Müsahibələr

Hacı Şahin Həsənlinin “Uğur sirri”

27 Mart 2014 2079

Hacı Şahin Həsənlinin azadinform.az-a müsahibəsini oxuculara təqdin edirik:


Gəncin ruhiyyəsi moziə, nəsihət eşitməyə meyilli deyil. Gənc müstəqil olmaq istəyir, istər qərarlarında, istər düşüncələrində, istər davranışlarında. Bu təbiidir, lazımlıdır və insan təkamülün şərtidir. 

 

Hacı Şahin müəllim, Sizcə, uğurun rəngi, dadı, qoxusu, səsi, görüntüsü necədir və ona toxunmaq nə zaman mümkündür?

Baxır insan uğuru nədə görür. Hər kəs üçün uğur fərqli anlayış olduğu kimi, onun da rəngi, dadı, qoxusu, səsi və görüntüsü fərqlidir. Uğuru yaşamaq isə, ona toxunmaq deməkdir. Lakin, insan nə qədər uca hədəflərə yönələrsə, bir o qədər uğura tərəf gedən mərhələlər hər dəfə daha maraqlı, yeni simalı, daha gözəl, daha şirin, daha əlvan və daha ləzzətli olar. Bu da hədəfin cazibəsini daha da gücləndirər.

 

“Yanlışlar olmadan doğrular tapılmaz”-deyirlər. Uğursuzluq yanlışlardanmı doğar sizcə?


Başqa deyim də var: “Ağıllı kəs səhvlərindən nəticə çıxarar, müdrik isə - başqalarının səhvindən ibrət alar”. Söylədiyiniz zərb-misal olduqca nisbidir. İnsan var uğura tərəf yaxınlaşdıqca daha mükəmməl təcrübə və təfəkkürə sahib olur və keçmişdəki naqisliklərini görür. Bu baxımdan, insan düzgün addım atıb irəli gedir, lakin arxaya baxanda daha effektiv addımların olduğunu anlayır. Bu səhv yox, təcrübəsizlik adlandırmaq olar. Lakin, insan da var, yanlış addım atmadan davranışından nəticə çıxara bilmir. Bunu da düşüncəsizliyə aid etməliyik.

 

Apardığınız mübarizədə uğursuzuqlarla üzləşəndə nə edirsiniz?


Uğursuzluğun səbəblərini təhlil edib yenidən uğur əldə etmək üçün cəhd göstəririrk. Ən əsası odur ki, insan öz səhvini görməyə bacarsın və məyus olmasın.

 

Hər insanda bir istedadın olduğunu söyləyərlər, bunu necə üzə çıxarmaq olar sizcə?


İlk öncə insan özünü düzgün təhlil etməsi, özünü tanıması gərəkdir. İnsan özü ilə səmimi olarsa, özünü obyektiv qiymətləndirərsə, malik oladuğu istedadı da düzgün tapar. Sonra isə bu istedadı reallaşdırmaq üğrunda zəhmətə qatılar. Zəhmət, əziyyət çəkmədən heç nəyə nail olmaq olmaz.

 

Bəs insan oğlunun ən böyük ali uğuru nədir? Ümumiyyətlə, bir insanın uğurlu olub-olmadığını necə müəyyənləşdirə bilərik?


İnsanın insan olması ən böyük uğurdur. Bunu isə yalnız insanın sözləri ilə davranışlarındakı uyğunluqla müəyyən etmək olar. Əgər daxili aramlığa, mənəvi yüksəkliyə, xoş əxlaqa, dərin təfəkkürə, başqalarına faydalı olmağa nail ola bilibsə, deməli, uğurlu insandır.

 

Uğurumuzu uzun müddətli qoruyub saxlamaq üçün nəsə etməliyikmi?


Baxır uğuru nədə görürük. Keçici bir şeyə nail olmaqla uğru əldə etmiş sayılırıqsa, onda uğuru heç zaman qoruya bilməyəcəyik. Çünki zatən ötəri bir nəaliyyəti əldə saxlamaq mümkün deyil. Yox əgər əbədi bir hədəfi çatmağı özümüzə uğur sayırıqsa, onda onu tam əldə edə bilməyəcəyik, uğura hissə-hissə malik olacaq, ona mərhələ-mərhələ addımlayacayıq. Ona görə də, bizi daim maraqlandıram sual əldə etdiyimizi necə saxlayaq yox, əldə etdiklərimizi necə tamamlayaq və təkmilləşdirək olacaq.

 

Ümumiyyətlə, islamda uğur anlayışı necədir? Bu barədə nə deyə bilərsiniz?


Qurani-Kərimin “Şəms” surəsində buna ən qısa və ən dolğun cavab verən bir ayə var: “Özünü təmizləyən uğur qazanmışdır”. İnsanın hədəfi özünü daxilinə varıb, daxili aləminə səyahətə çıxıb, öz kimliyini tanımağa maneə olan sədləri dağıdıb həqiqəti öz içində tapmasıdır. Kənarda uğur axtarmaq lazım deyil, uğur insanın daxilindədir, ona özünü təmizləməklə nail ola bilərsən.

 

Bəzi gənclər bir işə başlayanda “Düşün, tətbiq et və nəticələndir” prinsipini unudurlar. Yəni, onlar düşündüklərini ya tətbiq etmir, ya da nəticələndirmirlər. Bu problemlə üzləşənlərə nə söyləmək istərdiniz?


Gəncin ruhiyyəsi moziə, nəsihət eşitməyə meyilli deyil. Gənc müstəqil olmaq istəyir, istər qərarlarında, istər düşüncələrində, istər davranışlarında. Bu təbiidir, lazımlıdır və insan təkamülün şərtidir. Odur ki, insana həyata baxış uşaqlıqda aşılanmalıdır ki, gənc yaşlarında düşünərək müstəqil qərarlar verə bilsin. Valideyinin də əsas funksiyası bundan ibarətdir – övladı müstəqil həyata hazırlamaq. Əgər valideyin bunu bacarmayıbsa, bu, gəncin yaşadığı mədəni mühitin təsiri ilə mümkündür. Yəni bir gənc onu əhatə edən dünyanın düşünməyi, düşündüklərini tətbiq etməyi və tətbiq etdiklərini nəticələndirməyi tələb etdiyini görərsə, o zaman mühitə uyğunlaşmağa çalışar. Uşaqlıqda məsuliyyətsiz tərbiyə olunan, gəncliyində isə müvafiq mühitdə yaşamayan insandan, məsuliyyət tələb etmək mənasızdır.

 

Qarşısındakına “əhəmiyyətlisən” mesajını verməkdə çətinlik çəkənlərə nə söyləmək istərdiniz?


Özün əhəmiyyətli olmaq istəyirsənsə, başqalarına əhəmiyyət verməyi bacarmalısan. Qarşısəndakını dəyərləndirə bilməyən, özü dəyərləndirilməz. İnsanın başqaları ilə davranışının kökündə özünə olan münasibəti durur. İnsan özünə qarşı kinini başqalarına tökməklə ifadə edir. Və əksinə, özünə olan sevgisini başqalarına qarşı sevgi ilə təzahür etdirir.Ona görə, ilk növbədə: “Özünə inan, özünü sev və özünü kamilləşdir, çünki sən insan olaraq bu istedada maliksən,” - söyləmək istərdik.



Övladlarınızın gələcəkdə uğurlu ola bilməsi üçün nə edirsiz? Daha fərqli davrana bilirsiniz?


Övlad valideyini təqlid etməklə tərbiyə olunur. Ona deyilən nəsihətlər yox, ailədəki mühit onu formalaşdırır. Uğurun ən birinci sirri əxlaqdır. Çünki, əxlaq insanı özünə “yox” deməyi öyrədir. Əxlaq isə məhəbbətdən doğur, yəni sevib və sevildiyinə görə, məhrumiyyətlə üzləşməlisən. Allahla da münasibət belədir. Allahı sevirsənsə və Allahın səni sevdiyini bilirsənsə, bu sevgi naminə qurban verməyə hazır olmalısan. Əgər ailədəki məhəbbət əxlaq şəkilində təzahür edərsə, bu mühitdə tərbiyələndirilən övlad özünəinamlı, məsuliyyətli, düşüncəli və müstəqil böyüyər.

 

Sizcə uğura götürən yolda insanların ən güclü silahı nədir?


Məhəbbətdən doğan əxlaq. İnsan müxtəlif səbəblərdən əxlaqlı ola bilər – qorxudan, mənfəətdən, adət-ənənədən və s. Bunların heç biri insanı uğura çatdıra bilməz, əksinə insan daim mənasız məhrumiyyətlə üzləşər. Əgər insan özünə və başqalarına sevgi üzündən əxlaqlı olarsa, bu onu məsuliyyətli və düşüncəli edər. Onun xoş rəftarı süni olmaz, onun səmimiliyi insanları cəzb edər. Üstəlik, insan da özü ilə səmimi olmuş olar, özü ilə səmimi olan kəs isə öz üzərində daim çalışar. Beləliklə də daxilən təkamülə yönəldiyi kimi, ətraf şərait də onun təkamülü üçün münbit olar.

 

Uğurun yaşı olur yoxsa başı, nə düşünürsüz?


Birmənalı olaraq, uğurun başı olur.

 

Fərqliliyiniz və fərdliliyiniz haqında nə deyə bilərsiz? Nəyə görə siz sizsiniz?


Bunu yalnız özünü başqaları ilə müqayisə edən insan deyə bilər. Mən isə belə müqayisələrə meyilli deyiləm.

İnanmaq asandır, yoxsa inandırmaq?


Hər ikisi də çətindir. İnanmasan, inandıra bilməzsən.

Həyatın enini və uzununu ölçdüzmü heç, yaşamı üzün edən nədir sizcə?


Hər bir insan müəyyən yaşdan sonra həyatını ölçür. Gənc yaşlarında bu barədə ciddi düşünməsən də, yaşa dolduqca artıq həyatın miqdarı səni düşündürür. Mənim üçün həyat faydalanmaq və faydalı olmaqla ölçülür, ona görə də, həyatı uzun edən onu dolğunlaşdıran, bərəkətləndirən, zəngilləşdirən hadisələrdir.

 

Əgər sizə dünyada yalnız bir şeyi dəyişdirmək imkanı verilsəydi, siz nəyi dəyişdirərdiz?


Heç bir şeyi. Çünki, nəyisə dəyişmək gücündə olsaydım da, hadisələr başqa istiqamətdə cərəyan edəcəkdi və yenə də nəyisə dəyişmək arzusuna düşəcəkdim.

 

Həyat toplananlar, çıxılanlar, vurulanlar və bölünənlərdən ibarətdir deyirlər, sizin payınıza ən çox hansı əməl düşüb?


Bu barədə heç düşünməmişəm. Yəqin ki, hər toplanılan, hər çıxılan, hər vurulan və hər bölünən bir təcrübə qazandırıb. Deməli, toplananlar daha çoxdur.

 

Bəs siz özünüz özünüzə dost ola bilsəydiniz, özünüzə sizin kimi bir dost istəyərmiydinizmi?


İnsan özü ilə dost və səmimi olduqdan sonra, onun ayrıca bir fərd kimi təcəlla etməsinə lüzum yoxdur, məncə. Üstəlik, dostluğu şirinləşdirən məhz dostlar arasındakı fərqlərdir. Düşünürəm, eynən özüm kimisi ilə dostluğa ehtiyacım yoxdur.

 

Uğurlu olmaq istəyənlərə gərəkli ola biləcək bir məsləhət versəydiniz, siz nə deyərdiniz?


Özü barədə düşünsün. O kimdir, onun istəklərinin nəhayəti və qaynağı nədir, onu həyatda nə aram edə bilər? Sadəcə bu suallar ətrafında düşünməyə başlasın.

 

Dəlinin doğru xəbəri nə olar sizcə? Dəliliyin gözəlliyi mümkünmü?


Həzrət Əlinin (ə) maraqlı bir kəlamı var: “Sözə diqqət et, nəinki söz deyənə”. Bir dəlidən aldığın nəsihətin təsiri, bəzən böyük əxlaq sahiblərinin sözlərindən daha təsirli olur. Bundan əlavə, xəbər istər dəlidən gəlsin, istər ağıllıdan yoxlanılmalıdır. Necə deyərlər, 100 dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Dəliliyin gözəlliyinə gəlincə isə, baxır dəliyə hansı gözlə baxırsan. Optimist insan hər bir şeydə gözəllik görür, pessimist isə hər şeydə ebəcərlik axtarır. Biz isə bir qədər realist yanaşaraq, dəliliyin səbəbinə baxırıq. Dəlilik stereotip və illüziyaları sındırıb insanları reallığa qaytarırsa, gözəldir. Bunun əksi isə gözəl ola bilməz.

 

Hesab - kitab dəftəriniz var?


Var.

 

Təbliğ etdiyiniz gercəklər hansılardı, necə düşünürsüz sevginin təbliğata ehtiyacı varmi?


Təbliğ etdiyimiz gerçəklik odur ki, insan özünü tanımadan heçnəyə nail ola bilməz. Özünü tanıyan insana sevgini təbliğ etməyə gərək yoxdur, çünki o onsuz da sevəcək. Özünü tanımayana isə sevgi barədə danışmaq mənasızdır, çünki o, bu ülvi hissi dərk etmək qabiliyyətində deyil.

 

Yaşamaq və var olmaq arasında fərq nədir?


Yaşamaq da, var olmaq da əbədidir.Ölü də varlıqdır, sadəcə yaşamır. Quranın işarə etdiyi əsas məqamlardan biri də budur – Allah bəzən diriləri cəsəd, ölüləri isə yaşar adlandırır. İnsan əbədi varlıqdır, lakin öz insanlıq funksiyasını yerinə yetirirsə, deməli diri varlıqdır, insanlıq haqqını əda edə bilmirsə - ölüdür. Bu baxımdan insanı insan edən nə varsa diri varlığın göstəricisidir, insanı insanlıqdan çıxaran nə varsa – ölü varlığın.

 

Sizcə gözlərimizin sürəkli tavana baxması tavanın nə işinə yarayar?


- Tavanın heç bir işinə, bizim isə işimizə yaraya bilər. Asimanı seyr etmək üçün tavanı necə dağıdaq deyə ona baxırıqsa, demək uğura tərəf bir addım da atdıq. Əgər tavana baxıb onu heç zaman dağıda bilməyəcəyimizi düşünürüksə, yaxud asimana baxmaq bizi maraqlandırmırsa, o zaman ölüm hökmümüzə imza atmış olarıq.

 

Bəs ceyranın gözündə aslan sevimli ola bilərmi?


- Ola bilər, lakin ceyran bu sevginin onu hara sürükləyəcəyini düşünməlidir.


Ümumiyyətlə, acının sevinci varmı? Varsa özümüzü necə hazırlamalıyıq acılı günlərə kı acımız da sevinc olsun?


- Daha böyük nəaliyyət uğrunda yaşanan itkinin acısı şirindir. Çünki, bu acı səni məqsədə daha da yaxınlaşdırır. Cılız insanın acısı isə şirin ola bilməz, çünki onun məqsədi də cılızdır, kiçik acılar isə onun üçün dözülməz olur.


Son olaraq, sizcə gerçək olan hər şey doğrumu? Və yalan doğru ola bilərmi?


Xeyr, gerçək olan hər bir şey doğru ola bilməz. Bəşəriyyət belə düşünsə idi, inkişaf olmazdı. Çünki, inkişaf reallıqla razılaşmamaqdan və dəyişiklik istəyindən doğur.Yalan isə heş zaman doğru ola bilməz, yalan doğrunun rənginə boyana bilər. Nə qədər ki, yalan doğrunun rənginə boyanıbsa, mövcuddur. Bu rəngi itirdikcə də, aradan gedir. Necəki, Qurani-Kərim faydalı bir əşya düzəltmək üçün qızdırılan dəmirin üzərində yaranan köpüyü misal çəkir. O köpük aradan gedib faydalı olanın qalacağı kimi, yalan da aradan gedib faydalı olan həqiqət qalacaqdır.

 

 

hacishahin.az