Müsahibələr

“Bəzilərimiz dinimizdən- İslamdan niyə qorxuruq?”

03 May 2019 1125
"Belələri anlamır ki, mövhumat da, xurafat da məhz bilgisizlik mühitində yaranır..."
 
“Dinin, İslamın elmi mühitdə mənimsənilməsi çox vacib məsələdir…”
 
 
Son günlər Azərbaycanda  orta  və ali məktəblərdə dini bigilərin  tədris olunması haqda müzakirələr bir daha göstərdi ki, ölkəmizdə bəzi şəxslər və dairələrdə, 1000 ildən çox müddətdə dinimiz kimi qəbul etdiyimiz, yaşadığımız İslama münasibətdə, az qala, ABŞ-da, Avropada və bütpərəstliyin yayıldığı Hindistan kimi ölkələrdə olan islamofobiya səviyyəsində bir  təlaş, bir qorxu var. Görəsən, bu cür tendensiya haradan qaynaqlanır? Nədən bəzilərimiz uşaqlarımızın, gənclərimizin İslamı öyrənməsindən qorxuruq?
 
 
Moderator.az əməkdaşının bu mövzuda suallarını cavablandıran tanınmış ilahiyyatçı, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Şahin  Azərbaycanın təhsil ocaqlarında dini, islami maariflənmənin gücləndirilməsində həyəcana, təlaşa əsas verəcək heç bir səbəb olmadığını ifadə edib.
 
 
“Bir daha vurğulamağa məcburam ki,  məktəblərdə dini tədris barədə bəzilərinin, dediyiniz kimi, ajiotajla qəbul etdiyi məsələdə qorxulu bir şey yoxdur.  Və əslində burada söhbət orta və ali məktəblərdə dinin tədris və ya təbliğ olunmasından yox, din haqqında daha geniş bilgilərin verilməsindən gedir.  Bu da Azərbaycandakı təhsilin dünyəvi xarakteri ilə heç bir ziddiyyət təşkil etmir. Bütün aparıcı, inkişaf etmiş ölkələrdə belə bir təcrübə tətbiq edilir. Hətta bəzi ölkələrdə dövlət təhsil müəssisələrində ruhanilər də dərs keçir. Amma Azərbaycanın ali məktəblərində bu işi din xadimləri yox, ilahiyyatçılar həyata  keçirəcək. Hazırda çağdaş dünyada akademik səviyyədə dini biliklərin verilməsi zəruridir. Çünki indiki dövrdə din vasitəsilə manipulyasiyalar aparılır, dindən bəzən siyasi alət kimi istifadə edilir. Bəzən radikal cərəyanlar da insanların dinə bağlılığından yararlanaraq öz görüşlərini təbliğ edirlər. Bundan əlavə, dini bilgilərin məhz elmi mühitdə mənimsənilməsi çox  mühüm  psixoloji məqamdır. Əgər insan hər  hansı bir ziyalının, alimin dilindən dini məlumatları alırsa, bu, onun dinə münasibətinə də çox müsbət təsir göstərir.  O ki qaldı, İslamdan ehtyatlanmağa, ümumiyyətlə, dünyada uzun müddətdir belə bir tendensiya müşahidə olunmaqdadır. Yəni Qərb dövlətləri tərəfindən islamofobiya siyasəti aparılır. Və bu gün də İslam adı altında pərdələnmiş müxtəlif radikal cərəyan və qrupların mövcudluğu insanlarda müəyyən ehtyatlılıq yaradır. Yəni bu, planet səviyyəsində məlum dairələrin həyata keçirdiyi planın nəticəsidir. Amma Azərbaycanda İslamdan belə bir kəskin ehtiyatlılığın olduğunu düşünmürəm. Hesab edirəm ki,  bizim cəmiyyətdə kiçik bir kəsim, sadəcə, məsələnin mahiyyətindən xəbərsiz olduğu üçün bu şəkildə mövqe ortaya qoyur və dinimizdən müəyyən dərəcədə ehtiyatlanır...”
 
 
“İslamdakı şəxsi və ictimai həyat tərzi, birgəyaşayış qaydaları, əxlaqi, mənəvi, bəşəri dəyərlərin təbliğinin hər hansı bir fənnin, məsələn, multikultiralizm fənninin tərkibində, yaxud ayrıca fənn kimi tədris olunmasında təhlükəli nəsə  yoxdursa, biz dinimizi öyrənməkdən niyə qorxmalıyıq?..” sualını isə din xadimi belə cavablandırıb:
 
 
“Bəziləri düşünür ki, təhsil ocaqlarında  dini bilgilərin tədrisi möhvumata, xurafata yol açacaq. Belələri anlamır ki, mövhumat da, xurafat da məhz bilgisizlik mühitində yaranır. Ümumiyyətlə, dinimiz İslam  xurafatın düşmənidir. Yəni xurafatla heç bir səmavi dini əsla qarışdırmaq olmaz. Yer üzünə gəlmiş bütün peyğəmbərlərin missiyası, əslində, elə xurafatla mübarizə olub. Xurafatın, radikallığın yayılmaması üçün indi bu bilgilərin verilməsi vacibdir. İnsanlar anlamalıdır ki, bütün bunlar cəmiyyətə müsbət təsir göstərir. Və dinimizi –İslamı obyektiv araşdırsaq, görərik ki, bu dində, bu həyat tərzində hər  hansı təhlükəli bir şey yoxdur. Kimlərsə bunu bizə kənardan təlqin etməyə çalışır ki, din təhlükə mənbəyidir və bəzilərimiz buna inanırıq. Əksinə, din -təhlükələrin qarşını almaq üçündür, din ixtilafların qarşısını almağa xidmət edir. İnsan dini mənmsədikdə, dini özü üçün ifratdan, radikallıqdan uzaq normal bir həyat tərzi kimi qəbul etdikdə o zaman, əksinə, cəmiyyət  təhlükələrdən sığortalanmış olur...”
 
 
 
hacishahin.az