MƏQALƏLƏR

Allahı inkar edənlər belə...

30 İyul 2022 3395

İlahiyyatçı Hacı Şahin Həsənlinin Kərbəla hadisəsi ilə bağlı qafqazinfo.az saytına yazdığı “Yaradanı inkar edənlər belə Allahı “təmizə çıxartmağa” cəhd edirlər” başlıqlı məqaləsini oxucularımıza təqdim edirik:


Tarix fərqli meyarlar əsasında dövrlərə bölünür. Sinfi münasibətlər, istehsal vasitələri, mədəni inkişaf, sosial proqress və s. meyarlar əsasında təsnifatlarla az-çox hamınız tanışsınız. Amma hər şeydən mühüm olanı budur ki, insanın kimliyi, azadlığı və köləliyi, yaşadığı cəmiyyətdəki ədalət və zülm, dünyadakı xeyir və şər kimi fundamental mövzular bütün təsnifatlarda sezilir. Bu mövzular qabardılmır, amma gözə çarpır. Çünki, inkar etsək də, etməsək də tarix bir elm olaraq insanın insan olaraq yüksəlişini vəsf edir. Tarix elə ona görə maraqlıdır ki, bu yüksəlişin hədəfini kəşf etməyə imkan yaradır. 


Müasir insan yaşadığı dövrün texnoloji anturajına aldanaraq sələflərindən çox fərqləndiyini düşünür. Əslində isə, onun dərinliyində gizlənən istək və qorxuları eynidir. İnsan hər dönəmdə, hər coğrafiyada sanki Allahla mübahisə edir: niyə istəklərim deyil, qorxularım qarşıma çıxır? Ədalətli və mərhəmətli Allahın yaratdığı dünyada zülm necə ayaq açıb yeriyə bilər? Bu suala cavab axtaranlar fitrətən xeyirin tərəfində olduqları üçün ya Allahı inkar edir, ya şər üçün başqa bir yaradan düşünür, ya da bu mövzulara tabu qoymağa çalışır. Əslində, onlar hamısı özünü, dolayısıla da Allahı “təmizə çıxartmağa” cəhd edirlər, hətta Yaradanı inkar edənlər belə. Əlqərəz, kimin özündən və Allahdan küskünlüyü nədədirsə, nəzəriyyəsini də ona uyğun düşünür. 

 

Bütün "izm"lər insanın Allahı sorğulamasından yaranıb. Amma burada nəzərdən qaçan bir məqam var. Problemin kökündə Allahla insanın bir-birindən ayrı, cavabdeh və iddiaçı kimi başa düşülməsi durur. Bu dünyagörüşündən çıxış edən allahpərəst də, bütpərəst də, ateist də, əslində eyni cərgədə durmuş olur. Heç demə Allaha inana-inana ona şərik də qoşmaq olurmuş, inkar etmək də. Nə üçün? Çünki Allahla insan arasında vəhdət bağını kəsdikdə Allahın insana, insanın da Allaha qovuşması mümkünsüz olur. Dərhal zehdnə Allah ruhani, insan isə heyvani aləmə aid edilir. Yaradanla yaradılan arasında daim diri qalmalı olan ünsiyyət qırılır. Allahın maddiyyata, insanın isə ruhaniliyə yolu kəsilir. Nəticədə, Allahın insana verdiyi azadlıq kimi ən böyük nemət elə insanın əleyhinə işləyir. Allahla bütövləşməyi deyil, özünü Allah zənn etməyə başlayır insan.

 

Müasir neyrobioloqlardan birinin maraqlı fikrinə rast gəldim təzəlikcə: "Biz təbiətin qanunlarını öyrənmirik, qanunları təbiətə aid edirik. Başqa beyinə sahib olsaydıq, təbiətin başqa qanunları olacaqdı". Möhtəşəm! Beyini, yəni yanaşmanı, zehniyyətimizi dəyişə bilsək təbiəti də dəyişə bilərik. Amma dəyişmirik, nədən ki, mümkünlüyünə inanmırıq. Hərçənd, inandıqlarımız, kortəbii  və ya şüurlu qəbul etdiyimiz "həqiqətlərin" əksəriyyəti bu inancdan daha çox absurddur!

 

Xalqımızın yaşatdığı Aşura hadisəsi bütün deyilənlərin əyani illüstrasiyasıdır. Bir cəmiyyət peyğəmbər saydığı şəxsin dəfələrlə ümmətinə tapşırdığı nəvəsinin üzərinə qılınc çəkdi. İnsan cənnət gənclərinin sərvərini cənnət Sahibi üçün öldürəcək qədər enir və zehniyyətini bu həddə korlayır. Bu davranış modeli tanış gəlmirmi sizə? Günaha son qoymaq üçün günahsızları qətlə yetirənlər, azadlıq üçün xalqları köləyə çevirənlər, Allahı sevdirmək üçün insanları qanına boyayanlar, ədalət üçün terrora əl atanlar, ehtirasını qarşılamaq üçün kamikadze kəməri taxanlar, maarifləndirmə üçün elmi istismar edənlər... Bu əyri güzgülər məmləkətinin "qəhrəmanlarını" heç zaman həqiqət, mənəviyyat, ədalət maraqlandırmır. Daha doğrusu, onlar haqq-ədalət iddiası ilə qalxırlar, amma öz mənəvi gücsüzlüklərini ört-basdır edən haqq-ədalət iddiası ilə. Bəsit paxıllıqdan doğan "niyə kimsə nədəsə məndən önə keçməlidir?" məntinqindən doğan “haqq-ədalət”.

 

Daha öncə deyildiyi kimi, Allahla vəhdət bağı pozulduqda, dindar da, dinsiz də şüuraltıda Allahla rəqabətə girir və Onun yerini tutmağa çalışır. Təbii ki, yeganə tanıdığı vasitə olan meşə qanunları ilə. İrəliləmək üçün özünü inkişaf etdirmir, irəlidə olanları məhv edir. Bununla da əldə etdiyi üstünlük illüziyasından həzz alır. İmam Hüseyn (ə) Kərbəladan illər əvvəl Ömər ibn Sədə "məni sən öldürəcəksən", Kərbəlada isə "Reyin bir buğda dənəsi də sənə nəsib olmayacaq" deməsi qeybdən xəbər deyildi, reallığı dəyərləndirə bilən insanın reallığı görməyən insana xəbərdarlığı idi. İmam Hüseynin (ə) Kərbəlaya gedərkən Həcci yarımçıq qoyması etiraz deyildi, Həccin öz funksiyasını itirməsi faktının təsdiqi idi. Yəni artıq Kəbə hansısa insani dəyəri simvolizə etmir, özü-özlüyündə bir tikili olaraq saxta dəyərə çevirilib. Ümumiyyətlə, İmam Hüseynin peyğəmbər ailəsi ilə birlikdə Mədindən çıxması Peyğəmbər şəhərinin peyğəmbərsizləşməsini ifadə edirdi. Nəhayət, Kufəyə yaxınlaşdıqda xəlifə qoşununa savaş istəmədiyini, xilafətdə və ya başqa bir imperiyada sakit yaşamağı tərcih etdiyini söyləməklə, sözün mənfi mənasında müsəlman və qeyri-müsəlman cəmiyyətlərin artıq fərqlənmədiyini göstərirdi. Din qiyafəsinə girmiş materializmi yalnız Allah dostu bu tərzdə ifşa edə bilərdi. Yalnız o, əyri güzgüləri bu cür sındıra bilərdi. 

 

Amma cəmiyyəti təmsil edən xilafət qoşunu sülh təklifini rədd etdi. Bu rədd cavabı tarixdə iki mövqeyin barışmazlığının göstəricisidir. Daha dərinə vardıqda, hər iki tərəfin bərabərlik istədiyini görərik. İmam Hüseyn fəzilətdə, qarşı tərəf isə rəzalətdə bərabərlik istəyirdi. İmam Hüseyn Allahda fəna olmaqda, qarşı tərəf Allahın yerini tutmaqda bərabərlik arzulayırdı.  Biri nəcibliyini, digəri isə ləyaqətsizliyini ortaya qoyurdu. Kərbəla bu iki mövqeyi barışdırmadı, bu heç mümkün də deyildi. Amma hər iki mövqeyi ifşa etdi. Birinci cəbhədə hamı bir-birinə dəstək verməklə, bir-biri üçün fəfakarlıq göstərməklə yüksəlirdi, digər cəbhədə isə üstünləri öldürməklə üstünlük hissi keçirirdilər. Ölümə məhkum olan birinci cəbhədə, şad-xürrəm bir həyat qaynayırdı, zahirən qalib görünən digər cəbhədə isə həyatdan intiqam alınırdı. Bu ikitirəlik tarix boyu cilddən cildə düşsə də, bu günə kimi davam edir.

 

Zahirən güclü və qalib görsənənlər Allahın yerinə keçməyə cəhd edə-edə hələ də özləri ilə barış içində yaşaya bilmirlərsə, deməli tarix onların xeyrinə inkişaf etmir. Deməli, Kərbəlada başlayan insanlıq hekayəsi hələ də bitməyib. Bu hekayənin məntiqi davamına əsasən, o, mütləq xoşbəxt sonluqla bitməlidir. Bu gün elmin səsləndirdiyi "başqa beyinə sahib olsaydıq, dünya başqa olardı" cümləsini Kərbəla şərtilikdən nəqliliyə çevirir. 

 

Xalqımızın bu inamı yaşatması çox böyük sərvətdir. Təsəvvür edin, bir xalq hər il səfərbər olub elan edir ki, inkişaf qarşılıqlı dəstək və fədakarlıqla mümkündür. Ki, üstünlük başqasının əzilməsi ilə əldə oluna bilməz, paxıllıq və kin-küdurətlə haqq-ədalətə nail olmaq olmaz. Bu, keçmişin deyil, gələcəyin şüarıdır. Bu gün gəncliyimizə hər şeyi əyri göstərməyə çalışan xarici qüvvələr, ya dağıdıcılığa yönəlik özünəinamsızlığı aşılayır, ya da haqq-ədalət qiyafəsinə girmiş paxıllığı. Daim narazı, intiqam arzusu ilə yaşayan insanlara "sivil", "modern" görkəm verməklə özlərinə ram etmək istəyirlər. Aşuranın bu faciədən sığortalama gücü burada bəlli olur.  Xüsusilə, müasir adlandırdığımız dünyanın öz qayda-qanunları və dəyərlər sistemi ilə birlikdə böhran keçirdiyi bir zamanda, böyük mədəniyyətlərin gələcəyə ümidini itirdiyi  bir şəraitdə əcdadımızın bizə irs qoyduğu bu sərmayənin dəyəri daha çox hiss olunmaqdadır. Kərbəla indi həmişəkindən daha aktualdır, yeni insan formalaşdırmaq gücü və ümid qığılcımı yaratmaq potensialı ilə.

 

hacishahin.az