Sosial şəbəkələrdə Goranboy rayonunda çəkilən yeni görüntülər geniş müzakirəyə səbəb olub. Yayılan videoda “Qaloş piri” deyilən yerə şəfa tapmaq niyyəti ilə gələn insanların başına qaloş sürtürlər.
İlahiyyatçı Hacı Şahin Həsənli Lent.az -a verdiyi açıqlamada bildirib ki, müqəddəs ziyarətgahlar hər zaman mövcud olduğu kimi, bu gün də var: “Ziyarətgahların ziyarət edilmə qaydaları hər kəsə məlumdur.
Haqqında danışılan videoda göstərilən kütləvi icra olunan ritualın dinlə heç bir əlaqəsi yoxdur, bu əməllər xurafatdır. Sağlam məntiqə, ağıla zidd əməllərə yol verilməsi dinimizin mahiyyətinə ziddir. Övliyaların məzarını ziyarət temək, orada Allaha yönələn dualar etmək, Fatihə surəsini oxumaq dinimizdə mövcud olan məsələlərdir. Mənsəbindən asılı olmayaraq dünyanın hər yerində müsəlmanlar belə məzarları ziyarət edirlər. Amma bu zaman ifrat hərəkətlərə yol vermək tamamilə yanlışdır”.
Hacı Şahin Həsənli “Quran”da həzrəti Yusifin köynəyinin Yaqub peyğəmbərə gətirilməsi və həmin köynəyi gözünə çəkdikdən sonra atanın şəfa tapması ilə bağlı olan ayəni də xatırladıb. Əlavə olaraq bildirib ki, müqəddəs ziyarətgahdan bir əlamət olanda insanlar onu öpüb gözlərinin üstünə qoya bilirlər: “İnsanlar müqəddəs bir ziyarətgahdan gələn vasitəni öpüb gözlərinin üstünə qoya bilirlər. Deyək ki, anaya əsgər oğlundan məktub gəlir və o bunu öpüb gözünə qoyur. Bütün bunlar məhəbbətin, mərhəmətin ifadəsi ola bilər. Amma bunu bir ayin şəkilinə çevirmək kökündən yanlışdır və mövhumatdır. Bu cür hərəkətlər dinimizi gözdən salır. Övliyalara, seyidlərə, peyğəmbər soyundan olanlara hörmət göstərmək adət-ənənələrimizdə də var. Burada qəbahətli bir şey yoxdur.
Amma yenə də qeyd edirəm ki, ziyarət zamanı edilən əməllər dinimizin mahiyyətinə zidd olmamalıdır. İstər övliyaları, istərsə də dinimizi gözdən salmamalıdır. İstənilən xalqın inancına bəzən xurafat qarışır. Amma vəzifəmiz maarifləndirmə işləri aparıb xurafat haqqında insanlara bilgi verməkdir. Bu məsələləri maarifləndirmə yolu ilə həll etmək olar”.
Ş.Həsənli bildirib ki, maarifləndirmə istiqamətində ardıcıl addımlar atılır: “Artıq son illər Azərbaycanda bu kimi halların sayı xeyli azalıb. Amma hər bir halda insanları maarifləndirmək lazımdır ki, bu cür kütləvi şəkildə dinlə əlaqəsi olmayan ritualların icra olunmasının qarşısı alınsın”.
hacishahin.az