MƏQALƏLƏR

Müasir insan haqda düşüncələr

29 May 2016 6307

Ramazan ayı bütün dəyişilməz ehkamları ilə bərabər yenilənmə, dəyişmə fürsətidir. Daha doğrusu bu ayın bütün ehkamları insan üçün məhz yenilənmə məqsədi daşıyır. Ənənəvi olaraq bu ay zehnimizdə tövbə, oruc, birgə iftar, əhya kimi ayinlərlə assosiasiya olunur. Keçmişdə daha çox bu ayinlərin icrasına önəm verilir, hətta cəsarətli bir iddia olsa da, onların icrası daha çox hansısa magiya ritualına bənzəyirdi. Hər şeyi rasionallaşdırmağa çalışan müasir insan üçün bunlar bir qədər qəribə və mənasız görsənə bilər. Lakin müasir insanın özü kimdir? 

  

Yunqun vaxtı ilə qeyd etdiyi kimi, müasir insan zaman baxımından hazırda yaşayan kəs deyil, zehniyyət baxımından dünyanın sonunda qərar tutmuş birisidir. O, keçmişdən xeyli yüksəklikdə durur və ötüb-keçənlərə dağın zirvəsindən baxır. Lakin, gələcək onun üçün sonsuz, müammalı bir uçurumdur. Bu zirvəyə çıxmaq, yəni keçmişi anlamaq və gələcək naminə risk etmək şüur, idrak və cəsarət tələb edir. Bu mənzərəni Şelerin müasir insan problemi barədə düşüncəsi tamamlayır: öncəkilərdən fərqli olaraq, çağdaş fikirli insan özünü tanımadığını anlayıb. Müasir insan sürü zehniyyətindən qurtulmağa can atır, daxilinə varıb özünü tanımağa çalışır, lakin daxildəki zülmət onu vahiməyə salır. Kənardan təlqin edilən ideallar, modellər deyil, daxili aləmi ilə uzlaşan bir həyat yolu axtarışında olan insan tənhalığa məhkum olur. Bu baxımdan müasir insanın həll etməli olduğu ən başlıca problem aydınlaşır.

 

Hər bir gələcək nə zamansa keçmişə çeviriləcək. Bu, zamanın qanunudur. Müasir adlandırdığımız dünya da nə zamansa bir çox cəsur insanların düşünülmüş riski ilə kərpic-kərpic inşa edilib. Lakin, insan qəribə varlıqdır: dünyanın simasını yeniləsə də, ona münasibətini dəyişmir. Yeni siyasi sistemlər üçün yeni istibdad üsulları, yeni iqdisadi modelər üçün yeni istismar yolları, yeni mədəniyyət üçün yeni konformizm mexanizmləri düşünür. Bir tərəfdən yenilənmə arzusu, digər tərəfdən köhnəliyin komfortu arasında qovrulur insan. Bəzən müasir insan elmi-texnoloji inkişafı ilə qürurlanır, lakin bir qədər düşündükdə görür ki, Aya uçan insanla sivilizasiyanın astanasında duran insan arasında elə də ciddi fərq yoxdur. Dəyişən anturajdır, süjet isə həmin süjetdir. Müasir insanın öz sələflərindən fərqi də bunu dərk etmək bacarığındadır. Yalnız bunu başa düşən cəsur şəxslər gücünü dekorun deyil, ssenarinin dəyişilməsinə sərf edə bilər.

 

Müasir insanın problemi nədədir? Ekoloji fəlakətdə? Xeyr, insan həmişə təbiəti fəth etməklə məşğul olub, dəyişən yalnız fəlakətin miqyası və başa düşülməsidir. Hərbi münaqişələr? Xeyr, tarix zatən qanla yazılıb. Mədəniyyətlərarası toqquşma? Məgər bu toqquşma olmayan bir dövr olubmu? Problemi kənarda axtarmağın mənası yoxdur, çünki problem insanın daxilindədir. Problem insanın özüdür. Bu elə bir problemdir ki, hətta insanmərkəzli humanizm onu həll edə bilmir. Humanizm məsələni fəlsəfi müstəvidə aktuallaşdırmağa çalışsa da, yenə də insana kənardan baxır.

 

Bu gün biz ictimai şüurun mənfəət və istehlak dəyəri altında necə standartlaşdığını görürük. Cəmiyyətə ideal kimi məhz istehlakçı mədəniyyət təqdin olunur, buna etiraz edənlər isə bəşəriyyətin düşməni qismində göstərilir. İnsan üçün hər şey istehlak obyekti olmalıdır, hətta uğurlu insan istehlak müsabiqəsində başqalarını geridə qoyan şəxsdir. Səninlə həmfikir olanlar “özününkü”, razılaşmayanlar “yad” olur. Yadlarla isə savaşmaq lazımdır, yoxsa sənin ideala çatmağına mane olacaqlar. Biz orta əsrlərin din savaşlarından dərs almış biriləri kimi dini tolerantlığı təbliğ edir, inanc fərqinə görə dözümlülüyü labüd sayırıq. Lakin bu tolerantlığı nədənsə istehlak kultuna şamil etmək istəmirik. Kütləvi informasiya cəmiyyəti bizə bu barədə düşünməyə imkan vermir. Supermarketlərdən hazır yemək aldığımız kimi, ekranlardan hazır düşüncə alırıq. Bir tərəfdən intellect, mənəviyyat və özünütanıma məsuliyyətindən qaçan, digər tərəfdən hamı kimi olmaq istəməyən, özəlliyini anlayan insan müxtəlif maskalar geyinməklə problemi çözməyə çalışır. Ailə, ev, maşın, hətta etiqad və elmi dərəcə belə müasir insan cılızlığını gizlədən masklara çevirilib. Lakin bu maskalar insan ruhunu rahat buraxmır. Bir tərəfdən özünə “mən uğurluyam” təlqin edən müasir insan, digər tərəfdən özü özünə “bu nəyə lazımdır?” sualını verir. İnsan tənhadır, tənhalığından əziyyət çəkir və çıxış yolu tapa bilmir. Bəzən daxili parçalanma onu usandırır, həyat darıxdırıcı görsənir və bu boz həyatı unutmaq üçün sonsuz əyləncə, içki, fasiləsiz iş, cilovlanmayan ehtiras və s. maniyalarla özünü uyuşdurmağa cəhd edir. Özünü təsdiq etmək üçün insan ya başqalarını özü kimi etməyə çalışır, ya da başqalarına bənzəməyə. İndividualizm şüarları altında insan özü ilə cəmiyyət arasında sədd çəkir, özünü sosial tənhalığa məhkum edir ki, nəticədə daxilən tənhalaşır. O, sadəcə olaraq özü ola bilmir. Onun ünsiyyətə, məhəbbətə, üzərinə söykənib irəli getmək üçün hansısa fundamentə ehtiyacı var. Lakin cəmiyyəti özünə qarşı aqressiya mənbəyi görən və cəmiyyətə aqressiya ilə cavab verməyi labüd sayan müasir insan belə bir fundamentə, qarşılıqlı məhəbbətə, sadə ünsiyyətə necə sahib çıxa bilər? Axı o, hər şeyi rasionallaşdıraraq, artıq duyğuları, etibarı və etimadı mənfi çalarlarda görür. Hətta onun güvənə və söykənə biləcəyi son qala – ailə təsisatı da dağılmaq üzrədir. İnsan ümumbəşəri mədəni bir koda ehtiyaclıdır ki, öz daxilindəki müəmmaları deşifrə edə bilsin, özünü tanısın və tarixin gedişatını dəyişsin. İnsan yenilənməyə, dəyişməyə möhtacdır.

 

Daxili aləmində azmış, xilasdan məyus olmuş müasir insan... Ona sadəcə bir aylıq fürsət lazımdır. Gözünü ətraf aləmdən çəkib daxilinə varmaq, içəridə səliqə yaratmaq üçün bir qədər vaxt. Keçmişin yükündən azad olmaq (oxu - tövbə), irəliləmək üçün bir dayaq tapmaq (oxu - zikr), istehlakçı həyat tərzinə fasilə vermək (oxu - oruc), özəl və xüsusi müqəddəratı üçün çalışmaq (oxu- əhya), ünsiyyət (oxu – birgə iftar), başqaları ilə paylaşmaq (oxu – zəkat), həyatına hərarət qatmaq (oxu - eşq) gərəkdir insana. Müasir insan bütün bunların hansısa magiya ritualı olmadığını anlayacaq qədər xeyli irəliləyib. Müasir insan yenilənmə fürsətini dəyərləndirəcək qədər yüksəlib. Və Müqəddəs Kitabımız bütün bu deyilənləri bir cümlə ilə ifadə edir: “Ey iman gətirənlər! Sizdən öncəkilərə vacib edildiyi kimi, oruc sizə də vacib edildi; umulur ki, təqvalılardan olasınız”. Söhbət insanın özünü kəşf etməsinin yeganə açarından – təqva və pəhrizkarlıqdan gedir.

 

Bütün oruc tutanlara təqva və pəhrizkarlıq arzusu ilə...

 

 

Hacı Şahin Həsənli


milli.az