Müsahibələr

"Boşanmaların artma səbəbi yanlış gözləntilərdir"

27 Noyabr 2019 956

Boşanmaların sayı hər il ötən dövrlərlə müqayisədə sürətlə artmaqdadır. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 12 min 713 boşanma halları qeydə alınıb. Bununla ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin boşanmaların sayı 1,5-dən 1,7-yə qədər artıb.

 

Mövzu ilə bağlı Mediapost.az-a açıqlama verən ilahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, boşanma İslam dinində bəyənilməyən əməllərdən hesab olunur:

 

“Boşanma haqda İslam peyğəmbəri (s) buyurub ki, bu əməl Allahın ərşini titrədər. Digər bir yerdə isə Allahın elçisi (s) “boşanma Allahın ən acığı gəldiyi əməldir” deyib. Bu onunla bağlıdır ki, ər və arvad bir-birini tamamlayan iki əks varlıqlardır. Evlənməklə onlar sanki bütövləşir, vahid varlığa çevirilir. Hədislərdə də qeyd olunduğu kimi, ər və arvad xasiyyətcə bir-birinə uyğun olmur. Yəni insan nə qədər seçimində təfərrüata varsa da, nəticə etibarı ilə xasiyyətcə özünə uyğun olmayan biri ilə ailə quracaq. Ər və arvad bir-birinin eyibini üzə çıxardır və bu eybləri aradan qaldırmaqla insanın şəxsiyyəti möhkəmlənir. Xoşbəxtlik, o cümlədən ailə xoşbəxtliyi əldə olunmalıdır. Bunun üçün maneələr dəf edilməli, xasiyyət dəyişməli, çatışmazlıqlar aradan qaldırılmalıdır”.

 

İlahiyyatçı ailənin tələb əsasında deyil, fədakarlıq əsasında qurulmalı olduğunun vacibliyini vurğulayıb:

 

“Gənclər ailəyə bu cür yanaşmalı, ailə həyatının çətinliyini göz qabağına qoymalıdır. Yalnız belə olduqda ailə möhkəmlənər, qarşılıqlı sevgi artar, münaqişələr də tezliklə həllini tapar. Bununla belə, elə hallar var ki, həyat yoldaşı insanın şəxsiyyətini alçaldır, onun mənəvi inkişafına və xoşbəxtliyinə mane olur. Belə istisna hallarda boşanma qaçılmaz olur. Bu səbəbdən də dinimiz boşanmanı bəyənilməyən iş saysa da, qadağa etmir. Təbii ki, ailə həyatı başqalarının rəyinə görə qorunmamalıdır. İnsan həyatını ümumiyyətlə başqalarının rəyinə uyğunlaşdırmamalıdır. Düz nədirsə, onu etməlidir. Bu zaman ailə çətinlikləri, hətta hisslərin soyuması da aşılmalı olan təbii maneə kimi qəbul ediləcək”.

 

 

hacishahin.az