MƏQALƏLƏR

Gənclərimiz özünə inanmalıdır

31 Yanvar 2022 2800

İlahiyyatçı Hacı Şahin Həsənlinin "Mənəvi Dünya" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən Gənclər günü ilə bağlı tədbirdə çıxışını oxucularımıza təqdim edirik:

 

Atalar və oğullar problemi bəlkə də bütün cəmiyyətlərdə aktualdır. İstənilən cəmiyyət dəyişilməz mənəvi özəyi simvolizə edən atalara və dinamik inkişafı tərənnüm edən oğullara ehtiyaclıdır. Bu nəsillər arasında konflikt bəlkə də təbii görsənir, amma düşünürəm, qızıl ortanı tapmaq həmişə vacibdir. Balans ataların xeyrinə olduqda cəmiyyət inkişafdan qalır, oğulların xeyrinə pozulduqda - sabit dəyərlərindən. Bu məsələ müasir dövrdə, qloballaşma fonunda xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Qloblal miqyasda xalqlar eyniləşmək, bir-birinə bənzəmək təhlükəsi ilə üzləşib və bu təhlükədən qorunmaq üçün xalqın kimliyini təşkil edən mənəvi dəyərələrə bağlanmaq gərəkdir. Eyni zamanda daha böyük ölkələrin mədəni təsirinə düşməmək, müstəqilliyi qorumaq üçün gənclər yaratmalı, yeniliklər axtarmalı, öncəki nəsillərin görmədiyi perspektivləri xalq qarşısında açmalıdır.

 

Yadımdadır, sovet dövründə də, sonrakı illərdə də yaşlı nəsil gəncliyi bəzən çox qınayırdı. Gənclər isə valideyinlərinin gənclik dövrünə xofla baxırdı. İkinci dünya savaşı, totalitar rejim dövründə böyümüş bir nəsillə müstəqillik dövründə, azadlıq mühitində formalaşmış gənclər arasında sanki uçurum yaranmışdı. Amma onları birləşdirən bir amil var idi - Azərbaycan kimliyinə sədaqət. Bu kimliyi, birincilər totalitar, ikincilər isə azad mühitdə qorudular. Yaşlı nəsil məhdudiyyətlər içində xalqımızın birliyini, mənəvi dəyərlərini, milli ideyanı qorudularsa, gənclər böyük informasiya axını və mədəni yürüşlər şəraitində. Ona görə nəsillər arasında fərqlər metodla bağlı idi, hədəfin fərqliliyi ilə yox.

 

Həmişə inanırdım ki, Azərbaycan gəncliyi özünü sübut edəcək. Bu qədər yad təsirlər, bu qədər şirnikdirici yollar qarşısında gəncliyimiz özlüyünü qoruyub gəlcək nəsillərə ötürə biləcək. Allaha şükürlər olsun ki, belə də oldu. Dövlət idarəçiliyindən başlayaraq mədəniyyət, iqtisadiyyat, elm, idman, yaradıcılıq və s. sahələrdə Azərbaycan gənci öz potensialını ortaya qoydu. Bu gün dünyanın istənilən mərkəzində, istənilən sahədə uğurlu gəncimizə rast gəlmək olar. Ən əsası, onlar hamısı xalqına, vətəninə, kökünə bağlıdırlar. Bu gün müxtəlif sahələrdə gedən islahatların avanqardında məhz fədakar gənclərimiz durur. Koronavirusun tüğyan etdiyi zaman gənc həkimlərin qəhrəmanlığını hamımız gördük. Gənc müəllimlərin şəhərdən ucqar kəndlərə əziyyətlə gedib həvəslə uşaqlara bilik verdiyini görürük. Müxtəlif festivallrda gənc mədəniyyət xadimlərinin, müxtəlif yarışmalarda idmançıların qələbələrinə şahid oluruq. Bütün bunlar bəlkə də kimlərsə üçün az görsənə bilər, amma belə deyil. Bu yolu açan pionerlərin işi hər zaman çətin olur, amma sonra onların izi ilə minlərlə, milyonlarla gənclər gedəcək. Necəki, vaxtı ilə Şəhid Mübarizin qəhrəmanlığından minlərlə gəncimiz ilham aldı, karyera, rifah, sağlamlıq, ailə və həyatını gözə almadan Qarabağı bizə qaytardı. 44 günlük Vətən müharibəsində biz Azərbaycan gəncliyinin əzəmətini gördük. Şəhidlərimizin sayəsində bu əzəmətli ruhiyyə sönməyəcək, daim alovlanacaq.  

 

Allah qismət etdi son il yarımda şəhid, qazi və əsgərlərimizin həyatı ilə yaxından tanış oldum. Bir şəhidin atası: "Kaş bir dəfə sözümə qulaq asmazdı ki, indi də yoxluğu məni bu qədər yandırmazdı", - deyirdi. Başqa bir şəhidin anası: "Oğlum əyilib ayaqlarımdan öpürdü hər dəfə xidmətdən gələndə", - deyirdi. Üçüncü bir şəhidin nişanlısı xatırlayırdı: "Atasız böyümüşəm deyə, uşaqlığımda arzuladığım, amma ala bilmədiyim oyuncaqları alırdı mənə". Hər birinin fikri kiməsə sevinc bəxş etməkdə idi. Biri özünə şərt qoymuşdu ki, heç kəsdən inciməyəcək və heç kəsi incitməyəcək. Başqa bir şəhidin döyüş yoldaşı: "Sən qabağa getmə - ailəlisən, qoy mən gedim güllə qabağına", - söyləyib özünü sipər edirdi. Digər şəhid əlindəki son pulla dostuna toy hədiyyəsi alıb cəbhəyə yola düşmüşdü. Bütün bunlar sadəcə bir xalqın şücaətli oğulları deyil, insanlıq qəhrəmanlarıdır. Bu Vətən əlacsız qalıb özünü qoruyanların deyil, uğurlu gənclərin şirin həyatlarının bahasına qorundu. Bu gənclərin hər biri xalqımızın sərvətidir, dəyərlərimizin təcəssümüdür. İnanın ki, böyük-böyük dövlətlər belə nümunələrə möhtacdırlar. Çox vaxt da bizə qarşı qısqanclıq məhz bu mənəviyyata görədir. Bu gün müxtəlif cəbhələrdən gəncliyimizə özünə inamsızlıq aşılanır. Çalışırlar ki, xalqımızın əzmini inamsız, güvənsiz, özünü natamam hiss edən gənclər yetişdirməklə sındırsınlar. Çünki hər şeyin maddi meyarlarla ölçüldüyü bir dünyada ayaqda qalan millətlər mənən güclü olanlar olacaq. Gələcəyin tarixini belə xalqlar yazacaq.  Fədakarlığı ədəbiyyatda, filmlərdə yaşadan deyil, real həyatda görsədən xalqlar. Problemlər həmişə olub və olacaq da. Amma onların həll yolu özünü qınamaqdan keçmir. Ona görə də, hər birimizin tarixi vəzifəsi məhz özünə inamı aşılamaq, gənclərin yaradıcılığına dəstək verməkdir. Bu cür möhkəm kök üzərində yetişən gənclik, şübhəsiz ki, xoşbəxt gələcəyin qurucularıdır.      

 

hacishahin.az