Dünyada insanları mərhəmətə səsləyən, yaxşılıq etməyə çağıran dinlərdən ən gözəli İslam dinidir. Son zamanlarda baş verən siyasi proseslər İslam dininə bir növ kölgə salır. Dünyaya hökmranlıq, bəşəriyyətə zülm edən bəzi qüvvələr öz çirkin məqsədləri üçün əsasən də İslam dinindən istifadə edirlər. Din adı altında radikal qruplaşmalar yaradılır. Həmin qruplaşmalar əsasən müsəlmanları qətlə yetirir, onlara zülm verirlər.
Qurani - Kərimdə yazılan ayələri kontekstdən çıxararaq öz mənafelərinə uyğun şəkildə cəmiyyətə çatdırırlar. Bu da İslam dinin bir növ dünya ictimaiyyətində gözdən düşməsinə səbəb olur. İslam dininə mənsub günahsız insanlara da bəzi Avropa dövlətlərində terrorçu gözü ilə baxılır. Amma bu da bir aksiomadır ki, terrorçunun nə dini, nə dili, nə də ölkəsi olur. Bəs din pərdəsi arxasında zorakılıq və vandalizm hallarını, dini və irqi dözümsüzlük faktlarının qarşısı almaq üçün hansı tədbirlər görülməlidir?
Azadinform.az-a müsahibə verən Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli vurğulayıb ki, din və zorakılıq bir-birindən əks anlamı olan sözlərdir: “Din mərhəmətə, insanlığa dəvət edir. Din insanları bir-birinə həmrəy olmağa dəvət edir. Dinin göndərilmə məqsədlərindən biri insanların birliyinin təmin edilməsi, insanların bir-birinə mərhəmət göstərməsidir. Allah Peyğəmbəri (s) haqqında Quranda buyurur ki, səni aləmlərə rəhmət olaraq göndərdim. Yəni aləmə rəhmət olaraq gələn bir din insanları zorakılığa dəvət etməz. Hər bir zaman olduğu kimi, günümüzdə də dindən müəyyən siyasi məqsədlər üçün, şəxsi maraqlar üçün istifadə etmək istəyən insanlar, qruplar, bəzən böyük dövlətlər mövcuddur. Bir çox hallarda da Qurani-Kərimdə olan ayələri, Peyğəmbərimizin (s) hədislərini kontekstdən çıxararaq fərqli şəkildə təhrif edib insanlara çatdırılar. Misal üçün Quranda “Sizinlə vuruşanlarla vuruşun” anlamını ifadə edən ayələr var. Yəni təcavüzə məruz qaldığınız zaman özünüzü qoruyur mənasını verir. Amma, bunu kontekstdən çıxarıb “Siz vuruşun” şəkildə təqdim edilir. Yəni hər şeyə qarşı vuruşaraq cihad elan etmək adı ilə insanlara təqdim olunur”.
Hacı Şahin Həsənli qeyd edib ki, bu kimi cərəyanlar son dövrlərdə İŞİD və digər terror təşkilatlarında özünü göstərdi: “Bunlar fərqli düşünənləri qətlə yetirirdilər, qadınlara, uşaqlara mərhəmət etməyib “Allahu-Əkbər” deyərək məsciddə namaz qılanları qanına qəltan edən cərəyanlardır. Bu cərəyanlar da bəzi dövlətlərin əlində öz siyasi maraqlarını həyata keçirmək üçün bir vasitə idi. Bu kimi cərəyanların dinlə heç bir əlaqəsi yoxdur. Amma bu gün onlar özlərini dinə aid edə bilirlərsə, biz hamımız məsuliyyət daşıyırıq. Bunun üçün ilk növbədə maarifləndirmə işləri aparılmalıdır, dinin mahiyyəti gənclərə çatdırılmalıdır. Çünki, savadsızlığın olduğu yerdə bu kimi cərəyanlar insanları, gəncləri öz təsiri altına ala bilir. Bununla bağlı Azərbaycanda genişmiqyaslı maarifləndirmə işləri aparılır. Bu səbəbdən Azərbaycanda radikal cərəyanların heç bir ciddi sosial bazası yoxdur. Bu indiyə kimi görülən kompleks tədbirlərin nəticəsidir. Həm də ki hüquqi müstəvidə, qanunlar çərçivəsində radikal düşüncəli insanlara, qruplaşmalara qarşı addımlar atılmalıdır. Yəni həm hüquqi müstəvidə, həm də maarifləndirmə istiqamətində işlər görülməlidir”.
hacishahin.az