Müsahibələr

”Azərbaycandakı dini dözümlük qürurvericidir”

11 Aprel 2019 1159

Noyabrın 14-15-də paytaxtımızda “Dünya dini liderlərinin II Bakı sammiti” keçiriləcək.

 

Bununla bağll Moderator.az-a danlşan Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Məşhədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli Azərbaycanda din və məzhəblər arasında münasibətin tolerantlıqdan daha üstün bir mövqedə qərarlaşdığına diqqət çəkdi:

 

“Azərbaycan dövlətinin dinc siyasətində iki əsas prioritet istiqamət var. Bunlardan biri İslam vəhdətidir. Azərbaycan nadir ölkələrdəndir ki, heç vaxt məzhəblərarası konflikt, hansısa münaqişə olmayb. Bu  gün də məscidlərdə vəhdət namazı qılınır, müxtəlif məzhəblərin təmsilçiləri qardaş kimi yaşayırlar.

 

Dövlətimizin siyasətində özünü büruzə verən ikinci istiqamət isə çoxmədəniyyətli, multikulturalizm siyasətidir. Azərbaycan öz ərazisində müxtəlif mədəniyyətlərə mənsub xalqların, müxtəlif inancları paylaşan insanların yaşaması ilə öyünür. Azərbaycanda bu zəmində də heç vaxt hansısa münaqişə olmayıb.

 

Biz çox vaxt tolerantlıqdan danışırıq. Hansı ki, bu sözün tərcüməsi “dözümlülük” mənasını verir. Amma deyərdim ki, Azərbaycanda dinlər və məzhəblər arasında münasibətlər tolerantlıqdan daha üstündür. Azərbaycanda sözün həqiqi mənasında qardaşlıq mühiti var.  Istənilən din təmsilçisi Azərbaycanda özünü çox rahat hiss edir. Bu, Azərbaycan dövlətinin siyasəti, xalqımızın əsrlər uzunudur ki, yaşatdığı bir ənənədir. Dövlət başçısının müxtəlif sərəncamlarında bu siyasət öz əksini tapır.

 

Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Ötən ilərdə də ölkəmizdə bir sıra beynəlxalq konfranslar keçirilib. Mən özüm də bu tədbirlərin iştiakçısı olmuşam. Bu tədbirlərdə şahidi olmuşam ki, müxtəlif ölkələrdən gələn xristian, yəhudi və digər dinlərin təmsilçiləri Azərbaycandakı duruma öz heyrətlərini gizlətmirlər. Onlar deyirlər ki, Azərbaycandakı bu münasibətlər Avropanın ən inkişaf etmiş ölkələri üçün də nümunə hesab edilə bilər. Həqiqətən də bu, belədir. Müasir dünyamızda bunun önəmi xüsusilə çoxdur. Çünki hal-hazırda dünyada din və məzhəb qarşıdurmaları süni şəkildə qızışdırılır. Bu, bəzi dövlətlərin maarqlarına xidmət edir. Dünyadakı bu mənzərə fonunda Azərbaycanda belə bir vəziyyətin mövcudluğu qürurvericidir. Bu, bizim dəyərimizdir və biz bu dəyərləri qorumalıyıq. Bu dəyərlər həm dövlət siyasətində, həm də xalqın adət-ənənələrində yaşayır”.

 

 

 

hacishahin.az