Müsahibələr

Məhərrəmlikdə toyun keçirilməməsi sevgidəndir

03 Sentyabr 2019 2607

"İnsanın yaxını rəhmətə gedəndə bir müddət saçına rəng vurmur, müəyyən qaydalara riayət edir. Məhərrəmlikdə də eynidir. Əslində bunların heç biri dini qayda deyil, könül məsələsidir. Bunun qorxu üzərində qurulmasından çox, sayğı üzərində qurulması daha yaxşıdır”. 

 

 

Bunu Azvision.az saytına açıqlamasında Məşədi Dadaş məscidinin imamı, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli deyib. Din xadimi Məhərrəm ayında nə üçün toy mərasimlərinin keçirilməməsinə aydınlıq gətirib:

 

“Peyğəmbərimiz və digər imamlarımız Kərbala hadisəsi ilə bağlı yanğı ilə danışıb və bu günün qeyd olunması haqqında tövsiyələr veriblər. Bu günlərdə insanın şadlıqdan imtina etməsi qəlbindən, könlündən gəlir. Kərbəla hadisəsi böyük bir faciədir. O dövrdə peyğəmbərin ailəsinə yaxın olan insanlar amansızcasına qətlə yetirilib. Hadisə müsəlman dünyasında xüsusi bir əks-səda doğurub. Bu səbəbdən insanlar belə bir faciənin baş verdiyi günlərdə şadlıq mərasimlərindən imtina edirlər. Məsələnin gözəlliyi ondadır ki, bunu könül xoşluğu ilə edirlər. Buna bir hökm, qadağa kimi baxmırlar”. 

 

H. Şahin qeyd edib ki, müsəlmanlar kədərli günlərində hansı əməllərdən çəkinirlərsə, Məhərrəm ayında da bunları etmirlər:

 

"Məhərrəm ayında toyların və digər şənlik məclislərinin qadağan olunması dini hökm deyil. Bu, dini tövsiyyədir".

 

 

hacishahin.az