ŞEİRLƏR

Hansı aşiq söylə ki...

20 Noyabr 2019 5762

Hansı aşiq söylə ki, hicrində nalan olmadı,

Yanmayıb eşq içrə hərdəm, könlü viran olmadı.

 

Atəşi-hicrində yandım ol məhin sübhi məsa,

Leyk camalın gizlədib əbr içrə taban olmadı.

 

Söylədin "bərdən səlamən" nari-Nəmrudə o dəm,

Bəs neçin mən yandığım atəş gülüstan olmadı?

 

Aşiqi-zarın bütün xəlq içrə rüsva eyləyib,

Mübtəla halın görüncə heç peşiman olmadı.

 

Vəsf qıl, ey xəstə könlüm gül cəmalın ol yarın,

Gizlədib min işvə ilə, gər nümayan olmadı.

 

Şikvə etməm möhnətində, her belaye raziyam

Varmı aşiq hicr ilə çaki-giriban olmadı?

 

Hali-zarim cox təlaş etdim nihan olsun, vəli

Ruyi-zərdim faş edib əğyarə pünhan olmadı.

 

Hacı Şahin Həsənli

 

Bakı, 2015