonunda ciddi problem görmürsüz ki?

 

- İnsanların etiqad azadlığı var. Azərbaycanda da ənənəvi məzhəblər var. Bu ölkədə də təriqətlər arasında heç vaxt problem olmayıb. İndi müəyyən radikal cərəyanlar var ki, dövlət qurumları onların fəaliyyətinin qarşısın alır. Ümumiyyətlə, idman həmrəyliyə xidmət etməlidi. Məsələn, Bakıda İslam Həmrəylik Oyunları keçirildi. Bu həm də idman vasitəsiylə bir vəhdətə, birliyə çağırış idi. Günümüzdə bu çağırışa ciddi ehtiyac var.Müsəlmanlar arasında hansısa ixtilaf olmamalıdı. Bu, “Quran”ın hökmüdü. Müqəddəs kitabımızda belə bir ayə var ki, hamımız Allahın ipindən yapışın, parçalanmayın! İdmançılar arasında müxtəlif məzhəblərə qulluq edən insanlar var. Mən idmançılar arasında sələfiliyə meyilliliyin bir tendensiyaya çevrildiyini deyə bilmərəm. Bunun statistikasını heç kim çıxarmayıb.

 

- İslam Həmrəyliyi Oyunlarından danışdız, amma başqa dinlərdə belə həmrəylik oyunları yoxdu. Onlar bir-birini qırmır, amma müsəlman ölkələri bir-biriylə münaqişədədi.

 

Həmrəylik Oyunlarının keçirilməsi elə vəhdətə çağırışdı. Vaxtilə Avropanın özündə də məzhəblərarası müharibələr olub, minlərlə adam öldürülüb. Onlar o mərhələləri keçiblər, sadəcə, İslam bir qədər gənc dindi. Bəzən məzhəb münaqişələri süni şəkildə qızışdırılır. Bu ixtilaflardan sonra davamlı sabitlik dönəmi də gələ bilər. Müsəlmanlar bu proseslərdən dərs çıxarmalıdı.

 

- Azərbaycanlı futbolçular adi maaşla dolanan vətəndaşlarımızdan yetərincə çox qazanır.Onların qazandığı pul zəkat verməyə yetir. Onlar öz qohumlarına yardım etməklə zəkatı ödəmiş olur, yoxsa başqa yerlərə müraciət etməlidi?

 

- Zəkatın ödənmə yerləri var. Zəkat ödəyənin özü də bu payı ayıra bilər. Düzü, bu bir qədər geniş mövzudu. Amma idmançılar inanclıdısa, bu istiqamətlərlə maraqlanıb onları xərcləyə bilərlər.

 

- Onların qazancı həm də həccə getməyə kifayət edir. Dinə görə də müsəlman azərbaycanlı futbolçu qazancına görə həccə getməlidi.

 

- Bəli, maddi durumu və sağlamlığı icazə verirsə, o insan ömüründə ən azı bir dəfə həcc ziyarətində olmalıdı. İdmançılar arasında həccə gedənlər çox olur. Hətta xatırlayıram ki, mən həccdə olarkən Məkkəyə bir avtobus dolu azərbaycanlı futbolçunun gəlmişdi.

 

TAHİR MİRZƏ, "Futbol+"

Hurriyyet.org