“Adətən bu kimi addımları fikir azadlığı ilə əsaslandırmağa çalışırlar. Müasir dünyada insanların fikri azaddır deyib, bu azadlığın sərhəddinin sonsuz olduğunu iddia edirlər. Lakin azadlığın sərhəddi olmalıdır və var. Azadlıq digər insanların azadlığına təcavüz etdiyi zaman məhdudlaşdırılmalıdır. Hesab edirəm ki, Peyğəmbərin (s) məsxərə edilməsi insanların inancının kobud şəkildə təhqir olunmasıdır. Söz azadlığını bu məsələlərdə sınaqdan keçirmək yanlışdır, çox səhvdir”.
Bunu Hollandiyada əziz İslam peyğəmbəri həzrət Məhəmmədə (s) hörmətsizlik əlaməti olaraq karikatura müsabiqəsinin elan edilməsi ilə bağlı Real TV-yə müsahibəsində ilahiyyatçı hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, qeyd olunan yanlış addımlar aqressiv reaksiyalara səbəb olur. Ona qarşı silah çəkənləri, əzizlərinin qatillərini bağışlayan Peyğəmbərimiz (s) onu məsxərə edən şerlərin müəllifini əfv etmir və sərt cəzalandırır. Bütün bunlar ona görədir ki, cəmiyyətdə toxunulmaz və müqəddəs dəyərlər gözdən salındıqda cəmiyyət mənəvi immunitetini itirir və mənəvi aşınmaya məruz qalır.
Peyğəmbərin (s) həqarətinə söz azadlığı ilə bəraət qazandıran Avropa ölkələrində bu sahədə heç də tam azadlığın hökm sürmədiyini vurğulayan hacı Şahin Həsənli bildirib ki, həmin ölkələrin mətbuatında bir sıra toxunulmaz mövzular var. Hətta bəzi Avropa ölkələrində erməni “soyqırımını” müzakirə etmək qadağandır.
Qərbdə Peyğəmbərə (s) qarşı hörmətsizliyin adi hala çevirilməsini qınayan ilahiyyatçı bunun əks-reaksiya yaradacığını qeyd edib: “Tarixi təcrübə, yaxın tarix onu göstərir ki, təhqir artdıqca, Peyğəmbərə (s) qarşı maraq da artır, elə Avropanın özündə artır”.
Hacı Şahin Həsənli müsəlmanları bu şəraitdə ayıq-sayıq olmağa çağırıb. Onun sözlərinə görə, kimlərsə müsəlmanları provokasiyaya çəkərək radikal addımlara sövq etmək istəyir. Bunun qətiyyən yolverilməz olduğunu deyən ilahiyyatçı bildirib ki, Peyğəmbərimizi (s) elmi müstəvidə müdafiə etməyi bacarmalı, onun əxlaqı ilə davranmalı, onun yaşatdığı dəyərləri özümüz yaşamalıyıq. Belə olduqda, bu kimi təşəbbüslərin müəllifləri məğlub olacaqlar.
hacishahin.az