Müsahibələr

Azərbaycan xəstəxanalarında niyə namaz otaqları yoxdur?

23 Aprel 2019 955

Xəbər verdiyimiz kimi, ümumilikdə xristian ölkəsi sayılan Rusiyada , xüsusilə, paytaxt Moskvada onkoloji və narkoloji mərkəzlərdə, eləcə də bir sıra digər tibb müəssisələrində müsəlmanlar üçün ibadətxanaların sayı artırılır. Lakin müsəlman ölkəsi hesab edilən Azərbaycanın tanınmış dövlət və özəl tibb müəssisələrində namaz otaqlarına rast gəlinmir.   

 

Tanınmış ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin  səlahiyyətli nümayəndəsi, “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri  Hacı Şahin  məsələ ilə bağlı  Moderator.az-a  açıqlamasında bunları bildirib:

 

“Azərbaycandakı xəstəxanalarda namaz otaqlarının olub-olmaması haqda dəqiq məlumatım yoxdur. Ancaq ayrı-ayrı özəl və dövlət müəssisələrində, o cümlədən Bakı hava limanında, bir sıra ticarət mərkəzlərində   müsəlmanların rahat ibadət etməsi üçün xüsusi məkanların ayrıldığını bilirəm... 

 

Ümumiyyətlə, Rusiyada belə bir addımın atılması, təbii ki, təqdirəlayiqdir. Çünki möminlər bəzən namaz  vaxtı yaxınlıqda məscid olmadıqda ibadətlərini icra etməkdə çətinlik çəkirlər. Odur ki, insanların kütləvi şəkildə gəlib-getdiyi, çalışdığı, toplandığı yerlərdə namaz otaqlarının olması çox normal bir haldır. Bir çox İslam ölkələrində, eyni zamanda əhalisinin müəyyən hissəsi müsəlman olan ölkələrdə də bu qaydaya riayət edilir. Azərbaycanda da əvvəlki illərə nisbətdə insanların kütləvi çalışdığı, yaxud yığışdığı məkanlarda  namaz otaqlarının sayı artır. Hətta cəzaçəkmə müəssisələrinin, demək olar ki, hamısında nəinki namaz otaqları, kiçik məscidlər də var”.

 

“Bəs Qafqaz Müsəlmanları İdarəsində bu barədə məsələ nə vaxtsa müzakirə edilibmi” sualını isə həmsöhbətimiz belə cavablandırıb:

 

“Xeyr. Qafqaz Müsəlmanları İdarəsində belə bir məsələ qaldırılmayıb. Çünki bu, hər hansı idarə və müəssisənin, o cümlədən xəstəxanaların öz səlahiyyətlərində olan məsələdir”.

 

Hacı Şahindən bu məlumata da münasibətini öyrəndik: “Moskva müftisi öz açıqlamasında onu da bildirib ki, Moskva Müsəlmanları Ruhani İdarəsi klinikalarda yalnız namaz otaqları açmaqla kifayətlənmir,  həmçinin, müntəzəm olaraq imamların orada inanclı xəstələr üçün xidmətini də təşkil edir. Hospislərə  ruhanilər  çağırışa əsasən bir neçə saat ərzində gedirlər”.

 

QMİ nümayəndəsi bunları söylədi:   

 

“Ümumiyyətlə, din xadimlərinin ümidsiz xəstələrə, çarəsiz insanlara mənəvi və ya maddi yardım göstərməsi çox təqdirəlayiq bir haldır. Bu cür insanlar  bizlərə də üz tuturlar. Hətta psixoloji problemləri olan şəxslər də psixoloqlarla yanaşı, bizlərə, din xadimləri və ilahiyyatçılara  da müraciət edirlər. Və  öz təcrübəmdə rast gəlmişəm ki, bəzən din adamları tərəfindən verilən tövsiyələr effektiv olur və həmin insanların problemlərinin həllində, rahatlıq tapmalarında yardımçı rolunu oynayır...  

 

Onu da əlavə edim ki,  son illər Azərbaycanda din xadimləri mütəmadi olaraq cəzaçəkmə müəssisələrində  cəza çəkən insanlarla da görüş keçirir və bu da həmin məhkumların  mənəvi durumuna müsbət təsir göstərir. Eləcə də hərbi hissələrimizdə bu cür tədbirlər keçirilir. Xəstəxanalarımızda da  din xadimlərinin xəstələrlə görüşlər keçirə bilməsində heç bir problem görmürəm. Və bu normal, təqdirəlayiq bir hal olardı...”

 

 

moderator.az