Müsahibələr

“İslahatlar mütləq olmalıdır”

30 Mart 2016 1813

Hacı Şahin Həsənlinin korrespondent.az saytına müsahibəsini oxuculara təqdim edirik:


Bu gün İslamın təkcə Axirət üçün yox, dünya üçün faydalılığı çatdırılmalıdır. Yəni, “din yalnız Axirət vermir, dünyada da insanı xoşbəxt və uğurlu edə bilər” ideyası təbliğ olunmalıdır.


- Dinə necə gəldiniz?

- Bir azərbaycanlı olaraq, zatən özümüzü həmişə müsəlman kimi identifikasiya etmişik, hətta kommunist dövründə belə. Sovetlər zamanı orta statistik azərbaycanlı ailəsinə məxsus dindarlıq bizim də ailədə var idi. Yəni ibadət olunmasa da, İslam dininə inanc, dini dəyərlərə və müqəddəsata ehtiram var idi. Yaşlı nəsilin ibadət etdiyini də görürdük. Bu mühitdə dünyaya göz açıb böyüdüyüm üçün din mənə yad bir şey deyildi ki, sonradan ona gələm. İbadətə isə 1992-ci ildə başladım.

 

- Dini təhsilinizi harada aldınız?


- Özüm mütaliə ilə məşğul olmuşam. Əvvəlcə ərəb və fars dillərini öyrəndim, daha sonra dini tədris mərkəzlərində tədris olunan fənnləri oxudum, sonra isə dini mövzuda mütaliəmi daha genişləndirdim.

 

- Buna qədər dünyəvi təhsiliniz vardımı?


- Həmin dövrdə parallel olaraq Azərbaycan Texniki Universitetində təhsil alırdım. Daha sonra BDU-nun tarix fakültəsinə daxil oldum.

 

- Dinə gələndən sonra həyatınızda, o sıradan ailə, dostlar arasında münasibətlərdə nələr dəyişdi?


- İbadətə başladığımdan sonra ailə və dostlarla münasibətdə məsuliyyət artdı. Zatən əvvəlcədən ailədə də, dostlarımın çevrəsində də səmimi və mehriban mühit var idi, belə də davam etdi. Lakin, dini dünyagörüş kompromisə getməyi, faydalı olmağı, yaxınların qədrini bilməyi aşıladığı üçün həmin münasibətlər keyfiyyətcə yeni mərhələyə daxil oldu. Həqiqətən inanca bağlandıqca, insan malik olduğunun dəyərini daha çox bilməyə başlayır, yaxınlarının qeydinə daha çox qalır, nöqsanlara göz yumur.

 

- Sizcə, İslam dünyasi niyə belə böhrandadır?

 

- Bütün dünya böhran içindədir, o cümlədən də İslam dünyası. Dünya keyfiyyətcə yeni tarixi mərhələyə qədəm qoymaqdadır. Dərin kök salmış ənənəvi dünyagörüşündən konturları təzə-təzə sezilməyə başlayan yeni dünyagörüşünə keçid yaşanır. Bu keçid də, təbii ki, özünü böhran şəklində büruzə verməkdədir. Köhnə konstruksiyalar dağılır, yeni konstruksiyanın fundamenti qoyulur. Hər regionda da bu böhran özünəməxsus şəkildə təzahür edir. Haradasa iqtisadi böhran kimi, haradasa intellektual boşluq kimi, haradasa sosial partlayış kimi, haradasa hərbi münaqişə kimi. Bir sözlə, İslam dünyası, bütün dünya kimi, böyük bir transformasiyalara məruz qaldığı üçün müvəqqəti böhran yaşamaqdadır.

 

- Nələr etmək olar? İslahatlar mumkundürmü?


- İslahatlar mümkündür və zəruridir. Lakin, hər şeyin öz vaxtı var. Kənardan baxanda, biz başa düşürük ki, islahatlar zəruridir. Lakin islahatın baş verməsi üçün müsəlmanlar daxilən buna hazır olmalı, bunu istəməlidirlər. Müsəlman aləmi onu geriyə çəkən bir sıra ənənəvi düşüncədən qopmağa hazır olmalıdır. İslahatların ictimai sifarişi aşağılardan verilməlidir ki, yuxarılar onu həyata keçirməyə başlasın. O zaman yeni ideyalar, yeni planlar da aktuallaşacaq, effektiv olacaq. Əks təqdirdə, elitaların apardığı islahatlar xalqa yad olacaq və cəmiyyət tərəfindən müqavimətlə rastlaşacaq. Eyni zamanda da bəzi islahatlar artıq aparılmaqdadır. Hər halda, heç kəs deyə bilməz ki, əlli il bundan öncəki müsəlman dünyası ilə indiki müsəlman düyası arasında fərq yoxdur. Lazımi səviyyədə olmasa da, müsbətə doğru dəyişikliklər var.

 

- İslahat cəhdləri ara-sıra olur, amma niyə proses bu qədər çətin gedir?


- Tamamilə düz qeyd edirsiz, biz də daim bu məsələnin zərurliyini vurğulamışıq. Xüsusilə, bu gün elə bir tarixi şərait yaranıb ki, islahatsız heç bir şey mümkün olmayacaq. İslahat İslam dininin ayrılmaz bir hissəsidir. Peyğəmbərimiz (s) bir mənada islahatçı olub, imamalrımız (ə) islahatçı olub, Qurani-Kərim özü bir islahat proqramıdır, ictihad konsepsiyası özü bu islahatın davamlılğını təmin etmək üçündür. Lakin hər bir islahat dəyişilməz mənəvi sütunlara dayanmalıdır. İnsanın intellekti, sosial rifahı, iqtisadi bacarıqları, mənəvi tutumu, hətta əxlaqi baxışları dəyişə bilər, lakin ruhun sabit və dəyişilməz nüvəsi var ki, islahat ona söykənməlidir. Dində də belədir. Dinin sabit bir nüvəsi var ki, islahatın səmtini o müəyyən edir. Bu səbəbdən, islahat adına hər nə varsa müsbət dəyərləndirilməməlidir. Hər islahat ideyası cəmiyyət üçün xilasedici deyil. Bu məsələnin bir tərəfidirsə, digər tərəf ondan ibarətdir ki, cəmiyyət islahata hazır olmalıdır. Cəmiyyət üçün əsrlər boyu mənsub olduğu dünyagörüşündən, davranış modelindən, stereotiplərdən azad olmaq elə də asan iş deyil. Bunun üçün islahatçıların mənəvi gücü olmalı, cəmiyyət onların mənəviyyatına inanmalı, düzgünlüyünə, fədakrlığına, kompetentliyinə güvənməlidir.

 

- Məktəblər üçün din dərsliyi yazmaq fikriniz varmı?


- Bu tək bir adamın görəcəyi iş deyil deyə, bu barədə düşünməmişəm. Azərbaycanda bu işlə məşğul ola biləcək kifayət qədər qurumlar var. QMİ, DQİDK, AMEA və digər qurumların mütəxəssisləri belə bir dərsliyin hazırlanmasına kompleksli şəkildə öz töhfələrini verə bilərlər. Özümün də səlahiyyətli nümayəndəsi olduğum Qafqaz Müsəlmanları İdarəsində bu səpkidə, xüsusilə orta məktəblərdə din dərslərinin tədris olunması mövzusunda müzakirələr aparılır. Bu məsələdə mənim şəxsi mövqeyim ondan ibarətdir ki, əgər lazımi səviyyədə kadrlar olarsa, belə bir fənni tədris proqramına daxil etmək olar.

 

- Ana dilində namaza necə baxırsız?


- Dinimizdə duaların doğma dildə edilməsi, Quranın tərcümədə oxunması, bəzi dini ayinlərin ana dilində icra olunması ilə bağlı heç bir qadağa yoxdur. Lakin, namaz istisnalardan biridir. Peyğəmbər (s) və imamlar (ə) vaxtında qeyri-ərəblər yaşayıb, onlara da namazı ərəbcə qılmaq tapşırılmışdı. Bundan əlavə, namazın əsas sütunu olan Quran surələri orijinalda deyil, tərcümədə oxunarsa, məna yükü itər. Bununla belə, hətta namaz halında da qünutda doğma dildə dua etməyə icazə verilir.

 

- Dində ekstremizmin səbəbləri nədir? Bunun qarşısını necə almaq olar?


- Çox mühüm bir mövzuya toxunduz. Məsələyə iki cəhətdən yanaşmaq olar: ictimai və fərdi. İctimai cəhətdən dini ekstremizm müstəmləkəçiliyə qarşı səhv mübarizədən qaynaqlanır. XIX əsrin ortalarından Qərb ölkələrinin Yaxın Şərq ölkələrinə ekspansiyası iqtisadi, siyasi və hərbi sahələrlə yanaşı, mədəni sahədə də həyata keçirilirdi. Avropanın təqdim etdiyi elmi-mədəni imkanlar, iqtisadi-siyasi ideyalara alternativ təqdim olunmalı idi. Müsəlman aləmi isə, tam başqa səmtə yönəldi: ziyalılar Qərbi təqlid etdilər, mühafizəkarlar isə inkarçı mövqe tutdular. Beləliklə, müsəlman cəmiyyətlərində qütbləşmə yarandı. Bu cəhətdən ekstremizmin kökü savadsız və mühafizəkar bir kütlənin yad mədəniyyətdə həll olmamaq üçün inkarçı mövqedə durmasındadır. Belə insanlar nə yeni düzənə alternativ təqdim edəcək qədər intellektual və düşüncəlidir, nə də yeni düzəndə özünə yer tapmaq üçün kifayət qədər bacarıqlı və uğurlu. Nəticədə, özləri üzərində çalışmaq əvəzinə, bütün günahı başqalarında axtarmağa başlayırlar. Görmədikləri və başa düşmədikləri müəmmalı keçmişi ideallaşdırıb nostaljiyə qapılır, gələcəklərini keçmişlərinə qurban verirlər. Belə tərz-təfəkkür marginallaşma və sektalaşma ilə bitir. Marginal dini qrupun təhlükəsi isə hər şeydən çoxdur. Çünki, onlar anti-sosial mövqelərini dinin göstərişi ilə, uğursuzluqlarını fədakarlıq və məzlumluqları ilə, kin-küdurətini isə müqəddəs savaşla izah edirlər. Məhz bu dini rəng onları əhalinin psixoloji həssas kəsimi üçün cəlbedici edir. Potensial intiharçılar, manyaklar, canilər, məhəbbət və diqqət defisitindən əziyyət çəkənlər, özlərinə cəmiyyətdə yer tapa bilməyənlər üçün belə bir ideya göydən düşmə paya çevirilir. Bu cəhətdən, ekstremizmin qarşısını almaq üçün ciddi təhlükəsizlik tədbirləri ilə yanaşı, kompleksli maarifləndirilmə aparılmalıdır. Həm ailələrə düzgün övlad tərbiyəsi konsepsiyası aşılanmalıdır, həm təhsil sistemində pedaqoqika inkişaf etdirilməlidir, həm din barədə məlumat verilməlidir, insanların psixoloji pozuntusuna səbəb olan informasiya yayımlanmamalıdır.

 

Məsələnin fərdi cəhəti isə ondan ibarətdir ki, belə insanlar mənəvi rəngə boyanmış həyatdan ləzzət ala bilmirlər. Bir insan dindən, mənəviyyatdan həzz ala bilmirsə iki ifrata yuvarlanır. Birincisi budur ki, mənəviyyatdan ləzət almayan insan ləzzətin daha aşağı, maddi formalarına öz tutub aşınmaya məruz qalır. Belə insan özünə “yox” deyə bilməyəcək və hakimiyyətpərəstlik, cinsi ehtiras, varlanmaq naminə hər vasitəyə əl atacaq, hətta başqalarına zülm etməkdə özünə bəraət qazandıracaq, üstəlik bu məqsədlərə çatmaq üçün yeni vasitələr icad edəcək. Bu hər yanda müşahidə etdiyimiz materialist və hedonist mədəniyyətdir. İkincisi budur ki, mənəviyyatdan ləzzət almayan insan icra etdiyi dini ayinləri çətin və acı sayacaq, çətin və acı işin öhdəsindən gəldiyi üçün özünü mənəviyyat qəhrəmanı sanacaq. Həyatdan, varlığından ləzzət ala bilməyən insan bütün uğursuzluq və bacarıqsızlığını özünün dindar, cəmiyyətin isə kafir olması ilə izah edəcək. Nəticədə cəmiyyətə nifrət edəcək və dini ekstremizmə üz tutacaq. İnsan mənəviyyatdan və yaşamaqdan ləzzət alarsa, nəfsinə “yox” deməyi bacararsa, o zaman nə başqalarının haqqı qəsb etməyə ehtiyac duyar, nə də öz kinini başqalarının üzərinə tökər. Belə insan, daim şükr içində olar, diqqətini var olana yönəldər, başı öz eyblərinin islahına qarışar, insanların eybinə fikir verməz.

 

- Nardaran problemi – sizcə, o, çözülübmü?

 
- Bəli. Biz elə Nardaran hadisələri zamanı bu barədə mətbuata mövqemizi açıqlamışdıq. Nardaran cəmiyyətə görkəmli şəxslər verən, dövlətçiliyə sadiq olan, milli kimliyin keşiyində duran kəndlərdən biridir. Hər bir yerdə Nardaranda olduğu kimi epizodik xarakterli anlaşılmazlıqlar yaşana bilər, lakin belə hadisələri həmin kənd üçün səciyyəvi saymaq olmaz.

 

- İslam və milli adətlərin sintezini mümkün sayırsızmı? Məsələn, qızlar 9 yaşında yox, 16 yaşında ərə qetsinlər, hicab 9 yox, 16 yaşından (pasport yaşında ) lazım bilinsin...


- İslam dini yayıldığı ərazidə heç zaman milli adətlərə qarşı inkarşı mövqedə durmayıb. Əksinə, məzmunca bir çox adətlər İslama uyğunlaşıb, formaca isə qədimliliyini qoruyub. Bunun ən bariz nümunəsi Novruz bayramıdır. İslam o adətlərin əleyhinə ola bilər ki, cəmiyyətin həm mənəvi, həm maddi inkişafına əngəl yaratsın. Əfsuslar olsun ki, bəzi radikal cərəyanlar bu gün milliliyin əleyhinə çıxırlar və bunu dinimizlə əlaqələndirirlər. Mahiyyət etibarı ilə, onlar Azərbaycan milli adətlərinin əvəzinə başqa xalaqların adətlərinə İslam dini adı altında yiyələnməyi təklif edirlər. Hərçənd əsrlər boyu İslamla milli adətlər Azərbaycan mədəniyyətində üzvi əlaqə yaradıblar. İslam universal bir dindir, şübhəsiz. Lakin, bu da danılmazdır ki, İslamın nə dərəcədə dərin dərk olunması və hansı formada yaşadılması hər bir xalqın milli özəlliyindən qaynaqlanır. Bizim cəmiyyət də bu cəhətdən həmişə proqressiv mövqedə olub. Ona görə də Azərbaycanda milliliyi dinlə qarşı-qarşıya qoymağın əleyhinəyik.

 

Sizin qeyd etdiyiniz məsələlərə gəlincə isə, vəziyyət sualda izah olunduğu kimi mürəkkəb deyil. Qızın ailə qurması yalnız cinsi yetkinliyə çatması, tibbi cəhətdən buna hazırlıqlı olması və öz razılığı ilə mümkündür. Təəssüf ki, bəzi müsəlman ölkələrində bu prinsipə əməl olunmur və bu şəriətin adına yazılır. Afrikanın bir çox xrsitian ölkələrində də belə adətlər var, lakin heçkəs bunu xristianlıq adına çıxartmır. Yəni adətlə şəriəti qarışdırmaq olmaz. Sevindirici haldır ki, Azərbaycanda erkən evlilik dinə aid olmayan və özünü doğrultmayan bir ənənə kimi qavranılmaqdadır. O ki, qaldı digər islahatlara, bəli, din biliciləri dinin əsas prinsiplərinə riayət etməklə şəriət normalarına dəyişiklik edə bilərlər.


- Bundan başqa, nəyi dəyişmək, zamana uyğunlaşdırmaq olar?


- Qeyd olunduğu kimi, şəriətin özü elə bir elastik konstruksiyaya malikdir ki, cəmiyyətin özəlliklərinə görə formaca dəyişə bilər. Yəni, şəriətin özünü islah etməyə ehtiyac yoxdur, onu tətbiq etməkdə yeni yanaşmalara ehtiyac var. Konkret olaraq hansısa misallar çəkmək çətindir, çünki cəmiyyətdən cəmiyyətə, mühitdən mühitə böyük fərq var.

 

- Ölkədə nüfüzlu mütərəqqi din xadimləri şurası yaratmaq olarmı ki, onlar da ortaya çıxan məsələlərlə bağlı fətva versinlər?


Şəriətin özündə fətva vermək üçün mexanizm təqdim olunur. Bu gün də QMİ-nin fətvalar şurasında mötəbər şəriət kitablarına istinadən fətvalar verilir. Bundan əlavə, din xadimlərinin peşə təkmilləşməsi üçün də tədbirlər görülür. Amma yenə də, yüksək peşəkar kadrlara ehtiyac var.

 

-Hansı musiqiləri dinləyirsiz?


Musiqi dinləməyə vaxtım olmur. Fürsət olanda isə milli musiqiyə və muğama qulaq asıram. Xüsusilə, Bayatı-Şiraz, Humayun və Şur muğamlarına üstünlük verirəm. Bakıda böyüyən bir insan kimi mərhum Hacıbaba Hüseynova xüsusi simpatiyam var. Bundan əlavə muğam ifaçılarından Mənsum İbrahimovu dinləməyi xoşlayıram. Yeni improvizələrə və mənəvi mövzulara tez-tez müraciət edən Alim Qasımovun ifaları da, təbii ki, öz yerində. Gənc xanəndələrdən Mirələmin ifasını xüsusilə bəyənirəm.

 

-Hansı ədəbiyyatı oxuyursuz, mütaliə üçün hansı kitabları məsləhət görürsüz?


Dini ədəbiyyatla yanaşı bədii və elmi ədəbiyyata da müraciət edirəm. Bunu başqalarına da tövsiyə edirəm. Klassik dini bilgilərlə yanaşı, dünya klassikləri və müasir müəlliflərin ideyaları ilə tanışlıq olduqca mühümdür. Habelə, qeyri-müsəlman müəlliflərin kənardan dinimizə baxışları ilə tanış olmaq zəruridir. Düşünürəm, qədim yunan əsatirlərindən başlayaraq muasir fantastlara kimi bədii ədəbiyyatın rolunu heç bir vəchlə kiçiltmək olmaz, hamısı mütaliə olunmalıdır. Çünki bədii yaradıcılıq zamanın ruhiyyəsi və dünyagörüşünü, gündəmini ən gözəl şəkildə əks etdirir. Məsələn, Corc Oureli oxumadan totalitarizmin təhlükəsini canlı hiss etmək mümüknü deyil. Eyni zamanda Bernard Şounu oxumaqla, ifrat fərdçiliyin acısını daha aydın analamaq olar. Osvald Şpenqlerin “Avropanın süqutu” əsəri mütləq oxunmalıdır, özü də bu əsər sırf Avropaya tətbiq edilməməlidir. Anri Korbinin “İslam fəlsəfəsi tarixi” Avropalı intellektualın müsəlman intellektual irsinə verdiyi qiymətdir. Posmodern dönəmdə tradisionalizm ideyalarının yayılması Rene Genonun, Yulius Evolanın mütaliəsini zəruri edir. Eliade Mirçenin dinlər tarixinə həsr etdiyi üç cildlik əsəri bu günə kimi bu sahədə yazılmış ən mükəmməl əsərlərdəndir. Bertran Rasselin “Qərb fəlsəfəsi tarixi” qərbin intellektual tarixini bizə açıqlayırsa, Karl Popperin yazdığı və liberalizmin “İncili” sayılan “Açıq cəmiyyət və onun düşmənləri əsəri” müasir Qərb dünyagörüşünün mahiyyətini ortaya qoyur. Sağçı-solçu “münaqişəsini” fon Hayeksiz, Fromsuz başa düşmək çətindir. Azadlıq və ədalət kimi fundamental kateqoriyaları Qərb məfkurəsi prizmasından bu müəlliflər çox maraqlı şəkildə açıqlayırlar. Gənclərə Marsel Mossun dini konseptlər barədə sosioloji təhqiqatları ilə tanış olmağı tövsiyə edirəm. Təbii ki, artıq əfsanəyə çevirilmiş və daim gündəmdə olan Kantı, Kyerkeqoru, Hegeli, Nitşeni, Milli və Haydeggeri də mütləq oxumaq lazımdır. Şübhəsiz ki, hər bir əsər müəllifin subyektiv yanaşmasından ibarət olduğu üçün, heç vaxt tənqidi kənara qoymaq olmaz. Mütaliə düşüncədə təqlidçilik yaratmaq üçün deyil, tənqidi düşüncə vasitəsilə dünyagörüşü formalaşdırmaq üçündür.
Sırf ruha qida kimi klassik ədəbiyyatımızı, qəzəli çox sevirəm. Təbii ki, burada Nəsimini və Füzulinin adını çəkməmək olmur. Qəzəlin xüsusi ovsunlayıcı mənəvi təsiri var. Müasirlərimizdən Ramiz Rövşənin yaradıcılığını xüsusi vurğalamağı özümə borc bilirəm. Qabaqlar Volter, Hüqo, Tolstoy, Dostoyevski, Çexov kimi fransız və rus klassiklərinə marağim var idi. Ara sıra çalışıram müasir ədəbi hadisələri diqqətdə saxlayım. Məsələn, Joze Saramaqo mənim üçün çox maraqlı gəlir.

 

- İslamda olan demokratik prinsipləri cəmiyyətdə hansı üsullarla təbliğ etmək olar?


- Demokratiyanın baza anlayışı olan insan azadlığı mövzusuna düşünürəm ki, yeni baxış tələb olunur. Qərb siyasi məfkurəsində də azadlığa iki yanaşma hökm sürüb – pozitiv və neqativ. Pozitiv azadlıq, yəni nəyəsə nail olmaq üçün azadlıq. Neqativ azadlıq, yəni nədənsə qurtulmaq üçün azadlıq. Azadlığa belə ikili yanaşma, bunlardan birinin inkar olunması bir sıra ideoloji parçalanmalara səbəb olmuşdu. Lakin, ictimai rəylə manipulyasiya və siyasi texnologiyalırın inkişafı azadlığın mümkünlüyünü şübhə altına qoydu. Müasir insanın düşüncə azadlığına ciddi ehtiyac yaranıb. Lakin, bu klassik anlamdakı düşüncə azadlığı , yəni “istədiyini deyə bilərsən” ideyası deyil. Bu gün insana sadəcə düşünmə fürsəti verilməlidir. İnsan düşüncəsinə kənardan təsir həddən artıq güclüdür. Buna görə də yönləndirilən, istiqamətləndirilən, illüzor azad düşüncədən qurtulmağa ehtiyac yaranıb. Manipulyasiyaların da əsas istinadı insanın bir sıra instiktiv meyilləri, maddiyyata bağlılıqlarıdır. Deməli, insan diqqətini mənəvi mövzulara yönəldərsə, maddi təməyyül və ehtiyaclarını məhdudlaşdırarsa, əsl mənada azad düşüncəli ola bilər. İslam dini azad düçüncəyə sahib olmaq üçün nəfslə mübarizə konsepsiyasını təklif edir.

 

İslama əsasən, azadlıq insanın daxili durumudur. Neqativ və poztiv azadlıq insanın ruhi azadlığına xidmət etməlidir. İnsan, belə demək olarsa, azad olmaq üçün yaşayır. İnsan maddi bağlılıqların hamısından azad olmalıdır ki, ruhi azadlığına çata bilsin. Nə iqtisadi çətinliklər, nə siyasi sistem, nə ictimai rəy, nə manipulyasiyalar, nə nəfsani istəklər, hətta ölüm belə azadlığın qarşısında səddə çevirilməməlidir. İnsan daha primitiv istəklərinə “yox” deməyi bacarmalıdır ki, daha böyük və dərin arzularına çata bilsin. Elm oxumaq istəyən, əyləncəsini məhdudlaşdırmalıdır. İdmançı olmaq istəyən, qidasını məhdudlaşdırmalıdır. Hörmət qazanmaq istəyən, tamahını məhdudlaşdırmalıdır. Eyni zamanda elm də, güc də, hörmət də, imkan da insanın mənəvi yüksəlişi üçün vasitə kimi başa düşülməlidir. İnsanın mənəvi imkanları çoxaldıqca, maddi imkanları da çoxalır və əksinə. İctimai inkişaf insanın fərdi inkişafına təkan verir və əksinə.

 

Bu gün İslamın təkcə Axirət üçün yox, dünya üçün faydalılığı çatdırılmalıdır. Yəni, “din yalnız Axirət vermir, dünyada da insanı xoşbəxt və uğurlu edə bilər” ideyası təbliğ olunmalıdır. Hətta deyərdim, dünyada həqiqi mənada xoşbəxt olmağın yeganə yolu inanca sahib olmaqdadır. Bunun üçün, bu dəyəri yaşadan və dünyada uğurlu olan insanlar onu təbliğ etməlidirlər. Habelə, təbliğat propaqanda, ideologiya yeridilməsi formatından çıxmalıdır. Bu çox mühümdür. Stereotiplərdən azad olmaq vaxtı çoxdan yetişib. Bizim orta əsr klassiklərimiz insanla Allah arasında olan eşqi, məsələn,“Leyli və Məcnun” dastanı formasında, nəfis və peşəkar şəkildə çatdırırdılarsa, bu gün dini mövzuya müraciət olunanda mütləq araxçınlı, uzun qol ağ köynəkli, hamıya moizə edən birisi canlandırılır. Əfsuslar olsun, başqa mövzularda yüksək peşəkarlıq göstərənlər, din mövzusuna gələndə nədənsə bu klişelərə müraciət edir.

 

hacishahin.az