MƏQALƏLƏR

Yeni dünya axtarışında

03 Oktyabr 2017 2661

Sentyabrın 29-u Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında İslam Həmrəyliyi ilinə həsr edilmiş “İslam Həmrəyliyi-İslam dəyərlərinin sübutudur” adlı tədbir təşkil olunub. Tədbirə qatılan ilahiyyatçı-alim hacı Şahin Həsənlinin çıxışının stenoqramını oxucularımıza təqdim edirik:

 

Hörmətli xanımlar və cənablar!

 

Söz verdiyiniz üçün Sizə öz dərin təşəkkürümü bildirirəm. Bu ilin ölkəmizdə İslam həmrəyliyi ili elan edilməsi təqdirəlayiq bir hadisə olması ilə yanaşı, dövlətimizin və xalqımızın həmrəyliyə verdiyi önəmin göstəricisidir. Bu mövzunun  Xətayi rayon Mərkəzi Kitabxanasında gündəmə gətirilməsi və dini dəyərlərimizin müzakirəsi xüsusi önəm daşıyır. Belə demək olarsa, bugünkü tədbir bir rəmzdir, simvoldur. Ziya olmayan yerdə birlik və mənəviyyat ola bilməz. Cəmiyyətin tərəqqisini şərtləndirən mənəvi dəyərlərin yaşadılmasında ziyalıların rolu müstəsnadır. Ona görə də, həm təşkilatçılara, həm qonaqlara xüsusi təşəkkürümü bildirirəm ki, müsəlman aləminin birliyə ən çox ehtiyac duyduğu bir dönəmdə səssiz qalmadı və öz töhfələrini əsirgəmədilər.

 

Qurani-Kərimdə dəfələrlə “düşünən qövm üçün bu işdə bir əlamət vardır” deyə bir kəlmə keçir. Adətən bu kəlmə Allahın maddi nemətləri sadaladığı və keçmişdə öz tamahkarlıqları üzündən həlak olan qövmlər barədə ayələrin sonunda gəlir. Həqiqətən də, olduqca düşündürücüdür ki, min illərlə davam edən bəşər tarixindən insanlıq bir dərsi mənmsəyə bilməyib: tamahkarlıqla uğur əldə etmək mümkün deyil. Maddi nemətlərlə dolu dünyamız Allah tərəfindən bəşəriyyətə hədiyyə olunub və hər birimizin rifahı yanımızdakının rifahından asılıdır. İnsanlar bir birindən asılıdır və birbirinə verdiklərini birbirindən alırlar. Bu anlamda həmrəylik olduqca mühüm bir mövzudur. Necə ki, tamahkarlıq və eqoizm münaqişə yaradır, mərhəmət və fədakarlıq həmrəyliyi meydana gətirir.

 

Bu günlərdə xalqımız Kərbəla hadisəsini yad edir və Aşura gününə hazırlaşır. Aşura bizim kimi insanların tarixdə yaratdığı biz möcüzədir ki, onu yaşatmaqla, əslində insanlığa olan ümidi yaşatmış oluruq. Aşura günü Kərbəlada dünyanın iki modeli üz-üzə gəldi – tamahkarlıq və mərhəmət, eqoizm və fədakarlıq. Bu hansısa dönəmdə hansısa insanların hansısa bir tirana qarşı üsyanı deyil, bu zaman və məkanın fövqündə duran iki dünyagörüşün qarşıdurmasıdır. Bu qarşıdurma daim hər bir insanın qəlbində, hər bir ailə mühitində, hər bir ictimai fəzada və nəhayat ümumbəşəri müstəvidə davam edir. Əgər əsrlər sonra İmam Hüseynin (ə) həmfikirləri çoxalırsa, bu yalnız bəşəriyyətin firəvan gələcəyinə ümidi artırır. Günümüzdə həmrəylik və birlik mövzusunun gündəmə gətirilməsi də bu baxımdan olduqca mühümdür.  

 

Əziz peyğəmbərimiz (s) buyurub: «Vəhdət və haqqla birlikdə olmaq rəhmət, təfriqə və parçalanma isə əzabdır». Bu hədis yalnız Axirət rəhməti ilə əzabını nəzərdə tutmur. Bu elə dünyadakı xoşbəxtliklə bədbəxtlik reseptinin açıqlamasıdır. Müsəlmanlar bir ümmət olaraq peyğəmbərimizin (s) bu hədisini şüar seçməli və bir məqama xüsusi önəm verməlidirlər: İslam dəyərlərinin hədəfi yalnız Axirət həyatı deyil. Belə deyil ki, Allah dünyanı pis bir yer kimi yaradıb və insanlara onun çirkinliklərinə bulaşmamağı əmr edir. Belə deyil ki, yalan və zülm içində əxlaqlı olaq ki, cənnət qazanaq. Xeyr! Dini dəyərlərin ilkin hədəfi məhz yaşadığımız dünyadır. Din dünyanın abadlaşmasından başlayır və insanı abad Axirətə yola salır. İlahi dəyərlərə sadiq qalaq ki, yaşayışımız asan və xoş olsun. İnsanı sosial-iqtisadi rifaha, elmi-texnoloji inkişafa, mədəni yüksəlişə  tamahkarlıq da çatdıra bilər, fədakarlıq da. Bəli, insan ad-san qazanmaq və ya varlanmaq üçün bir icad edib insanlığa yardım edə bilər. Lakin, eyni işi biri insanlığa sevgisindən təmənnasız da edə bilər. Təbii ki, ikinci halda insanlıq daha çox fayda götürəcək.

 

Bu baxımdan, müsəlman xalqlarının həmrəyliyi olduqca zəruri məsələdir. Lakin onun üçün yox ki, müsəlmanlar bir olub başqalarına öz yerini göstərsin. Tamahkarlıq və eqoizmin ən ali dəyərlərə çevirildiyi bir dünyada müsəlmanlar ilahi əmanət olan İslam dəyərləri ətrafında birləşib alternativ bir nümunə təqdim etməlidir. Elə bir nümunə ki, hər kəs özü olmaq imkanına malik olsun. Bu nəcib missiyanın hədəfi dinindən və irqindən asılı olamayaraq hər bir insanın xoşbəxtliyidir. Bunun üçün də kifayət qədər potensialımız və gücümüz var. Yetər ki, istəyək. Hadisələr bizi birliyə vadar etməmişdən öncə bu məsuliyyəti dərk etməliyik. Bu işdə isə ziyalıların rolu olduqca mühümdür. Məhz onlar bu prosesdə lokomotiv rolu oynamalı və təmsil etdikləri cəmiyyətləri arxasıca aparmalıdır. Şükr Allaha, birlik üçün siyasi iradə getdikcə güclənir. Lakin, elm və incəsənət həmrəyliyin lazımlığını aşılamalıdır. Məhəbbət və fədakarlıq üzrəində bir cəmiyyətin necə qurulmalı olduğu elm tərəfindən öyrənilməli, belə bir cəmiyyətin təsviri incəsənət tərəfindən sərgilənməlidir. Bu gün, bu kitabxanada, bu ziya məbədində belə bir tədbirin keçirilməsi artıq böyük nəaliyyət və sevincdir.

 

Vaxtınızı aldığım üçün hamızdan üzr istəyir və bir daha təşəkkür edirəm.

 

hacishahin.az