Məşədi Dadaş məscidinin imamı, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli azvision.az-ın qonağı olub. Oxucuları maraqlandıran suallara cavab verən din xadimi müsahibədə cəmiyyətdə geniş müzakirə səbəb olan maraqlı məqamlara toxunub.
Müsahibənin əvvəlində ilahiyyatçı oruc əmrinin Qurani-Kərimdə verilməsindən, bu ibadətin ehkamı, ədəbləri və mənəvi təsirlərindən söz açıb. Daha sonra ilahiyyatçı musiqi ilə bağlı sualları cavablandırıb:
“Musiqi mövzusu tam şəffaf deyil. Çünki həm Quranda musiqi ilə bağlı aydın bir ayə yoxdur, həm də musiqidə təsnifat aparmaq çətinləşib… Haram musiqi dedikdə insanı zorakılığa, əxlaqsızlığa, düşünməmiş hərəkətlərə təhrik edən, onu aşağılayan, insanlıqla bir araya sığmayan musiqilər nəzərdə tutulur. Bunun da müəyyən edilməsi hər kəsin öz öhdəsindədir”. Özünün sənətsevər olduğunu bildirən hacı Şahin Həsənli deyib ki, yaşla musiqi zövqü dəyişib. Hazırda o muğama, xüsusilə Alim Qasımov və Mirələm Mirələmovun ifalarını dinləməyi xoşlayır. Onun sözlərinə görə, musiqinin estetik cəhəti ilə yanaşı faydalılığı da nəzərə alınmalıdır.
Oxucuları maraqlandıra növbəti sual kişi ilə qadının birgə rəqsi ilə bağlı oldu. İlahiyyatçı kişi ilə qadının bir yerdə rəqs etməsinin dinimizə uyğun olmadığını bildirib. Onun sözlərinə görə, toy şənliklərinin müasirlik meyarı ümumiyyətlə bəylərlə xanımların bir yerdə rəqs etməsi deyil:
“Əvəllər Azərbaycanda toylar belə (kişilərlə qadınlar ayrı – red.) olub. Sovet dönəmində adətə dəyişdi. Dinimiz mühafizəkar mövqedə deyil, inkişafa əleyhdarları da dindar sayıla bilməz. Lakin, elə dəyərlər və əxlaqi kriterilər var ki, onlar zamanla dəyişmir, zamanın və məkanın fövqündə dayanır”.
Aparıcının “dinsiz cəmiyyət mövcud ola bilərmi?” sualına Ş. Həsənli cavab verib ki, dinə cəmiyyətin mənəvi aşınmadan bir immunitet də, motivasiya mənbəyi kimi də yanaşmaq olar:
“İnancı mən fitri hesab edirəm. Bu gün belə bir polemika da aparılır ki, əxlaq üçün dinə ehtiyac varmı? Bir çox ölkələrdə insanların davranışı qanunla tənzimlənir, cinayətlərin qarşısı qanunla alınır. Hesab edirəm ki, insanı qanunla yükləmək yanlışdır, mənəviyyatın yükü daha çox olmalıdır, nəinki cəza qorxusunun. Avropa mədəniyyətində xoşlamadığım cəhət də məhz budur ki, insanlar qanunların mühasirəsinə alınıb, fərdi məsuliyyət qanun qorxusu ilə təmin olunub, kənardan icbari təsirlər çoxdur. Din isə məsuliyyətin daxildən qaynaqlanmasının tərəfdarıdır. Bundan əlavə, dinin hədəfi yalnız o deyil ki, insanlar cinayət törətməsin. Din insan potensialının tam reallaşması üçün Allah tərəfindən göndərilən bir təlimdir. İnsanın potensialı olduqca çoxdur, insan kimi uca varlığın özünə uyğun həyat yoluna ehtiyacı var. Təbii ki, insanlar bu hədəflərinə çata biləsələr ictimai münasibətlər mənəviyyatla tənzimlənər, belə insanlarla yaşamaq da xoş olar. Təəssüf ki, din adına törədilən cinayətləri görürük. Lakin inanc sayəsində dünya həyatı xoş olmalı, insan pozitiv ruhiyyətə olmalıdır”.
Quranla fala baxmaq barədə suala gəlincə, bildirildi ki, bəşəriyyətin xilası üçün göndərilimiş mütərəqqi ideyaları əks etdirən ilahi kitabı belə məqsədlər üçün istifadə etmək yolverilməzdir. Belə xürafatlar cəmiyyətdə olmamalıdır.
“ Necə düşünürsünüz, insanlar cəhənnəmi və cənnəti elə bu dünyada yaşamırmı?” sualına hacı Şahin Həsənli cavab verib:
“Müəyyən mənada razılaşmaq olar ki, insan cənnət və cəhənnəmi bu dünyada yaşayır. O mənada ki, Axirət bu dünyanın pərdəarxasıdır. Biz axirətə köçdüyümüz zaman əbədi var olacağıq. Amma bu varlıq bizim dünyadakı mənəvi durumumuzun inikasıdır, təzahürüdür. Cəhənnəm deyildikdə biz pirimitiv düşnməməliyik ki, yaxşı əməl edənləri güllü-çiçəkli yerlərə gönrəcək, pisləri isə qır qazanına atıb qaynadacaqlar. Cənnət və cəhənnəm dedikdə insanın daxili dünyasının xarici təzahürü nəzərdə tutulur. Axirət aləminin bu dünyadan əsas fərqi ondan ibarətdir ki, daxili aləmlə xarici aləm orada vəhdətdə olacaq. Hər bir insan öz daxili zənginliyinə uyğun bir aləmdə mövcud olacaq. Cəhənnəm bizim təsəvvür etdiyimiz kibritlə yanan oddan ibarət yer deyil. O günhların sızıltısıdır. Daxildən qaynayan oddur”.
“İnsan həyatının ağasıdırsa, niyə intihar etmək günahdır?” sualına ilahiyyatçı “bu addım ağalıqla bir araya sığmır, bədbinlik isə insana yaraşmır deyə” cavab verib.
Daha sonra İslamda qadının ictimai həyatdakı rolu mövzusuna toxunulub. Dinimizdə qadının təhsil, səs, mülkiyyət və s. ictimai hüquqlarının təmin edildiyini bildirən ilahiyyatçı davam edib:
“Qadın hansı ictimai məsuliyyəti bölüşürsə bölüşsün, o, bunu bilməlidir ki, ailə daxilində onun görə biləcəyini heç kim edə bilmir. Mən bunu qadının üstünlüyü kimi başa düşürəm. Din qadının ictimai məsuliyyətini məhdudlaşdırmır. Sadəcə olaraq övlada və həyat yoldaşına təsirdə qadının gücü misilsiz sayır. O, ailədə birləşdirici nüvədir. Qadının ailə daxilində görə biləcəyi işi kişi görə bilmir. Qadın insan formalaşdırır, bu ən böyük ictimai missiyadır eyni zamanda. Ona görə də hansı ictimai fəaliyyətdə olursa olsun, qadın ailədəki funksiyasını heç zaman unutmamalıdır. Onun hər zaman sırf ailəsinə aid olan, başqalarından gizlin qalan bir yönü olmalıdır”.
Söhbətin ateizm və ateistlərlə bağlı hissəsində hacı Şahin Həsənli dinin düzgün təqdim olunmamasından söz açıb. Habelə qarşılıqlı aqressiyanın və əsassız ittihamların qətiyyən yolverilməz olduğu vurğulanıb. Müvəqqəti evlilik haqda söz açıldıqda bildirilib ki, bu istənilən hüquqdan sui-iistifadə mümkündür, lakin bu evliliyin alternativ bir növüdür və bu evlilikdə də qadınla kişi ailə hesab olunur.
Həcclə bağlı mövzuda isə hacı Şahin Həsənli bildirib: “Həcc özü isə mənəviyyat məktəbidir. Adam orada qəribə hallar keçirir. Həccin cazibəsi var. Bütün çətinliklərə baxmayaraq, insan dəfələrlə getmək istəyir. Eyni zamanda Həcc və Kərbəla müsəlman xalqlarının bir-birinin problemi ilə yaxından tanış olması üçün fürsətdir. Məsələn, Kərbəlada şəhidlərimizin şəkilləri olan stend düzəldilmişdi. Erməni təcavüzü ilə bağlı ərəb və ingilis dillərində məlumatlar paylaşılmışdı. İnsanlar yaxınlaşıb maraqlanırdılar”.
hacishahin.az
Müsahibənin tam versiyasını aşağıdakı videoda izləyə bilərsiz: