Müsahibələr

“İntihar Allaha naşükürlükdən doğan bir günahdır”

28 Aprel 2016 7974

Hacı Şahin Həsənli: “İntihar insanın şüurlu seçimidir, ilahi cəbr deyil”. Hurriyyet.org saytına müsahibə:

 

Son vaxtlar Azərbaycanda intihar hallarının sürətlə artması cəmiyyətdə birmənalı qarşılanmır. Xatırladaq ki, məsələnin aktuallığını nəzə alaraq bir neçə gün öncə həkim-psixiatr Murad Sultanovla söhbətləşmişdik. Mütəxəssisin bu mövzudakı fikri ondan ibarət olmuşdu ki, “İnsanlarda Allaha inam varsa, intihar etmirlər”.


Odur ki, mövzunu bu dəfə tanınmış dindarlardan birinin fikirlərini dərc etməklə davam etdirməyi qərara aldıq. Bu məqsədlə də ilahiyyatçı alim Hacı Şahin Həsənli ilə söhbət etdik.


Müsahibimiz ilk olaraq Allahın Quranda insanlara müraciətini dilə gətirdi: “...Özünüzü öldürməyin. Həqiqətən Allah həmişə sizinlə mehribandır”, “...Ey Mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın...”.
Hacı Şahin intihara meylli insanlara müraciətində belə dedi: “Hamı üçün həyat öz axarı ilə davam edəcək. İntihar edəni yada salan da olmayacaq. Onun günahına görə heç kəs əzab çəkməyəcək, axirətdə isə əzabdan başqa bir şey görməyəcək”.


Beləliklə, Hacı Şahin Həsənli “Hürriyyət”in əməkdaşının İslam dininin intihara münasibəti haqda suallarını cavablandırdı:


- Hacı, ilk olaraq İslamın intihara münasibəti haqda fikirlərinizi bilmək istərdik...


- Dinimiz intiharı qadağa etmiş, bu əməl böyük günahlardan sayılır. İntihar insanın Allahdan naümid olmasından, Allaha naşükürlükdən doğan bir günahdır. İntihar sadəcə həyatdan bezmək deyil, fundamental istəklərdən birinə - yaşamaq istəyinə qarşı getməkdir. Bu addımı atmaq üçün insan uzun müddət mənəvi uçuruma getməlidir, yəni intihar anidən verilən qərar deyil. Məsələn, əvvəlcə insan özünü hamıdan üstün bilir, daha sonra hamını özünə borclu sayır, daha sonra insanlardan hörmət və məhəbbət dilənir, gözləntiləri doğrulmayanda, hamıya kin bəsləyir, Allahı unudur, başqa bir istəyini bütləşdirir və həmin bütdən məhrum olanda özünə qəsd edir. Mümkündür ki, hamı bu cür intihara sürüklənməsin, amma nəticə etibarilə tədricən ruhunu qaralda-qaralda bu hala düşür.

 

- Ümumiyyətlə, Quranda insanları intihardan çəkindirən, intiharın günah olması ilə bağlı hansı fikirlər var?

 

- “Nisa” surəsinin 29-cu ayəsi intihar mövzusundadır: “Ey iman gətirənlər! Bir-birinizin razılığı ilə alış-verişdən başqa bir-birinizin malını haqsız yerə yeməyin və özünüzü öldürməyin. Həqiqətən Allah həmişə sizinlə mehribandır”. Ayədən bəlli olduğu kimi, insanlararası münasibətlərin çətinliyi, o cümlədən iqtisadi problemlər insanı Allahın rəhmətindən naumid etməməli, əksinə, onu Allaha daha çox bağlanmağa vadar etməlidir. Ən çətin anda Allahın bizimlə mehriban olduğunu unutmamalıyıq. Bəzi insanlar öz eqoizmini Allaha proyeksiya edir və Allah tərəfindən unudulduğunu düşünürlər. Əfsuslar olsun ki, insanlar Allahı özləri kimi görməyə meyllidirlər. Amma unutmaq lazım deyil ki, biz kim oluruqsa olaq, nə ediriksə edək, yenə Allah üçün bəndəyik. Allah bizdən ümidini kəsmədiyi halda, bizim nə Allahdan, nə də özümüzdən naümid olmağa haqqımız yoxdur. Allah Quranda insanlara müraciət edərək görün hansı ifadələri seçir: “...Ey Mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın...”. Ona görə, İmam Baqir (ə) buyurur ki, mömin hər bəlaya giriftar olar və hər ölümlə ölər, ancaq intihar etməz. Çünki, inanclı insanın ümidsizliyə düşməsi mümkünsüzdür. Ümidsizlik inamın olmasından irəli gəlir.“


- Bəzi insanlar intiharı “Allahın qisməti” ilə əlaqələndirirlər. Bu haqda nə deyə bilərsiz?


- Ümumiyyətlə, bizim dinimiz cəbr inancını qəbul etmir. Cəbr insanın seçim azadlığından məhrum olmasına olan dini inancdır. İslam bunun əksinə olaraq, insanın öz taleyinə görə məsuliyyət daşıdığını, azad seçim nəticəsində gördüyü işlərin Axirətdə bəhrəsini görəcəyini bəyan edir. Necə ki, Quran “Zilzal” surəsində zərrə qədər xeyir və yaxud şər işlədənin Axirətdə qarşılığını görəcəyini bəyan edir. Bu səbəbdən, intihar insanın şüurlu seçimidir, ilahi cəbr deyil.


- İslam dini intihara meylli olan insanlara hansı yolu göstərir?


- Ən başlıcası təfəkkür yolu. Bir çox problemləri sadəcə düşünməklə çözmək olar. Özümüzə qəsd etməyimiz kimə nə verir? Sevdiyimiz insan bizi sevəcəkmi? Bizə pislik edən insan vicdan əzabı çəkəcəkmi? Yoxsa özümüz daha yaxşı aləmə gedəcəyik? Xeyr, hamı üçün həyat öz axarı ilə davam edəcək, intihar edəni yada salan da olmayacaq, onun günahına görə heç kəs əzab çəkməyəcək, Axirətdə isə əzabdan başqa bir şey görməyəcək. Bu məsələnin bir tərəfi. Digər tərəfdən isə daim həyat şansını qiymətləndirmək gərəkdir. Hər bir insan hər bir situasiyanı öz xeyrinə çevirməyi bacarar, hər bir insan daha gözəl həyat əldə edə bilər. Bu şansdan özünü məhrum etmək olmaz.


Eyni zamanda Allah hər bir insana çətinliklə yanaşı, hansısa nemət də verir. Biz həyata şükr prizmasından baxmalı, malik olduğumuza dəyər verməli, məhrumiyyətimizə isə yeni imkanlar kimi baxmağı bacarmalıyıq. Təsadüfi deyil ki, Qurani-Kərimdə Allah şükr edənlərin nemətini artıracağına vəd verir. İnsan hər bir hadisəni sevən Allah tərəfindən bir hədiyyə, yeni imkan kimi qəbul etməyi bacararsa, o zaman həyatdan və uğurlarından zövq almağı da bacarar.


- Bəs, Peyğəmbərimizin bu haqda hansısa hədisləri varmı və əgər varsa, nələr nəql olunub?


- Həzrət Peyğəmbər (s) nəinki intiharı qadağa etmiş, hətta sağlamlığa zərər yetirəcək işləri belə, intihar növlərindən hesab edib. Həzrət Əlidən (ə) nəql olunan hədisə əsasən, bir gün imam (ə) Həzrət Peyğəmbərdən (s) yarası olan insanın necə dəstəmaz və qüsl almalı olduğunu soruşur. Peyğəmbər (s) buyurur ki, sarığın üstündən nəm əllə çəkilməlidir. Həzrət Əli (ə) bir daha soruşur ki, birdən yaralı şəxs havanın soyuqluğundan sağlamlığına ziyan dəyəcəyindən narahat olarsa necə? Peyğəmbər (s) cavabında bu ayəni oxuyur: “...Özünüzü öldürməyin. Həqiqətən Allah həmişə sizinlə mehribandır”. İmam Sadiqdən (ə) nəql olunan hədisə əsasən, bir insanın ağılsızlıq üzündən düşmən şəhərinə təkbaşına həmlə etməsi və ölməsi intihar hesab olunur. Yəni, intihar günahı sadəcə özünü öldürənə aid deyil, öz ölümünə şərait yaradana da aiddir. İnsan həyat nemətinin qədrini bilməlidir.


- Bir illahiyyatçı olaraq intihara meyl edən insanlara nə kimi sözünüz var?


- İntiharın qətiyyən yolverilməz olduğunu hesab edirəm. Həyatın çətinlikləri bizim yalnız möhkəmlənməyimizə, güclənməyimizə xidmət edir. Yaxşı olardı ki, valideyinlər tərbiyə prosesində uşaqlara bunu başa salsınlar. İnsan əvvəlcədən “həyat” adlı bir yolun yoxuşlu-enişli olduğunu bilməlidir. Hər şey bizim istədiyimiz kimi olmur, olmamalıdır da. Həyatın marağı da bundadır. İnsan daim gözlənilməz hadisələrlə üzləşir, özü ilə mübarizə aparır, böyüyür, ucalır. İnancından asılı olmayaraq bu həqiqəti başa düşənlər həyatda uğur qazanacaqlar. İnsan bir istəyinə çatmaq üçün başqa istəyini qurban verməyə məhkumdur. İstəklərlə mübarizə insanın maddi və mənəvi təkamülünün ayrılmaz bir hissəsidir. Müasir dünyada psixoloji problemlərin artım dinamikasına və intihar statistikasına baxsaq, görərik ki, bu mənfi tendensiyalar əsasən sosial cəhətdən daha irəliləmiş cəmiyyətlərdə müşahidə olunur. Deməli, məsələ sırf maddi çətinliklərdə deyil. İnsan həyatı həm də mənəvi amillərlə şərtlənməlidir. Əfsuslar olsun, müasir dünyada cəmiyyətlər bu iki yolu – mənəviyyat və maddiyyatı – birləşdirmək əvəzinə, onların birinin xeyrinə seçim edir, yaxud hər ikisndən məhrum olur. Bunun əsas səbəbi nə az, nə çox, dünyagürüşümüzdə məhz istəklərimizlə mübarizəyə yer ayırmamağımızdır.

 

 

hacishahin.az