MƏQALƏLƏR

Seçimlər arasında parçalanan qadın

22 Yanvar 2022 2006

İlahiyyatçı Hacı Şahin Həsənlinin müasir qadın və Həzrət Fatimə (s) barədə qafqazinfo.az saytı üçün yazdığı məqaləni oxucularımıza təqdim edirik:



"Həqiqətən, ona Fatimə (kəsən) adının verilmə səbəbi, insanların ona olan mərifətdən kəsilməsidir ". (Onu layiq olduğu kimi tanımaq mümkün deyil)

İmam Sadiq


Seçim azadlığının ən fundamental dəyərlərdən biri sayılan dövrdə yaşasaq da, seçimlərin bir çox hallarda bizi qəliblərə saldığına şahid oluruq. İnsanlar sanki qeyri-iradi şəkildə müxtəlif tipajlara bölünür, geyimini, danışıq tərzini, bədən hərəkətlərini belə həmin tipajlara uyğunlaşdırır. Bir sözlə, qarşımıza çıxan insanın zahiri görünüşü ilə onun daxili aləmini deyil, hansı qəlibə düşdüyünü müəyyən edə bilərik. Siyasi baxışlardan tutmuş ən məhrəm arzulara qədər insanın daxili aləmi bütövlükdə bu tipajlara uyğunlaşır. Daxilimiz zahirimizin əsarətinə düşür. Özümüz ola bilmirik. Bu haqda heç düşünmürük də... 

 

Bəlkə də, durumun belə olması marketinq təfəkkürünün dünyaya hakim olması ilə bağlıdır. Ötən əsrin əvvəllərində Yunq psixologiyaya arxetip anlayışı gətirəndə, insanların mənəvi iztirabına əlac tapmaq istəyirdi. Lakin, hər şeyi maddi mənfəət obyektinə çevirən istehlakçı mədəniyyət, arxetipləri də "özününküləşdirdi".

 

İnsanların iqtisadi davranışını proqnozlaşdırmaq və istiqamətləndirmək üçün onları hansısa davranış qəliblərinə salmamaq mümkün deyildi. Axı azad seçim illüziyası ilə insanların daxili aləminə hakim olmaq ələ düşən fürsət deyil. Təəssüf, bu prosesdə ən çox uduzma mövqeyinə düşən xanımlar oldu. Yunqdan sonra onun tələbəsi Cin Şinoda Bolen qadınlar üçün qədim yunan tanrıçalarının adını qoyduğu yeddi arxetip müəyyən edir: həyat bəxş edən ana, azadlığı sevən və emosional bacı, naz edən və arxa-dayaq axtaran qız, ailəni qoruyan arvad, özünü süsləyən və yaradıcılığa təşviq edən məşuq, özünə hakim olan və rasional düşüncəli məsləhətçi və mənəvi inkişafına  fokuslanan arif. Müasir dövrdə qadınlar bu arxetiplər arasında seçim etməyə məhkumdur: ailə yolunu seçən karyeradan, karyera yolunu seçən ailədən, mənəviyyat yolunu seçən isə hər ikisindən imtina etməlidir.  

 

Yəqin, bütün mədəniyyətlərdə qadına ayrılan ən müqəddəs rolun ana olduğunu desək, razılaşarsınız. Çünki, ana olmaq təkcə dünyaya övlad gətirmək deyil. Ana insanın ilk tanış olduğu və həmişəlik aşiq olduğu bir aləmdir.  Yaşından asılı olmayaraq uşağın sonsuz güvəndiyi, arxalandığı, rahatlıq tapdığı bir aləm. İlk duyduğumuz səs onun ürək döyüntüsüdür. Ən şirin söz onun dilində, ən ləziz dad onun əllərində, ən ülvi sevgi onun qəlbində, ən doğma yer onun ağuşundadır. O, bizim dünyaya baxdığımız ilk pəncərədir. Bu pəncərədən gördüyümüz mənzərə əbədi olaraq şüurumuzda həkk olunur. Başqa sözlə desək, ana insana həm bioloji, həm ictimai, həm də mənəvi həyat bəxş edir. Bu səbəbdəndir ki, bir çox inkişaf etmiş ölkələrdə analıq dəyərlərinin sarsılması yalnız əhalinin demoqrafik durumuna deyil, həm də sosial davranışına və psixoloji halına da mənfi təsir göstərib. "Piter Pen nəsli", "mileniallar" və s. adlarla çağırılan həssas psixologiyalı, həyatda özünə yer tapa bilməyən, böyüdükdə belə uşaq kimi davranan, məsuliyyətdən qaçan, qısa zamanda şöhrət və qazanc əldə etmək istəyən, heç bir avtoritet tanımayan, çətinliklərə dözümsüz, depressiv, heçnəyi bəyənməyən bir gəncliyin yetişməsi məhz ötən əsrin 70-80-cı illərində ana məfhumunun dəyərsizləşməsi ilə bağlıdır. İstehlak cəmiyyətinin qurbanına çevrilmiş qadınlar karyera, zahiri gözəllik, cinsi meyillər, şəxsi inkişaf və ailə arasında parçalanır, radikal seçimlər qarşısında dururlar.  Bunun nəticəsidir ki, yeni nəslin təmsilçiləri arasında "çayldfri" (uşaqdan azad) tendensiyası geniş yayılır, gənc ailələrin dağılması nəticəsində kimsəsiz uşaqların sayı artır, valideyinlərin psixoloji problemləri üzündən daha çox azyaşlılar zorakılığa məruz qalır. Buna oxşar problemlər ənənəvi cəmiyyətlərdə də mövcuddur. Analar o qədər daxili problemlərinə qərq olurlar ki, övladlarını eşidə bilmir və ya hirsini onlardan çıxarmağa çalışırlar. Bunun səbəbi isə, anaların deyil, qızların dəyərsizləşməsindədir.

 

Təbiət qızla oğlan arasında funksional fərqlər qoyub və bu fərqlər uşaqlıq illərindən özünü büruzə verir: qız insan növünü qorumalıdır deyə mühitə uyğunlaşır, oğlan isə insan növünü təkmilləşdirməlidir deyə yeniliklər axtarır. Qız mərkəzəqaçan, oğlan isə mərkəzdənqaçan qüvvədir. Qızın şıltaqlığı, dəcəlliyi də özünü göstərmək və diqqət cəlb etməkdən daha çox, özünə və ətrafdakılarına sevinc bəxş etməsi üçündür. Ona görə də, o sərt nəzarəti sevmir, ətrafdakıların onun pak qəlbinə güvənməyini istəyir. Bu etimad olmadıqda, üsyan baş verir, ailənin qalası çökür. Bir çox ənənəvi cəmiyyətlərdə qızları "təmiz" böyütmək üçün istəmədən onlarda özünəinmasızlıq, dəyərsizlik tərbiyə olunur. Qoz qabığına saldıqları həmin “sevgi” ilə bəslənən övladlarının bütün ənənəvi dəyərlərə üsyan etdiklərini gördükdə isə, heçnə anlamırlar. Qəddar qayınana və baldızlar, övlad qayğısında ifrata və təfritə varan analar, yersiz yerə qısqanclıq edən arvadlar, yanından ötənin hər sevgi vədinə inanan gənc qızlar, həyata və özünə inamını itirmiş aqressiv qadınlar - bunlar nə zamansa qəlbindəki sonsuz sevgiyə dəyər verilmədiyini görən, daim alçaldılan, sıxılan pak qızlar idi. Digər tərəfdən övladların tərbiyəsində cinsi fərqləri nəzərə almayan, bəzən isə qəsdən "cinssizliyi" tərbiyə edən cəmiyyətlər də eyni problemlərlə üzləşirlər. Çünki, nəticə etibarı ilə, istər özəlliyinə görə sərt nəzarət altında böyüsün, istərsə də özəlliyi nəzərə alınmadan tərbiyə olunsun - qızın içindəki ən ülvi hisslər, qadınlıq başlanğıcı realizə olmur və aqressiya mənşəyinə çevirilir. 

 

Qız uşaqlarında qadınlıq başlanğıcının çiçəklənməsi onların yalnız ana kimi formalaşdırmır. Qadın həm də kişi ilə birləşərək yeni varlıq, fövqəlinsan yaradır. İnsaniyyət bir ali xüsusiyyət kimi kişiliklə qadınlığın ittifaqından doğur, qadınla kişi bir birini tamamlayaraq kamil insana çevirilirlər. Daim axtarışda olan kişiyə arxalana biləcəyi sabit dayaq gərəkdir. Daim mühiti qoruyan qadına yeniliklərə, dəyişikliklərə can atmaq üçün dəstək gərəkdir. Buradan da qadının məşuq və məsləhətçi arxetipi yaranır. Maddiləşmiş, mənəviyyatın dəyərsizləşdiyi dünyada nəzərdə tutulan məşuq və məsləhətçi yox. Məşuq ilham mənbəyi, yaradıcılığın stimuludur. Məsələhətçi isə sevgisi və ağlına əmin olduğun ən yaxın adam. Bu, başqalarına qarşı biganə qala bilməyən, cəmiyyət qarşısında məsuliyyət hiss edən, özü üçün arzuladığını başqalarına da arzulayan obrazlardır. Sevilən qadın, yəni ətrafdakıları hərəkətə gətirən, onlarda ülvi xüsusiyyətlər tərbiyə edən, onlarda quruculuğa və yaradıcılığa sevgi yaradan qadın. Məsləhətçi, yəni ictimai həyatın harmoniyasını qoruyan, onu sərtlik və zorakılıqdan saxlayan qadın. Bu qədər müharibə, münaqişə, nifrət, inamsızlıq içində insanlıq ayaqda qala bilirsə, qurub-yaradırsa, sevib-sevilməyə çalışırsa, şübhəsiz ki, bu, qadınların zəhmətidir. 

 

Müxtəlif mədəniyyətlərdə qadın başlanğıcı ilahi hikmət və sevgini tərənnüm edir. İslam irfanında da kişi ilahi əmri simvolizə edirsə, qadın - həmin əmri doğuran ilahi sevgini. Yaradılış Allahın sevgisindən doğan "Ol!" əmrindən başladı. Məhz buna görə, qadının Allaha yaxınlaşması və mənən güclənməsi daha asandır. Lakin, digər funksiyaları yerinə yetirmədən qadının layiq olduğu bu məqama yüksəlməsi mümkünsüzləşir. Həyat bəxş edib onun davamlılğını təmin etmək, şəxsiyyət yetişdirib insanları daxilən kamilləşdirmək, yaratmaq və yaradıcılığa  təşfiq etmək, sevib-sevilmək istedadları bütün qadınlara xasdır və bu xüsusiyyətlər bir qadında cəmləşdikdə o, Allaha qovuşur. Tarixən olduğu kimi bu gün də qadınlar bu örnəklər arasında seçim qarşısında qalırlar. İş, ailə, şəxsi inkişaf və digər sahələr üz-üzə qoyulur. Amma qadın bütün bu xüsusiyyətləri özündə ehtiva edə bilər. Onun buna gücü də çatar, yetər ki gücünə inansın. İnanmaq üçün isə real örnək gərəkdir. Qadının əşyaya bərabər tutulduğu bir mühitdə dünya tarixini dəyişən böyük şəxsiyyətlərin - Peyğəmbərin, Əlinin, Həsənin və Hüseynin sığınacaq yeri olan Fatimə örnəyi. O, müqəddəs ailənin dayağı, tarixi təlatümlər içində boğulan sivilizasiyanın yolgöstərən ulduzu, əzəmətli mədəni irsin ilham mənbəyi və ilahi eşq yolçularının bələdçisidir. O, bəşəriyyətin itirdiyi, amma nə zamansa mütləq qovuşacağı uca ANAdır.

 

 

qafqazinfo.az