İlahiyyatçı-alim Hacı Şahin Həsənli adalet.az saytına cəmiyyətdə dinlə bağlı yaranmış sualları cavablandırıb. Müsahibəni sizlərə təqdim edirik:
- Hər il müxtəlif ölkələrdən bir xeyli adam Həcc ziyarətinə göndərilir. Elə insanlar var, on beş, iyirminci dəfədir ki, ziyarətdə olur. Ümumiyyətlə, Həcc ziyarəti İslam dinindən gələn adət-ənənədir, yoxsa vacib əməl?
- Həcc İslamın vacib buyurduğu əməllərdən biridir. Maddi və sağlamlıq durumu imkan verirsə, Həcc ziyarəti müsəlmana yalnız bir dəfə vacibdir. Daha çox ziyarətə getməyi dinimiz qadağan etmir və istənilən vaxt ziyarətə getmək olar. Sadəcə həmin vəsaiti daha mühüm işlərə sərf etmək mümkün olarsa, elə etmək daha yaxşı olardı.
Təbii ki, xeyriyyəçiliklə yanaşı ziyarətə də gedə bilən insanlar da var. Bunun qarşısını almağa ehtiyac yoxdur. Ola bilsin kimsə "Hacı" adını qazanmaq üçün ziyarətə getsin, lakin bu adın istismar edilməsi heç də yaxşı qarşılanmır. Həcc ziyarəti imtiyaz deyil, məsuliyyətdir. Çünki o qayıdandan sonra onun əməlləri bütün Hacıların adına yazılır. Onun hansısa davranışı mənfi nümunəyə çevrilə bilir.
- Bilirik ki, İslam gələndə bütləri dağıtdı gəldi. Amma Həcc ziyarətində şeytanı daşlamaq mərasimi var. Bu nə dərəcədə düzgündür?
- Ümümiyyətlə, Həccin ayinləri simvolik mənalar kəsb edir. Məsələn, Kəbə tövhidi tərənnüm edir. Səfa ilə Mərv dağları arasında səy edilir. Bu Həzrəti İbrahimdən qalmış ayindir. Həyat yoldaşı Hacər övladına su axtarır, sonra övladının ayaqları altından Zəmzəm suyu qaynayır. Bunun mənası odur ki, insan məqsədi üçün çalışmalı, səy etməlidir. Eyni zamanda şeytanı daşlamaq da. O sütunlar şeytanı simvolizə edir. O ayin də sadəcə daxili mübarizəni təcəssüm etdirir.
- Bəzən adamlar çıxır ortaya, özlərini şiə adlandırırlar, deyirlər ki, Kərbəla ziyarəti Həccdən qat-qat üstündür. Bu müqayisə nə dərəcədə doğrudur?
- Həcc ziyarəti yeganə vacib ziyarətdir. Bəzən deyirlər ki, övliyaların qəbrini ziyarət etmək Allaha şərik qoşmaqdır. Ənənəvi məzhəblərə baxsaq, bu ziyarət nəinki qadağandır, hətta bəyənilən əməl hesab olunur. Övliyalar insanlıq nümunələridir. Hər bir xalq öz qəhrəmanlarını, şəhidlərini ziyarət edir. Övliyalar da örnək olan insanlardır, insanlıq etalonudurlar. Dinimiz bu ziyarəti qadağan eləmir, hətta təşviq edir. Bunu bir məzhəbin adına çıxmaq doğru deyil. Bəzi məzhəblər var ki, o qəbirləri dağıdır. Bu doğru deyil. Çünki bəzən biz Allaha müəyyən vasitələrlə yönəlirik. Kəbənin kənarında İbrahim məqamı deyilən yerdə onun ayaq izi var. Quranda da adı çəkilən həmin məqam bizim başa düşdüyümüz həmin pirlərdəndir. Quranda da buyurulub ki, namazı onun arxasında qılın. Bu onun göstəricisidir ki, Allaha doğru bir öndər vasitəsilə getmək lazımdır. Azərbaycanda da onlarla pir var, onlar həm mədəni-tarixi abidələrdir, həm də inanc yerimizdir. Bu cür ziyarətlər inanlığa olan məhəbbətin simvoludur. Məhəbbətin olmadığı yerlərdə radikalizm ayaq açıb yeriyir.
Qaldı ki, müqayisəyə. Biz deyirik ki, alimin mürəkkəbi şəhidin qanından üstündür. Bu şəhidlərə qarşı təhqir deyil, alimə verilən dəyərin ifadəsidir. Peyğəmbər (s) buyurur ki, Allaha yaxın olan bir mömin Kəbədən üstündür. Yəni insan Kəbədən üstün ola bilər. İnsan bütün yaradılışların əşrəfidir, üstünüdür. Bu mənada müqayisə edəndə kamil insan Kəbədən üstün sayılır. Bu Kəbənin aşağılanması deyil, insana verilən dəyərdir. Amma ifrata varmaq və Kəbənin şənini alçaltmaq yol verilməzdir. Bütün dəyərlərlə yanaşı Peyğəmbəri (s) Kəbə ilə müqayisə etsək, o, Kəbədən üstündür. Bu mənada müqayisə olunmasında qəbahət görmürəm.
- Bəli, bəzən fanatiklər bunu elə şəkildə deyir ki...
- Doğrudur, adamda qıcıq yaradır. Bundan çəkinmək lazımdır.
- İnsanlar hansı inancla doğulurlar?
- Hədislərdə qeyd olunur ki, hər bir insan müsəlman olaraq doğulur. Müsəlman deyəndə konkret olaraq hansısa dini mənsubiyyət nəzərdə tutulmur. Müsəlman təslim olan deməkdir, yəni insanın fitrəində həmişə Allahla gizli bir əlaqə var. İnsan özündən yüksək bir varlığa can atır. Məsələn, uşağın nağıla həvəsi onun mistik, metafizik aləmə can atmasının göstəricisidir. Sonradan maddi maraqlar, mənafelər yerə endirir onu. İnsan inanc hissi ilə dünyaya gəlir. Sonradan mühit, valideyn tərbiyəsi onu başqa istiqamətlərə yönləndirə bilir.
Hətta Allahı inkar edən şəxslər də bəzən tərəddüd edirlər, hər hansı bir qüvvənin mövcudluğu haqqında düşünürlər. İnsan doğulanda özünün təkcə maddi varlıq olmadığını dərk edir. Ucalığa can atan, mənəvi dünyaya yönələn bir özəli olduğunu anlayır. Quran bunu ruh adlandırır.
- Başqa ölkələr də var ki, o ölkələrdə insanların əksəriyyəti xristian, digərində yəhudi, başqalarında hinduizmə inanlar çoxdur. Sizsə deyirsiniz ki, insanlar təmiz inancla doğulur. O zaman kimin haqqı çatır ki, kimisə dini inancına görə mühakimə etsin? Onların günahı nədir?
- İnsanlar öz mühitlərinə uyğun formalaşırlar. Bu bəzən etnik dindarlıq anlayışını meydana gətirir. Yəni bəzi insanlar etnik müsəlmandırlar. Ailəsi müsəlman olduğu üçün özünü müsəlman kimi identikləşdirir. Əslində inanc könüllü, iradəli seçimdir. Seçim isə məsuliyyətdir. Lakin, əgər inanc insandan asılı olmayan səbəblərdən formalaşıbsa, o zaman məsuliyyət daşımır.
Quran bütün peyğəmbərləri mötəbər hesab edir. İslam yeganə dindir ki, bütün peyğəmbərlərə sayğı ilə yanaşır və onlardan hər hansını qəbul etməyən müsəlman deyil. Bizim dinimizə görə, bütün peyğəmbərlər bir həqiqəti təbliğ ediblər və həmin təbliğat Quranla kamilləşib. Bu təqribən dərs proqramına bənzəyir. Uşaq böyüdükcə, yaşı artdıqca dərs proqramı da onun yaşına uyğun təkmilləşir. İnsanın keçdiyi hər mərhələyə uyğun da səmavi kitablar göndərilib. Sonuncu olaraq da Quran nazil olunur.
Amma bundan sonra belə digər inanc sahiblərini qınaya bilmərik, onlara qarşı kəskin mövqedə ola bilmərik. Bəzən İslamı elə eybəcər formada çatdırırlar ki, İslam əleyhinə olanlara haqq da vermək olur. Özünüz də bilirsiniz, bir qrup insan İslam adı ilə zorakılığı, vəhşiliyi təbliğ edir. Diri-diri insanların "Allahu Əkbər" şüarı ilə başını kəsir. Əgər bir insana dini düzgün formada çatdrımırlarsa, bu onun günahı deyil. Sorğu-sual olunanda da, insaniyyət əsas tutulacaq. Hamı bilir ki, oğruluq, yalançılıq yaxşı bir şey deyil, bunu bilən insanları da Allah tərəfindən həmin fitrətə, vicdana uyğun haqq-hesaba çəkiləcək. Amma insana həqiqət doğru şəkildə çatdırılırsa, inadkarlıq edib qəbul etmirsə, ozaman bu fərqli mövzudur. Onda insan qınanır, çünki həqiqətin qarşısında inadkarlıq etmək düzgün deyil.
- İslamda başqa dindən olan insanlarla dostluq etmək, ailə qurmağa qadağa varmı?
- Qurandakı düşmənçiliklə bağlı ayələr konkret zaman və məkana uyğun nəzərdə tutulub. Yəni, müəyyən bir toplum müsəlmanlara qarşı vuruşurdu, Quran buyururdu ki, sizinlə düşmənçilik edənlərlə vuruşun. Bu gün özümüzə baxsaq, görərik ki, təcavüzə məruz qalmışıq. Quran məntiqi ilə, torpaqlarımızı azad etmək üçün vuruşmaq haqqımız var. Vuruşun ayələrnin məzmunu budur ki, sizinlə vuruşanlarla vuruşun. Bunu götürüb bəzən bütün zamanalara aid edirlər, guya İslam fərqli düşüncələrə qarşı cihad edib. Bu tamamən yanlış fikirdir. Quranda dialoqa dəvət edən ayələr var. Digər dinlərin mənsubları ilə ortaq kəlmə, Allahın birliyi ətrafında birliyə çağırış var. Quran bütün din mənsublarını birliyə dəvət edir. Peyğəmbərimiz (s) Mədinəyə köçdüyü zaman məhşur bir sənəd imzalayır. Orada yaşayan yəhudilər dini azlıq hesab olunurdu və o sənəddə onların inancı, dini hüquqları təsbit edilir. Hətta İslam ümmətinin tərkibi kimi elan edilirlər.
Peyğəmbər (s) ona qarşı olan zorakılıqlara çox dözümlü yanaşıb. Onu yaralayan insanlar üçün xoş dua edib ki, Allah, onları doğru yola yönəltsin, çünki nə etdiklərini anlamırdılar. Bugün ayələri konteksdən çıxarıb, guya ki, fərqli düşüncələrə mənsub adamlara qarşı cihad etməyi təbliğ edənlər ya İslamı səhv başa düşüblər, ya da qəsdən belə edirlər ki, din gözdən düşsün.
Azərbaycan radikallığın ciddi sosial bazası yoxdur. Çünki bayaq da dediyim ki, azərbaycanlılarda dinə, Allah və onun övliyalarına məhəbbət var, məhəbbət olan yerdə radikallıq ola bilməz. Bu bizim mədəniyyətimizdə də öz əksini tapıb.
- Homoseksullıq barədə bilirsiniz. Bunu xəstəlik kimi də qəbul edirlər, xəstəlik olmadığını da deyirlər. Bəs, İslam necə qəbul edir?
- Dinimiz bu əməlləri günah hesab edir. Bu insanın təbiətinə və fitrətinə ziddir. Eyni zamanda da mütəxəssislər də bu məsələni araşdırır ki, doğrudan da bu xəstəlikdir ya yox. Dəqiq bir nəticəyə də gələ bilmirlər. Din hər bir halda bunu qadağan edir.
- Bu insanlar cəzalandırıla bilər?
- Ümumiyyətlə, bu daha çox təbliğ olunduqda təsir dairəsi genişlənir, belə insaların sayı artır. Din açıq şəkildə bunun təbliğ olunmasını qadağan edir.
- Elə insanlar var ki, sonsuzdurlar və ailə həyatı qururlar, uşaqları olmur. Onlara təklif olunur ki, süni mayalanma ilə uşaq dünyaya gətirsinlər. Din bunu necə qarşılayır?
- İslam dininin özəlliklərindən biri də budur ki, zamanın yeniliklərinə açıqdır, uyğunlaşır. Buna ictihad deyilir. Bugünkü müasir dini baxışlara görə süni mayalanma qadağan deyil. Amma burada şərt odur ki, əgər bu donor vasitəsilə edilirsə atası həmin donor sayılır.
- Niyə başqa peyğəmbərlərin filmlərdə üzünün göstərilməsi yaxşı, Məhəmməd Peyğəmbərin üzünün göstərilməsi pis qarşılanır? Bayaq dediniz ki, İslam dini başqa peyğəmbərləri də qəbul etməyi vacib şərt kimi buyurur.
- Düzdür, bu barədə fərqli görüşlər var. Qəti şəkildə bir şey deyə bilmərək, çünki şəriyətdə birmənalı hökm yoxdur. Zaman keçdikcə ola bilər ki, bu məsələyə fərqli bir baxış olsun.
- Quranda Allahın dünyaya nəzarəti haqqında nəsə varmı? Məsələn, deizim deyir ki, Allah dünyanı yaradıb və çəkilib kənara, onun işinə qarışmır.
- Quranda qeyd olunur ki, Allah aktiv şəkildə dünyada baş verənlərə nəzarət edir. Lakin, insan azaddır. Əgər Allah bütün cinəytlərin qarşısını alacaqdısa onda bizim funksiyamız nədir? İnsan azadlığı sayəsində bəşəriyyət bu problemlərlə qarşılaşır. Bəzən qınayırıq ki, niyə Allah bu işlərə nəzarət etmir. Cəmiyyət özü yetkinləşib bunların qarşısını almalıdır. Dinin əsas hədəfi də insanın kamilləşməsidir. Kamilləşmə də bu proseslərin içində baş verir. Bir xalq yetkinləşirsə, bu cinayətlərin sayı azalır. Quranda bir ayə var ki, bir xalq öz taleyini dəyişməyincə, Allahın onun taleyini dəyişməz. Dəyişmə potensialı insanda var. Allah səbr edirsə, bu o demək deyil ki, Allah bunlardan razıdır. Bir sıra məsələlər var ki, bu insanın iradəsinə buraxılıb. Bəzən övladlarımıza da səhv etmək şansı verməliyik ki, özləri nəticə çıxarsın. Yoxsa onlar zəif insan kimi yetişər.
- İntihar Quranda pislənir, bunu bilirik. Bəs xəstəliyə dözməyib özlərini öldürənlər necə?
- Bu da intiharın bir növü hesab olunur. İnsanın ağrı-acıya dözməsi yetkinləşməsinin göstəricisidir. Biz bu dünyada ağrı-acıya dözürük ki, içimizdəki istedadlar çiçəklənsin. Bəzən bir insana nəyisə bəxş etmək üçün onu nələrdənsə məhrum etmək lazım gəlir. İnsan üzməyi öyrənmək üçün su ilə çarpışmalıdır. Quranda Həzrət Eyyub (ə) haqında danışılır. O, ağır xəstəliyə düçar oldu, amma Allaha etiraz etmədi, naşükür olmadı. Əgər ağrıların qarşısını almaq üçün başqa vasitələr varsa, istifadə olunmalıdır. Amma özünü öldürmək yolverilməzdir.
- Bəs komaya düşmüş bir insanın yaxınlarını icazəsi ilə aparatdan ayrılması?
- Gözləmək lazımdır ki, öz əcəli ilə dünyasını dəyişsin. Yenə deyirəm, ola bilər ki, zaman keçdikcə fərqli görüşlər meydana gəlsin.
- Bəs yaxşı, dindarlar namaz qılırlar, dua edirlər. Bütün bunlara da ərəbcə riayət edirlər. Olmazmı ki, Azərbaycan dilində qılsınlar namazı?
- Duanın insanın öz dilində etməsində heç bir qəbahət yoxdur. Amma namaz gündəlik dini ayindir, bunun original şəkildə qılınması tövsiyə olunur. Namaz əsnasında oxuduğumuz ayələri təbii ki, anlamalıyıq. Quran ərəbcə nazil olub, orada hərflərin düzülüşündə bir ecazkarlıq var hətta. Təbii ki, namazın sözlərinin mənasını bilmək daha yaxşıdır.
- Bu problemi özüm də yaşamışam deyə sual verirəm. Quranın cırılması ilə bağlı sizin düşüncələriniz nədir?
- Ümumiyyətlə, Quranın həm zahirinə, həm həqiqətinə hörmətlə yanaşmaq lazımdır. Məsələn, biz Qədr gecəsində Quranı başımızın üstünə qoyuruq. Bəzən bu hərəkət insanlarda sual doğurur. Düşünürəm, əslində bu mütərəqqi bir ayindir ki, xalq bir kitabı başının üzərinə qaldırır, uca tutur. Doğrudur, bəzi insanlar var ki, elə Quranın zahirini dəyərləndirir, rəfdə saxlayır, yalnız kimsə dünyasını dəyişəndə, yaxud da gəlin gətiriləndə əlinə alır. Bu Quranın öz təyinatı üzrə istifadə olunmaması deməkdir. İnsanlar Quranı oxumaqdan çəkinməməli, stolüstü bir kitab kimi istifadə etməlidir.
Sevdiyimiz bir şəxsdən məktub gələndə, öpüb gözümüzün üstünə qoyuruq, eləcə də Qurana bu sayğı olamalıdır. Bu məhəbbətin ifadəsidir. Bir kitabı ki, Allah bizə göndərib, ona hörmət etmək lazımdır. Elə insanlar var ki, müqəddəsliyi inkar edirlər. Quranda belə bir ayə var, Musaya buyurulur ki, çarıqlarını çıxar, sən müqəddəs bir vadiyə, Tuva vadisinə daxil olursan. Yəni Quranda hətta bir yerə də müqəddəs kimi yanaşılır və bu o məkanın tərənnüm etdiyi həqiqətə görədir. Necə ki, dövlət başçısı bayraq önündə əyilir, təzim edir. Çünki bayraq vətənin rəmzidir.
- Amma televiziyada da göstərirlər ki, hansısa ev yandı, Quran yanmadı. Və yaxud kimsə Quranı cırdı, meymuna çevrildi.
- Bəzən bu mövzuda xürafatlarla qarşılaşırıq. Məsələn, deyirlər ki, meyvənin üstünə Allah yazılıb və s. Belə şeyləri qəbul etmirəm. Allahın sübut olunması üçün meyvənin üstünə adını yazmasına ehtiyac yoxdur. Din tarixində möcüzələr olub, peyğəmbərlər möcüzələr göstəriblər, amma dinə möcüzə kimi yanaşmaq, onu reallıqdan ayırmaq kökündən yanlışdır. Din real düşüncədir, real həyat tərzidir. Ona görə də ona realistcəsinə yanaşmaq lazımdır. Onun görüşlərini, baxışlarını həyatımızda tətbiq etmək lazımdır. Toxunduğunuz məsələyə gəlincə, Kəbə evi dəfələrlə uçub və yenidən tikilib. Bu bir təbii hadisədir, buna da normal yanaşmaq lazımdır.
hacishahin.az