Fevralın 24-ü Bakıda "Mənəvi-psixoloji rifahın insan həyatında rolu" adlı seminarda Hacı Şahin Həsənli “İntiharın sosial və psixoloji səbəbləri" mövzusunda çıxış edib. Çıxışın stenoqrammını oxucularımıza təqdim edirik:
Suisidal davranış haqda danışmaq, təəssüf ki, zamanın tələblərinə çevirilib. Bu mövzu kifayət qədər araşdırılsa da, belə davranışın qarşısını alan mexanizm düşünmək çətindir. Çünki, suisid insanın cəmiyyətlə münasibətindən doğan bir nəsnədir və onun qarşısını almaq üçün ictimai təfəkkürdə dəyişikliklər baş verməlidir.
Mövzunu açıqlamaq üçün ilk öncə bu problemin mənəvi aspektinə diqqət yetirmək gərəkdir. Bəziləri əsassız olaraq bu tendensiyanı sosial-iqtisadi problemlərlə əlaqələndirirlər. Bilirik ki, sosial faciənin ən çox qabardığı müharibələr zamanı intihar statistikası sıfıra enir. Habelə, bu statistikanın ən yüksək göstəriciləri məhz inkişaf etmiş ölkələrdədir. Məsələn, sosial cənnət sayılan İsveç suisid halına görə öncül ölklərdəndir. Deməli, sosial-iqtisadi problemlər səbəb deyil. Özü-özlüyündə fəqirlik, sərt adətlər, ictimai ədalətsizlik, təbəqələşmə və s. insanı həyat mücadiləsinə son qoymağa vadar edə bilməz.
İstənilən davranış insanın müxtəlif istəklər arasında seçimindən irəli gəlir. Ona görə də intihar edən şəxs müxtəlif istək və tələbatları ilə üz-üzə gəldikdən sonra bu qərarı verir. Bu qərar asan baş vermir, çünki ən başlıca tələbata – yaşam instinktinə qarşı atılmış addımdır. Deməli bu qərarı verən şəxsin əsas arqumenti “bu yaşayış məni tədrici əzabla öldürəcəksə, özüm bu işə son qoyum” məntiqindir. Təhqiqatlar onu göstərir ki, bu cür insanlar kövrək psixologiyaya malik olmaqla yanaşı, həyatı ağ-qara rəngdə görürlər. Onlar istər daxili, istər insanlararası münaqişələrlə qarşılaşdıqda həyatın rəngarəngliyini və seçimlərin müxtəlifliyini görə bilmirlər. Məsələn, düşünürlər ki, insan ya gözəldir ya çirkin, ya qorxaqdır ya cəsur, ya yaxşıdır ya pis, ya təhlükəsizlikdədir ya təhlükədə, ya abırlıdır ya abırsız, ya zəifdir ya güclü və s. Bu qütblər arasında müxtəlif spektrli xüsusiyyətləri görə bilmir, bir insanın bəzən cəsur, bəzən qorxaq, nə çox gözəl, nə də çox çirkin, nisbətən güclü, nisbətən zəif olmasını təsəvvür etmirlər. Düşüncədəki belə qütbləşmə onları vadar edir ki, özlərini gözəl saymadıqda çirkin, abırlı saymadıqda abırsız, yaxşı saymadıqda rəzil görsünlər. Suisidə əl atan fiziki ölümünü mənəvi ölümünün ifadəsi kimi görür.
Digər mühüm faktor ondan ibarətdir ki, qeyd olunan rəftar yardım hayqırtısıdır. Psixoloqların araşdırmalarına əsasən, intihara cəhd edən pasientlər kommunikasiyada, ünsiyyət qurmaqda zəifdirlər. Beləki, psixolgiya (mənəvi iztirab) çəkdikdə onlar yardım diləyə və ya bölüşə bilmir, bunu bacarmırlar. Üstəlik, məhz üsniyyət qurmaqda çətinlik çəkdikləri üçün başqalarının onlar haqda zarafatı, onların həyatına müdaxiləsi, onlardan gözləntisi faciəyə çevirilir. Zarafata zarafatla cavab vermək və ya özünə kənardan baxıb gülmək, kənar müdaxilələrə qətiyyətlə yox deyib öz qərarını vermək, gözləntilərə ideal cavab verməməyi təbii qəbul etmək onlar üçün anlaşılan deyil. Bu haqda kiminləsə bölüşmək də olduqca ağır və utancverici görsənir. Ona görə də daxili problem yaşadıqlarını ətrafdakılara çatdırmaq üçün bu radikal addımı atırlar.
Nəhayət, öncəki faktorlardan heç də geri qalmayan mədəniyyət amili də suisid qərarına təsir edir. Beləki, ədəbiyyatda, filmlərdə, folklorda, mətbuatda, musiqidə çıxılmaz duruma düşənlərin özünə qəsd etməsi geniş yayılmış bir arxetipdir. Fərqi yoxdur intihar edən qəhrəman nakam sevgidən, abrını qorumaqdan və ya xalqını xilas etməkdən ötrü bu işə əl atıb. Əsas odur ki, çıxılmaz duruma düşən bir şəxs intihar edib qəhrəmana çevirilir. Bu da öz növbəsində zəif mənəvi durumda olanlara davranış modelinə çevirilir.
Beləliklə, qarşımızda cəmiyyətdə yaşadığı problemi həddən artıq böyük görüb və dərdini paylaşa bilmədikdən tanınmış üsluba – suisidə əl atan bir tipaj görürük. Çıxış yolu nədədir? Təbii ki, mütəxəssislər bu işə cəhd edənlərlə söhbət edərək müsbət nəticələr əldə edə bilərlər. Lakin, problem ondadır ki, niyə cəmiyyətdə həyata ağ-qara baxışlar, biganəlik və intiharçı qəhrəmanlar var? Niyə dünyada sürətlə artan suisid epidemiyasına qarşı bir immuniteti yoxdur?
Təhqiqatçılar insanı bu durumdan çıxartmaq üçün bir neçə yol təqdim edirlər. Bura başqaları qarşısında öhdəlik, Axirət inancı, gələcəkdə perspektivlərin olacağına inam, yaxınlara acı yaşatmamaq kimi təlqinlər daxildir. Lakin, ən başlıcası məhəbbətin aşılanmasıdır. Məhəbbət! Allaha, ailənə, dostlarına, işinə, özünə və həyata olan məhəbbət. Deməli, cəmiyyət məhəbbət defisitindən əziyyət çəkir ki, onun mənəvi iztirab keçirən üzvləri həyatla vidalaşmaq qərarına gəlirlər. İntiharın sosial səbəblərini də məhz bu cəhətdən öyrənmək gərəkdir. Təəssüf ki, həyat o qədər maddiləşib ki, hər bir probelmin çözümünü maddiyyatda görməyə alışmışıq. Başqa çıxış yolu ağıla da gəlmir. Hərçənd insan dərin və mənəvi bir varlıqdır, onun mənəvi tələbatlarını görmədən sosial rifahdan danışmaq olmaz.
Bu baxımdan intiharı yaradan başlıca amil cəmiyyətdə məhəbbətin ali dəyər olmamasıdır. Qarşılıqlı sevgi iti bucaqları kütləşdirir, həyata baxışı ağ-qara rənglərdən çıxarıb əlvan edir, başqasına dərdini söyləməyə və başqasının dərdini eşitməyə cəsarət yaradır, kəskin reaksiyaları yumşaldır, özünətənqidi sağlam məcraya yönəldir və başqalarına qarşı güzəşti təbii edir.
Gənc nəslin psixoloji cəhətdən necə kəskin dəyişdiyini yaşlı nəsil daha yaxşı görür. Gənclər öz valideyinlərindən fərqli olaraq perfeksionist olublar. Bu perfeksionizm yalnız özünə qarşı yüksək tələblər irəli sürməkdən deyil, habelə başqalarından ideal davranış gözləntisində olmaqdan ibarətdir. Əslində, perfiksionizm özünə qarşı tələbkarlıq deyil, başqalarının “mənim” barəmdə yüksək gözləntidə olmasını düşünüb, o gözləntilərə cavab vermək cəhdidir. Özümüzü də, başqalarını da ya ən uğurlu ya ən uğursuz görür, səhvlərə qarşı dözümsüz, başqalarının bizi tənqid etməsinə qarşı həddən artıq həssas, başqalarını tənqid etməyə isə rəğbətli oluruq. Çünki, dünyaya hakim olan dəyərlər sistemi rəqabətə, başqasını üstələməyə, yalnız özünü düşünməyə köklənir. Biz eqosentrik mədəniyyətin qurbanlarıyıq – suisidə əl atan da, sürükləyən də, biganə olan da. Eqoizm istehsal edən, eqoistlər qarşısında yaşıl işıq yandıran, hər siması ilə eqoizmə hesablanan bir mədəniyyətin qurbanları. Ona görə də güzəşt, dözümlük, yardımlaşma və paylaşma kimi davranışlar getdikcə yadlaşır insana. Biz bu mədəniyyətin yaratdığı təmiz küçələrə, yeni cihazlara, elmi nəaliyyətlərə, texnoloji uğurlara köklənib onun mənimsəmək istədikdə, bu gözəl simanın arxasında gizlənən biganəliyi gözdən qaçırırıq. Bu mədəiyyətin qənimi məhəbbətdir deyə, sevginin hər bir ifadəsi məsxərə edilir və ucuzlaşdırılır. Sevgi kimi mühüm və fundamental insani hiss cinsi ehtiras və kimyəvi proses səviyyəsinə endirilir. Azadlıq özbaşınalıq və məsuliyyətsizlik, ədalət şəxsi istəklərin təminatı, düzgünlük daha güclünün subyektiv fikri kimi başa düşülür artıq. Bu düzənin kövrək insan ruhuna təsiri isə - intihardır. Elə bu baxımdan intihar günahdır - eqoizm günahı, eqosentrik düzənə baş əymək günahı.
hacishahin.az