MƏQALƏLƏR

Biz kimik?

03 İyul 2016 2461

Mədəniyyət və sivilizasiyaların bir-biri ilə ölüm-dirim savaşına qalxdığı olduqca həssas və mürəkkəb bir tarixi dövrdə yaşamaqdayıq. Sivilizasiyalar toqquşmasının zəruri bir tarixi proses olduğunu qəbul etməsək də, hər-halda bu prosesin artıq başlandığının, həm də günü-gündən daha kəskin xarakter almaqda olduğunun şahidiyik. Mədəniyyətlər qarşıdurması ideyası Qərb dünyasının digər mədəniyyətlərə mənsub olan xalqlara qarşı başladığı ədalətsiz mübarizəyə elmi və nəzəri don geyindirmək cəhdindən başqa bir şey olmasa da, önəmlisi bizim bu prosesdə nə qazanıb, nə itirəcəyimizdir.

Kəskinləşməkdə olan dəyər davasında məğlub olmamaq üçün ilk növbədə hansı dəyərlərə sahib olduğumuzu, kimliyimizi müəyyən etməliyik. Beləliklə, biz kimik? Bu suala düzgün cavab tapsaq, həm bu savaşda əhəmiyyətli bir tərəf olduğumuzu anlayar, həm də hadisələri öz xeyrimizə yönləndirə bilərik.

 

Biz kimik?


Biz azərbaycanlıyıq və Yer kürəsinin Şərq adlanan məntəqəsində yaşayırıq. Biz həm də müsəlmanıq və islam ümməti adlı böyük bir ümmətin tərkib hissəsiyik, islam mədəniyyətinin daşıyıcısı və yaradıcılarından biriyik. Dünya mədəniyyətinə böyük töhfələr vermiş bir xalqıq, amma XXI əsrdə müasir dünyanın elmi-mədəni inkişafından yararlanmaqdan məhrum bir durumdayıq. İnkişaf etmiş dövlətlərin bizə ixrac etdiyi əxlaqsızlıq və fəsadın, müxtəlif mərəz və bədbəxtçiliklərin qurbanıyıq, amma onların nail oldugu elmi-texniki tərəqqidən bəhrələnmək imkanına malik deyilik. Onların dərd-sərinə şərikik, xoşluqlarına isə yox.

 

Bundan əlavə, geridə qalmış bir xalqın üzləşə biləcəyi bütün dərdlərlə də yüklənmək məcburiyyətində qalmışıq. Nəticədə biz həm inkişafdan məhrum olmuş xalqlara xas olan gerilik, cəhalət, iqtisadi və mədəni yoxsulluq, savadsızlıq kimi acılardan, həm də inkişaf etmiş xalqların qarşılaşdığı ruhi və mənəvi, fikri və fəlsəfi problemlərdən əziyyət çəkməyə məhkum olmuşuq. Belə demək mümkünsə, onların yediyi plova yox, qarın ağrılarına şərikik, üstəlik də “özlüyümüzdən” doğan bitib tükənməyən xəstəliklərdən əziyyət çəkirik. Biz zaman baxımından XXI əsrdə yaşayırıq, amma faktiki olaraq bu əsrin insanı deyilik. İnkişaf etmiş Qərb dünyasının elm, texnologiya ixrac etdiyi Qərb mədəniyyəti adlı bir selin qarşısında dayanmalıyıq. Pislik və yaxşılıqları ehtiva edən bu rəngarəng mədəniyyət selinin qarşısında öz mövqeyimizi bəlli etmək məcburiyyətindəyik.

 

18-ci əsrdən başlayaraq Qərb tarixçiləri və sosioloqları bu fikri dünyaya aşılamaq istəyirlər ki, mədəniyyət ancaq onların yaratdığı və dünyaya təqdim etdiyi dəyərlərdən ibarətdir. Digər xalqlar ya vəhşi qalmalı, ya da mədəniləşmək istəyirlərsə bu mədəniyyəti mənimsəməlidirlər. Qərb mədəniyyəti istənilən xalqın milli-mədəni dəyərlərinin yerini tutmalıdır. Buna qarşı çıxanlar isə vəhşidir və vəhşi kimi yaşamalıdır. XIX əsrdə yaşamış Ernest Renan deyirdi ki, Qərb ağa və buyruqçu, Şərq isə fəhlə irqidir və məhz buna görədir ki, təbiət fəhlə irqini artıq yaradır, buyruqçu irqini isə az. Ziqfrid deyirdi ki, qərbli sənət və mədəniyyət yaradan beyinə malikdir, amma şərqli emosiyaya qapınan, yalnız bu gücü düşünən və gələcəyi düşünməkdən aciz bir durumdadır. Moris Terez deyirdi ki, Əlcəzair milləti və Şimali Afrikada yaşayanlar millət olmayıb, millət olmaqdadırlar. Yəni Fransa müstəmləkə hakimiyyəti bu millətlər üzərində vacibdir və bunlar mədəniyyətə qovuşub mədəni millət olmaq üçün istər-istəməz müstəmləkəçiliyin ana qucağında bir müddət yaşayıb tərbiyə almalıdırlar.

 

Müasir dövrün alimlərindən F.Fukuyamanın “tarixin sonu” konsepsiyası da yuxarıda deyilən fikirləri radikal tərzdə təsdiq edir. Fukuyamaya görə, tarixin sonu tarixi hadisələrin bitməsi anlamında deyil, Qərb dəyərlərinin bütün dəyər və mədəniyyətlərə tam qələbə çalması anlamındadır. Dediklərinə sübut olaraq o, Qərbdə yaranmış elmin, sonra isə iqtisadiyyat və siyasətin dünyaya hakim olmasını göstərir. Qalır Qərb mədəniyyətinin bütün dünyaya yayılması və Fukuyama əmindir ki, buna da nail olunacaq. O hesab edir ki, bütün dünya Qərb tərəfindən yaradılmış müasir dəyərlər sistemi ilə, xüsusi ilə də dövlətin sekulyarlaşması və dindən ayrılması ilə barışmalıdır. Ə.Şəriəti demişkən: “Uzun əsrlər boyu saysız-hesabsız təcrübə və parlaq dühalar sayəsində əmələ gələn mədəniyyət tarlaları aradan qalxmalı, böyük mənəvi mədəniyyətlər inkar olunmalıdır. Mədəni müstəmləkəçilik traktoru Asiya, Afrika və bütün islam cəmiyyətlərinin mədəniyyətini biçməlidir və onların yerində yalnız Qərb mədəniyyəti toxumu əkilməlidir. Qərbli olmayanlar istehsalçı yox, istehlakçı olmalıdırlar. Mədəniyyət - Qərbin istehsal edib təqdim etdiyi şeyləri istehlak etməkdən ibarətdir”.

 

Siz fəlsəfə və ürfanla məşğul olun


Bu məsələyə də diqqət yetirməyinizi xahiş edirəm. Qərbli bizə demir ki, mədəniyyət yaratmağa qadir deyilsiniz, əksinə, bizim ədəbiyyat və mədəniyyətimizi öyür və deyir: “Sizin Nizaminiz, Hafiziniz, Sədiniz, Füzuliniz olub. Siz fəlsəfə və ürfanla məşğul olun. Siz poeziya, xülya, duyğular dünyasında yaşamaq üçün yaranmısınız. Xülya dünyasını tərk edib “yer həyatına gəldikdə” isə bizim qayda-qanunlarımıza tabe olmalısınız. Qərbli ağıllıdır, düşünür və yaradır. Şərqli və müsəlman isə şer deyib ürfanla başını qatmalıdır. Dünya Qərbə məxsus olan maddi aləmdən və Şərqin malı olan mənəviyyat, ədəbiyyat və mistikadan ibarətdir”.

 

Bütün bu təbliğat nəticəsində bizi özlüyümüzdən uzaq salıb, istədikləri qəlibə salmaqla, mənlik və şəxsiyyətini əldən vermiş yaramaz bir insan kütləsinə çevirmək istəyirlər. Özündən qorxub qaçan bu kütlə alçaqlıq və rəzillikdən qurtulmaq üçün inkişaf etmiş Qərbin qucağına sığınmalı, onları yamsılamaq və yalnız zahiri baxımdan onlara bənzəməklə kifayətlənməlidir.

 

Bunun nəticəsi olaraq qərbli ilə müsəlman şərqlinin əlaqəsi istismar edənlə istismar olunanın əlaqəsinə çevrilir. Bu, əlaqə yox, olsa-olsa düşmənçilikdir. İslam mütəfəkkirlərindən birinin dediyi kimi, “qan soran zəli ilə qanı sorulan insan “qan qardaşı” olurlar, amma bu “qan qardaşlığı” iki düşmənin qardaşlığıdır”. Özünü ağıl, bizi isə duyğu hesab edən birisi bizimlə başqa cür necə əlaqə qura bilər? Qərblə bizim əlaqəmiz danışanla qulaq asanın əlaqəsidir: onlar danışmalı, biz başımızı yelləyib təsdiq etməliyik. İnsan haqları, demokratiya, vətəndaş cəmiyyəti, vicdan azadlığı kimi ifadələr bu qeyri-bərabər münasibətləri pərdələmək üçün işlədilən mənasız söz yığınından başqa bir şey deyil. Bütün bunlar milli mənliyimizi aşağılamaq, xalq üçün müqəddəs olan hər bir şeyi təhqir etmək azadlığını nəzərdə tutur. Son dövrlərdə bəzi mətbuat vasitələrində bu istiqamətdə fəaliyyətə başlamış modernistlər adlı qaraguruhun arxasında da məhz bu məqsədləri həyata keçirən hansısa xarici fondların dayanması heç kimə sirr deyil. Qərb dəyərlərinin unikallığı fikrinin tərəfdarlarından olan Maks Veberin bu dəyərləri universal etmək üçün irəli sürdüyü nəzəriyyənin ölkəmizdə bu qaraguruh vasitəsilə həyata keçirilməsi cəhdinin şahidiyik. Veberin əqidəsinə görə, Qərb mədəniyyətinin hər hansı bir xalq tərəfindən mənimsənilməsi yalnız o xalqın malik olduğu mədəniyyətin alt qatlarının sarsılması vasitəsilə gerçəkləşə bilər. Kapitalizmi protestant etikasının övladı hesab edən Veber yalnız protestant ruhuna sahib olan xalqların sivil inkişafa nail ola biləcəyini iddia edir.

 

Beləliklə, inkişafın yeganə yolu millli kökdən imtina etməkdədir fikri irəli sürülür. Görəsən bu doğrudan da nativsiz bir yoldur, yoxsa özlüyə sadiq qalıb inkişaf etmək mümkündür? Zənnimcə, nativsiz sayılan bu yol həqiqətdə illüziyadan başqa bir şey deyil. Çünki başqalarının yolunu təkrarlamaqla və onları yamsılamaqla nə dönüb onlar kimi ola, nə də milli kimliyimizi qoruyub saxlaya bilərik. Nəticədə “Əli aşından da olarıq, Vəli aşından da”.

 

Yolumuz nədir?


Təklif etdiyimiz yol milli özlüyümüzə əsaslanan inkişaf yoludur. Amma əvvəl bunu müəyyən etməliyik ki, bu inkişaf hansı özlüyə söykənməlidir. Yalnız tarix kitablarının səhifələrində, tarixi abidələrimizdə yaşayan özlüyəmi? Tarixi keçmişimizi qoruyub saxlamalı və öyrənməliyik, amma bu özlük gələcək inkişafımıza təkan vermək gücündə deyil. Qobustan yazıları mədəniyyətimizin göstəricisi sayıla bilər, amma bu gün bizi hərəkətə gətirmək iqtidarında deyil. Elə bir özlüyə qayıtmalıyıq ki, xalq içində yaşayır, diriliyini və təravətini qoruyub saxlayıb. Bu özlük iman və şüurluluğa əsaslanan milli-islami özlüyümüzdür. Bu özlük şüur, eşq və inamın vəhdətindən təşkil olunub. Bu özlük elə bir əqidədən qaynaqlanır ki, ilk əvvəl qəlblərdə və zehnlərdə inqilab yaradır və yüz illərlə ölü sükuta qərq olmuş millətləri hərəkətə gətirib, onları ölümdən qurtarıb yenidən dirildə bilir. Bu özlük bizi “göydən yerə qaytarmaq” gücündədir. Bu özlük həm bizim mədəni immunitetimizin, həm də maddi inkişafımızın təminatçısı ola bilər.

 

Fikir istehsal edən cəmiyyət


Diqqət etmək lazımdır ki, islamı bir ənənə, bir miras kimi yox, bir ideya, iman və möcüzələr yaradan şüurluluq kimi dəyərləndirməliyik. Yalnız bu məktəb Cündəb ibni Cünadə adlı savadsız, yarımvəhşi bir ərəbi dövrünün ən ziyalı və ayıq insanlarından biri olan Əbuzər Qəffariyə çevirə bilərdi. Bu məktəb ağıl və düşüncəyə hərarət bəxş edən imana əsaslanır, cəhalət girdabında boğulan bir xalqı fikir və düşüncə istehsal edən bir ümmətə çevirə bilər. Bu gün hərtərəfli inkişaf və tərəqqiyə nail olmaq istəyiriksə, fikir istehsal edən cəmiyyətə çevrilməliyik. Çünki mənəvi, fikri və mədəni istehsal səviyyəsinə çatmayan bir millətin iqtisadi istehsal səviyyəsinə nail olması boş bir cəhddir. Bir cəmiyyəti iqtisadi və sənəti istehsaldan məhrum etmək üçün o cəmiyyətdən fikri və zehni istehsal imkanını almaq lazım gəlir.

 

Bunu da xüsusilə vurğulamaq istərdim ki, dinimizdən qaynaqlanan bu özlük insani fitrətə əsaslandığına görə nəinki bizim bir xalq kimi tərəqqi və təkamülümüzə səbəb olar, hətta digər xalqlar üçün də yeni bir inkişaf yolu kimi çıxış edə bilər. Çünki bu əqidə həm maddi inkişafa təkan vermək, həm də bəşəriyyəti bu gün çox ehtiyaclı olduğu mənəvi aramlığa çatdırmaq gücündədir.

 

 

Hacı Şahin Həsənli
“Salam” qəzeti, 2007