Müsahibələr

Erkən nikah haqda

05 Fevral 2020 1259

Fatimə Qurbanovanın faciəsi Azərbaycan ictimaiyyətini sarsıdıb.  Sosial şəbəkədə və ictimaiyyətdə insanlar erkən nikahların qarşısının alınması ilə bağlı müxtəlif fikirlər səsləndirməyə başlayıb.

 

Mövcud durumla bağlı Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imamı, hacı Şahin Həsənli isə BAKU.WS-ə deyib ki, erkən nikah İslam dininin tövsiyyə etdiyi bir şey deyil, sadəcə icazə verdiyi məsələdir: “Din bir şeyə icazə verirsə, o demək deyil ki, onun edilməsinə təkid edir. Dini qaydalar zaman və şəraitə uyğunlaşır. Yəni müasir dövrdə gənc qızlar təhsil alır və formalaşma dövrünü keçir. Bu, müəyyən bir zaman aparır. İnsan evliliyə təkcə cismən deyil, ruhən və mənəvi cəhətdən hazır olmalı, öz məsuliyyətini başa düşməlidir. Dövr keçdikdə dinimizin bəzi hökmləri zaman və şəraitin tələblərinə uyğunlaşır. Buna ictihad deyilir.

 

Din erkən evliliyi qadağan etməsə də, insanları buna təşviq də etmir. Dinimiz şəraitə uyğun ağıllı, doğru və dürüst addım atmağın tərəfdarıdır. Şəriət yetkinlik meyarı kimi  fizioloji yetkinliyi qəbul etsə də, mənəvi yetkinliyi də nəzərə alır. İmam nikahlarına gəldiksə isə, bu məsələlərin uzlaşdırılması üçün Qafqaz Müsəlmanları İdarəsi tərəfindən din xadimlərinə göstəriş verilib ki, rəsmi dövlət nikahı olduqdan sonra kəbin oxunsun. Çünki bu yolla kəbindən sui-istifadə hallarının qarşısı alınır”.

 

hacishahin.az