“Azərbaycan dövlət-din münasibətlərində özünəməxsusluğu ilə hər zaman seçilib. Ölkə başçısı tərəfindən də mütəmadi olaraq belə humanist addımlar atılır və əfv sərəncamları imzalanır”
Bunu “Qafqazinfo”ya müdahibəsində ilahiyyatçı Hacı Şahin Həsənli prezidentin əfv sərəncamının bir qrup dindara da şamil olunmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu dəfəki əfv sərəncamının əhatə dairəsi daha geniş idi:
“Bayram ərəfəsində belə bir əfv sərəncamının verilməsi çox sevindiricidir. İnsanlar öz ailələrinə qovuşur. Bu sevinci də görməmək mümkün deyildi. Bunlar həm də cəmiyyətdə radikallaşmanın qarşısını alan bir addımlardır. Belə humanist addımlar insanları hansısa qırğın yaradan düşüncələrdən uzaqlaşdırır, onları barışa dəvət edir. Ona görə də hər bir halda belə əfvlər təqdirəlayiqdir. İnanclı insanların sayının bu dəfəki əfv sərəncamında çox olması müsbət bir haldır. Ona görə də, sərəncam inanclı insanlar tərəfindən çox yüksək dəyərləndirilir”.
İlahiyyatçı həmçinin bir qrup dindarın əfv edilməsi üçün Şeyxülislam Hacı Allahşükür Paşazadənin prezidentə müraciət etməsi ilə bağlı yayılan fikirlərə də münasibət bildirib.
Onun sözlərinə görə, əfv sərəncamlarının imzalanması səlahiyyəti müstəsna olaraq cənab prezidentə aiddir: “Şeyx həzrətləri də Əfv Komissiyasının üzvü kimi təkcə inanclı insanlarla bağlı yox, ən müxtəlif məhbuslarla bağlı ərizələrin komissiyaya təqdim olunması üçün vasitəçi olur. Həmin məhbusların əfv edilməsi ilə bağlı prezidentə müraciət edilir.
Bir qrup məhkumun onun özünə müraciət etməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirən ilahiyyatçı qeyd edib ki, məhbuslar və onların valideynləri Qafqaz Müsəlmanları İdarəsinə də müraciət edir:
“Bir cəzaçəkmə müəssisəsində tədbir keçirilmişdi. Bu zaman bir neçə məhbus mənə yaxınlaşdı. Onlar əfv üçün müraciət etmək istədiklərini bildirmişdilər. Biz də o istiqamətdə məhbuslara müəyyən məsləhətlərimizi verdik. Bu birbaşa şeyxin Əfv Komissiyasına müraciəti vasitəsilə həyata keçirilib. Elə hallar da olur ki, məhbuslar əfv müraciətlərinin şeyx həzrətlərinə çatdırılması üçün müraciət ediblər. Mən də o müraciətlərin şeyx həzrətlərinə çatdırılmasında əlimdən gələni etmişəm”.
hacishahin.az