MƏQALƏLƏR

Fatimə eşqin cilvəsidir

29 Dekabr 2021 1347

Bu günlərdə müsəlman dünyası xanımlar xanımı Həzrət Fatiməni (ə) anır. İlahiyyatçı Hacı Şahin Həsənlinin müxtəlif zamanlarda xanım Zəhra (s) haqda yazdığı fikirləri yazı şəklində oxucularımıza təqdim edirik:

 

"Fatimə" əzab-əziyyətdən qoparan deməkdir. İnsanları xoşbəxtliyə qovuşdurmaq üçün sevginin gücü ilə əzab-əziyyətdən qoparan. "Zəhra" nur saçan, işıqlandıran deməkdir. İlahi eşqdən doğan, varlıq aləmini işıqlandıran və qəlbləri aydınladan parlaq nur. Dünyamızın ehtiyac duyduğu hər bir şey bu iki adda gizlənib. Odur ki, Fatimeyi-Zəhra (s) - yoldur, məktəbdir. Bəşəriyyəti nicata aparan, özünə qaytaran yol.

 

Bir həqiqəti etiraf etməliyik: biz Fatiməni (s) tanıtdıra bilməmişik. Xanım öz varlığı ilə tarixdə inqilab yaratdı. Qadınsayağı bir inqilab! Fatimədən (s) yüzilliklər sonra dünyada qadın hüquqları uğrunda mübarizə başlayacaq, gender bərabərliyi adı ilə qadının kişiləşməsini tələb edəcəklər. Lakin, o, tam başqa bir yol qoydu - qadının qadınlığını qoruyaraq azad olması.

 

Bəşəri birlik elm və qanunla deyil, emosional bağlılıqla əldə oluna bilər ancaq. İnsanlıq yalnız ana ocağı ətrafında birləşə bilər. Həmin ANA Həzrət Fatimədir (s). Bəşəriyyətin gələcəyi də Fatimə və onun simvolizə etdiyi dərin məhəbbət və emosional birlikdədir.

 

Həyatın qaynağı və hərarəti ilahi məhəbbətdirsə, bu məhəbbətin dünyadakı təzahürü qadın, xüsusilə anadır. Təsadüfi deyil ki, bütöv bir cəmiyyətin xoşbəxtliyi və rifahı, həmin cəmiyyətdə qadına münasibətdən asılıdır.

 

Hədislərdə "zühurdan öncə Həzrət Fatimə (s) tanınanacaq" ifadəsi də bu anlama gəlir ki, bəşəriyyət qızıl əsrə qədəm qoymaq üçün qadınlığa dəyər verməyi bacarmalıdır. Çünki Fatimə (s) qadınlığın, ilahi eşqin, ana fədakarlığının cilvəsidir.

 

 

hacishahin.az